XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2016 - 12:05

“8 Mart Bloku”nun xristian prezidenti, “Hizbullah”ın müttəfiqi –PORTRET CİZGİLƏRİ (FOTOLAR)

aun

Məlum olduğu kimi, general Mişel Aun Livanın 13-cü prezidenti seçildi. 128 yerlik parlamentdə, ikinci turda 83 deputatın səsini almış M.Aun andiçmədən dərhal sonra vəzifəsinin icrasına başladı.

Strateq.az 81 yaşlı dövlət başçısının tərcümeyi-halına nəzər salır.

Səlahiyyət müddəti 2014-cü mayında bitən eks-prezident Mişel Süleymanın uzun müddət boş qalan yerini tutan M.Aun kimdir?

Livan etnik və dini baxımdan rəngarəng ölkədir. Müəlman-ərəb-şiələr, müsəlman-sünni-ərəblər, xristian-maruni-ərəblər, protestant-ermələr, qriqoriyan-ermənilər, müsəlman-durzilər…

Bilgisiz insanın bu qarışıqlıqdan baş açması çətindir. Fransız idarəçiliyindən miras qalan “Tayfa Qanunu”na əsasında Livanın hakimiyyət qollarında təmsilçilik qaydası da buna bənzərdir. Müstəmləkəçiliyin bu siyasi yadigarında təsbitlənib ki, ölkənin dövlət başçısı hökmən maruni-xristian məzhəbinə məxsus şəxs olmalıdır.

1935-ci ildə Beyrutun ətraf məhəllələrindən birində, yoxsul qəssab ailəsində doğulan sabiq general Mişel Aun da Livanın maruni-xristianlarındandır. O hələ gənclik dövründə hərbi xidmətə başladı, ABŞ və Fransada təhsil alıb, vətəndaş müharibəsində boğulan vətəninə isə 1980-ci ildə, general rütbəsində qayıtdı.

Şiddətlənən vətəndaş müharibəsi dövründə, 1986-ci ildə M.Aun Baş Qərargah rəisi vəzifəsinə qədər yüksəldi.

O çağın prezidenti Emin Cəmayel 1988-ci ildə səlahiyyətlərinin sona çatması ərəfəsində müvəqqəti hərbi hökumət təşkil etdi və M.Aun baş nazir olaraq mübarizə dən tərəflərin ortasında qalmış oldu.

Mərkəzi hakimiyyəti gücləndirmək üçün general Aunun müttəfiqlərindən olan falangistlərin də düşmənçiliyini qazandı. Maruni-xristian Semir Cacanın rəhbərlik etdiyi “Livan Gücləri” ilə qarşıdurma vətəndaş müharibəsində “ikinci cəbhə” açdı. Beləliklə, maruni-xristianlar da bir-birinə düşmən kəsildi.

Livandakı vətəndaş müharibəsində tərəflərdən biri olan Suriya da general Aunun hədəfi oldu. Baş nazir ona qarşı “Müstəqillik müharibəsi” elan etdi.

On beş illik daxili qarşıdurma Səudiyyə Ərəbistanında Taif Razılaşmasının imzalanması ilə bitdi. Mişeil Aun bu sazişin əleyhinə çıxdı. Suriya ordu birlikləri və “Livan Gücləri”nin döyüşçüləri prezident sarayına qurudan və havadan hücum etdi. General Mişel Aun suriyalıların "təslim ol" çağırışına cavab olaraq Baabdakı Sarayını tərk edib Beyrutdakı Fransa Səfirliyinə sığındı.

Aunun Fransa sürgünündən Livana qayıdışı və yenidən siyasi fəaliyyətə başlamasına səbəb baş nazir Rafiq Haririyə təşkil edilən sui-qəsd oldu. 2005-ci ilin fevralında Rafiq Həririnin öldürülməsi Suriya beynəlxalq təzyiqləri artırdı və onun Livandakı hərbi varlığına son qoydu. M.Aun da Suriya ordusunun geri çəkilməsindən 11 gün sonra, mayın 7-də ölkəsinə qayıtdı.

General uniformasını çıxarmış keçmiş hərbiçi Azad Vətənpərvərlər Hərəkatını (AVH) yaratdı və bir daha siyasi meydana atıldı. AVH 2005-ci ilin seçkilərində 21 deputatla ən güclü maruni-xristian partiyası oldu.

2006-cı ildə AVH ölkədə nüfuzu getdikcə artan “Hizbullah” ilə bir “Mar Mixail” kilsəsində protokol imzaladı. Razılaşma əsasında Aun “Hizbullah” və müttəfiqlərinin daxil olduğu “8 Mart Bloku”nda ən güclü xristian siyasi aktyoru oldu.

2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qərarı ilə Rafiq Həriri sui-qəsdini araşdırmaq üçün qurulan Beynəlxalq Livan Xüsusi Məhkəməsi “Hizbullah” və Suriyaya qarşı sanksiya tətbiq etmə qərarı çıxardı. Bu qərar siyasi gərginliyi artırdı. O dövrün baş naziri Rafiq Həririnin oğlu Saad Həririnin bir sıra qırarları hökumətin istefaya getməsinə səbəb oldu. Aun və müttəfiqi “Hizbullah” on nazirlə birgə kabinətdən istefa verdi və hökumət çökdü.

Uzun müzakirələrdən sonra yeni baş nazir Nəcib Mikatinin 2011-ci ildə qurduğu hökumətdə Aunun partiyası 30 nazir postundan altısını əldə etdi.

2014-cü il də aprelin 23-də Livan parlamenti səlahiyyət dönəmi bitmiş prezident Mişel Süleymanın yerinə keçəcək dövlət başçısını seçmək üçün toplandı. Ancaq namizədlərdən heç biri səslərin üçdə ikisini toplaya bilmədi.

“8 Mart Bloku” uzun müddət prezidentliyə öz namizədinin adını açıqlamaqdı. Ortaq namizədin müəyyən edilməməsindən başqa, Aunun partiyası və “Hizbullah” parlament iclaslarını boykot etdi, iclaslarda yetərsayı təmin edilməsinə maneə törətdilər.

Nəhayət, 2015-ci ildə “8 Mart Bloku” Mişel Aunun namizədliyini irəli sürdü. Rəqib “14 Mart Bloku”nun prezidentliyə namizədi Süleyman Fransinin tərəfdarları Səəd Həriri və S.Caca 2016-cı ildə Auna dəstək verdiyini açıqladı.

Digər etnik-məzhəbi siyasi qanadı təmsil edən durzi lider Vəlid Canbolat da generala siyasi dəstək verdi və bu gün prezident mühafizəçilərinin müşayiəti M.Aun prezident sarayına yollandı.

Nadya Aunla evli olan Mişel Aunun üç qızı var.

M.Rzasoy

aun-liva-hizbullah

aun-livan

Strateq.az