XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2016 - 13:50

Telman Orucov yazır:“Tarix öyrənmək istəməyənləri cəzalandırır”

telman

Telman Orucov

Azərbaycan SSR Ali Soveti sədrinin sabiq birinci müavini

 

İnsan dünyanı və yaşadığı cəmiyyəti dərk etmək üçün onu araşdırmağa, təhlil etməyə cəhd edir. Bu vaxt o, müqayisə metodundan istifadə etməklə, keçmişə baş vurur. Tarixdəki oxşar hadisələrə nəzər yetirir və onu qayğılandıran suallara cavab tapdıqda, hətta izah əldə etdiyinə görə, azacıq da olsa təskinlik tapır. Axı cəmiyyətin hansısa durumunu təhlil etmək üçün məlum formul, düstur, metod yoxdur. 

Tarix güzgüsündə hər kəs öz dövrünün, onu əhatə edən insanların, mühitin xüsusiyyətlərini seyr etməyə çalışır, tarixə kiçik bir bələdçilik müasir dünyanı tədqiq etmək vasitəsinə çevrilir. Mütəfəkkirlər isə özlərinin ideal axtarışlarında bəşəriyyətin tarixinə xüsusi diqqət verirdilər. Tarix özünün təbiətdəki kimi eniş-yoxuşlu mənzərəsi ilə geniş müşahidə imkanı yaradır. Qədim yunanlar düz yol çəkməkdən imtina etməklə, buna görə onlar belə yollar tikən qədim perslərə hətta gülürdülər, dərəyə, təpəyə burulan yolun təbiətin bir hissəsi kimi cazibədar olduğunu və bu seyrlə yolçunu yormadığını əsas götürdükləri kimi, tarixin maraqlı, ziddiyyətləri ilə adamı heyran edən səhifələrini oxumaqla irəliləyən mütaliə yolçusu da burada çox şeyi müşahidə edə, qiymətləndirə bilir.

Təsviri sənət əsərində biz gözəlliyə valeh olduğumuz, insan portretlərində isə ona məxsus daxili aləmi açmağa yönəldilmiş yaxmaları, cizgiləri seyr etdiyimiz kimi, tarixin nümunələrində də aydın gözə çarpan cəhətlərilə yanaşı, gizlində qalan çalarları da üzə çıxarmağa çalışırıq. Bu yolla biz, əslində tarixi hadisələrə və şəxsiyyətlərə hərtərəfli, tam əhatəli qaydada qiymət vermək istəyirik. Üzdə nəzərə çarpan hissə dərin müşahidənin yaratdığı öz tamına tabe olur.

Rəngkarlığa və ya heykəltəraşlığa bələd olmayan, səthi münasibət bəsləyən adam hansısa bir hissin təsirinə uyub, mahiyyətdən baş aça bilmədiyi kimi, tarixə naşılıqla müraciət edənlər də hadisənin və şəxsiyyətin zahiri, az əhəmiyyətli cəhətlərini əsas götürür, ona görə də bu biliyi müasir həyata tətbiq etdikdə əsasən səhv nəticələrə gəlib çıxır. Ona görə də tarixin irsinə sadə seyrçi kimi deyil, onu tam və düzgün dərk etməklə yanaşmaq lazımdır.

Tarix həm də paradokslarla doludur, bu paradoksları ən görkəmli şəxsiyyətlərin, həqiqi qəhrəmanların və dahilərin fəaliyyətində, dünya baxışında da tapmaq mümkündür. Bizim eradan əvvəl V əsrin  ikinci yarısında baş verən Peloponnes müharibəsində Afinaya “qızıl dövr” bəxş etmiş strateq Perikl şəhər-dövlətin əhalisini spartalıların hücumundan qapalı divarlar vasitəsilə qorumaq istədi. Bu tədbir Perikl strategiyasının zəifliyini, bir qədər sonra isə tam yararsızlığını göstərdi, əhaliyə böyük ziyan vurdu. Şəhərdə başlanan taun epidemiyası sakinlərin, o cümlədən, Periklin özünün həyatlarını itirmələri ilə nəticələndi. Afinanın azadlığına, siyasi, iqtisadi və mədəni inkişafına böyük töhfə vermiş bir adam müharibə sınağından uğurla çıxmağı bacarmadı. Nisbətən kiçik sahədə sıx əhali kütləsi taunun ölüm saçan gücünü daha da artırdı. Əsrin sonunda isə zəifləmiş Afina məğlubiyyətlə üzləşməli oldu.

