XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2016 - 15:20

Suriya savaşının görünməyən üzü:"Qaz müharibələri" dünyanı necə dəyişir? - Araşdırma

qaz-xetti-1

Nə qədər paradoksal görünsə də, Suriya müharibəsində Amerikanın əsas hədəfi Rusiyadır. Bir vaxtlar dünyanın iki super-gücündən biri olan SSRİ, ABŞ tərəfindən cızılmış ssenari əsasında tarixdən silindi. İndi həmin ssenari Suriyada məhz Rusiyaya qarşı tətbiq olunur. Söhbət nədən gedir? Faktlara istinadən bu məsələyə aydınlıq gətirməyə çalışacağıq.

 

Neft və qaz

 

Neft və qaz Yaxın Şərqin əsas gəlir mənbəyidir. O  da sirr deyil ki, neft və qaz sadəcə iqtisadi məsələ deyil. Həm də siyasi təsir və təzyiq baxımından son dərəcə önəmli faktorlardır. Deyirlər ki, siyasətlə neft və qaz kimi enerji mənbələri üz-üzə gələndə, partlayış baş verir. Suriya savaşı bu həqiqətdən qaynaqlanır. Qərb bu müharibəyə  “SSRİ-ni dağıtdıq, Rusiyanı da məhv edərik”, prinsipi ilə yanaşır. Digər tərəfdən, Rusiyanın süqutu Şiə Birliyinin də mövcudluğuna ciddi zərbə olardı…

 

Cırtdan Qətər dövlətinin dev gücü

 

Əhalisinin sayına görə, Qətər dünyada 148-ci yeri tutur. 2013-cü ilin statistikasına görə, ölkə əhalisinin sayı 1.8 milyon nəfərdir. Onlardan yalnız 300 min nəfərə yaxını Qətər vətəndaşıdır. 1.5 milyon nəfər isə Qətərdə müxtəlif sahələrdə çalışır. Belə kiçik olmağına baxmayaraq, monarxın idarə etdiyi Qətər Ərəb Dünyasında ciddi təsir imkanlarına malikdir. Maraqlıdır ki, bu ölkə tarixə “Ərəb Baharı” kimi daxil olmuş inqilabi proseslərə ciddi maddi və mənəvi dəstək verib. “Al Jazeera” media şəbəkəsi Qətərin iqtisadi və siyasi maraqlarının dünyada təbliği üçün müstəsna xidmətlər göstərir. O da bəllidir ki, 2022-ci ildə Ərəb Dünyasında ilk dəfə Futbol üzrə Dünya Çempionatı məhz paytaxt Dohada keçiriləcək.

Bir önəmli məqam da var: Qətər adambaşına düşən gəlirinə görə, dünyada birinci yerdə gedir. Ən önəmlisi isə odur ki, Qətərin Avropanın iri güc mərkəzlərində sön dərəcə qüdrətli lobbisi var…

Şübhəsiz ki, bu ölkənin əsas gəlir mənbəyi neft və qaz satışına bağlıdır. Qətər qaz ehtiyatına görə dünyada Rusiya (187.300 000 000 000 m3) və İrandan (48.700 000 000 000  m3)  sonra 3-cü yerdə gəlir (24.700 000 000 000 m3)

 

Qətərlə İran arasında bölünən dünyanın ən böyük qaz yatağı 

 

Fars Körfəzində dünyanın ən böyük qaz yatağı yerləşir. Açıq dənizdə olan yataq Qətərlə İranın arasındadır: South Pars (İran hissəsi) və North Gaz (Qətər hissəsi) . Ümumi sahəsi 9.700 kv.km-dir. Bunun 3.700 kv.km-i İranın, 6.000 kv.km-i isə Qətərin payına düşüb. 

