XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

08 Dekabr 2016 - 18:53

BDU İlahiyyat fakültəsində gördüklərim:Mehriban ailə ortamı

 

ilahiyyat2

Türkiyə-Azərbaycan… Bu iki ad dünyada nadir təsadüf olunan qardaşlığın rəmzidir. İstər Türkiyədə təhsil aldığım, istərsə də sonrakı dövrlərdə qardaş ölkə insanlarının bizə necə dərin sevgiylə yanaşdıqlarının şahidi olmuşam. Türkiyəli qardaşlarımızın “Azərbaycan” deyərkən sözün son hecasını xüsusi vurğu ilə ifadə etmələri, bizə “can” demələri həmişə qəlbimi riqqətə gətirib. Biz də Türkiyəni öz dövlətimiz bilmişik, ana vətənimiz Azərbaycan qədər sevmişik.

Bu yazının müəllifi üçün də eyni fikirlər keçərlidir. Hələ 13 yaşında mətbuat üzü görən şeirlərimi "Oğuz" təxəllüsü ilə dərc etdirmiş, türklük sevdasını hər zaman qəlbimdə daşımış, bunu kimsədən gizlətməmişəm.

Mən və mənim kimi nə qədər yaşıdımın Türkiyə və türklük sevdasıyla nəfəs almağımız səbəbsiz deyildi. Azərbaycan xalqı rus əsarəti dövründə suverenliyi ilə qürur duyduğu yeganə Türk dövləti kimi qardaş ölkəyə həmişə xüsusi simpatiya ilə baxır, onu beynəlxalq arenada özünün və digər türk xalqlarının təmsilçisi kimi görürdü. Həqiqətən də SSRİ dağıldıqdan sonra ilk sorağımıza gələn də Türkiyə olmuş, bizdən maddi-mənəvi dəstəyini əsirgəməmişdir.

İndi də strateji müttəfiq kimi bir-birimizin yanında dayanır, qurdlar süfrəsinə çevrilmiş dünya düzənində bir-birimizə dəstək verərək ayaqda qalmağa çalışırıq. Bir çox dövlət strukturlarımızın formalaşmasından tutmuş, ordumuzun təkmilləşməsinə, iqtisadiyyatımızın qurulmasına qədər ən müxtəlif sahələrdə Ankaranın xüsusi əməyi keçmişdir. Bunları danmaq, əlbəttə ki, nankorluq olardı.

Bununla belə, zaman-zaman iki qardaş ölkə insanlarının müxtəlif səbəblərdən bir-birindən inciməsi də inkaredilməzdir. Hər bir ailədə, qardaşlar arasında söz-söhbət olduğu kimi, Türkiyə ilə Azərbaycan arasında da bəzi incikliklər baş verir, verəcək də və bu olduqca normal hadisədir. Atalar demişkən, uman yerdən küsərlər. Bu mənada inciklik belə, bir sevginin, sayqının nümayişi deyilmi?

Nə yazıq ki, bu incikliklərdən, sayqı nümayişlərindən istifadə etməyə, iki qardaş ölkə arasında soyuqluq yaratmağa çalışanlar da var. Əslində bu da başadüşüləndir. Axı, iki türk dövlətinin birlikdəliyi hər ikisinin gücünə güc qatır, onları regionun aparıcısı qüvvəsinə çevirir.

Bu yaxınlarda qələmə aldığım bir yazıdan İranın rəsmi xəbər agentliklərində sui-istifadə olunması bir müəllif kimi məni xeyli üzdü. Açığını desəm, müxtəlif xəbər portallarında qarşılaşdığım informasiyalara əsaslanaraq yazdığım, qarşı tərəfin mövqeyini öyrənmədiyim həmin məqalənin təhrif olunaraq, İranın müxtəlif saytlarında işıq üzü görəcəyini təxmin etməmişdim. ABNA-nın təhrifi isə daha eybəcər idi.