Yaxud Böyük Kirdən sonra Persiya imperiyasının böyüməsində və inkişafında xüsusi xidmətləri olan I Daranın Avropaya keçib, Yunanıstanı işğal etmək planları baş tutmadı. B.e.ə. 490-cı ildə Afina yaxınlığında Marafon döyüşündə pers qoşunları darmadağın oldu. Herodotun yazdığına görə, afinalılar dənizə çatana qədər qaçan persləri təqib edir və öldürürdülər. Perslər gəmilərlə dəniz yolu ilə Afinaya çatmaq istədikdə, afinalılar barbarlardan əvvəl gəlib, şəhəri müdafiə etməyə tələsdilər. Barbarlar üzüb Asiyaya qayıtdılar. Təəssüf ki, I Daranın  varisi olan Kserks də on il sonra Afinaya yürüşü təkrar etməyi qərara aldı. O, Afinanı tutub Akropoldakı çox sayda sitayiş yerlərini dağıtdı. Lakin Afina donanması Salamin adası yanında pers donanmasını məhv etdi, sonrakı məğlubiyyətlər də Persiya dövlətinin hərbi gücünü sarsıtdı, çar Kserks artıq Elladanı fəth etmək arzusundan əl çəkməli oldu.

Kserks başlanğıcda  yunan torpağına ayaq basan anda Fermopil keçidində spartalı döyüşçülərin kiçik dəstəsindən ağır dərs almışdı. Çar Leonidin başçılığı altında 300 spartalı düşmənə qəhrəmancasına müqavimət göstərib, Kserksin 150 minlik ordusunun qarşısını kəsdi. Yalnız bir yerli yunanın satqınlığı hesabına perslər Yunanıstan ərazisinə keçə bilmişdilər. 300 spartalı düşmənə igidliklə müqavimət göstərib həlak oldu, lakin tarixə, bu qəhrəmanlar insanlara öz torpağı uğrunda ölümə getmək kimi görünməmiş ali bir mərdlik nümunəsi qoyub getdilər. I Daranın və Kserksin orduları ağır məğlubiyyətə düçar oldular, afinalılardan isə Marafon döyüşündəki qələbə şərəfinin, on il sonra isə 300 spartalıdan təkrarı olmayan cəsarət və igidlik triumfunun parlaq xatirəsi qaldı.

Makedoniyalı Böyük Aleksandrın sərkərdəlik məharəti, üç qitədəki əraziləri döyüşlə işğal etməsi, mübaliğəsiz demək lazımdır ki, özünə bənzər digər bir təkrarını tanımır. Belə bir hərbi düha heç də qüsurlardan xali deyildi, ömrünün son illərində o, yaxın adamlarının, özünün uydurduğu xəyanətindən şübhələnirdi. Şərqin təzim qaydalarına uyduğuna görə onu tənqid edən uşaqlıq dostu, onu Qranik döyüşündə qaçılmaz ölümdən xilas etmiş Kliti nizə zərbəsi ilə öldürmüşdü. O, gözəlliyi qiymətləndirməyi bacarırdı. Babilin möhtəşəm saraylarına və məbədlərinə valeh olmuşdu, lakin Persiya paytaxtı Persepolisdəki möhtəşəm Kserks sarayının yandırılmasına icazə vermişdi. Aleksandr öz ziyafətində iştirak edən attikalı qadın Taidanın, Afinanı məhvedici alovun dillərinə vermiş Persiya çarının sarayını intiqam cavabı kimi yandırmaq barədə təklifini bəyənmişdi. Persepolis də Afina kimi viranedici alovun sərəncamına verildi. İstər Kserksin, istərsə də Böyük Aleksandrın şəhərləri mərhəmətsizcəsinə yandırması, vandalların Romadakı dağıdıcı əməllərindən çox-çox əvvəl törədilmişdi, sonralar gözəl abidələri, məgər abidələri, tikintiləri məhv etmək kimi eybəcər hərəkətdən meydana gəlmiş termin olan vandalizm ilk nümunələri deyildimi? Maddi və mədəni abidələri məhv edənləri öz adı ilə adlandırmaq qəbahət sayılmalıdırmı?      

