Elşən Nəsibov
Siyasətşünas alim
Parlament nədir?
Dövlət xalqın bütün təbəqələrinin, cəmiyyət üzvlərinin, nümayəndələrinin ictimai və siyasi qurumudur. Nəzəri yöndə xalqın sosial, mədəni və ictimai iradəsinin ifadəsidir. Parlament xalqın iradəsini dövlətdə və hakimiyyətdə ifadəsini təmin edən mərkəzdir. Parlament bu baxımdan bir hüquqi və ictimai-siyasi statuslu tərəfdir. Parlament ictimai və mədəni məzmunlu qurumdur. Mədəniyyət mərkəzidir, ona görə ki, burada fikir yaradıcılığı mövcuddur. Eləcə də xalqın ali siyasi şüuru əks olunur. Xalqın ictimai-siyasi məfkurəsi formalaşır.
İctimai-siyasi mənada xalqın formalaşdırdığı tərəflər bunlardır: dövlət-ümumi tərəf; dövlətin elementləri-dövlət rəhbəri, hakimiyyət qurumları və vətəndaşlar tərəfi. Bütün bu tərəflər sosial kriteriyalardan meydana gəlir. Sosial münasibətlər və sosial əlaqələr məhz tərəflərin ayırd edilməsini təmin edir. Funksiya xarakterinə görə təsnifatı belə aparmaq olar: ictimai, mədəni, siyasi və hüquqi tərəf-dövlət; hüquqi-siyasi-ictimai tərəflər-hakimiyyət; yenə də ictimai-siyasi-mədəni tərəf-xalq. Xalq bütün hallarda ictimai, siyasi, hüquqi və mədəni tərəf olur. Həmçinin bu statusunu dövlətdə və onun elementlərində əks elətdirir. Xalq dövləti və onun hakimiyyətini ona görə yaradır ki, özünün müəyyən məkanda olan maraqlarını təmin edə bilsin, hüquqi statuslar yaratsın. Xalq daima dövlətdən üstündür. Dövlət xalqın birliyini təmin etmək üçün bir vasitədir. Dövlət maraqları bütövləşdiricidir, ümumiləşdiricidir. Xalqın mədəni qabiliyyətinin nəticəsi dövlətdir. Dövlət tərəflər arasında əlaqələr sisteminin təzahürüdür. Dövlət yaradıcılığın və quruculuğun nəticəsidir. Xalq dövləti himayəçilik üçün yaradıb. Xalq dövləti özünü qorumaq üçün formalaşdırıb. Xalq dövlət rəhbəri və hakimiyyəti ilə özünü sübuta yetirir, ifadə edir.
Parlament bir hakimiyyət qoludur. Həm də hakimiyyətlərin formalaşması üçün normalar yaradan və qərarların qəbul edildiyi bir mərkəzdir. Deməli, istənilən halda parlament bir ictimai, siyasi, hüquqi mərkəzdir. Parlament tərəflərə hüquqlar verən mərkəzdir. Parlamentdə siyasətin istiqamətləri formalaşır. Xalqın mövcud və gələcək taleyi arasında strateji və taktiki bağlılıq müəyyən olunur. Parlament strateji-konsepsiya mərkəzidir. Strateji-konseptual məsələlər məhz parlamentdə müəyyən edilir. Parlament ictimai müzakirə və ictimai təyinat mərkəzidir. Parlamentdə hökumət və dövlət rəhbərinin statusları müəyyən oluna bilir. Parlament hökuməti və hakimiyyətin digər qollarını formalaşdıra bilir. Ölkə rəhbərini müəyyən edə bilir. Deməli, xalqın ictimai-siyasi və mədəni bir modelidir. Parlament dövlətlə xalq arasında vasitəçidir. Ali zirvədə xalqın sözünü deyən mərkəzdir. Parlament xalq birliyinin kiçik bir modelidir.
Parlament ictimai müzakirə və qanunların müzakirəsi mərkəzidir. Parlamentdə fikirlər qanunlara çevrilir, çünki nornalara salınır. Deməli, parlament ideyaları sistemləşdirən bir qurumdur. İdeyaları, təşəbbüsləri, təklifləri normalara salan bir formadır. Parlamentin qanunları ilə dövlət siyasətinin qolları müəyyən olunur. Parlamentdən aparıcı siyasətin şaxələri əks edilir. Parlament ictimai-siyasi mərkəz olmaqla, hakimiyyətlər arasında bağlılıq yaradır. Xalqın digər hakimiyyətlərlə əlaqəsində vasitəçi kimi əhəmiyyət kəsb edir. Parlament mənbə və üst mənşə rolunu oynayır.