Adını əhli-beytdən alan bu xəbər agentliyi öz redaksiya yazısı olaraq yayımladığı məqalənin müxtəlif cümlələrinə şiə təəssübkeşliyi yağan epitetlər artırmış, İranla bağlı bəzi cümlələri mətndən çıxaraq, müəllifi radikal şiə tərəfdarı kimi göstərmişdi. Halbuki, bu təqdimat nə mənim dini görüşlərimə, nə də məqalədə vurğulamağa çalışdığım ideyanın ruhuna uyğundur: özümü heç vaxt hansısa məzhəbin orbitində görmədiyim kimi, həmin yazını da məzhəbçiliyə qarşı yazmışdım. Təəssüf ki, yazının üzərində müəyyən “korrektə” işləri görən ABNA ondan Türkiyə “sünniliyinə” qarşı silah kimi istifadə etməyə çalışmışdır.

Açığını desəm, mən Türkiyə sünniliyini belə, radikal məzhəbçilik kimi qəbul etmir, qardaş ölkənin rəsmi dini konsepsiyasını cəfəriliklə sünnilik arasında orta xətt tutan ideoloji cərəyan kimi qiymətləndirmişəm.

Sözsüz ki, bu “orta yolun” ortaya çıxmasında türk xalqlarının dini-təsəvvüfi dünyagörüşlərinin, İslami ehkamlara digər müsəlman qardaşlarımızdan fərqli yanaşmamızın, qədim milli adət-ənənələrimizin və əqidə sistemimizin mühüm rolu olmuşdur. Bu amillər indi qələmə aldığım yazının mövzu dairəsindən uzaq olduğundan üzərində çox dayanmaq istəmirəm. İnşallah, sonrakı yazılarımda türk-islam mentalitetinin sintezini daha geniş şəkildə incələyəcək, müxtəlif fikir adamlarının düşüncələriylə yanaşı, öz subyektiv yanaşmamı da dilə gətirməyə çalışacağam.

Hələlik isə müxtəlif bəd niyyətli çevrələrin əlində alətə çevrilən və dostların qəlbinə toxunan sözügedən yazının hədəf seçdiyi BDU İlahiyyat fakültəsi barədə bəhs etmək istəyirəm.

 

Yazım dərc olunandan sonra BDU İlahiyyat fakültəsində işləyən bir dostum öz haqlı gileylərini mənə çatdırdı. Məni İlahiyyat fakültəsində görüşə – fəaliyyətləri ilə yaxından tanış olmağa dəvət etdi. Mən də “çağrılmadığın yeri dar eyləmə, çağrıldığın yerə ar eyləmə” atalar sözünün ətəklərindən yapışıb fakültəyə yollandım.

Açığını desəm, fakültədə ən yetkili insanlar tərəfindən gülərüzlə qarşılanacağımı düşünməmişdim. Görüşdə Türkiyə Səfirliyinin Din İşləri Müşavirliyinin rəhbəri prof. Kamil Güneş, dekan yardımçıları prof. Osman Aydınlı, f.f.d. Mirniyaz Mürsəlov, dosent Nigar İsmayılzadə, İslam elmləri kafedrasının müdiri dosent Mübariz Camalov, müəllimləri i.f.d. Aqil Şirinov, i.f.d. Kövsər Tağıyev, dosent Qoşqar Səlimli iştirak edirdilər. İlkin tanışlıqdan sonra söhbət qələmə aldığım məqalənin bəzi qüvvələr tərəfindən sui-istifadə edilməsindən, yazını hazırlayarkən fakültənin mövqeyini işıqlandırmamaqdan düşdü. Mən də bir sıra məqamlarda tutulan iradlarla razılaşdım və gələcəkdə də bu cür sui-istifadə hallarının qarşısını almaq üçün yazını yayından qaldıracağımı bildirdim.

