XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2016 - 18:17

Telman Orucov yazır:"Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər"

telman

Telman ORUCOV,

Azərbaycan SSR Ali Soveti sədrinin sabiq birinci müavini

 

Real həyatda və hətta tarixdə mütləq xeyir təcəssümlərini tapmaq çətindir və əslində qeyri-mümkündür.  Əksinə, mütləq şərə xidmət edənlər vardır və onlar İblisə sitayiş etdiklərinə görə, hətta öyünürlər də. 

Mütləq xeyirə, mütləq ləyaqətə gəldikdə isə, bu xüsusiyyətlərin ölçü vahidi, hansısa bir etalonu yoxdur. 

Bəzən süni surətdə şişirdilən şəxsiyyətlər müəyyən vaxt keçdikdən sonra əvvəlki heyranlıq obyekti olmalarını itirir, onlara pərəstiş tamamilə yoxa çıxır, bunların yerini isə əvvəllər ört-basdır edilən şər əməllərin tənqidindən, ifşasından, məhkum olunmasından yaranan, əslində onu bütünlüklə qəbul etməmək, bəzən hətta ona qarşı nifrətə yaxın bir münasibət bəsləmək reallığı meydana çıxır. Bütlər dağılmağa başlayır, ən azı üzərində qərar tutduqları uca pyedestalı artıq onlar tərk etməli olurlar.

Ümumiyyətlə, tarixə bütlər panteonu, qalereyası kimi baxmaq da düzgün deyildir. Cavanlıqda gözəlliyi ilə öyünən qız ətrafa ehtiras qığılcımları yaydığı, hamını özünə valeh etməyə çalışdığı halda, yaşa dolduqda, qocaldıqda əvvəlki bahardan bu payız dövründə əsər-əlamət də qalmır, heyranedici füsunkarlıq və təravət təcəssümü bütünlüklə yoxa çıxır, onları digər adi qadınlardan, demək olar ki, heç nə fərqləndirmir. Sitayiş edilən şəxsiyyətlər də çox vaxt belə gözəl qızlara bənzəyirlər, onlar da bir qədər sonra cazibədarlıq haləsini itirməyə başlayır və ya ondan bütünlüklə məhrum olurlar.

Bəzən öyünülən, iftixar hissi ilə əhatə olunan həmin yarımmifik və ya mifik şəxsiyyətlərin də digər cəhətləri ön plana çəkildikdə, əvvəlki sitayiş haləsini hökmən itirmiş olurlar.

Yəhudilər öz mənşələrinin 12 tayfadan götürdüklərini iddia edirlər. Bunun üçün ən etibarlı mənbə kimi, Bibliyaya istinad edilir. Üç dünya dininin səmavi kitab saydığı bu əsərdə həqiqətən də, Yaqubun (İakovun və ya Ceykobun), – onun digər adı isə İsraildir, – 12 oğlundan törənən tayfaların İsrail xalqını əmələ gətirdiyi qeyd edilir. Həmin kitabı diqqətlə oxuduqda, onun oğlu Yusifdən (İosif və ya Cozefdən) başqa, digər oğlanları barədə verdiyi xarakteristika nəinki öyünmək üçün əsas vermir, əksinə, atanın dilindən onların əksəriyyəti haqqında qəbul edilməsi çətin olan, daha çox ar gətirən rəy meydana gəlir.

Yaqub ölərkən oğlanlarına son sözlərlə müraciət edir və onların qüsurlarını heç bir ört-basdıra yol vermədən səciyyələndirir. Ata bildirir ki, böyük oğlu Reyven onun kənizi ilə intim yaxınlıq etmiş, SimeonLevi isə silahlı basqınla zorakılıq törətmiş, xeyli adam öldürmüşlər. Bu iki qardaş bacısı ilə məhəbbət əsasında yaxınlıq etmiş başqa tayfadan olan oğlanın atasının, həmin tayfanın başçısının hər cür şərt əsasında onların evlənməsi barədəki xahişini rədd etmiş, buna yalnız tayfanın kişi cinsindən olan bütün üzvlərinin, körpə uşaqdan tutmuş qoca adama qədər hamısına sünnət olduqdan sonra (yəhudilər körpə oğlan uşağı 8 günlük olduqda onu sünnət edirlər), bu izdivaca razılıq verəcəklərini vəd etmişdi. Tayfa başçısı problemi dinc yolla həll etmək naminə bu ağır şərti qəbul etmiş, tayfada sünnət olunanların hamısı – bütün kişi cinsindən olanlar yaralarına görə xəstə yatağında olanda, qızın anadan bir qardaşları olan Simeon və Levi üçüncü günü onların şəhərinə hücum edib, sakinlərin hamısını qırmışdı. Onlar şəhəri qarət etmiş, bütün qadınları və qız uşaqlarını əsir götürmüşdülər.