Böyük Pyotr hakimiyyətə gəldikdə elə də böyük bir ərazisi olmayan rus dövlətini qəbul edib, ölkədə Rusiya imperiyasını qoyub getmişdi. O, ölkəsində elmin, iqtisadiyyatın, hərb sənətinin və dənizçiliyin inkişafına böyük təkan vermiş, Sankt-Peterburq şəhərini salıb, onu paytaxta çevirmişdi. Lakin onun qəddarlığı da hədd tanımırdı, yaxın silahdaşı Menşikovu əsası ilə döyürdü, oğlu Alekseyi edam etdirmişdi. Böyük xərclərin öhdəsindən gəlmək üçün hər cür yeni vergi mənbələrindən istifadə  edilirdi, hətta adamlar saqqal saxlamağa görə vergi ödəyirdilər.  Karl Marksın dediyi kimi, o, Rusiyada “barbarlığı barbar metodlarla çıxarırdı”.

Prussiyanın, sonra isə birləşdirilməsinə nail olduğu Almaniyanın uzun müddət kansleri olan Otto fon Birsmark öz vətəninə böyük xidmətlər göstərmişdi, bununla yanaşı, militarizmi də ön plana çəkmişdi. Dünyanı qan dənizinə döndərməyə çalışan Hitler kimi caninin cəhdləri yoluna o, özünə məxsus qaydada daş döşəmişdi.

1868-ci il Meyci inqilabı Yaponiyanın iqtisadi, hərbi, siyasi inkişafında mühüm rol oynamışdı. Gənc imperator (mikado) Mutsihito ölkəsinin Avropa təcrübəsindən geniş istifadə etməsilə, feodalizmdən uzaqlaşıb, kapitalizmə keçməsinə, müasirləşməsinə şərait yaratmışdı. Bununla yanaşı, o, militarist Yaponiyasının təşəkkül tapmasının təməlini qoymuşdu. Bunun bəhrəsi kimi, Yaponiya 1941-ci ilin sonunda ABŞ-ın Pyörl-Harbör hərbi bazasına dəhşətli hücumla İkinci Dünya müharibəsinə daxil olmuşdu. 1945-ci ildə isə tarixdə yadellilərə tabeliyin nə olduğunu bilməyən Yaponiya ilk dəfə və ölkəni viran qoyan bir məğlubiyyətlə üzləşməli oldu.

ABŞ prezidenti Franklin Delano Ruzvelt ölkənin Böyük Depressiyadan çıxması sahəsində özünün “Yeni kursu” ilə böyük rol oynamışdı. O, yeganə şəxsdir ki, dörd dəfə ölkə prezidenti seçilmiş, İkinci Dünya müharibəsində alman natsizmi və militarist Yaponiyası üzərində qələbəyə sanballı töhfə vermişdi. Birləşmiş Ştatlar bu müharibədən ən yüksək iqtisadiyyata malik olan ölkə kimi çıxmış, fövqəldövlətə çevrilmişdi. Belə bir görkəmli siyasi xadim əxlaq məsələlərində ümumi qaydalara o qədər də əhəmiyyət vermirdi, fiziki cəhətdən zəif olmaqla yanaşı, eşq macəralarından heç də imtina etmirdi.

