XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

13 Dekabr 2016 - 11:00

Folklorla bağlı qanunvericilik:Hüquq "cəmiyyətin kamertonu"nu necə qoruyur? - Araşdırma

sevda2

Sevda KƏRİMOVA

AMEA Folklor İnstitutunun hüquq məsləhətçisi

e-mail: [email protected]

 

Folklor bu anın, bundan əvvəlki zamanların, xalqların, yaşamın səsini toplayan, özündə saxlayan, özünə hopduran membran olmaqla yanaşı, həm də bundan sonrakı həyatın, yaşamın, anlayışların düzənini saxlayan, insanları bu həyata kökləyən kamerton rolunu oynayır. Düzgün köklənməmiş ən adi musiqi aləti həm sənətkarın istedadına, həm də orkestrın sinxron, uzlaşmış işinə xələl gətirdiyi kimi, düzgün, vahid, əsaslı anlayışlara, düşüncə və yaşam idealına və metoduna malik olmayan cəmiyyət, xalq da vahid ortama gəlib böyük hədəflərə köklənə bilməz.

Cəmiyyətin kamertonu folklordur. Milli-mənəvi, etno-psixoloji, mistik-kosmoqonik dəyər və anlayışları özündə əks etdirən, bir çox sirlərin və anlaşılmazlıqların açarı olan folklorla bağlı münasibətlərin hüquqi tənzimlənməsi, sözsüz ki, tam mənada mümkün deyildir.

Müasir folklorşünaslıq bizim adət etdiyimiz antroposentrizmin hüdudunu aşmaqda, daha geniş məna və mahiyyət ifadə etməkdədir. Folklora belə münasibət ənənəvi elmi qəliblərlə bir araya sığmır, yeni baxış, yeni metodika, yeni təfəkkür tərzi tələb edir.

Folklorun milli-mənəvi dəyərlər sisteminin formalaşmasında yerinin və rolunun artdığı, etno-psixologiyanın fəal öyrənilməsi və dövlət idarəçiliyində tətbiqinə ciddi əhəmiyyət verildiyi indiki müstəqillik zamanında bu sahənin xüsusi önəm daşıdığı hamı tərəfindən qəbul olunan faktdır. Azərbaycan Respublikasının öz müstəqilliyini qazandıqdan sonra milli folkloruna sahib çıxmasının bariz nümunəsi kimi əvvəla, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində 1993-cü ildə “Folklor Sarayı” yaradılmış, daha sonra 2003-cü ildə Folklor İnstitutu təsis edilmişdir.

Eləcə də, müasir dünyaya inteqrasiya prosesində bizim bir xalq, cəmiyyət kimi dünya mədəniyyət süfrəsinə verə biləcəyimiz, dünya mədəni mühitini bəzəyəcək ən önəmli hədiyyəmiz, xidmətimiz, payımız, min illərlə yaşatdığımız, yaratdığımız folklor nümunələrimizdir. Müstəqillik dövründə Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, Novruz bayramı, ənənəvi Azərbaycan xalçaçılıq sənəti, tar və onun ifaçılıq sənəti, Azərbaycan Respublikasında çovqan ənənəvi Qarabağ atüstü oyunu, ənənəvi kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması, Lahıcın misgərlik sənətinin YUNESKO tərəfindən bəşəriyyətin yaradıcı şah əsərləri sırasına daxil edilməsi bunun gözəl nümunəsidir.

 

Müasir dövrümüzdə folklorun qorunması məsələsi

 

Yüksək elmi təfəkkürə, özünəməxsus dünyabaxışa, mənəvi dəyərə və həyat idealına malik olan xalqımızın yaratdığı gözəl nümunələr, ortaya qoyduğu folklor sərvəti digər xalqlar, dövlətlər üçün cəlbedicidir, cəlbedici olubdur. Ondan bəhrələnmək, öz həyatlarında istifadə etməklə kifayətlənməyib onu özününküləşdirməyə də cəhd ediblər. Bu təbiidir, çünki hər kəs yaxşının onun olmasını istəyər. Ancaq əldə etdiyi bu sərvətin mahiyyətini, təyinatını, onu yaradan düşüncə və duyğunu anlamayanlar ondan həqiqi mənada istifadə edə bilməzlər.