Digər oğlu Cudeh barəsində deyilir ki, "gözləri şərab içməkdən qan saçır", İsakar isə "heç də eşşəkdən də yaxşı deyil". Den "yol kənarındakı zəhərli ilan" olacaqdır.

Ata sevimli oğlu Binyamini (Bencamini)  qəddar canavara, Yusifi isə yaz guruna (kulana) bənzədir. Bencamin öldürdüyü qurbanlarını çeynəyib udacaqdır.

Yaqub onu da qeyd edir ki, "Allah mənə görə sizə də xeyir-dua verir". Buradan görünür ki, Allah da onun oğlanlarını iyrənc qüsurlarına elə bir əhəmiyyət vermirmiş. Ata öz oğlanlarının eyiblərini söyləməklə, 12 tayfanın mənşəyinin əslində necə olduğunu göstərmişdi.

Bibliyada qədim yəhudiləri Babilə sürgünə qovan babilistanlılara nifrət yağdırılsa da, yəhudilərin özlərinin digər xalqlara qarşı qəddarlığına, qırğın törətmələrinə, qəribə də olsa, haqq qazandırılır. Hətta peyğəmbərlər çox asanlıqla yalana əl atırlar, qədim yəhudilərin liderləri öz məqsədlərinə çatmaq üçün bütün vasitələri məqbul sayır, qan axıtmaqdan, insanları kütləvi şəkildə məhv etməkdən çəkinmirlər. Kənan (Xanaan və ya Kanaan) torpağına yenidən sahib olmaq üçün yəhudi peyğəmbəri İosif Navin (Coşua)  öz sələfi Moiseyin bu barədəki tapşırığına əməl etmək üçün hər cür qəddarlığa əl atmağa hazırdır. Bunun üçün o, İerixon şəhərini dağıtmağı, əhalisini qırmağı qərara almışdı.

Keşişlər yeddi dəfə şəhərin ətrafına dolandıqdan sonra İosif Navin adamlarına dedi ki, Sahib (Allah) şəhəri sizə vermişdir, şəhərdəki hər şey dağıdılmalıdır. Təkcə yəhudi casuslarına kömək etmiş fahişə qadın Rahaba və onun yaxınlarına aman veriləcəkdir. Qiymətli olan şeylərin hamısı Sahibə satmaq üçün götürülməlidir. Belə çıxır ki, Allah qırğına olan kimi, qarətə də icazə vermişdir. Axı İosif Navinə Sahibin ordusu kömək etmişdi. Sonra onlar şəhəri yandırdılar. Görünür, yəhudilərin köhnə vətənlərinə qayıtmaları üçün Allah digər tayfaları bütünlüklə məhv etməyə belə razı imiş.

Bədbəxt İerixon əhalisi onlara hücum edilən vaxt yəhudilərə heç bir pislik etməmişdi, tam günahsız idilər. Yəhudiləri ölkəsindən buraxmaq istəməyən Misir fironuna görə, Allah misirlilərə dəhşətli bəlalar göndərmişdi. İerixonluları isə nədəsə təqsirləndirməyin özü belə çətin bir məsələ idi.

Müqəddəs kitab əgər tam ədalətsiz qaydada baş verən insan qırğınlarını da adi hal kimi qiymətləndirirsə, onda tarixdəki digər dəhşətlərə, qan axıdılmasına da haqq qazandırmaq cəhdi mümkündür. Bəlkə də, belə haqsızlıqların əks-sədası bizim günlərə də gəlib çıxır.

