XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

18 Dekabr 2016 - 16:16

Əlincə toponimləri:Tarixi-coğrafi arealı, əhalisi və tarixi abidələri (ARAŞDIRMA)

shahin-2

Şahin ƏHMƏDOV

 

Tarix boyu "Əlincə", "Alınca", "Alıncalı" yer adları Orta Asiya, Azərbaycan, indiki Ermənistan, Türkiyə, Gürcüstan və İranın bir çox bölgələrində olub və onlardan bir qismi indi də qalmaqdadır. Türkiyədə Ərzurum, Pazaryeri, Ordu, Fehiyye, Giresun və digər bölgələrində Alınca kəndləri, Azərbaycanda Naxçıvanda Əlincə, Xanlar rayonunda Alıncalı kəndləri, İranın Həmədan, Zəncan və Şərqi Azərbaycan Vilayətlərində Əlincə kənd adları indi də qalır. Təkcə Şərqi Azərbaycan Vilayətinin Mərənd, Əcəbşir və Miyana bölgələrində Əlincə adında 3 kənd vardır.

Tarixdə İrəvan xanlığının Göyçə mahalında Alıncalı (əsl adının Əlincəli olduğu qeyd olunur) kəndi, keçmiş Ağbaba mahalında Əlincə kəndi, Naxçıvanda qədimdə böyük bir ərazini əhatə edən Əlincə nahiyyəsi, Gürcüstanın məhsəti türkləri yaşayan Axısxa bölgəsində Əlincə yer adı olub.

Mənbələrdə Təbriz yaxınlığında adıçəkilən Əlincə kəndi və Əlincə qalası Mərəndin Əlincə kəndi və bu kənddə yerləşən qaladır, bu ərazi Qacarlar dövrünün sonuna kimi Təbrizə tabe olub (Məhəmmədzadə, 1386:22-23).

Yuxarıda göstərilən Əlincə kəndləri yaxınlığında bu kəndlərin adı ilə səsləşən Əlincə dağı (Məhəmmədzadə, 1386:28), Əlincə çayı (Çaylı, 1389:49), Əlincə çölü (Çaylı, 1387:128) və başqa coğrafi adlara, həmçinin İranın Mərkəzi vilayətində Əlincə dağı adına rast gəlinir, ancaq ümumilikdə Əlincə adlarının daha çox yaşayış yerlərinə aid olması görünür.

Əlincə ilə bağlı diqqət çəkən bir məqam bu bölgələrin tarixi ərazilər olmasıdır. Qaynaqlarda  Naxçıvanda yerləşən Əlincə qalasının adına VI-VII əsrlərdən rast gəlinir. Bu qalanı 2 min bundan əvvələ də aid edənlər var (Naxçıvan abidələri ensiklopediyası, 2008, 106). Bu qalanın zirvəsindəki müdafiə tikililəri qalığı da VI-VIII əsrlərə aiddir. Tarixdə Naxçıvanda yerləşən Əlincə qalası daha çox məşhur olub və mənbələrdə əsasən bu Əlincə qalasından danışılır. Lakin Şərqi Azərbaycan Vilayətinin Mərənd bölgəsinin Əlincə qalası da olub və bu qaladan bugünə qalan qalıq yalnız tarixi təpədir (Seyidmərəndi, 1394:162).

Həmdullah Qəzvini XIV əsrdə “Nüzhət əl-qülub” əsərində bu kəndin adını çəkib. Mərəndin Əlincə kəndində 2500 illik tarixi olduğu bildirilən qəbristanlıq, Ağqoyunlu və Qaraqoyunlu dövrlərinə aid daş qoçlar (Məhəmmədzadə, 1386:123-124) bu kəndin tarixiliyindən xəbər verir. Bəzi qəbir daşları üstündə olan naxışlar Mərəndin Ələki karvansarası (Omrani, 1393:13-14), Cümə məscidi mehrabı, Təbriz yaxınlığında yerləşən Şadabad kəndi qəbristanlığı, Sofiyan şəhəri yaxınlığındakı İvənd kəndindəki qəbir daşları, Urmiya şəhərindəki Cümə məscidi mehrabı üstündə olan naxışlarla eynilik təşkil edir və bu növ naxışlar Elxani memarlığına da aid edilir.

Əcəbşir şəhəri yaxınlığında yerlşən Əlincə kəndi də tarixi bir kənddir. Bu kənddəki tarixi Alınca kəhrizi barədə F.Rəşidəddin (XIV əsr) məlumat verib.