Qərb analitikləri yazırlar ki, dini inanc baxımından bir-biri ilə ədavətdə olan sünni Qətər və şiə İran bu yataqdan çıxarılan qazı Avropa bazarına ötürməyə can atır. Hər iki tərəf üçün bu, son dərəcə önəmli məsələdir. Söhbət Avropada ciddi söz sahibinə çevrilməkdən gedir. Həm də qazı və nefti varlı müştəriyə – Avropaya daha yüksək qiymətə satmaq mümkündür. Bu da ciddi məsələdir. Qətər, Səudiyyə Ərəbistanı-Suriya-Türkiyə üzərindən qaz boru xətti çəkməyi düşünürdü. Gözlənilmədən Suriya prezidenti Bəşər Əsəd bu layihəni rədd etdi. Az sonra bəlli oldu ki, məhz İran və Rusiyanın təzyiqi ilə Suriya özü üçün iqtisadi, həm də siyasi baxımdan sərfəli olan bu plana “yox” deyib. 

Sirr deyil ki, hazırda Avropanı qazla təmin edən əsas ölkə Rusiyadır. Ona görə də rəsmi Moskva sözügedən yataqdan qazın Avropa bazarına çıxarılmasını heç istəmir. Rusiya bu planın qarşısını aldı. Suriyada gedən müharibə ona gətirib çıxardı ki, nə Qətər, nə də İran öz istəyinə nail oldu. Bu müharibə daha çox Rusiyanın maraqlarına uyğundur. Çünki müharibə nə qədər çox uzansa, həmin yataqdan qazın Avropa bazarına çıxarılmasının mümkünlüyü xeyli müddətə təxirə salınacaq. Bu isə neft qiymətlərinin enişindən sonra ciddi iqtisadi sarsıntılar keçirən Rusiya üçün həyati əhəmiyyətli məsələdir…

 

ABŞ köhnə ssenariyə əl atır, Rusiya Suriyada ölum-qalım savaşında

 

Prosesin bu şəkildə davam etməsi ABŞ-ı qane etmir. Vaşinqton istəyir ki, müttəfiqi olan Avropa Birliyi alternativ qaz təminatına sahib olsun və Rusiyadan asılılığa birdəfəlik son qoyulsun. Şübhəsiz ki, sünnilərlə yaxın ittifaqda olan ABŞ məhz Qətər qazının Avropa bazarına çıxarılmasında maraqlıdır. Çünki İranla münasibətlərində həmişə gərginlik mövcud olub. Fakt budur ki, bütün təzyiqlərə baxmayaraq, ABŞ İranı heç cür özünə ram edə bilmir.

Başqa, daha önəmli məqam da var. Bəllidir ki, Sovet İttifaqının süqutunun əsas səbəblərindən biri məhz neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə bağlıdır. 

Qərb mənbələri etiraf edir ki, ABŞ Sovet İttifaqını silah sənayesini inkişaf etdirməyə təhrik etdi. Bu yarışda Amerikaya uduzmamaq üçün Sovet İttifaqı maddi imkanlarının böyük bir hissəsini silah sənayesinə yatırdı. Belə bir məqamda ABŞ Səudiyyə Ərəbistanı ilə anlaşdı. Sonuncu neft hasilatını kəskin şəkildə artırdı. Nəticədə dünya bazarında neftin qiyməti gözlənilmədən aşağı düşdü. Bu isə sonda Sovet İttifaqının çökməsinə gətirib çıxardı. ABŞ oxşar ssenaridən təkrar yararlanmaq istəyir. Hazırda neftin qiyməti xeyli aşağıdır. Bu isə Rusiyanı çıxılmaz vəziyyətdə qoyub. Qətər qazının Avropaya çıxarmaqla Amerika Rusiyanı ikinci böyük gəlir mənbəyini də məhv etmiş olardı. Bu səbəbdən də Rusiya Suriya müharibəsində sona qədər vuruşacaq. Çünki Rusiya yaxşı bilir ki, söhbət onun gələcək taleyindən gedir. Ortada ölüm-qalım məsələsi var…

 

Rusiya Amerika üçün təhlükədir, elə İran da. Amma…

 