Folklor nümunələrimizin qanunsuz istifadəsi, mənimsənilməsi, özününküləşdirilməsi cəhdlərinin qarşısını almaq yönündə dövlətimizin apardığı siyasət, bu vəzifələrin Müəllif Hüquqları Agentliyinə həvalə edilməsi çox faydalı və günümüz üçün aktualdır.

Bu gün bizim həyata keçirməli olduğumuz əsas vəzifə elmi-texniki, informasiya, sənayeləşmə və urbanizasiya dəyirmanında üyünərək, savadlılıq kürəsində əriyərək yox olmağa gedən folklor nümunələrimizi, milli yaddaşımızı, mənəvi dünyamızı yüksək qayğı və intellektlə toplamaq, arxivləşdirmək, gələcək nəsillərə saxlamaqdır. O nəsillərə ki, bizim görmədiyimizi görəcək, bilmədiyimizi biləcək, anlamadığımızı anlayacaqlar.

 

Folklorun qorunmasının qanunvericiliklə tənzimlənməsi

 

Azərbaycan Respublikası Prezidentinin 23 may 2007-ci il tarixli 2198 saylı Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Milli təhlükəsizlik konsepsiyasının giriş hissəsində göstərildiyi kimi, Azərbaycan xalqı daha geniş demokratik dəyərlərə qovuşmaq imkanından istifadə edərək, özünün milli dövlətçilik ənənələrinə, tarixi və mədəni irsinə söykənən müasir, demokratik, hüquqi dövlət quruculuğu yolunu seçmişdir.

Dövlətçilik ənənələrinə, tarixi və mədəni irsinə söykənən müasir dövlət hər şeydən əvvəl özünəməxsusluğunu, milli dəyər, sistem və strukturunu saxlayan, qoruyan və inkişaf etdirən, xalqın formalaşdırdığı dövlətdir.

Məhz buna görədir ki, 16 may 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilir ki, bu Qanun Azərbaycanın mədəni irsinin tərkib hissəsi olan milli folklor nümunələrinin əqli mülkiyyətin xüsusi növü kimi hüquqi qorunması, istifadəsi və müdafiəsinin təminatı ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

Qanuna görə, folklor nümunələri dedikdə Azərbaycan xalqı, onun ayrı-ayrı fərdləri tərəfindən yaradılan və qorunub saxlanılan, Azərbaycan xalqının ənənəvi-bədii dəyərlərini, dünyagörüşünü, ümid və arzularını, bədii irsin xarakterik xüsusiyyətlərini özündə əks etdirən, şifahi şəkildə yaradılan söz sənəti nümunələri, xalq musiqisi, oyunları və rəqsləri, xalq sənətkarlığı və tətbiqi sənət nümunələri (maddi və qeyri-maddi), eləcə də, digər xalq yaradıcılığı nümunələri nəzərdə tutulur. Qanunun məzmunundan aydın olur ki, folklor nümunələri bədii xalq yaradıcılığı, xalq sənətkarlığı və tətbiqi sənət nümunələrindən ibarət olan aşağıdakı maddi və qeyri-maddi irsə aid edilən əsərlərdir:

– Bədii söz sənətinə aid olan əmək, mərasim və uşaq folkloru nümunələri, miflər, əfsanələr, rəvayətlər, nağıllar, dastanlar, lətifələr, xalq dramları, atalar sözləri, zərbi-məsəllər, tapmacalar, xalq və aşıq poeziyası nümunələri, bayatılar və başqa şifahi söz nümunələri;

– Xalq mahnıları və rəqs melodiyaları, xalq professional musiqisinə aid aşıq havaları, muğam dəsgahlar, zərb-muğamlar, təsniflər, cənglər və başqa folklor musiqisi nümunələri;

– Xalq rəqsləri, yallılar, oyunlar, mərasimlər, bayramlar və başqa hərəkətli nümunələr;

– Duyulan tətbiqi sənət və xalq sənətkarlığı nümunələri, o cümlədən, qrafik sənət – şəkillər, rəsmlər, silsilə təsvirlər, kölgə rəsmləri, döymə və oyma işləri, heykəltəraşlıq, keramika, gil məmulatı, mozaika, metal üzərində işləmə, mis və bürünc tökmə məmulatları, ipəkçilik, xalçaçılıq, misgərlik, zərgərlik, dabbaqlıq, tikmə, səbəthörmə işləri, gəbələr, butalar, geyimlər kimi folklor sənəti nümunələri, ornamentlər, naxışlar, musiqi alətləri, xarratlıq, memarlıq işləri və bu qəbildən olan başqa nümunələr.