Bu barədə ortaq məxrəcə gəldikdən sonra görüşdə iştirak edən yetkililər mənə fakültə haqqında məlumatlar verdilər. Tərəf-müqabillərimi ən çox narahat edən məsələlərdən biri də yazıda istinad etdiyim mənbələrin BDU İlahiyyat fakültəsini FETÖ-çülərin əlində olmasıyla bağlı irəli sürdükləri iddialar idi. Demək olar ki, fikirlərini dinlədiyim bütün müəllimlər bu məlumatın həqiqəti əks etdirmədiyini, əksinə, onlar haqqında yalan informasiya yayanların özlərinin FETÖ-yə bağlı olduqlarını bildirdilər.

İlk sözə başlayan dekan yardımçısı prof. Osman Aydınlının fikrincə, bəzi FETÖ-çü qruplar xüsusilə son 2-3 ildən bəridir, özlərini İlahiyyat fakultəsinə bağlı tərəf kimi göstərərək, kimliklərini gizlədirlər: “Bu da cəmiyyətdə yanlış anlaşılmalara yol açır. Bir çox hallarda Türkiyə və Azərbaycan hakimiyyətlərinin hədəfindən yayınmaq üçün bu terrorçu qruplaşma öz adlarını bizə qoymaqdan belə çəkinmir. Məqsəd Türkiyə ilə Azərbaycan hökumətlərinin birgə yaratdığı İlahiyyat fakültəsini gözdən salmaq, iki dövlət arasındakı səmimi münasibətləri korlayaraq, rəsmi qurumlardan qisas almaqdır”.

Osman Aydınlının fikirlərindən belə anlaşılırdı ki, fakültə təkcə başqa ölkələrin deyil, həm də Türkiyədəki bəzi bədniyyətli çevrələrin hədəfindədir: “Fakültənin, guya, məzhəbçilik təbliğ etməsi barədə yayılan şaiyələr də bu bəd niyyətə qulluq edir. 1992-ci ildən bəri fəaliyyət göstərən fakültəmiz hər hansı məzhəbçi dünyagörüşü yaymır. Biz tədrisimizdə bütün İslam məzhəblərinə yer ayıraraq və heç bir ayrıseçkilik etmədən, teologiya elmini öyrədirik. Bu mənada fakültəmiz dini məktəb yox, elm ocağıdır. Burada müxtəlif məzhəblərin nöqteyi-nəzərindən islami elmlərlə yanaşı, fəlsəfə, məntiq, din fəlsəfəsi, mədəniyyət tarixi, dinlər tarixi, din sosiologiyası və psixologiyası kimi fənlər də tədris olunur. Dərslərimizdə nəinki sünnilik və şiəlik, hətta İslam dünyasında yaranmış digər məzhəblərin və dini qrupların tarixi də öyrədilir. Son dövrlərdə tez-tez gündəmə gələn fəthullahçılıq haqqında, onun cəmiyyətimiz üçün təhlükəli olan fikir və hərəkətləri barəsində də tələbələrimizə məlumat veririk. İslam dünyasında mövcud məzhəb və təriqətlər barədə tələbələrimizdə ümumi məlumatlar olmasa, onlar öz tədqiqatlarında xeyli çətinlik çəkər, araşdırdıqları mətnlərin hansı qrupa aid olduğunu anlaya bilməzlər. Bizi hədəfə alan qrupların isə əsas məqsədi Azərbaycan vətəndaşlarının dini savadsızlığına nail olmaq və bu çatışmazlıqdan faydalanmaqdır. Bu gün din adına yaradılan terror hərəkatlarının tərkibinə nəzər salanda, adətən, dini savadı olmayan insanların duyğularından istifadə olunduğunu görürük. Əslində ilk müstəqillik illərində Azərbaycan hakimiyyətinin bu perspektiv təhlükəni nəzərə alaraq, Türkiyəylə bərabər İlahiyyat fakültəsini yaratması da bu mənada təsadüfi deyil.”

kamil

Türkiyə Səfirliyinin Din İşləri Müşavirliyinin rəhbəri prof. Kamil Güneş də Osman Aydınlının fikirlərini təsdiqlədi. Onun fikrincə, BDU İlahiyyat fakültəsində həmişə akademik bir abu-hava olub: “Fakultəyə dünyaca məşhur akademik Vasim Məmmədəliyevin rəhbərlik etməsi bunun başlıca səbəblərindəndir. Quranı Azərbaycan dilinə mükəmməl şəkildə tərcümə edən və ortaq islam dəyərlərini  yaymağa çalışan bir akademikin rəhbərlik etdiyi elm ocağına məzhəbçilik damğası qətiyyən yapışmaz”.