O da bəllidir ki, ABŞ və Avropa Birliyi Rusiya qazına (Qazprom) alternativ kimi İranın təklifinə də loyal yanaşır. Yadınızdadırsa, 2014-cü ildə Qərb Rusiyanı sanksiyalarla hədələyəndə Moskva qaz xəttindən təzyiq vasitəsi kimi yararlanmağa çalışdı. Belə bir məqamda İran Avropa Birliyinə öz qazını təklif etdi. Amerikanın bu məsələyə yanaşması belədir: Vaşinqton istəyir ki, Qətər Avropa Birliyini alternativ qazla təmin etsin. Bu mümkün olmadıqda isə İranın təklifinə də müsbət yanaşmaq olar. Amerika siyasi elitasının ümumi rəyinə görə, Rusiya Vaşinqton üçün ciddi təhlükədir. İran da xoşagələn ölkə deyil. Ancaq böyük təhlükəni neytrallaşdırmaq üçün kiçik təhlükəyə qol-qanad vermək olar. Həm də Qərblə İran arasında nüvə anlaşması əldə olunduqdan sonra onların bu istiqamətdə şansı daha da yüksəlib.

 

Rəsmi Tehran dollara dirsək göstərir

 

Ancaq bu məsələdə ciddi bir əngəl var. Bu, Amerika üçün son dərəcə önəmlidir. İran Avropa Birliyinə qazı dollara yox, avroyla satmaq fikrindədir. Bu isə Amerikanın maraqlarına qətiyyən uyğun deyil.

 

 “İslam” qaz kəməri

 

Tehranın şiə həmrəyliyinə söykənərək təklif etdiyi qaz kəməri İran-İraq-Suriya qaz kəməri adlanır. Bəzi mənbələrdə bu xətdən “Dostluq”, bəzi yerlərdə isə “İslam” boru kəməri kimi söhbət açılır. Bu xətt şiələrin çoxluqda olduğu Livandan da keçərək, Avropa tərəf yon almalıdır…

 

Nabucco Qətər-Türkiyə qaz kəmərinə birləşə bilər

 

Rəsmi Dohanın təklif etdiyi kəmər isə Qətər-Türkiyə qaz kəməri adlanır. Bu xətt Səudiyyə Ərəbistanı-İordaniya-Suriyadan keçməlidir. Bu xətdə bizim üçün də maraqlı olan məqam var. Bu kəmər Azərbaycandan Türkiyəyə çəkiləcək Nabucco qaz kəməri ilə birləşə bilər. Bu baxımdan bu xətt Azərbaycan üçün daha cəlbedici görünür və bizim üçün daha məqbuldur. Nabucco barədə az sonra daha ətraflı söhbət açacağıq…

 

Qətər qazı Suriyadan yan keçə bilərmi?

 

İndiliksə onu qeyd edək ki, bəzi mütəxəssislər qeyd edir ki, Qətər öz qazını Suriya və Türkiyədən yox, daha təhlükəsiz olan Səudiyyə Ərəbistanı, Qırmızı Dəniz, Misir, oradan isə Aralıq dənizin Şərqinə çıxara bilər…

 

“The Guardian” etiraf edir

 

2013-cü ildə “The Guardian” yazırdı ki, ABŞ-ın Suriyanı kimyəvi silaha görə ittiham etməsi, əslində, bəhanədən başqa bir şey deyildi. Əgər yadınızdadırsa, o vaxtlar Qərb iddia edirdi ki, Bəşər Əsədə bağlı hərbi birləşmələr ona müxalif olanlara qarşı kimyəvi silahlardan istifadə edir. Beynəlxalq ictimaiyyət də bu faktdan hiddətlənib… Əslində isə Amerikanın əsas məqsədi qazla bağlı maraqlarını təmin etməkdən ibarət idi. 