Göründüyü kimi, hüdudsuz zamana, geniş, bütöv Azərbaycan arealına yayılmış müxtəlif çeşidli, çoxsaylı sərvət, maddi və qeyri-maddi milli irs nümunələri milli təfəkkürün, həyat tərzinin və yaradıcılıq təxəyyülünün göstəricisi kimi hüdudsuzdur, zəngindir.

Qanunda folklor nümunələrinin hüquqi qorunması sahəsində dövlət siyasətinin əsas istiqamətləri müəyyənləşmişdir. Bu Qanun müasir folklorşünaslığın çərçivəsini genişləndirməklə yanaşı, folklor nümunələrinin hüquqi qorunmasını daha mükəmməl təmin edərək gələcək qanunvericilik bazasının yaranmasına da təkan verir.

Folklor nümunələrinin hüquqi qorunması dedikdə, folklor nümunələrinin hər hansı qeyri-qanuni istifadədən və onlara zərər vuran hərəkətlərdən qorunması başa düşülməlidir.

Açığı, Qanunun bir çox müddəaları müasir milli folklorşünaslığın inkişaf səviyyəsindən öndə durur.

“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanun qəbul edildikdən sonra o, bir çox digər məcəllə və qanunlarda, proqram və strategiyalarda da öz ifadəsini tapdı, onun normativ gücü artdı.

Azərbaycan Respublikası Konstitusiyasında göstərilir ki, hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır. Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır (Maddə 40. Mədəniyyət hüququ). Bundan başqa, hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz (Maddə 44. Milli mənsubiyyət hüququ).

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Folklor nümunələrindən istifadə tələblərinin pozulması adlı 165-2. maddəsinə görə Folklor nümunələrindən istifadə tələblərinin pozulması, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa əmlakı müsadirə olunmaqla yüzəlli manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər ilə cəzalandırılır.

165-2.2. Eyni əməllər:

165-2.2.1. təkrar törədildikdə;

165-2.2.2. qabaqcadan  əlbir olan bir qrup  şəxs və ya mütəşəkkil dəstə tərəfindən

törədildikdə – əmlakı müsadirə olunmaqla şərti maliyyə vahidinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə "xeyli miqdar" dedikdə, min manatdan artıq olan məbləğ başa düşülür.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 50-2-ci, Folklor nümunələrindən istifadə tələblərinin pozulması adlı maddəsinə görə isə, Folklor nümunələrindən istifadə tələblərinin pozulmasına görə, bu, az miqdarda ziyan vurduqda – folklor nümunələrinin istifadəsinə qoyulan tələblərin pozulması ilə istehsal olunmuş və ya yayılmış folklor obyekti nüsxələri (pirat nüsxələr) müsadirə edilməklə, fiziki şəxslər on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.

Dövlətimizin milli təhlükəsizlik siyasətinin həyata keçirilməsində elmin rolunun artırılması, xalqımıza məxsus milli-mənəvi dəyərlərlə bağlı istiqamətlərdə bir çox məsələlərin yenidən azərbaycançılıq məfkurəsi mövqeyindən araşdırılması, milli-mənəvi dəyərlərin, Azərbaycan mədəniyyəti və tarixinin obyektiv, konseptual və kompleks şəkildə araşdırılması, ictimai və humanitar elm sahələrində keçmiş sovet metodologiyası ənənələrinin milli maraqlara uyğun yanaşmalarla əvəzlənməsi və s. kimi şərtləri folklorşünasların fəaliyyətini genişləndirmiş, məsuliyyətini artırmışdır.

 

Folklorumuzun dünya kültürü içərisində qorunub saxlanması məsələsi

 

Müstəqil dövlət kimi Azərbaycan Respublikası milli-mənəvi dəyərlərinə sahib çıxmaq, Azərbaycanda yaşayan bütün xalqların folklor sərvətini qorumaq yönündə ardıcıl siyasi iradə ifadə edir. Cəmiyyətimizin inkişafı, qloballaşan dünyada Azərbaycan xalqının öz layiqli yerini tutması, folklorumuzun qorunması, elmi əsaslarla öyrənilməsi bu sahədə yeni, daha güclü mənəvi və elmi bazaya malik olan normativ hüquqi aktların qəbul edilməsini aktuallaşdırır.