Parlamentdə ölkənin əsas siyasəti formalaşır. Məsələn, referendumla bağlı məsələlər, konstitusiya dəyişiklikləri, başqa ölkələrlə müharibə və sülh siyasətini müəyyən etmək, amnistiya qanunlarını qəbul etmək, dövlət büdcəsini qəbul etmək, diplomatik nümayəndəlikləri təsis etmək, dövlət proqramlarını qəbul etmək, beynəlxalq sənədlərlə bağlı məsələlər və digər strateji məsələlər parlamentin müəyyən və təyin etdiyi məsələlərdir.
Parlament başqa hakimiyyətlərin formalaşmasında necə iştirak edir:
– parlamentdən hökumətin üzvləri formalaşır-baş nazirin təyinatına razılıq bildirir, hökumət üzvləri burada hesabat verir və s.;
– parlamentdən dövlət rəhbəri seçilə bilir, eyni zamanda etimadsızlıq göstərə bilir;
– parlament məhkəmə hakimiyyətinin formalaşmasında iştirak edir: razılıq bildirir, etimad göstərir. Bunlar artıq mexanizmlərdir.
Parlament xalqın bir ümumiləşmiş hesabat qəbul etmək mərkəzidir. Xalq parlamentə konstituson səlahiyyətlər verir ki, hakimiyyəti formalaşdırsın və dövlət rəhbərini müəyyən etsin və təyin etsin. Deməli, xalqın seçdiyi nümayəndələr tərəfindən hakimiyyətin və dövlət rəhbərinin təyinatı məsələləri meydana gəlir. Parlament bu baxımdan da dövlət rəhbəri, hakimiyyət və xalq arasında koordinasiya rolunu oynayır. Dövlət rəhbərinin siyasətini möhkəmlədir. Dövlət rəhbərinin xalq arasında olan etimadını gücləndirir.
Parlamentin ədalətli formalaşdırılması haqqında
Ədalətli parlament nədir. Dövlətin özü ümumən nəzəri və təcrübi əsaslarla ədalətli və pozitiv (tarazlı siyasət elə ədaləti yaradır) qurum olduğundan, onun tərkib elementləri də eyni mahiyyətli olmalıdır. Ədalət tərkib strukturların tarazlı funksional əsaslı təşkili və fəaliyyətindən büruzə verir. Parlament bir qurum kimi, həm də hakimiyyətin özək qurumu kimi, dövlətdə və siyasət müstəvisində ictimai müzakirə mərkəzidir. Parlament dövlət siyasətini cəmiyyətdən, ictimaiyyətdən və ümumi olaraq xalqdan asılı edən bir mərkəzdir. Bu baxımdan da siyasət və ictimaiyyət qurumudur. Parlament ona görə özək hakimiyyət qurumudur ki, buradan həm də dövlət rəhbəri seçilir, eləcə də icra və məhkəmə hakimiyyətlərinin formalaşdırılması üçün əlaqəli siyasət həyata keçirilir. Parlamentin cəmiyyət, cəmiyyətin də parlament üzərində müşahidəsi formalaşır. Bu baxımdan da bir model olaraq hakimiyyətin mənbəyi rolunu da oynaya bilir. Xalq hakimiyyətin formalaşması yönündə öz mənbə hüququnu ( hüququn bir qismini) parlamentə verə bilir.
Parlament dövlət siyasətinin aynasıdır. Çünki müzakirələr əsasən açıq aparılır. Qərarlar açıq şəkildə qəbul olunur. Hakimiyyətlə (parlamentlə) xalq arasında simmetrik əlaqələri mövcuddur. Parlament xalqın, onun seçdiyi (birbaşa və ya da dolayı yolla, yəni, parlamentin özü vasitəsilə seçilən, eləcə də irsən keçən) dövlət rəhbərinin hakimiyyət və xalqla əlaqələndirici vasitəsidir. Parlament dövlət rəhbərini seçir və ona etimadsızlıq göztərir. Buradan da dövlət rəhbərinin hüquqi, siyasi və ictimai statusu formalaşmış olur. Xalq öz nümayəndələri ilə dövlət rəhbərini seçir. Dövlət rəhbəri də parlament önündə hesabat verir. Deməli, dövlət rəhbəri bununla xalq qarşısında hesabat verir; çünki parlamenti xalq seçir. Dövlət rəhbəri birbaşa hesabat verir, eləcə də parlament önündə məsuliyyət daşıyır. Deməli, parlament xalqla hakimiyyət arasında bir vasitədir, eləcə də hakimiyyətin özüdür, xalqla digər hakimiyyət qolları arasında vasitə yaradandır, xalqla dövlət rəhbəri arasında əlaqə yaradandır. Parlament xalqın ona verdiyi səlahiyyətlərdən istifadə edərək dövlət rəhbərini qoruyur, həmçinin xalqın sözünü ona çatdırır.
