Musiqiçi Bob Dilanın ədəbiyyat üzrə “Nobel”ə layiq görülməsi mükafatın tarixində nə ilk, yəqin ki, nə də son mübahisəli və qalmaqallı səhifədir.
Strateq.az xəbər verir ki, “Nobel”in ilk təqdimatı da məhz qalmaqalla yadda qalmışdı.
1901-ci ildə fransız şairi Arman Sülli-Prüdom ilk laureat oldu. Sınmış güldan barədə şeiri ilə məşhurlaşmış Sülli-Prüdomun o zamankı əsas rəqibi Lev Tolstoy idi.
“Dirilmə” romanı yenicə nəşr olunmuş rus yazıçısının qalib elan olunacağını bütün dünya gözləyirdi. Amma sən saydığını say, gör Nobel Komitəsi nə sayır…
Növbəti ildə də Lev Tolstoy “Nobel”ə layiq görülmədi. Ard-arda beş il mükafatdan məhrum olan yazıçının bu cür qısnanmasının siyasi səbəbləri vardı. Buna görə də L.Tolstoyun özü mükafatdan rəsmən imtina etdi.
Nobeldən imtina edən digər bir rus yazıçısı Boris Pasternak olub. “Doktor Jivaqo” romanı ilə şöhrət tapan Pasternak vətənindəki qısnanmaya və siyasi təqibə dözməyib mükafatı almadı.
Bundan təxminən on beş il sonra, 1973-cü ildə ABŞ dövlət katibi Henri Kissincer Vyetnamın siyasi xadimi Le Dık Tho ilə Nobel uğrunda rəqabət aparırdı. Qalmaqallı rəqabət vyetnamlı xadimin mükafatdan imtina etməsi ilə nəticələndi.
2000-ci ildə İsveçrə parlamentinin üzvü Mario Fer Stenli “Tuki” Uilyamsın namizədliyi irəli sürdü. O, “Nobel”ə namizədliyi irəli sürülən ilk cinayətkar idi.
Dörd adamın qətlinə görə həbsdə olan S.Uilyams sonda ölüm cəzasına məhkum edildi. Onun bəraəti haqqında xahişnaməni Kaliforniya qubernatoru Arnold Şvartsenegger rədd etdi.
2009-ci ildə Barak Obamanın Nobel Sülh mükafatına layiq görülməsinə dünya təəccüblə qarşıladı.
2011-ci ildə tibb üzrə Nobelə namizəd, amerikalı alim Ralf Steynmenin bircə problemi vardı – o, təqdimat dövründə axirət dünyasında idi. Nobel nizamnaməsinə əsasən isə, mükafat vəfat etmiş şəxsə verilə bilməzdi.
Belaruslu Svetlana Aleksieviçin də siyasi motivlərlə ədəbiyyat “Nobel”i alması şəksizdir.
Aleksand Lukaşenkonun “yarasına duz səpmək” üçün verilən bu “Nobel” kimi daha neçə-neçə laureat qızğın mübahisə və müzakirə mövzusu olub.
Yeri gəlmişkən, ara-sıra siyasətçilər də ədəbiyyat üzrə mükafata layiq görülüb. Onlardan biri Uinston Çörçildir. 1953-cü ildə İkinci dünya müharibəsi ilə bağlı memuarlarına görə “Nobel”ə alan eks-baş nazir bu xəbəri belə qarşılamışdı: “Əminəm ki, sülh yaratdığıma görə layiq görməyiblər”.
M.Rzasoy