Folklor və onun konsentrasiya etdiyi milli-mənəvi dəyərlər sistemi azad xalq və müstəqil dövlət kimi bizim dünya sivilizasiyasına inteqrasiya prosesinə verə biləcəyimiz ən böyük töhvə, eləcə də, bu qloballaşan dünyada milli varlığımızı qoruyub saxlamaq üçün özünümüdafiə mexanizmimiz, imkan və vasitəmizdir.

Folklorun elmi əsaslandırılmış, mahiyyətinə varılmaqla təşkil olunmuş təbliği təkcə pedaqoji – psixoloji fəaliyyət olmaqla bitmir, o, dünəninə baxmaq, bu gününü qiymətləndirmək, sabahını qurmaq üçün toplumun birləşməsi, bütövləşməsi, ictimai-siyasi, milli-mənəvi proseslərdə həmmüəlliflik, həmiştirakçılıq imkanı yaratmaq deməkdir.

Folklor materialları varlığın – şəxsin, nəslin, tayfanın, xalqın, millətin, cəmiyyətin, dövlətin mövcudluğu, varlığı və mahiyyəti ilə bağlı bu və ya digər konsepsiya haqda informasiya mənbəyi olmaqla yanaşı özünün və ətraf dünyanın dərk edilməsi üçün yeni forma və metodların tapılmasına da təkan verir. Daha doğrusu, yaxşı, dərindən unudulmuş köhnələrin xatırlanmasına kömək edir.

Xüsusi olaraq qeyd edilməlidir ki, folklor təkcə milli qanunvericiliyin deyil, eyni zamanda beynəlxalq hüququn və beynəlxalq münasibətlərin də predmetinə çevrilir. YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qəbul etdiyi sənədlər, bəşəriyyət üçün vacib olan qeyri-maddi mədəni irs sərvətlərinin qorunması istiqamətindəki fəaliyyətləri folklor nümunələrinə diqqəti artırmış, dövlətlərin bu yöndəki işinə təkan vermişdir.

Azərbaycan Respublikası beynəlxalq səviyyədə qəbul edilmiş

– Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında 16 noyabr 1972-ci il Konvensiyası (1993);

– Müəlliflik hüququ haqqında 6 sentyabr 1952-ci il Ümumdünya Konvensiyası (1997);

– Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında 14 noyabr 1970-ci il Konvensiyası (1997);

– Beynəlxalq xüsusi hüququ unifikasiya institutunun (YUNİDRUA) oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəni dəyərlər haqqında 1995-ci il Konvensiyası (2003);

– Qeyri-maddi mədəni irsin qorunması haqqında 17 oktyabr 2003-cü il tarixli Konvensiyası (2006);

– Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 20 oktyabr 2005-ci il Konvensiyasına (2010) qoşulmuşdur.

Konvensiyaların əksəriyyəti müstəqillik dövründən əvvəl qəbul edilsə də, məhz müstəqillik illərində ratifikasiya edilməsi milli-mənəvi dəyərlərimizin müstəqil dövlətimiz üçün daşıdığı önəmin bariz göstəricisidir.

Eyni zamanda, xatırlatmaq istərdim ki, Azərbaycanın maddi-mənəvi sərvətləri məhz müstəqillik dövründə YUNESKO-nun qərarı ilə dünya xalqlarının qeyri-maddi mədəni irsi sırasına daxil edilmişdir.

Belə ki, Azərbaycanın 7 qeyri-maddi mədəni irs nümunəsi YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, 1 irs nümunəsi Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmişdir:

1. "Azərbaycan Muğamı" 7 noyabr 2003-cü il tarixində Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuşdur. 2008-ci ildə Azərbaycan muğamları YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

2. "Azərbaycan Aşıq Sənəti” 28 Sentyabr – 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb ƏmirliklərininAbu-Dabi şəhərində keçirilmiş YUNESKO-nun Qeyri – maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan Aşıq Sənəti YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

3. "Novruz" 28 Sentyabr – 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb ƏmirliklərininAbu-Dabi şəhərində keçirilmiş YUNESKO-nun Qeyri – maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) kimi YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

4. "Ənənəvi Azərbaycan Xalçaçılıq Sənəti"  15-19 noyabr 2010-cu il tarixində Keniyanın Nayrobi şəhərində keçirilən YUNESKO-nun Qeyri – maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 5-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

