Ərəb dünyasında Yəmən məxsusi ölkədir. Bu diyarda anlaşılması çətin mətləblər var.
Məsələn, qəhvənin vətənində bu ətirli içkidən başqa, “qat” adlı yüngül narkotik bitkiyə aludəçilik heç cür ağlama batmır. Husi hərəkatı (“Allahın yardımçıları”) və onun məqsədləri də geniş kütləyə anlaşılmaz mətləb kimi görünür.
Strateq.az xəbər verir ki, Yarımadanın Afrika ilə toqquşmasında yerləşən Yəmən 1750-də Osmanlı hakimiyyətinə girdi və 1934-cü ildə müstəqilliyinə qovuşmuş ölkə imamət elan olundu və zeydi imamlarının idarəçiliyinə keçdi. Sonra Misir prezidenti Camal Əbdül-nasirin göndərdiyi 60 min əsgər ilə Yəməndə zeydi imamlarının iqtidarına son qoyuldu və 1962-də ölkədə respublika elan edildi.
Cümhuriyyətin elanı zeydi alimi Bədrəddin Təbatəbai əl-Husini Səudiyyə Ərəbistanına sığınmağa məcbur etdi. Amma tarixin kinayəsinə bax, bu gün Səudiyyə Ərəbistanı husilərin qatı düşməni olub. Üstəlik, hərəkatın hazırkı lideri Əbdülməlik əl-Husi deyir: “Səudiyyə Ərəbistanı – Yezid, Yəmən – Kərbəladır!”.
İmami şiələrdən fərqli şəriətə malik zeydilər Yəmən əhalisinin böyük bir hissəsini təşkil edirlər. Yəmən tarixinin minillik bir dövrünün inikası olan zeydilər sünniliklə şiəlik arasında, belə demək mümkünsə, aralıq bir toplumdur. Zeydilərin husilərə bağlı qolu son illərdə imami şiələrlə yaxınlaşma və uzlaşmaya istiqamətlənib.
Əlbəttə, bu, zeydi cəmiyyətində də birmənalı qarşılanmayıb. Hətta zeydi alimlərindən biri husilərə qarşı mübarizəni namazdan daha savablı olması barədə fitva verib.
Ərəbistan yarımadasının vəhhabi dövlətləri də buna barmaqarası baxmaqla kifayətlənməyib. Buna görə də husi hərəkatı on dövlətin müttəfiqliyindən ibarət istər məzhəbi, istərsə də güclü hərbi-siyasi basqı ilə üzləşib.
Ölkə daxilində husilərə (və onların siyasi qurumu “Ənsarullah”a) müxalif əsas qüvvələr vəhhabi icmanın siyasi partiyaları, “əl-Qaidə”çilər, ölkənin 6 bölgəyə bölünməsinin tərəfdarlarıdır.
İmamlıq dönəmindən sonra, cümhuriyyət dönəmində zeydi-husilər xeyli sıxıntı görüblər. Qədir Xum bayramının qadağan olması, “Nəhcül-bəlağə” və “Səhifeyi-Səccadiyə” kimi kitabları paytaxt Sənada tonqalda yandırılması azmış kimi, husilər siyasi hüquqlardan da yoxsul qalmışdılar. Hətta özü zeydi olan eks-prezident Əli Abdullah Saleh məhzəbdaşlarına düşmən kəsildi.
2003-cü ilədək Bədrəddin əl-Husinin oğlu Hüseyn Bədrəddin əl-Husi hərəkatın rəhbəri idi. Onun yaratdığı “Mömin Gənclər Təşkilatı”nı özünə təhlükə görən hökumət əvvəlcə təqib və həbslərə başladı. Sonra ordu qüvvələri husilərə qarşı hərbi əməliyyatlar keçirərək Hüseyn əl-Husini qətlə yetirdi. Onun nəşi yalnız prezident Salehin devrilməsindən sonra ailəsinə təhvil verildi.
Hərəkatın rəhbərliyindəki boşluğu ata-əl-Husi doldurdu. Hökumətə silahlı müqavimət daha şiddətli səciyyə aldı. Bu dəfə Yəmən ordusunun qətlə yetirdiyi husilərin cəsədi yandırıldı, bir hissəsinin meyitini də maşınların arxasına bağlayıb, xalqın gözü qarşısında kilometrlər boyu sürüdülər.
Üçüncü və hazırkı mərhələdə husilərin rəhbəri Əbdülməlik əl-Husidir. Onu tez-tez Livandakı “Hizbullah” lideri şeyx Həsən Nəsrullahla eyniləşdirilməsinin öz səbəbləri var.
“Chatham House'tan Peter Salisbury”in hesabatında qeyd edilir: “Bölgədə təsirini artırmaq üçün bir-biri ilə rəqabət aparan Səudiyyə Ərəbistanı və İran Yəməndə fərqli qrupları dəstəkləyirlər”. Bu, Qərbin ümumi rəyini əks etdirən sözlərdir. Lakin Avropa və ABŞ-da husilərə rəğbətin yoxluğu danılmasa da, daha təhlükəli hesab edilən bir qüvvə var: “əl-Qaidə”.
Bununla belə, bölgədəki müttəfiqin dəstəklənməsinə üstünlük verilir.
Məsələn, Səudiyyə Ərəbistanın Səna şəhərini bombalayaraq 700 nəfərə yaxın insanı tələf etməsindən sonra ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bunu “sıradan bir səhv” adlandırıb. Daha sonra o, əlavə edib ki, rəsmi ər-Riyad bu hadisəni araşdıracağına söz verib:
“Səudiyyə Ərəbistanı öz sərhədlərini və ərazilərini İran tərəfindən husilərə verilmiş raketlərdən qoruyur. Ər-Riyad Yəməndə əməliyyatlarını prezident Mənsur Hadinin dəvəti ilə həyata keçirir”.
Jurnalistin “Rusiya da prezident Bəşər Əsədin dəvəti ilə Suriyada hərbi əməliyyatlar keçirir” iradına C.Kirbinin cavabı bu cür olub: “Analogiya aparmaq düzgün deyil”…
M.Rzasoy
Əbdülməlik əl-Husi!
Strateq.az