Bu misallar bir daha göstərir ki, keçmiş zamanda görkəmli şəxsiyyət hesab edilənləri heç də bütləşdirməyə ehtiyac yoxdur. Dinlərə gəldikdə, onlar öz simvollarını, rəmzlərini yaradıb, onları sitayiş obyektinə çevirmək üçün hər cür vasitələrə əl atır, mif yaradıcılığı ilə məşğul olmaqdan da çəkinmirlər. Ona görə də müqəddəs kitablarda yazılan müddəaları sadəlövhlüklə qəbul etmək dini fanatizmə yuvarlanmağa aparıb çıxarır. Çox təəssüf ki, din xadimləri bir çox hallarda xurafatın güclənməsinə rəvac verirlər. Dini fanatizm də inancdan daha çox xurafata yol açır, mövhumatın əsarətinə düşənlər dindən, daha çox öz qəbahətlərini, təfəkkür zəifliklərini ört-basdır etmək üçün istifadə edirlər. Qatı cinayətkarlar bəzən ən sərt din, əslində xurafat təbliğatçılarına çevrilirlər. İnanc könülə, ruha aiddir, şüuru, təfəkkürü mövhumata təslim etmək isə inancın özünə xəyanət etməkdən başqa bir şey deyildir.

Ona görə də tarixi hadisələr və şəxsiyyətlər barədə yazıları mütaliə edənlər hər sətiri, hər sözü sırf həqiqət nişanəsi kimi qəbul etməməli, bayağı cəhətlərə uymamalı, səhv nəticələrə gəlməyə yol verməməlidirlər. Onlar hadisənin baş verdiyi şəraiti, əks mövqedə dayananların qüvvələr nisbətini, baş aktyorun məqsədlərini, hansı siyasətə üstünlük verməsini, şəxsi ambitsiyasını və ya ölkəsinin, xalqının ümdə vəzifə və ehtiyacları rəhbər tutduğunu, bunlara xidmət etmək meylini araşdırıb, son qənaətə gəlməlidirlər. Tarixi hadisəyə və şəxsiyyətə qiymət vermək üçün hadisənin baş vermə səbəbini və ya şəxsiyyətin fəaliyyət vektorunu bilmədən, araşdırmadan səthi qaydada yanaşmaq səhv nəticə çıxarmağa gətirib çıxara bilər. Axı insanlar kimi hadisələr də dövrün məhsuludur, onların üzərindəki zaman möhürünü seyr etmədən hadisələrin hansı qütbə aid olduğunu müəyyən etmək də çətin olur. Səriştəli tədqiqat əvəzinə zahiri xüsusiyyətlərə görə hadisəyə və şəxsiyyətə bu və ya digər dərəcədə nişan vurmaq tarixi öyrənməkdən daha çox, onu təhrif etməyə gətirib çıxarır.

Tarix – əsasən hadisələr və onlarda mühüm rol oynayan şəxsiyyətləri təsvir edən bir zəncirvari mənzərədir. Hər bir hadisə keçmişlə əlaqədə olduğu, bəlkə də, birbaşa əvvəllər baş verənlərin davamı tək çıxış etdiyi kimi, keçmişin estafetini gələcəyə ötürməklə də məşğul olur. Onun həm də gələcəyə, yeni dövrə, mərhələyə təsir göstərmək imkanları olduqca böyükdür. Ona görə də öz övladlarını yeyən Kronosun adından götürülən xronika daim zamanı udmaqla məşğul olur, keçmişdən gəlib, indidən keçməklə gələcəyə ünvanlanır. Müasir insan özündə əcdadlarından, valideynlərindən gələn genləri daşıdığı kimi, müasir həyat da açıq müşahidə oluna bilməsə də, hətta uzaq keçmişin də əlamətlərini, xüsusiyyətlərini ən azı ənənələr şəklində özündə gəzdirir. Müasir həyat, insanın gözləri başın qabağında yerləşib, irəli baxdığı kimi, gələcəyə boylanır, öz xüsusiyyətlərini ona götürməyə cəhd edir.