Prof. Kamil Günəş həmçinin istinad etdiyim qaynaqlarda FETÖ-çülükdə ittiham olunan Təyyar Altıkulaç barədə də təfsilatlı məlumat verdi: “Fakültənin qurulmasında mühüm rola malik olan Dr. Təyyar Altıkulaç haqqında mediada çıxan qərəzli ittihamların heç bir əsası yoxdur. Bu, iftiradan başqa bir şey deyil. Bunu fakültənin müəllimləri başda olmaqla onu tanıyan hər kəs bilir. Həmin məlumatları FETÖ-çülərin hədəf yayındırması kimi qəbul edirik. Təyyar Altıkulaçın fakültənin idarəçiliyində heç bir rolu yoxdur. O, sadəcə Diyanət Vəqfinin nümayəndəsidir. Onu da bildirim ki, Diyanət Vəqfi Türkiyənin Din İşləri Nazirliyi (Diyanet İşleri Başkanlığı) tərəfindən təsis olunub və onun idarə heyətinin başçısı  Türkiyənin Din İşləri başqanıdır.”

İslam elmləri kafedrasının müdiri, dosent Mübariz Camalov isə BDU İlahiyyat fakültəsinin Təhsil Nazirliyi ilə birgə fəaliyyətindən danışdı: “Azərbaycan Təhsil Nazirliyinin dinşunaşlıqla əlaqədar tədris standartı var. Bizim tədris proqramımız, kitablarımızın mündəracatı Təsil Nazirliyi tərəfindən təsdiq olunur. Akademik Vasim Məmmədəliyev kimi “ortaq məzhəb” anlayışını təbliğ edən hörmətli alim tərəfindən idarə olunan fakültənin hansısa məzhəbçilik cizgisində tələbə yetişdirməsi qeyri-mümkündür. Bu fakültədə dini radikalizmə yuvarlanmaq, faktiki olaraq da, imkan xaricindədir. Bütün müəllimlərimiz həyatı, keçmiş fəaliyyəti incələndikdən sonra işə götürülür. BDU-nun elmi-metodiki şurası da daima dərslərimizin məzmununa nəzarət edir”.

Dekan müavini f.f.d. Mirniyaz Mürsəlov da həmkarlarının fikirlərinə qatıldı. Onun bildirdiyinə görə, fakültəyə müəllimlər, bəzi çevrələrin iddia etdikləri kimi, Türkiyə tərəfindən yox, BDU-nin rektoru Abel Məhərrəmov tərəfindən işə təyin olunurlar: “Fakültəmiz ortayol din ənənəsini davam etdirmək üçün yaradılıb. Vasim müəllimin başlıca tələblərindən biri də İslamı müqayisəli şəkildə tələbələrə izah etməkdir. Yəni, biz istənilən ehkamla bağlı bütün məzhəbi görüşlərin düşüncələrini tələbələrimizə çatdırıq”.

