Bu günlərdə Ayətullah Sadiq Laricani İran və xarici medianın diqqətini yenidən özünə çəkdi.
“Hökumətin yerinə olsaydım, onu İrana buraxmazdım”.
Bunu Ayətullah Laricani İranda səfərdə olan Almaniyanın iqtisadiyyat naziri Ziqmar Qabrial haqqında demişdi.
Ali Məhkəmə sədrini hiddətləndirən isə Z.Qabrialın rəsmi Tehrana iradlarından irəli gəlirdi. Z.Qabrial İranı İsraili tanımağa çağırmış və digər təkliflər irəli sürmüşdü.
İran Ali Məhkəməsinin sədrindən fərqli olaraq, Həsən Ruhani hökumətinin mənsubları ənənəvi Şərq qonaqpərvərliyini alman nazirdən əsirgəmədilər. Lakin parlamentin – İslami Şura Məclisinin sədri alman naziri qəbul etməyəcəyini açıq bəyan etdi.
Məclis sədri Əli Laricani qardaşı Ayətullah Sadiq Laricaniyə verdiyi dəstək özlüyündə yeni hadisə deyil. Lakin bu ağız birliyinin günlərin bir günü hakimiyyət zirvəsində də görünəcəyi istisna olunmur.
Strateq.az İran siyasi elitasının nüfuz sahibi olan Laricani ailəsinin “qapısını açır”.
Əslən Larican şəhərinin yaxınlığındakı Pərdəmi kəndindən olan bu qardaşlar məşhur fəqih Ayətullah-ül-üzma Mirzə Haşim Amulinin oğullarıdır.
Hazırda dini nüfuz sahibləri olan Məkarim Şirazi, Cavad Amuli, Həsən Həsənzadə Amuli, Məhəmmədi Gilani, Şəhid Müfəttih, Mühəqqiq Damad və Məhəmməd Yəzdi kimi bir çox alimlər Ayətullah Laricaninin tələbələridir.
Uzun müddət Qum və Nəcəf şəhərlərində yaşayan Laricani qardaşların beşi də mədrəsə təhsili alsa da, onlardan yalnız biri dini təhsilini davam etdirib. Beş qardaşın beşi də İranın nüfuzlu din və siyasət adamlarının qızları ilə evlənib.
Məclis sədri Əli Laricani məşhur alim Ayətullah Şəhid Mürtəza Mütəhhəri, Ayətullah Sadiq Laricani Ayətullah-ül-üzma Vəhid Xorasani və Baqir Laricani Ayətullah-ül-üzma Həsənzadə Amulinin qızı ilə evlidir.
Məşhur Alim Mühəqqiq Damad isə Laricani ailəsinin kürəkənidir. 66 yaşlı Məhəmməd Cavad Laricani qardaşların ən böyüyüdür. Nəcəfdə doğulan M.Cavad Laricaninin dörd oğlu və iki qızı var.
Riyaziyyat və məntiq üzrə professor öz nəzəriyyələri ilə dünya səviyyəsində məşhur olsa da, İranda siyasətçi-diplomat kimi daha çox məşhurdur. O, Nəcəfdə mədrəsə təhsilini yarıda buraxaraq Tehranda Universitetini bitirib, doktorluq elmi işini isə ABŞ-da, Kaliforniyadakı Berkli Universitetində müdafiə edib.
80-ci illərdə Məhəmməd Cavad Laricani İranda jurnal nəşr edirdi. Riyaziyyat və Fizika Tədqiqatları Mərkəzi və Məclis Tədqiqatlar Mərkəzinin təsisçisidir. İranda “diplomatiyanın pərdə arxası adamı” ləqəbi ilə tanınan M.Laricani sabiq prezident Rəfsəncani dönəmində xarici işlər naziri Əli Əkbər Vilayətinin baş müşaviri idi.
Mərhum İmam Xomeyninin Mixail Qorbaçova göndərdiyi məktubu aparan heyətin içində Məhəmməd Cavad Laricani də vardı (Heyət başçısı Ayətullah Cavad Amuli idi).
Bir dönəm deputat seçilən böyük-Laricani 1997-ci ildə prezident seçkilərində Xatəminin rəqibi Natiq Nurini dəstəklədi. Daha sonra İnsan Hüquqları və Beynəlxalq Əlaqələr üzrə bölməyə başçılıq etdi. Siyasi fəlsəfə, din və s. sahələr üzrə bir neçə kitabın müəllifidir. 64 yaşlı Fazil Laricani qardaşların ikincisidir. Bir oğlu, iki qızı var. Siyasətlə məşğul olmur. 20 ildən çoxdur ki, İran Açıq Müəllim Universitetində çalışır. Kaliforniya Universitetinin fizika fakültəsini bitirib, doktorluğunu isə London Universitetində fəlsəfə üzrə müdafiə edib.
Əli Laricani qardaşların üçüncüsü və bəlkə də ən məşhurudur. Parlamentin 58 yaşlı başçısı iki qız, iki oğul atasıdır. Kompüter mühəndisliyi sahəsində mütəxəssisdir. Qərb fəlsəfəsi üzrə doktorluq müdafiə edib. Rəfsəncaninin prezidentliyi dövründə iki il mədəniyyət naziri olub. İran Radio Televiziyasının sədri olarkən bütün kanalları 24 saatlıq yayıma keçirib. Radioların sayını da artırıb. Gənclər üçün xüsusi radiokanal açıb. “Camı-Cəm” adlı qəzetin təsisçisidir. Kant fəlsəfəsində riyazi metod, fəlsəfi düşüncələr kimi kitabları mövcuddur. Qum din hövzəsi ilə də onun əlaqələri həmişə isti olub.
Əli Laricani də digər qardaşlar kimi mədrəsə təhsili alıb. Ayətullah Xamnəinin etibarını tam qazanmış nadir şəxslərdən biridir. Prezidenti Əhmədinejad ilə daim ixtilafda idi. 2008-ci ilin seçkilərində millət vəkili seçildi və o vaxtdan parlamentdə təmsil olunur. Lakin artıq indidən Ə.Laricaninin gələn il keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyi ilə bağlı ehtimallar səslənir.
İran Ali Məhkəməsinin sədri Ayətullah Sadiq Laricani 56 yaşındadır, üç qızı var. 2009-cu ildən Ali Məhkəmənin rəhbəri olan sayca dördüncü qardaş mükəmməl dini təhsil alıb. Məşhur iranlı filosof Əbdülkərim Süruş ilə mübahisələri ilə geniş tanınıb. Sadiq Laricanini indidən Ayətullah Xamnəinin mümkün varisi kimi də qələmə verilir.
Qardaşların ən kiçiyi 55 yaşlı Baqir Laricani (bir qızı var) İran Tibbi Elmləri Universitetinin məzunu və hazırkı rektorudur. 90-cı illərdə Səhiyyə Nazirliyində yüksək səviyyəli bürokrat idi. Xatəmi hökuməti zamanı elmi araşdırmalarla məşğul olmağa başlayıb. Əhmədinejaddan gələn səhiyyə naziri olma təklifini rədd edib.
M.Rzasoy
Əli Laricani və Ali Məhkəmə sədri Ayətullah Sadiq Laricani
Laricani qardaşları
Ata-Ayətullah Laricani və oğulları