Tarix heç də yalnız təkcə böyük hadisələrin və faktların qeydə alındığı magistral yol deyildir, onların baş verdiyi dövrlərdə həm də, bəlkə də, çox sayda az əhəmiyyətli kiçik hadisələr də baş verir. Lakin onların irəli doğru gedişə bir təsir göstərmədiyini düşünmək də, hər bir zaman kəsiyinin mürəkkəbliyini inkar etməkdən, hadisələr toplumuna sxematik qaydada yanaşmaqdan xəbər verir. Ən böyük müharibələrdə belə, insan tələfatını və ya itkisini bildirən statistika ilə yanaşı, saya-hesaba gəlməyən faciələr – fərdə, ailəyə və ya bütöv xalqa aid olan bədbəxtliklər seriyası mövcud olur. Bu faciələr, bəlkə də, müharibələri təsvir etməkdə heç hansısa bir uyğun gələn fon rolunu da oynamır, lakin gənclərin həyatının döyüşlərdə ot kimi biçilməsi, gəlinlərin ailə səadətinin şirinliyini dadmamış dul qalması, uşaqların yetim qalıb, atasız böyüməsi, yaşlı valideynlərin öz həlak olan övladlarının timsalında həyati dayaqlarını itirməsi, salnamələrdə, ümumiyyətlə statistik göstəricilərlə müqayisədə kölgədə qalır. Milyonlarla insanın döyüşdə, arxada isə aclıqdan və ya soyuqdan həlak olması ən böyük faciə olsa da, müharibə barədəki tarixi sənədlərdə sərkərdələr barədə əfsanələrə daha çox yer verilməklə belə kütləvi faciələr nəzərdən qaçırılır, guya, axı onlar qələbə üçün elə br əhəmiyyət daşımır. Qələbənin ildönümü bayram edilən ölkələrdə sağ qalan veteranlara müəyyən ehtiram hissləri nümayiş etdirilir, onlardan daha artıq qələbənin çalınmasına xidmət göstərmiş həlak olanlar kütləsi isə yalnız ümumi bir sözlə yad edilir. Axı onların çoxu heç ailə qurmamışdılar, övladlarının dünyaya gəlməsinə sevinməmişdilər. Onlar adsız qəbirlərdə uyuyurlar, məşhur Sovet mahnısında deyildiyi kimi, heç də ağ durnalara çevrilib göyə qalxmamışdılar.

Biz yazılı mədəniyyət abidələrinə böyük hörmətlə yanaşırıq, axı onlarda tarixi kitablar kimi əbədi, zamandan asılı olmayan dəyərlər öz əksini tapır. Sıxışdırılmış zaman onları səthə çıxarır və bu vaxt zamanın əbədiliyini hiss etməyə başlayırsan.

Tarixi hadisələrdən və şəxsiyyətlərdən bəhs edən kitablar, yazılar bizi daim ayıq olmağa, şər qüvvələrə qarşı mübarizədən çəkinməməyə çağırır. Biz həmin əhvalatlarda və faktlarda xeyirə qiymət verməyi öyrənirik. Xeyirin hər bir zəfərinə müasir həyatdakı uğurumuz kimi sevinməyə başlayırıq. Tarix bəşəriyyətin keçmişinə yönələn baxış, diqqət olmaqla yanaşı, minilləri əhatə edən zaman kəsiyində bizi düşündürən suallara cavab axtarmaq, öz maraq yanğımızı söndürmək cəhdidir. Tarixi öyrəndikcə zamanların əbədi əlaqəsi ilə tanış olmaq, onu hiss etmək imkanı qazanırıq.

Nə qədər ki, bəşəriyyət mövcuddur, o, heç də öz keçmişinə biganə qalmayacaqdır. Çünki keçmişi öyrənmə, dərketmə gələcəyə olan yola, az da olsa, işıq salır. Gələcəyin bakirə səhifələrində də biz keçmişin izlərini görməyi bacarmalıyıq, çünki sabah dünənin və bu günün davamıdır, keçən günlərə söykənməklə öz mövcudluğunu daha dəqiq büruzə verə bilir. Ona görə də tarixə qısaca da olsa nəzər salmaq, ondan öyrənmək və nəticə çıxarmaq idrakın mühüm vəzifələrindən biri olmalıdır. Təklif olunan yazı da məhz belə faydalı işə xidmət etmək vəzifəsinə, azacıq da olsa, girişməyə cəhd edir. Tarix xəzinəsi o qədər boldur ki, orada çox sayda incilər tapmaq mümkündür və onlar heç də bəzək əşyası kimi deyil, təfəkkür üçün xüsusi dəyər kimi istifadə olunmalıdır.

(Ardı var)

525.az




Yuxarı Əvvələ Ana Səhifə