 

Rusiya və İran Nabucco-ya qarşı 

 

Vaxt var idi, İran Nabucco-ya ciddi maraq göstərirdi. Nabucco Azərbaycan, Türkmənistan, İraq, hətta İran qazını Türkiyəyə ötürməyi planlamışdı. İldə bu kəmərdən 30 milyard kub metr qaz ixrac etmək nəzərdə tutulmuşdu. Dünyanın ən böyük qaz yatağı tapıldıqdan sonra vəziyyət kökündən dəyişdi. Artıq İranın təklif etdiyi qaz kəməri Avropaya ildə 40 milyard mqaz təklif edirdi. Bu arada isə Qətərin təklifi daha yüksək idi – ilə 63 milyard m 3.  

2013-cü ildə Dimitri Minin bəyan etdi: Suriyada vətəndaş müharibəsi o vaxt başladı ki, 2011-ci ilin iyun ayının 25-də İranın Buşher şəhərində qazla bağlı memorandum imzalandı. Həmin sənədə görə, İran-İraq-Suriya qaz kəməri Türkiyədən yan keçməklə çəkiləcəkdi…

Elə o dönəmdən də Rusiyanın yaxın müttəfiqi olan İran və Suriya Nabucco-ya qarşı çıxdı. Təbii ki, Azərbaycanın Avropanın qaz bazarına çıxış əldə etməsi Rusiyanın da maraqlarına uyğun deyildi. 

 

Nəticə belədir ki, qaz boru xətti ilə bağlı iki alyans mövcuddur…

 

1) Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı, Britaniya, Fransa (Amerika da işin içindədir);

2) Suriya, İran, İraq, (Livan-Hizbullah) və Rusiya (Bu ittifaq bəzən 4+1 kimi qeyd olunur);

 

Hələ İsrail də var

 

Bu yarışda kölgədə qalan daha bir önəmli oyunçu İsraildir. Bu ölkə də sünnilərə daha çox meyllidir. Çünki İranla ciddi ixtilaf içindədir. Düzdür, İsrail bu işə birbaşa müdaxilə etmir və gözəgörünməz olmağa çalışır. Ancaq bu ölkənin təsir imkanları böyükdür və bu məsələdə onların da rəyi nəzərə alınır. Onu da unutmayaq ki, İsrailin özünün də qazı var. O da malını satmağa bazar axtarır.

 

İordaniya: xalq İsrailə qarşı, kral yəhudilərin yanında…

 

İki ölkə arasında qaz idxalı ilə bağlı müqavilə imzalanıb. Müqavilənin dəyəri 10 milyard dollardan çoxdur. İsrail açıq dənizdən çıxardığı təbii qazı qonşusuna satacaq. Yəhudi ölkəsi sünni ərəb ölkələri ilə iqtisadi əlaqələrini gücləndirməyə çalışır. Göründüyü kimi, ortada ciddi nəticə də var…

Düzdür, xalq ayağa qalxıb və deyir ki, bizə yəhudi qazı lazım deyil. İordaniya digər alternativ variantlara üstünlük verməlidir…

Qeyd edək ki, İsrail ilə İordaniya arasında münasibətlər uzaq 1994-cü ildən istiləşməyə başlayıb. Onu da vurğulamaqda fayda var ki, İordaniyaya yəhudi qazı satacaq şirkət ABŞ-İsrail şirkətidir. Amerikanın bu işdə əli varsa, deməli, İordan xalqının iradəsini kimsə vecinə almayacaq…

 

Kürd məsələsi

 

Ortada olan güclərdən biri də kürdlərdir. Qərb İraqda, Suriyada və Türkiyədə olan silahlı kürdlərdən öz maraqları naminə istifadə edir. 

