XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2016 - 13:00

Rusiya bir “tilov”la bütün dünya sularında “balıq tutmaq” istəyir –Detallar

rusiya-savas

Nəhayət, Misir prezidenti Əbdülfəttah əs-Sisi səsini çıxararaq ölkəsində Rusiya hərbi bazasının yaradılması məsələsinə aydınlıq gətirdi.

Strateq.az xəbər verir ki, “Əl-Əhram”, “əl-Əxbar” və “əl-Cumhuriyyə” hökumət qəzetlərinə verdiyi ortaq müsahibədə dövlət başçısı deyib:

“Rusiya və prezident Vladimir Putin ilə münasibətlərimiz güclüdür. Lakin Misirdə nə Rusiyanın, nə də başqa bir ölkənin hərbi bazası var. Bu heç vaxt olmayıb və olmayacaq”.

Beləliklə, Aralıq dənizi sahilində, Sidi-Barrani şəhərində hərbi bazanın yaradılması məsələsinə nöqtə qoyuldu. Lakin Rusiyanın Yaxın Şərqdə möhkəmlənmək niyyətlərinə hələlik son verilməyib.

Kremlin Sidi-Barranidən asanlıqla vaz keçəcəyi düşünülmür. Bu məntəqədə hərbi bazanın yaradılması ilə bağlı gizli danışıqlar çoxdan aparılırdı. Gözlənilirdi ki, 2019-cu ildə Rusiya artıq bu xarici bazadan istifadə etməyə başlayacaq.

Hazırkı geosiyasi durumda Kreml Aralıq dənizi hövzəsində öz hərbi varlığını artırmaqda niyə maraqlı olması da asan izaholunandır. Suriyada, Tartusla yanaşı, Sidi-Barrani də möhkəmlənmə daha çevik hərəkətlərə imkan verəcəkdi.

Misirdən əliboş dönən Rusiyanın İranda, Həmədan hava limanından istifadə etməklə böyük imkanlar əldə edib. Lakin rəsmi Tehranla strateji yaxınlığına baxmayaraq, bu ölkədə daimi hərbi baza barədə anlaşmaq hələlik mümkün deyil. Amma rəsmi Tehranın vasitəçiliyi ilə İraqda müştərək hərbi baza yaradılması planları var.

Postsovet məkanında Rusiyanın hərbi varlığı daha hissolunan və güclüdür. Məsələn, separatçı Abxaziyada güclü hərbi qruplaşması yerləşir. Burada “Su-27” təyyarələrinin olduğu aviasiya bazası, habelə hərbi-seysmoloji laboratoriya var. Qərargahı Suxumidə olan hərbi baza Sevastopolla birlikdə Qara dənizdə Rusiyanın demək olar ki, mütləq hakim edir.

Bu sıraya Sxinvalidəki (Cənubi Osetiya) hərbi qruplaşmanı da əlavə etmək gərəkdir. Gümridə (Ermənistan) 102-ci hərbi baza hərbi qulluqçuların sayının çoxluğu (5 min), “S-300” raket kompleksi və “Miq-29” qırıcı təyyarələri ilə 2044-cü ilədək Rusiyanın ixtiyarındadır.

Ukraynanın siyasi yolların ayrılması Rusiyanı Qərb istiqamətində mövqelərini xeyli zəiflətsə də, Belarusda “Volqa” radiolokasiya sistemi olan baza qalmaqdadır, Qazaxıstanda, Özbəkistanda, Tacikistanda, Türkmənistanda və Qırğızıstandakı hərbi bazalar Rusiyanın Orta Asiyada möhkəm qalalarıdır.

Hələ 2014-cü ildə müdafiə naziri Sergey Şoyqu bildirmişdi ki, Müdafiə Nazirliyi hərbi bazaların sayını artırmaq niyyətindədir. Vyetnam və Kubadan başqa, Venesuela, Nikaraqua, Seyşel adaları, Sinqapur və digər ölkələrdə Rusiyanın hərbi varlığı təsbit ediləcək.

Yeri gəlmişkən, Kamran bazası (Vyetnam) hələ sovet dönəmindən istifadə edilir. Bu, Sakit okean hövzəsində Rusiyanın möhkəm istehkamıdırsa, Serbiyada açılması nəzərdə tutulan hərbi baza Avropanı cənubdan təhdid edəcək. Kiprdə də yunan kəsimin rəhbərliyinə oxşar ismarışlar verilir..

Daha bir önəmli region Latın Amerikasıdır. Nikaraquada dəniz kanalının açılması niyyətləri Kremli cəld tərpənməyə məcbur edir.

Rusiya hərbi bazaları şəbəkəsinin yaradılmasında şayiə və siyasi möhtəkirlik səviyyəsində olan açıqlamalar çoxdur. Lakin Kremlin ABŞ və müttəfiqləri ilə qarşıdurmada həqiqətən belə bir niyyətdə olması əsla inkar edilmir.

M.Rzasoy




Yuxarı Əvvələ Ana Səhifə