Azərbaycan, İran və indiki Ermənistanda olmuş Əlincə kəndlərində yer adlarına, hazırda bu kəndlərdə yaşayan ərazilərə nəzər saldıqda bu kəndlərin hamısının Azərbaycan türkləri  və müsəlman əhaliyə mənsub olduğu görünür. Eləcə də tarixi Azərbaycan ərazisində 10-dan çox, ümumilikdə türklərin yaşadıqları bölgələrdə 20-ə yaxın Əlincə adının varlığı bu toponimin türklərə aidiyyətini göstərir.

Naxçıvan ərazisində yerləşən Əlincə kəndi barədə 1700-cü illərə aid mənbədə Əlincə nahiyyəsinə tabe olan Əlincə qalası əhalisinin azərbaycanlı olduğu görünür (Naxçıvan sancağının müfəssəl dəftəri, 2001:49) və hazırda da bu bölgə əhalisi azərbaycanlıdır.

Göyçə mahalında 1948-ci ildə Azərbaycan türklərinin deportasiya edilməsinədək kənd əhalisi azərbaycanlılar olub.

Əcəbşir şəhərinin 4 kilometrliyində, Qalaçay və Quruçayın ortasında yerləşən Əlincə kəndində Quday qayası, Qızıl zəmi, Ağ zəmi, Pişiköldürən zəmisi, Çəmən zəmin adlı yerlər, kənd ərazisindəki Çelgəz dağında imamzadə vardır (Babək, 1389:442-444).

Mərənd yaxınlığında, Qaraçay sahilində yerləşən Əlincə kəndində Daşlıq, Boşlamaz, Qərqə, Dolanmaz, Qılıc zəmi, Yarlıqan qırağı, Dəyirman, Haçaraq, Qargəmi, Yasısın ərxəci, Kor çeşmə, Güldərə, Piranbaşı, Qərəçoban, Dalıdərə, Sarıpüştə, Səril dərə, Qəraçay dərə, Diki dərəsi, Solaqı, Cacuqlu, Göydərə, Qəmişli, İkicədərə, Qələcik, Götürgə, Gen dərə,  Qarı gəmi dərələri, Qoşa çeşmələr, Ağ çeşmə, Ocaqlı çeşmə, Əyridağ və s. yer adları və bir  pir vardır.

Mərəndin Əlincə kəndi əhalisi içərisində Ağbaşlu, Gəncei, Müqəddəm tayfa adları diqqət çəkir (Məhəmmədzadə, 1386:80-82).

Həmədanda Əfşar tayfalarının çoxluq təşkil etdiyi Əsədabad bölgəsindəki Əlincə kəndi və Zəncanda Ağbulaq bölgəsində yerləşən Əlincə kəndinin də əhalisi azərbaycanlılardır.

Zəncanın Əlincə kəndində Qaraqaya yalı, Uzun göl, Çalağan dağı və digər yer adları vardır.

Əlincə adının işlənmə forması barədə görünür ki, mənbələrdə Naxçıvanın Əlincə qalasının adı Əlincə, Alınca, Əlincəm, Alənca, Alançuq, Alanca, Alançik, Yerənçaq, Yeröncək, Erincaq, Erıncaq, Əlincəq, Ələncək və sair şəkillərdə  işlədilmiş və ya izah olunmuşdur (Hacıyev, 2016. Naxçıvan abidələri ensiklopediyası, 2008:105, Babək, 1389:442-444). Görünən odur ki, Naxçıvan, Həmədan, Zəncan, Mərənd və Əcəbşirdə bu ad yerli əhali tərəfindən əksərən Əlincə  və bəzən Alınca (məsələn indi Mərənd və Əcəbşirdə), Türkiyənin Ərzurum, Pazaryeri, Ordu, Fethiyye, Eskişehir, Giresun bölgələrində isə Alınca kimi işlənir.

XIII əsrdə bir mənbədə Naxçıvanın Əlincə qalası barədə Alınca, Əcəbşirin Əlincə kəndi kəhrizi barədə Alınca adı işlənib, Azərbaycanın tarixi Göyçə mahalı və hazırki Xanlar rayonunda eyni kökdən gələn Alıncalı, Əlincəli adını görürük (Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, 2007:45, 256-257). Bu ad 1300 il əvvəl Dədə Qorqud dastanında və ondan sonrakı çox tarixi mənbədə Əlincə və Alınca olaraq işlənir və hazırda 10-dan çox kəndin adı kimi Əlincə və Alınca olaraq qalıb.

Belə görünür ki, yuxarıda göstərilən fərqli adlandırmalar mənbələrin dilinə görə uyğunlaşdırma, yəni mənbənin olduğu fars, ərəb və başqa dillərin xüsusiyyətlərinə görə dəyişdirilmə (məsələn, ərəb mənbələrində bu adın sonuna “q” hərfi artırılıb, fars dilində “ı” hərfi olmadığından Alınca adı Alinca kimi yazılıb və s.), keçən zamanla fonetik dəyişmə, bəzən isə ermənilərin ərazi iddiaları nümunəsində məqsədli təhriflər nəticəsində yaranıb. Müasir dövrdə də İranın Əlincə kəndlərində fars dilinə uyğunlaşdırma nəticəsində yerli əhali Əlincə dediyi halda, rəsmi adlar müəyyən qədər fərq edir.

Əlincə toponiminin izahı barədə bir çox fikirlər var. Türk dillərində “düzənlik, kiçik meydan”, elcihin və əlincəq tayfa adı, monqol dilində “qala”, "fəth edilən yer" mənasında, Alınca adlı türk xanının və ya Alancaq adlı monqol noyonunun adı və digər ümumi izahlarla yanaşı çox sayda həmin kəndlərə uyğun izahlar da verilir. Nəyisə satın almaq mənasında “alınca” sözü, Əlincə qalasında əsir kimi ölüncə qaldığına görə “ölüncə” sözündən yaranma, “alınca” adlı gül, bağ-bağat yeri və digərləri bu yerli izahlardandır. Adın monqol dilindən tərcümədə olan qala, eləcə də ölənədək əsir kimi qalada qalması mənasında “ölüncə” sözü, qalanın əlçatmazlığına görə “əlini çək” sözü, qalanı tikdirmiş Erınçaq adlı qadın olması, monqol əmiri Alancaq noyonun adı ilə bağlanması kimi izahlar bu adı daşıyan bölgələrin heç də hamısında qala olmaması ilə, həmçinin monqol dilində izahın bu adın monqolların hücumundan çox öncəyə aid olması ilə doğrultmur.

Eyni zamanda Əcəbşirdə olduğu kimi, alınca adı güllə və ya bağ-bağat yeri kimi izahı da müxtəlif təbiətə malik digər kəndlərlə uyğun gəlmir.

Əlincə adının tayfa ilə bağlanmasında bir sıra suallar yaranır. Əlcihin tayfasının monqol hücumu zamanı Azərbaycana gəldiyi bildirilir, ancaq Əlincə adları XIII əsrdən daha qədimdir.

Eyni zamanda VI əsrdən qaynaqlarda adıçəkilən Əlincə adı tayfa adı ilə bağlı olsaydı, bu qədər qədim bir tayfa adı bugün yüzlərlə kəndi əhatə edən bir tayfa olmalı idi və biz indiki Əlincə adlı kəndlərdə, eləcə də bu kəndlərin olduğu bölgələrdə adətən əlcihin (elcihin, elcikin) və əlincə tayfa adlarına rastlaşmırıq.

“Əlincə” adını “Oğuz dastanı”na əsasən Nuh Peyğəmbərin yeddinci nəvəsi olmuş Alınca xanın adı ilə də əlaqələndirənlər vardır və bu adın insan adı kimi işlənməsinə sonralar da Alıncak, Əlincə, Əlincəxan, Mövlana Xələf Təbrizi Şeyx Ələncək kimi şəxslərin adı ilə bağlı rastlaşılır.

Əlişir Nəvainin tanınmış alim və şair kimi qeyd etdiyi Şeyx Ələncəkin doğulduğu yerlə əlaqədar bu soyadı götürməsi mümkündür və yer adının soyadı kimi götürülməsi ənənəsi indi də İran azərbaycanlılarında qalmışdır.

Bir sıra tədqiqatçıların araşdırmalarına görə, Əlincə adı qədim türkmənşəli “alan” sözündən olmaqla, “düzənlik” kimi izah olunur (Naxçıvan abidələri ensiklopediyası, 2008:105) və bu, daha düzgün görünür. “Alan”, “alancuq” sözləri səlcuq türkləri və son zamanlaradək “alınca”, “alınca yer”, “alıncalıq” (Şahmərəsi, 1394:132) və alan (Hadi, 1394:83) sözləri Azərbaycan türkcəsində “kiçik meydan, düzənlik” mənasında  işlənmişdir. İndi işlənən “alın” sözü də bu kökdən ola bilər.

Mahmud Kaşqarlının XI əsrə aid “Divani lüğət-it-türk” kitabında “alan” (yaxud alanq) sözü “düzənlik”, “açıq yer” kimi şərh olunur, “alın” sözünün izahında isə “dağın alnı” kimi də (Kaşğarlı, 1394: 27-28) misal çəkilir.

Nadir şahın münşisi olmuş Mirzə Mehdi Əstərabadi türkcə-farsca lüğətində “alanq” sözünü “ətrafında yarğanların olduğu yüksəklik” kimi (Əstərabadi, 1374:25) izah etmişdir.

M.Köprülü “alancuk” sözünün səlcuq türklərinə aid olub, “kiçik meydan” demək olduğunu göstərir. Savalan dağının adı da bu mənada sav vəhy, alanmeydan mənalarında “vəhy alınan meydan” kimi də izah edilir.

Əlincə adının qədimliyi və təkcə səlcuqlulara aid olmaması bu sözün onlardan əvvəl də Azərbaycan türklərində işləndiyini göstərir. Əlincə qalasının adını “Alancıq” sözü ilə “boş sahə” kimi də izah edən tədqiqatçılar vardır ki, bu, yuxarıdakı “kiçik düzənlik” anlayışı ilə uyğun gəlir.

Sözün həm Əlincə, həm də Alınca olaraq işlənməsinin mümkünlüyünə gəldikdə, bu barədə Azərbaycanın cənub və şimal ləhcələrini, eləcə də Türkiyə və Azərbaycan türkcələrində fərqləri nəzərə almaq lazımdır. Məsələn, Təbriz və digər bölgələrdə “qərə”, “bəğişlə”, “əlçə”, “əşağı”, “qərdəş” və digər sözlər müvafiq olaraq “qara”, “bağışla”, “alça”, “aşağı”, “qardaş” formasında da işlənir.

Türkiyə türkcəsində isə “ə” hərfi olmadığından dəyişmə baş verir. Əlincə kəndlərinin coğrafi olaraq əksərən düzənlik ərazi olması (müəyyən sayda öz tarixi yerindən digər yerlərə köçlər və yerdəyişmələrin mümkünlüyü nəzərə alınmaqla) barədə bütün bu kəndləri birgə araşdırmaqla düzgün nəticəyə gəlmək mümkündür.

Naxçıvanda Əlincə qalasının yerləşdiyi dağın ətəyində olan Əlincə kəndinin yeri coğrafi cəhətdən dağlıq ərazidə və ya dağ ətəyində kiçik düzənlik yer, düzənlik kimi qəbul edilə bilər və ya bu söz qalanın yerləşdiyi ərazinin qayalıqlar üstündə kiçik meydan olması baxımından yarana bilər.

Həmədan, Zəncan, Mərənd və Əcəbşir bölgələrində Əlincə kəndləri də dağ ətəyində olan düzənlik ərazidədir.

Eyni zamanda Türkiyədə Ordu, Giresun və Pazaryeri bölgələrində olan Alınca kəndləri də dağlıq ərazidəki düzənlikdə və ya dağ ətəyi düzənliklərdə yerləşir.

Sözün “alıncalıq” formasında qalmasına isə Şərqi Azərbaycanın Miyana bölgəsindəki Alıncalıq və ya Əlincalıq adlı kəndi misal göstərmək olar ki, burada sözün kökü Alınca və ya Əlincə olduğundan biz məqalə içərisində bu kənddən də Əlincə toponimlərindən biri kimi bəhs etmişik.

İranın Şərqi Azərbaycan Vilayətində Əlincə toponimi ilə oxşarlığı olan Vəlincə kəndi (Əcəbşir) və İlinçi çayı (Sərab) adları, Əlincə kəndləri ilə eyni bölgədə olan, Alan tayfası ilə bağlılığı istisna edilməsə də, yuxarıda qeyd olunan coğrafi mənada işlənməsi mümkün olan Alan kəndləri (Həmədan və Şərqi Azərbaycanın Sərab, Çaroymaq bölgələrində) də diqqəti çəkir. Vilayətin Əcəbşir bölgəsində Vərincə (Vərincəğ rəsmi adı olsa da, əhali Vərincə, həmçinin Vəlincə adlandırır) kəndi ilə Əlincə kəndi qonşudur. Ola bilsin ki, iki qonşu Əlincə kəndinin bir-birindən fərqləndirmək üçün ad dəyişikliyi olmuşdur.

Digər bir maraqlı faktı da qeyd etmək olar ki, Həmədanda yerləşən Əlincə kəndi Gəncə kəndi ilə qonşudur və Mərənddə olan Əlincə kəndində isə Gəncei (Gəncəli) tayfası vardır.

Araşdırmadan məlum olur ki, təpəlik, dağlıq və ya dağ ətəyi bölgələrdə “düzənlik, kiçik meydan” mənasını verən Əlincə və ya Alınca toponiminin tarixi çox qədimdir və bu toponim daha çox Azərbaycanla, ümumilikdə isə türk tarixi və türk dilləri ilə bağlıdır, Azərbaycan, indiki Ermənistan və İrandakı Əlincə adlı kəndlərdə yerli əhali Azərbaycan türkləri olub, bu adlı kəndlərdə yer adları Azərbaycan dilində, bu kəndlərdəki tarixi abidələr isə türk və islam tarixi ilə bağlıdır.

Bütün bu faktlar həmçinin Naxçıvanın Əlincə qalası və toponimi barədə erməni iddialarını təkzib edən əsaslı dəlilərdəndir.

 

Qaynaqlar:

Azərbaycan dilində

1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, (Rübabə Əliyevanın redaktorluğunda) I cild, Şərq-Qərb nəşriyyatı, Bakı, 2007-ci il, 427 s.

2. İsmayıl Hacıyev “Əlincəqalanın adı Əlincək tayfasının adı ilə bağlıdır”, Şərq qapısı qəzeti, 2016-cı il

3. Naxçıvan sancağının müfəssəl dəftəri, 27 avqust 1727-ci il  (Ziya Bünyadov və Hüsaməddin Məmmədovun tərcüməsində), Elm nəşriyyatı, 2001-ci il, Bakı, 215 s

4. Naxçıvan abidələri ensiklopediyası, 2008, 519 s.

 

Fars dilində

1. Bəhruz Omrani, Əmin Muradi “Pəjuheşi dər bazşenasiye tarixi və təzyinate karvansəraye Ələki” (Ələki karvansarasının tarixi və bəzəyi barədə tədqiqat), The scientific journal of NAZAR research center for Art, Architecture and Urbanism. Tehran, 1393-cü il.

2. Babək Hüseyn, Əcəbşir morvaride Çiçest (Əcəbşir Çiçestin mirvarisi), Səhənd nəşriyyatı, Təbriz, 1389-cu il, 591 s.  

3. Əhməd Məhəmmədzadə, Coğrafiyaye moxtəsəre Əlincəq (Əlincəqin ümumi coğrafiyası), “Həmqam ba həsti” nəşriyyatı, Kaşan, 2008-ci il, 304 s.

4. İsmayıl Hadi, Loğətnameye cameye etimolojiye Dil Dəniz (torki-farsi) (Dil Dəniz ümumi etimologiya lüğəti (türkcə-farsca)), “Əxtər” nəşriyyatı, Təbriz, 1394-cü il, 941 s.

5. Mahmud Kaşğarlı, Divani Lüğəti-it-türk, Keyvan Emdadinin tərtibatında, “Şanay” nəşri, Urmiya, 1394-cü il, 574 s.

6. Mirzə Mehdi Əstərabadi, Sənglax, loğate farsi-torki (Farsca-türkcə “Sənglax” lüğəti), Rövşən Xiyavinin tərtibatında. “Mərkəz” nəşriyyatı, Tehran, 1374-cü il, 253 s.

7. Mirhedayət Seyid Mərəndi, Neqahi be tarixe Mərənd (Mərəndin tarixinə bir baxış), “İşıq” nəşriyyatı, Mərənd, 1393-cü il, 552 s.  

8. Pərviz Şahmərəsi, Fərhənge farsi-torki (Farsca-türkcə lüğət), “Əxtər” nəşriyyatı, Təbriz. 1394-cü il, 1071 səh.

9. Səməd Çaylı, Çaylar, “Əxtər” nəşriyyatı, Təbriz, 1389-cu il,  332 s. 

10. Səməd Çaylı, Əndaçe H. Kuhhaye Azərbaycan (Azərbaycan dağları) II cild, “Əxtər” nəşriyyatı. Təbriz, 1387-ci il. 203 səh.

 

Strateq.az