O cümlədən, İsrailin də kürdlərə dəstək verməsi heç kimə sirr deyil. Silahlı mübarizə aparan, əsasən sol yönümlü kürd firqələri isə fürsətdən istifadə edərək İraq, Suriya və Türkiyədə (İranda bu, bir qədər çətindir) olan kürdləri bir araya gətirməyə çalışırlar. Qərb üçün kürdlər ona görə cəlbedicidir ki, əksəriyyəti sünni olan kürdlərin məsələyə yanaşması məzhəb prizmasından kənardadır. Tutaq ki, ərəblərdə, farslarda, hətta Türkiyə türklərində olan dini fanatizm onların arasında zəifdir. Kürdlər daha çox Qərb modelli dövlət qurmaq haqqında düşünürlər. Qərb onu da başa düşür ki, Yaxın Şərqdə İsrail kimi müttəfiq nə vaxtsa yetərli olmaya da bilər. Ona görə də kürdlərə qol-qanad verməyə çalışırlar. “Böyük Kürdüstan” iddiasında olan kürdlər də əmindir ki, Qərbin dəstəyi ilə arzularına çata bilərlər. Artıq İraqda de-fakto Kürdüstan dövləti mövcuddur. O da maraqlıdır ki, yerli ərəblər, türklər və farslar kürdlərin planlarını alt-üst etməkdə qərarlıdır…

 

Suriyada Əfqanıstan variantı

 

Göründüyü kimi, Suriyada müharibənin başlamasının əsas səbəbi sünni ölkələrin, xüsusən Qətər və Səudiyyə Ərəbistanının əli var. Onlar sələfi cihadçılara ciddi maliyyə dəstəyi verirlər. Bu dəstəyin həcmi 4 milyard dollardan artıqdır. Bu ölkələr eyni ssenarini Amerikanın göstərişi ilə 1980-ci ildə Əfqanıstanda sınaqdan çıxarıb. Onlar hesab edirdi ki, Suriya əhalisinin 80 faizi sünni olduğundan 10 faizlik ələvi azlığın idarəçiliyini devirmək elə də çətin olmayacaq. Ancaq hər şey ehtimal edildiyi kimi cərəyan etmədi…

 

Türkiyə qaz və neft kəmərlərinə nəzarətə can atır

 

Türkiyə də bu məsələdə önəmli rol oynayır və öz siyasi və iqtisadi maraqları naminə bütün riskləri göz altına alıb. Hətta bu məsələyə görə Rusiya ilə belə ciddi qarşıdurmaya getdi. Rəsmi Ankaranın əsas hədəfi Avropa Birliyinə gedən neft və qaz boru xətlərinə ev sahibi olmaqdan ibarətdir…

 

“Pipeline+stan” – enerji müharibəsi

 

Suriyada gedən vətəndaş müharibəsi əslində böyük güclərin enerji müharibəsidir. Bu müharibə bir çox Qərb mənbələrində “Pipeline+stan” kimi adlandırılır. Yuxarıda vurğuladığımıza əlavə olaraq, onu da qeyd edək ki, hər şey 2009-cu ildən başladı. Suriya Qətərə “yox” dedi və 2010-cu ildə dəyəri 10 milyard dollar olan İran-İraq-Suriya qaz kəmərinə üstünlük verdi. 2011-ci ildən isə Suriyadan qanlı qarşıdurmalarla bağlı xəbərlər gəlməyə başladı…

 

Ortaya yeni oyunçular çıxır

 

Aralıq dənizinin şərqində tapılmış neft və qaz yataqları da vəziyyətə ciddi təsir etmək gücündədir. İsrail, Fələstin, Kipr, Türkiyə, Misir, Suriya və Livan həmin yataqlardan yararlana biləcək. Söhbət 1.7 milyard barel neftdən və 122 trilyon m3 qazdan gedir…

 

Qərb Əsədi terrorçularla əvəzləmək istəyir

 

Daha bir önəmli məqam: Suriyada Əsədə qarşı müxalif qüvvələr əsasən sələfi cihadçılardan ibarətdir. Onlar isə radikal dini baxışları ilə tanınırlar. Onların bir çoxu “Əl-Qaidə” kimi terrorçu təşkilatın üzvüdür. ABŞ başda olmaqla digər Qərb ölkələri müxtəlif bəhanələrlə məhz həmin terrorçulara dəstək verirlər. Bir sıra Qərb analitikləri iddia edirlər ki, Əsədi yalnız sələfi radikallar əvəz edə bilər. Bu isə o deməkdir ki, Qərbə meylli Əsəd rejimini radikal dinçilər əvəz edəcək. Onlar isə gələcəkdə İŞİD-dən daha çox pisliklər törətmək gücündədir. Bir sözlə, Qərb hesab edir ki, Əsəddənsə radikal dinçilər iqtidara gəlsə, daha yaxşıdır. Ən azı, sünni birliyinə bağlı olan həmin qüvvələr Rusiya və İranla müttəfiq olmayacaq.

