XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2016 - 17:45

Rusiya-hindu müharibəsi:Rusların Kaliforniyadakı qalası necə suqut edib? – Araşdırma

alyaska

ABŞ-ın yaranmasından 170 il öncə hələ "amerikalılar" da yox idi. Hələ ingilis, holland, ispan və fransız köçkünlər Şimali Amerikaya gəlir və yeni torpaqlarda məskunlaşırdılar.

İngilislər və hollandlar, əsasən, Amerikanın şərq sahilini "fəth etdilər". Fransızlar orta zolaqda, ispanlarsa qərb ərazilərində məskən saldılar. Ancaq Amerikanın çox hissəsində yerli əhali yaşayır və demək olar, hər yerdə onlarla gəlmə avropalılar arasında döyüşlər gedirdi. 

 

Rus köçkünlər

 

Elə rus köçkünlər də Yeni Dünyada yetərincə böyük ərazini – Alyaskanı zəbt etmişdilər. Alyaska 220 il Rusiya imperiyasının tərkibində olub. İlk rus ekspedisiyası bu ərazilərə 1648-ci ildə gəlib çıxıb. 1867-ci ildə isə Rusiya bu torpaqları ABŞ-a satıb. Rusiya imperiyasının bu uzaq dayağının paytaxtı "Novoarxangelsk" adlanırdı. Bütün Rusiyada olduğu kimi, o ərazidə rubl işlənirdi.

XIX əsrin ortalarında "rus Alyaskasında" artıq təxminən 800 gəlmə rus yaşayırdı. Yerli əhalinin sayı 60 min civarında olardı. Yerlilər, əsasən, üç etnik qrupdan ibarət idilər: hindular, eskimoslar və aleutlar.

Əsrlərlə bu ərazilərdə yaşamış yerlilər "solğunsifət" rusları isti qarşılamayıblar. Onlar da Şimali Amerikanın digər aborigenləri kimi gəlmələrlə çarpışıblar. Alyaskanın 220 illik rus işğalı dövründə, zaman-zaman, yerlilərlə ruslar arasında döyüşlər gedib. Ən ağır döyüşlər 1802-1805-ci illərin rus-hindu müharibəsi dövrünə düşür. Bu müharibəyə "rus-tlinkin savaşı" da deyilir. Hindular, eskimoslar və digər yerli sakinlər üsyan qaldıraraq, rus işğalçılarını öz torpaqlarından qovmağa çalışırdılar.

 

Sual doğur: Ruslar Alyaskada nə qədər yerli sakini qırıblar?

 

Əlimizdə dəqiq rəqəmlər yoxdur. Bildiyimiz odur ki, təkcə rus-hindu müharibəsi zamanı baş vermiş bir böyük üsyanda 200-dən çox yerli, 50 nəfər rus ölüb, iki rus qalası məhv edilib.

Alyaskanın 220 illik işğalı dövründə minlərlə yerli sakin gəlmə ruslarla döyüşlərdə həyatını itirib.

Əlbəttə, həmin minlərlə insan Şimali Amerikada digər avropalıların öldürdüyü hinduların kiçik bir faizidir. Rus-hindu müharibəsinin miqyası da Şimali Amerikanın əsas ərazilərində olan toqquşmalarla müqayisəyəgəlməz dərəcədə kiçik idi. Alyaskada yerləşmiş rusların "soyqırım" törətdiyini də iddia edə bilmərik. Ancaq fakt faktlığında qalır: Avropa dövlətlərinin təmsilçisi kimi, Rusiya da Amerikanın işğalına və yerli əhali ilə hərbi toqquşmalara qatılıb.

 

alyaska-xerit

 

“Fort-Ross” San-Fransiskoya yaxınmış?

 

Rusların Kaliforniyaya gəlişi də yerli əhali arasında itkisiz ötüşməyib. İvan Aleksandroviç Kuskovun 1808-1809-cu illərə təsadüf edən ekspedisiyası zamanı yerli əhali ilə atışma baş verib. Hər iki tərəfdən ölənlər olub. Yerlilər Bulygin başda, "Svyatoy Nikolay" gəmisinin heyətini, demək olar, tam məhv etmişdilər.

Ancaq Kuskovun bu uğursuz ekspedisiyasından üç il sonra ruslar Kaliforniyada ilk qalalarını ucaltmağa oldular. “Fort-Ross” adlanan bu qalanın təməli 1812-ci ildə, San-Fransisko şəhəri yaxınlığında qoyulmuşdu. Qala 1841-ci ilədək mövcudluğunu qoruyub.

İlk vaxtlarda ruslar “Fort Ross”un yerli əhalisi ilə Alyaskanın yerli sakinləri ilə davrandıqları kimi davranmadılar və onlara daha insanca yanaşdılar. Kaliforniya hindularına iş gördürərkən, əməyin müqabilində un, ət, paltar verirdilər. Ancaq müəyyən müddətdən sonra ruslar hinduları Rusiyada hələ mövcud olan təhkimçilik hüququna bənzər rejimlə işləməyə məcbur etməyə başladılar.

Nəhayət, XIX əsrin əvvəlində ruslar Havay adalarında Yelizaveta qalasını tikdilər. Bu torpaqların tutulması zamanı nə qədər yerli sakinin öldüyü barədə məlumatımız yoxdur.

 

alyaska01

 

Görünməmiş tarixi olay

 

Rus çarı İvan Vasilyeviçə boş yerdən "Qroznı" ləqəbi verilməmişdi. O, avropalıların Amerikanın şərq sahilboyuna ilk dəfə yan almasından hələ 50 il əvvəl Rusiya dövlətinin ərazisini Volqaboyunadək genişləndirmiş, Kazanı, Həştərxanı işğal etmişdi. Yermakın Sibiri fəth etməsi isə həm ərazinin miqyası, həm də yerli əhalinin qırğını baxımından görünməmiş tarixi hadisə idi.

Aydın məsələdir ki, İvan Qroznının vaxtında rus dövləti bu ucsuz-bucaqsız əraziləri sülh yolu ilə tutmamışdı.

Bu tarixi proses II Dünya Müharibəsinin bitməsindən sonra da sona çatmayıb. BMT-nin qoyduğu "yeni dünya düzəninə" görə, güc yolu ilə yeni ərazilərin tutulması qəbuledilməzdir. 1950-ci ildən bəri "yeni dünya düzəninin" məhz bu şərti on dəfədən çox pozulub. Çin Tibeti, Hindistan Qoanı, İndoneziya Qərbi Yeni Qvineya və Şərqi Timoru, Mərakeş isə Qərbi Saxaranı ilhaq edib.

 

Azadlıq Radiosu




Yuxarı Əvvələ Ana Səhifə