Hər bir ölkənin öz dövlət quruluşu var. Və bu, ümumi dövlətçilik prinsiplərinə və məxsusiliyə əsaslanır. Dövlət quruluşları universal məzmuna və fərqli formalara malik olur. Fərqli formalar fərqli qaydalar olsa da, məzmunca oxşardırlar. Oxşarlıq həm ətraflarda mövcuddur, həm də pikdə müəyyən olunur. Yəni, hakimiyyətin əsas funksiyası idarəçilikdən, bu baxımdan da tənzimləmədən və müşahidəçilikdən ibarət olur. Xalqlar öz iradələrini fərqli yollarla ifadə edirlər. Lakin məzmun oxşarlıq təşkil edir. Bu oxşarlıq da bütün quruluşlar üçün dövlət məfhumunu eyniləşdirir. Parlament ayrı-ayrı ölkələrdə fərqli qaydada formalaşdırılır. Lakin parlamentin bir qurum kimi ümumi funksiyaları mövcud olur: qanunlar qəbul etmək və ölkənin taleyi ilə bağlı məsələləri müzakirə edərək qərarlar vermək. Bütün hallarda parlament dövlət rəhbəri, xalq və hakimiyyətlə əlaqəli olur. Çünki siyasət həyata keçirilir. Parlamentlər dövlət idarəçiliklərinin tərkibini təşkil edir. Parlament bütün fərqli formalaşma yollarında vahid məqsədi əks etdirir: xalqın, onu təmin edən, təmsil edən dövlətin, hakimiyyətin mənafeyi.
Ədalətli parlament məsələsinə köklü (mənşə) olaraq iki aspektdən yanaşmaq olar: birincisi, parlament üzvlərinin (burada aşağı palatanı təşkil edən üzvlər nəzərdə tutulur) həqiqi olaraq xalqın seçimi (birbaşa) ilə formalaşdırılması və yuxarı palata üzvlərinin isə dövlət rəhbəri və hakimiyyət nümayəndələri kimi cəmiyyətdə və siyasət sahəsində kifayət qədər ədalətli nüfuzu olan şəxslər tərəfindən formalaşdırılması. Xalqın hər iki palatada birbaşa nümayəndəsi ola bilər. Ədalətli parlament dedikdə, burada qanun layihələrinin müzakirəsi məsələsində olan ədalət prinsipi də əsas götürülməlidir. Ədalət odur ki, qəbul edilən sənədlərlə hər kəsin mənafeyi nəzərə alınır və təmin olunur.
Ədalətin digər bir kriteriyası da parlamentin dövləti təşkil edən elementlər tərəfindən tarazlı formalaşdırılmasından ibarətdir. Parlament dövləti təşkil edən tərəflər arasından seçim yolu ilə tarazlı qaydada formalaşdırılır. Ədalətlilik müzakirələrdə iştirak və qəbul edilən qərarlarda səsvermədə tarazlı və ədalətli iştirak baxımından (say çoxluğuna görə) önəm kəsb edir. Parlament müzakirə olunan istənilən obyektə (predmeti təşkil edir) ədalətlə, qərəzsiz yanaşır, dövlətçiliyi, dövlətin və xalqın maraqlarını əsas götürür. Xalqın seçdiyi nümayəndələr siyasətdə (hakimiyyətdə) ictimaiyyəti təmsil edirlər. Dövlət həm də hakimiyyət tərəfindən ibarətdir. Bu baxımdan da tarazlıq yaranmalıdır. Nümayəndələr fərdi və kollektiv olaraq (parlamentdəki təşəbbüs qrupları, fraksiyalar nəzərdə tutulur) xalqın sifarişlərini, cəmiyyətin nəbzini dövlətə çatdırır. Deməli, parlament xalqın hakimiyyət vasitəsilə dövlətdə sözünü yerinə yetirən bir qurum rolunu oynayır.
Parlamentin ədalətlə formalaşma mənbələri:
– ümumxalq səsverməsi ilə seçilən nümayəndələr – majoritar və proporsional əsaslarla;
– dövlət rəhbərinin hakimiyyətdə və ictimai mərkəzdə (parlamentin özündə) nümayəndələri;
– icra hakimiyyətinin qanunverici hakimiyyətdə nümayəndələri;
– məhkəmə hakimiyyətinin qanunverici hakimiyyətdə nümayəndələri.
Dövlət rəhbərinin parlamentdə nümayəndələri prezident administrasiyasının tanınmış şəxsləri, o cümlədən dövlət müşavirləri və elçiləri, cəmiyyətdə və elmi-mədəni və ədəbi dairələrdə nüfuz qazanmış ictimai xadimlər, tanınmış siyasətçilər, siyasətşünaslar, ədiblər və cəmiyyətin etimadını qazanmış, sosial statuslar əldə etmiş digər şəxslər ola bilərlər.