 

Əsəd getsə “Hizbullah” da gedəcək…

 

Qərb yaxşı başa düşür ki, Suriyada iqtidarın sünnilərin əlinə keçməsi bölgədə güc nisbətini əhəmiyyətli dərəcədə onun xeyrinə dəyişəcək. Təkcə Suriya yox, həm də Livandakı şiə çoxluqla İranın quru əlaqələri kəsiləcək. Bu isə İrana bağlı “Hisbullah”ın (Hizbullah ərəbcə – "Allahın ordusu" anlamını verir) silah-sursat və digər zəruri mallarla təminatında ciddi əngəllər yaradacaq. İsrail üçün də bu məqam önəmlidir…

Şübhəsiz ki, Hizbullah lideri Seyid Həsən Nəsrullah da bunun fərqindədir. Elə bu səbəbdən də 2013-cü ildən Hizbullaha bağlı hərbi birləşmələr Suriyada prezident Bəşər Əsədin tərəfində vuruşur…

 

Avropa Birliyinə qaz verəkmi?

 

Azərbaycan qazı ehtiyatlarına görə, dünyada 14-cü yerdədir (2.600 000 000 000 m3 ). Bizim qazımız Avropa Birliyini qazla təmin etmək üçün yetərli deyil. Amma qonşuluqda qaz ehtiyatlarına görə dünyada 4-cü yerdə gələn Türkmənistan (17.500 000 000 000 m3) var. Onların qazı çoxdur. Qaza görə dünyada 18-ci yerdə olan Qazaxıstan (1.900 000 000  000 m3)  və 19-cu yerdə olan Özbəkistanda da (1.841. 000 000 000 m3) xeyli qaz var. Bu ölkələrdə iri qaz yataqlarının tapılma ehtimalı da çoxdur. Yəni, türk dövlətləri Avropa Bırliyini qazla təmin edə bilərlər. Suriyada baş verənlər göstərir ki, bu, o qədər də asan məsələ deyil. Ancaq biz ölkə olaraq ehtiyatla öz maraqlarımızı həyata keçirməyə çalışmalıyıq…

 

Rusiya Qərbi necə qabaqladı…

 

Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Ərzurum Boru Xətti hazırda fəaliyyətdədir. Suriyada baş verən savaş fonunda Azərbaycanın buna nail olması fantastik görünür. Qərb üçün bu xətlərin mövcudluğu daha çox ona görə önəmlidir ki, onlar Rusiyadan yan keçir. Onu da xatırladaq ki, bu xətlər işə düşdükdən sonra ABŞ və Avropa Birliyi Trans-Xəzər neft və Trans-Xəzər qaz layihələrini irəli sürdü. Qərb Qazaxıstan və Türkmənistanın Xəzərdəki neft və qazını da Rusiyadan yan keçməklə öz nəzarəti altına almağa çalışdı. Ancaq Rusiya buna imkan vermədi. 2007-ci ildə Moskva Türkmənistan və Qazaxıstanla müqavilə bağladı. Həmin müqaviləyə görə, bu ölkələrə məxsus neft və qaz Rusiya boruları vasitəsi ilə dünya bazarına çıxarıla bilərdi…

Bu vəziyyətdən Çin məharətlə istifadə etdi. Hazırda Qazaxıstan-Çin neft kəməri fəaliyyətdədir. Qazaxıstandan Çinə qaz kəmərinin çəkilməsi istiqamətində də işlər gedir…

 

Elbəyi Həsənli

Musavat.com




Yuxarı Əvvələ Ana Səhifə