5.  "Tar və Onun İfaçılıq Sənəti"  3-7 Dekabr 2012-ci il tarixində Parisdə keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 7-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, "Tar və onun ifaçılıq sənəti" YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

6. "Azərbaycan Respublikasında Çovqan Ənənəvi Qarabağ Atüstü Oyunu" 2-8 dekabr 2013-cü ildə Bakıda keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 8-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, "Azərbaycan Respublikasında Çovqan ənənəvi Qarabağ atüstü oyunu" YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

7. "Ənənəvi Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması"24-28 noyabr 2014-cü il tarixində Parisdə keçirilən Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu sessiyasında YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

8. “Lahıcın misgərlik sənəti” 30 noyabr – 4 dekabr 2015-ci il tarixində Namibiyada keçirilmiş Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyasında YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

Bundan başqa, YUNESKO-nun Ümumdünya İrsinin İlkin Siyahısına 10 abidəmiz salınmışdır. Bunlar:

  1. 1.  Suraxanı, Atəşgah (1998)
  2. 2.  Naxçıvan Mavzoleyi (1998)         
  3. 3.  Hirkan Dövlət Qoruğu (1998)
  4. 4.  Binəqədi Dördüncü Dövr Fauna və Flora Ehtiyatı (1998)
  5. 5.  Lök-Batan Palçıq Vulkanı (1998)
  6. 6.  Bakı Dağları (1998)
  7. 7.  Xəzər sahili mühafizə kostruksiyaları (2001)
  8. 8.  Şuşa tarix- memarlıq qoruğu (2001)
  9. 9.  Ordubad tarix-memarlıq qoruğu (2001)
  10.  10. Şəki Xan Sarayı (2001)

Azərbaycanın iki maddi irs nümunəsi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir: "İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi” və "Qobustan Qaya Sənəti Mədəni Landşaftı".

Qeyd: 18-19 dekabr  2013-cü il tarixində Parisdə YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinin 8-ci Sessiyası  çərçivəsində Azərbaycanın hər iki mədəni irs nümunəsinə "gücləndirilmiş mühafizə" statusu verilmişdir.

Bütün bunlar müstəqillik dövründə Azərbaycanın milli-mənəvi sərvətlərinin qorunması və inkişaf etdirilməsi yönündə dövlətimizin həyata keçirdiyi siyasətin nəticəsidir.

Qeyd edilməlidir ki, bugün mövcud qanunvericilik folklor nümunələrinin istifadəsi qaydalarını tənzimləsə də folklor nümunələrinin toplanması və qorunması ilə bağlı qaydaların qanunvericilik səviyyəsində tənzimlənməməsi bir çox problemlər yaradır. Folklor nümunələrini toplayan, onları sistemləşdirən və dərc edən çoxsaylı təşkilatlar və mütəxəssislər üçün ümumrespublika səviyyəli normativ hüquqi akta ehtiyac vardır.

Məlumdur ki, 2012-ci ildə Folklor İnstitutuna və onun əməkdaşlarına qarşı 400 000 manat iddialı məhkəmə işi qaldırılmışdır. Mütəxəssislərin, mətbuatın və hüquqşünasların uzun müddət gündəmində olmuş məsələnin məğzi bundan ibarətdir ki, folklor toplayıcısı elmi ənənəyə sadiq qalaraq söyləyicinin dediklərini olduğu kimi qeyd etmişdir. İnstitutumuzun mütəxəssislərinin və hüquqşünasların səyi ilə məhkəmə Folklor İnstitutuna qarşı yönəlmiş iddianı rədd etsə də, ictimai fikirdə və mütəxəssislər arasında bu disskusiya davam etməkdədir. Bu məsələ ilə bağlı məhkəmə presedenti olsa da, normativ tənzimləmə mexanizmi yoxdur.

 

Nəticə

 

Nəticə olaraq qeyd etmək istəyirəm ki, müstəqillik dövründə milli dəyərlərimizin, o cümlədən folklorumuzla bağlı fəaliyyətlərin tənzimlənməsi üçün geniş qanunvericilik bazası yaradılmışdır. Bununla belə, qanunvericiliyin təkmilləşdirilməsi yönündə səylər davam etdirilməlidir.




Yuxarı Əvvələ Ana Səhifə