Bu şəkildə təmsil olunma həm də parlamentin aidiyyatı sahələrlə mütəxəssis baxımından təminatını yerinə yetirir. Çoxtərəfli təmsilçilik qərarların simmetrikliyini təmin edir. Qərarların əksliyini və uyğunluğunu əks etdirir. Dövlət və xalqın siyasətini uzlaşdırır. Paralament fəlsəfəsi dövlət kompozisiyasının tərkibini təşkil etməkdən ibarət olur.
Parlament ikipalatalı ola bilir:
– Yuxarı Palata-dövlət rəhbərinin və hakimiyyətlərin nümayəndələri, eləcə də xalqın seçdiyi nümayəndələrin bir qismi-xalq regionlardan seçib nümayəndələr göndərə bilər. Regional parlamentlərdən nümayəndələr Yuxarı Palataya göndərilə bilər;
– Aşağı Palata-xalqın seçdiyi nümayəndələr (birbaşa aşağıdan) və dövlət rəhbərinin, hakimiyyətlərin nümayəndələri.
Palatalara bölünmə şərti xarakterli olur. Eləcə də səlahiyyətlərin bölgüsünü özündə birləşdirir. Yuxarı Palata daha çox təsdiqedici, Aşağı Palata isə müzakirəedici yüklü olur.
Qanun layihələri hər iki palatada müzakirə olunur və qəbul edilir. Bəzi layihələr yalnız Aşağı Palatada müzakirə olunur. Yuxarı Palatada təsdiqini tapır. Mühüm (konstitusiyaya aid, referendumla bağlı məsələlər, dövlət rəhbərinə və hakimiyyət qollarına etimad məsələləri və s.) qanun və qərar layihələri hər iki palatada müzakirə olunur və birgə təsdiq edilir. Beynəlxalq müqavilələr hər iki palatada müzakirə olunur və ratifikasiya edilir. Strateji-konseptual layihələr hər iki palatada müzakirə olunur. Strateji-konseptual layihələr o layihələrə deyilir ki, onlar özlərində əhatəli elementləri cəmləşdirir.
İki palata birləşib Ümumxalq Məclisini təşkil edə bilər.
Parlament mərkəzi və yerli mənbələrdən formalaşdırılır. Mərkəzi qolunu hakimiyyət təşkil edir. Hakimiyyətin mərkəzi və yerli qurumlarından parlamentə nümayəndələr göndərilir. Dövlət rəhbərinin nümayəndələri isə hakimiyyətdən olmur. Onlar daha çox ictimai nüfuz qazanmış müstəqil şəxslər: ictimai xadimlər, o cümlədən, cəmiyyətdə tanınmış həkimlər, müəllimlər, mühəndislər, memarlar, ümumiyyətlə, mədəniyyət və incəsənət xadimləri, elm adamları olurlar. Burada dövlət rəhbərinin nümayəndələri yenə də xalqdan olur. Dövlət rəhbərinin nümayəndələri xalqla dövlət rəhbəri arasında hakimiyyət əlaqəsini yaradır. Bu nümayəndələrin timsalında dövlət rəhbəri xalqla əlaqəni birbaşa yaradır. Eləcə də hakimiyyət vasitəsilə həyata keçirir. Dövlət rəhbərinin parlamentdəki nümayəndələri də üçüncü qolu təşkil edirlər. Onlar qanunverici hakimiyyətlə dövlət rəhbəri arasında vasitə yaradan “ictimai qrup” rolunu oynayırlar. Parlament bu şəkildə qarşılıqlı asılılıq, qarşılıqlı etimad və hörmət əsasında formalaşdırılır.
Parlament öz səlahiyyət müddəti (çağırış müddəti) ərzində xalqın etimadını qazanır və xalqın sosial-rifahı üçün ictimai və siyasi məzmunlu qanunlar qəbul edir. Parlament xalqın etimadını itirdikdə xalq dövlət rəhbəri önündə parlamentin buraxılması məsələsini qoyur. Buna görə də Ümumxalq Məclisi geniş tərkibdə formalaşdırılır. Ümumxalq Məclisinin sədri dövlət rəhbəri, həmsədrləri isə Parlamentin Sədri, Konstitusiya Məhkəməsinin Sədri, Ali Məhkəmənin Sədri, Ombudsman və digər ictimai şəxslər olurlar. Ümumxalq Məclisi dövlət rəhbərinə etimad məsələsinə baxır. Etimadsızlıq göstərilməsi ilə əlaqədar olaraq, Baş Prokurorun təqdimatı ilə Konstitusiya Məhkəməsinin Sədri Ümumxalq Məclisində müzakirə olunmaq üçün təqdimatlar verir.