Bu misallar onu göstərir ki, ən böyük şəxsiyyətləri belə ideal insan səviyyəsinə qaldırmaq düzgün deyildir, onlar da bəşər övladına məxsus olan qüsurlardan heç də tamamilə azad ola bilmirlər. Bu qüsurlar onların böyük əməllərinə kölgə salmasa da, şöhrətlərinə heç də əlavə parıltı vermir. Belə paradoksları çox sayda sadalamaq olar.

Qədim Romada qəbirlər, onlar heç də bizim təsəvvürümüzdəkilərə bənzəmir, yandırılmış cəsədlərin  külü doldurulmuş qabların saxlandığı çox mərtəbəli taxçalar idi, “kolumbari” – “göyərçin yuvası” adlanırdı. Çox sayda böyük şəxsiyyətlər sağlığında qartal, quzğun qiyafəsində olduqları halda, həyatdan getdikdən az sonra xırda göyərçinlərə, lap elə sərçələrə çevrilirlər. Onların əvvəlki heybətliliyinin azacıq xatirəsi də qalmır.Təlqin etdiləri qorxu, xof hesabına heybətli adlananların dəhşətdən xəbər verən şöhrəti, özləri o dünyaya köçdükdən sonra şaqren dərisi kimi qısalmağa, kiçilməyə, əslində yoxa çıxmağa başlayır.

Tarix insanları öz misallarından öyrənməyə çağırsa da, çox vaxt buna nail ola bilmir. Böyük ingilis yazıçısı Bernard Şou isə məsləhət görürdü ki, tarixin dərslərindən dərs almaq lazımdır.  Lakin bir həqiqəti də inkar etmək olmaz ki, tarix öyrədə bilməsə də, ən azı, öyrənmək istəməyənləri cəzalandırmağı bacarır. Böyük Aleksandrın üç qitədə yaratdığı imperiya, yaradıcısının ölümü ilə parçalandı, ayrı-ayrı dövlətlərin meydana gəlməsinə səbəb oldu. İşğallara imza atanların çoxunun aqibəti belə olur, onların imperiyasından əsər-əlamət qalmır. Napoleon özünün böyük hərbi istedadına, sərkərdəlik bacarığına arxayın olub, növbəti qələbəsinə də şübhə etmədən Rusiyanı da işğal etmək istədi və nəhəng şöhrət qazanmış Böyük Ordusunu da itirməklə ən ağır məğlubiyyətə düçar oldu. Lakin Napoleon kimi hərb dühasından sonra da Avropanı, dünyanı qanlı müharibələrə cəlb edənlər heç olmazsa, onun başına gələnlərdən dərs götürmədilər.

Mütləq sağlam insan bədəni olmadığı kimi, diaqnostika elə inkişaf etmişdir ki, ən sağlam adamda da hansısa xəstəlik əlamətlərini tapmaq mümkündür, mələyə bənzər bəşər övladı da yoxdur, çünki insan onu əhatə edən mühitin, ən başlıcası sotsiumun təsiri altında dəyişir, onun xarakterində və psixikasında, davranışında təkamülün nəticəsi özünü büruzə verir. Mələklər isə heç vaxt dəyişmirlər, birdəfəlik malik olduqları təbiət heç vaxt onları tərk etmir, hətta mələyə bənzədilən insanlar isə şəraitin təsiri altında  güclü dəyişikliyə məruz qalır, onun vaxtilə cazibədar görünən xüsusiyyətləri də çox keçməmiş yoxa çıxır. Yazıçı E. M. Remark adamların şüurunu inqrediyetlərlə dondurulmuş kolbasaya bənzədirdi, onlar beyinlərinə doldurulmuş fikirlərin, mülahizələrin daşıyıcısı rolunu oynayırlar. Şərait, mühit onların şüurunu, psixikasını istədiyi qaydada deformasiyaya uğradır, ona görə də yalnız az sayda adamlar şəraitin tabeliyindən uzaqlaşmağı bacarırlar.

"525-ci qəzet"




Yuxarı Əvvələ Ana Səhifə