Mirniyaz Mürsəlov müəllimlərə verilən “paket maaş” məsələsinə də aydınlıq gətirdi: “Bu, heç də “paket maaş” mühasibatı deyil. Türkiyə dövləti ilə Azərbaycan hökuməti və BDU arasında bağlanmış müqaviləyə əsasən, Diyanət vəqfi İlahiyyat fakültəsinə müəyyən miqdarda yardım göstərir. Bu, əlbəttə, vəqfin borcu deyil. Sadəcə, sosial yardım kimi bizə verilmiş vəsaitdən söhbət gedir. Biz də həmin vəsaiti fakültədə tədrisin inkişafına yönəldirik. Müəllimlərin özlərini daha yaxşı yetişdirmək üçün dünyanın müxtəlif ölkələrinə elmi səfərləri də həmin vəsait hesabına həyata keçirilir. Vəqfin yardımından yalnız müəllimlər faydalanmır. Tələbələrə ucuz yemək verilməsi də məhz bu fondun hesabına reallaşıdırılır. Təsadüfi deyil ki, yeməkxanamızda  3 cür yemək porsu cəmi 1 manata verilir. Bu isə simvolik rəqəmdir. Pulu olmayanlar da sürfəmizin qonağı ola bilərlər”.

Müəllimlərdən i.f.d. Aqil Şirinov məzhəblər tarixindən dərs deyir. O, dərslərində bütün məzhəblər haqqında məlumat verir: “Ümumiyyətlə, bizim təhsil ocağımızda məzhəbçiliyə yer yoxdur. Biz bütün məzhəblərin fikirləri haqqında təsviri yolla məlumat veririk.”

Fakültənin digər müəllimləri də həmkarlarının fikirlərini təsdiqlədilər.

Daha sonra müəllimlər məni özləriylə nahar yeməyinə dəvət etdilər. Naharımızı korpusun ən yuxarı qatında yerləşən tələbə yeməkxanasında etdik. Müəllimlərlə tələbələrin eyni yeməyi eyni masa ətrafında yemələri çox xoş mənzərə yaradırdı. Bunun adı mehriban ailə idi: valideynləri təmsil edən müəllimlərlə, övladları təmsil edən tələbələrin eyni süfrə ətrafına toplanıb nahar etdiyi ailə. Düzünü desəm, bu mənzərə mənim gözlərimə həm də Türkiyə-Azərbaycan qardaşlığının rəmzi kimi göründü. Axı biz də böyük türk ailəsinin iki fərqli qardaşıyıq. Nə qədər arada birimizin sözü o birimizə xoş gəlməsə də…

 Nahar zamanı həmsöhbət olduğum dekan yardımçısı dosent Nigar İsmayılzadə məni  açıq dərslərdə iştiraka dəvət etdi. Zaman tapan kimi, mütləq bu mehriban ailəyə qonaq gələcəyimə söz verdim.

04

Daha sonra mənim bu zamana qədər BDU İlahiyyat fakültəsindəki yeganə tanıdığım şəxs olan Kövsər Tağıyevlə fakültənin seyrinə çıxdıq. Akt zalında bir müəllimə iki tələbə ilə teatr tamaşası hazırlayırdı. Tələbə qız, səhv etmirəmsə, ərəbcə nəsə deyir, müəllimə isə tələffüz zamanı bəzi sait səsləri uzun söyləməyi tələb edirdi. Yeri gəlmişkən, bu fakültədə ərəb diliylə yanaşı farsca və ingiliscə də tədris olunur.

Daha sonra fakültənin kitabxanasına baş çəkdik. Kitabxanaçının bildirdiyinə görə, burada 12 mindən artıq kitab saxlanılır: “Hər il kitabların da sayı artır və yaxın zamanlarda kitabxana dolub daşacaq, rəflərdə yer qalmayacaq”.

Ən xoşagələn cəhət isə bu kitabxananın “açıq rəf” prinsipiylə işləməsidir. Yəni hər bir tələbə üzvlük kartına ehtiyac duymadan istədiyi kitabı rəfdən götürüb evinə aparıb oxuya və daha sonra geri qaytara bilər…

Açığını desəm, BDU İlahiyyat fakültəsindən xoş təəssüratlarla ayrıldım. “Kaş ki, dünyəvi elmlər tədris edən ali təhsil ocaqlarımız da bu qədər səliqəli və oxumaq üçün əlverişli şəraitə sahib olsaydı” düşüncəsiylə…

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə