XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2016 - 17:28

Mircəfər Bağırovun oğlunun atasına yazdığı məktub:"Xahiş edirəm, cəbhəyə getməyimi tezləşdir..."

aslankenan-1.jpg

Aslan KƏNAN,

Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini

 

Qədim Roma mifologiyasına görə, böyük fəlakətlər baş verəndə, torpaqlarında əmin-amanlığa nail olmaqdan ötrü insanlar allahlara qurbanlar verərdilər. Bu qurbanları isə çox zaman elə insanların öz içindən seçirdilər. İnanırdılar ki, əgər bunu edərlərsə, allahların  onlara olan qəzəbi soyuyacaq və  gələn fəlakətlərin əvəzinə bolluq, sülh, əmin-amanlıq bərqərar olacaq.

Vətən müharibəsi başlayanda torpaqlarını alman-faşizimdən qorumaq üçün Azərbaycan xalqı da övladlarını qurban vermək məcburiyyətində qaldı. Almanların məqsədi SSRİ kimi böyük bir dövləti ələ keçirməklə bərabər, Bakının “qara qızıl”ına da sahib olmaq idi. Xalqımızın nəinki sadə ailələrinin övladları, hətta yüksək vəzifəli şəxslərin uşaqları belə, döyüşə getməyə can atırdılar. Belələrindən biri də həmin illərdə respublikaya rəhbərlik edən Mircəfər Bağırovun oğlu – təyyarəçi Vladimir idi.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi olmuş Mircəfər Bağırovun oğlu Vladimir (Cahangir) 1919-cu ilin oktyabr ayının 6-da dünyaya gəlib.

jahangir_bagirov

Vladimir 1938-ci ildə Bakı aeroklubunun məzunu olub. İndi kurort şəhəri kimi məşhur olan Eysk hərbi-dəniz məktəbində və Daşkənd hərbi məktəbində oxuyub. İkinci dünya müharibəsində Hərbi Hava Qüvvələrində leytenant rütbəsində qırıcı təyyarəçi kimi döyüşüb. Moskva  ətrafı döyüşlərdə iştirak edib. 1942-ci ildə Moskva vilayətinin Serpuxov şəhəri ətrafındakı döyüşdə yaralanıb. 1 il sonra yaralı halda tərxis olunub.

Vladimir, müharibəyə yararsız olmasına baxmayaraq, yenidən döyüşə getmək üçün dəfələrlə komandanlığa müraciət etsə də, hər dəfə müraciəti cavabsız qalırdı. Buna dözə bilməyən Vladimir Bağırov aşağıdakı məzmunda məktubla atası Mircəfərə müraciət etməli olur:

"Əziz ata!

Artıq iki ay yarımdır ki, mən öz yerimdə deyiləm, havayı çörək yeyirəm – hansı ki, indi çox bahadır. Nə zaman ki, vətən təhlükədədir, onun minlərlə oğlu həyatını və qanını əsirgəmədən vətən müharibəsi cəbhələrində vuruşurlar. Mən isə xüsusən ən qızğın döyüş olan yerdə olmalıyam, çünki mən sənin oğlunam, vətənimizin oğluyam, partiyamızın oğluyam.

Əgər sən bir bilsəydin ki, mən gənc, sağlam olduğum və arxa cəbhədə oturduğum üçün insanların gözünün içinə baxmağa necə utanıram?!

Səndən xahiş edirəm, mənim cəbhəyə getməyimi tezləşdir, hər nə ilə olur olsun döyüşməyə hazıram. Mənə onların iki ay yarımdır gözlədiyim şöhrətli təyyarələri lazım deyil, mən hətta U-2-də də uçmağa hazıram, o halda da mən döyüşəcəm, işsiz qalmayacam.

Bir həftə də səbr edə bilərəm, sonra isə cəbhəyə və qarşıma çıxan birinci hissəyəcə gedəcəyəm.

Səbirsizliklə cəbhəyə göndərilməyimi gözləyirəm və sübut edəcəyəm ki, sənin oğlun öz atasına və vətəninə layiqdir.

Bərk-bərk öpürəm.

Sənin Vladimirin.

04.02.1943 "

 

…Vladimir 1943-cü ilin iyun ayının 5-də Obayan aerodromu yaxınlığındakı qeyri-bərabər döyüşdə 7-8 alman təyyarəsini vurub, sonda yanacağı qurtardığı üçün tarana gedir və təyyarəsini alman təyyarəsinə çırparaq, həlak olur.

Ölümündən sonra o, SSRİ Ali Sovetinin  9 iyun 1943-cü il tarixli fərmanı ilə "Lenin" ordeninə layiq görülür.

Cənazəsi çətinliklə də olsa, Azərbaycanın qəhrəman oğlu Həzi Aslanovun köməkliyi ilə Bakıya gətirilərək, Yasamal qəbiristanlığında – anasının qəbrinin yanında torpağa tapşırılır. Mircəfər Bağırovun göstərişi ilə qəbrin üzərində Vladimirdən sonra Cahangir Mircəfər oğlu Bağırov yazılır.

cahangir-qrbri-3

cahangir-qebri-2




Yuxarı Əvvələ Ana Səhifə