XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

09 Yanvar 2017 - 18:25

AMЕA-nın Naхçıvan Bölməsi Kəngərli süvariləri ilə bağlı yeni tarixi materialları tədqiq edir –Sənəd

sened-naxcivan-amea

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları tərəfindən müxtəlif arxivlərdən, muzeylərdən, kitabxanalardan toplanılan yeni tarixi materiallar tədqiqata cəlb olunub.

Bölmənin informasiya şöbəsindən Strateq.az-a verilən məlumata görə, 1853-1856-cı illər Şərq (Krım) və 1877-1878-ci illər rus-türk müharibələrində Naxçıvanın Kəngərli süvarilərinin və naxçıvanlı hərbçilərin iştirakı, Kəngərli süvarilərinin Rusiya çarlarının mühafizə dəstəsində fəaliyyəti, general-mayor II Kalbalı xan Naxçıvanskinin Rusiyanın paj korpusunda təhsili, polkovnik Əbülfəz ağa Şahtaxtinskinin Port-Artur döyüşlərində iştirakı ilə bağlı arxivlərdən yeni materiallar toplanılıb.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarından aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin, elmi işçi Elnur Kəlbizadənin topladığı yeni materiallar Rusiya Dövlət Tarix Arxivindən (Moskva), Rusiya Dövlət Hərbi-Tarix Arxivindən (Moskva), Gürcüstan Milli Arxivindən, İlya Çavçavadze adına Gürcüstan Milli Mərkəzi Kitabxanasından, Canaşia adına Gürcüstan Dövlət Tarix Muzeyindən, İngiltərənin Milli Arxivlərindən, Azərbaycan Respublikası Dövlət Tarix Arxivindən, AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Arxivindən əldə olunub.

Naxçıvanın tarixi coğrafiyasının öyrənilməsi istiqamətində əvvəlki illərdə toplu şəkildə nəşr olunan, Türk Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində saxlanılan bir sıra sənədlər və ilk dəfə olaraq tədqiqata cəlb olunan Heydər ağa Şahtaxtinski ilə bağlı məlumatlar da elmi araşdırmaların mövzusu olan yeni materiallar sırasında yer alır.

Qeyd edək ki, tarix boyu Naxçıvan dünyanın aparıcı dövlətlərinin daim diqqət mərkəzində olub. Böyük güclərin geosiyasi planlarının və rəqabətlərinin nəticəsi olaraq Cənubi Qafqazda milli, etnik münaqişə zonaları yaradılıb və bölgə xalqları bundan ağır yaralar alıb. Böyük güclər tarix boyu erməniləri Azərbaycanın ayrılmaz parçası olan Naxçıvana qarşı təcavüzkar hərəkətlərə təşviq ediblər. Elmi araşdırmalara cəlb edilən 1917-1920-ci illəri əhatə edən arxiv sənədlərində saxtakar ermənilərin Naxçıvana qarşı təcavüzkar siyasətlərini təsdiq edən mühüm tarixi sənədlər var.

Əldə olunan mühüm sənədlərin 60-a yaxını keçən ilin sonlarında nəşr olunan “İngiltərənin geosiyasi maraqlarında “erməni məsələləri”nin yeri və Azərbaycana təsiri (1917-1920)” adlı monoqrafiyada işıqlandırılıb.




Yuxarı Əvvələ Ana Səhifə