Yasəmən Qaraqoyunlu
AMEA Fəlsəfə İnstitutu
Hartlənd-Azərbaycan
Geopolitika nəzəriyyələrində Yer kürəsi geostrateji, geoiqtisadi, geokültürəl və sivilizasiya ənənələrinə görə, dörd məkana – hissəyə bölünür. Dövlətlərin xarakteri, gücü, sivilizasiya ənənələri və kürəsəl siyasətdə izlədikləri geostrateji mövqelər, yerləşdikləri məkan amilinə sıx bağlıdır və məkanın özəlliklərini əks etdirir. Dövlətlərin, xalqların tarixi-siyasi müqəddəratı geosiyasətdə qəbul olunmuş ənənəvi “Coğrafi relyef tale kimidir” qanunu əsasında müəyyənləşir. Coğrafiyanın xüsusiyyətləri xalqların xüsusiyyətlərində və siyasi tarixinin formalaşmasında əks olunur. Hər hansı bir sivilizasiyanı, mədəniyyəti meydana gətirən dəyərlərin, ünsürlərin doğulmasında cografi məkan amili böyük rol oynayır. Etnik kimliyin formalaşması və inkişafında cografi məkanın və landşaftın böyük rol oynaması haqqında bir çox sosial-fəlsəfi və kulturoloji konseptlər vardır. Cografi məkan ölkənin və xalqın tarixi müqəddəratını, potensial imkanlarını müəyyənləşdirir.
Cənub-Qərbi Avropanın və Mərkəzi Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycan cografi determinizm nəzəriyyəsinə görə, Asiya-Avropa, sivilizasion yanaşmaya görə isə Şərq-Qərb dualizminin mərkəzində yer almaqla bu dualizmi – yerləşdiyi cografi məkanın tələblərinə uygun olaraq – tarix boyu vəhdətə çevirmə missiyası daşımaqdadır.
Geosiyasətin əsas qanunlarından biri olan “Fundamental dualizm” nəzəriyyəsinə görə, dövlətlər və xalqlar öz cografi ərazi xarakteristikasına görə iki qrupa – Quru (“tellurokratiya” – yunanca “torpaq vasitəsilə hökmranlıq” və ya “qurunun qüdrəti” deməkdir) və Dənizə (“talassokratiya” – yunanca “dəniz vasitəsilə hökmranlıq” və ya “dəniz qüdrəti” deməkdir) bölünür.
Talassokratiya tarixən Qərblə və Atlantik okeanı ilə, tellurokratiya isə Şərqlə, Avrasiya qitəsi ilə bağlıdır. Quru və Dəniz qüdrətləri (imperiyaları) ənənəvi Şərq-Qərb sivilizasiyalarını təmsil edir. Sivilizasiya təmsilçiləri olan İmperiyalar ya talassokratik, ya da tellurokratik olur. (Dəniz gücünü – ABŞ, Avropa, Quru Gücünü – Çingiz, Teymur türk imperiyaları, Rusiya təmsil edir. Bu güclər soyuq savaş dönəmlərində kapitalizm-sosializm, SSRİ-nin çöküşündən sonra isə Atlantizm və Avrasiyaçılıq adı altında qərarlaşmışlar).
Beləliklə, dünya xəritəsi mədəniyyətlərin və sivilizasiyaların tipologiyasının formalaşmasında və müəyyənləşməsində əsas təyinedici faktor rolu oynayan cografi məkan (ərazi) amili əsasında siyasi baxımdan qütbləşir və ya qruplaşır. Bu zaman Quru məkanın mərkəzi – Hartlənd (Yerin Mərkəzi), Dəniz və okean sahil zonaları – Rimlənd (Sahil zolagı) adlandırılır.
Şərq-Qərb Sivilizasiya dəyərləri əsasında formalaşan Avropa-Asiya dövlətlərinin siyasi cografiyalarının şəkillənməsinə tellurokrtiya və talassokratiya dualizmi tarix boyu öz təsirini göstərmişdir. Bu dualizm içində HARTLƏND-i təmsil edən Azərbaycanın geosiyasi mənsubiyyəti və mövqeyi geosiyasi nəzəriyyələrdə dəqiq müəyyənləşdirilmişdir. Məsələn, H.Makinderin 1904-cü ildə yaratdıgı konsepsiyaya görə, Azərbaycanın yerləşdiyi ərazi “tarixin cografi oxu” adlanan mərkəzin geosiyasi məkanına aiddir. Makinderin "Hartlənd" adlandırdıgı “Şərqi Avropadan tutmuş Çinə qədər uzanan Avrasiyanın mərkəzi torpagı” olan bu geniş ərazinin tam ortası Azərbaycandır. (Geosiyasətdə ənənəvi bir baxış formalaşmışdır. Kim Hartləndə sahibdirsə, dünyaya sahibdir).
İran daxilində çatışan Fars-Türk maraqları
Azərbaycanın yerləşdiyi geostrateji mövqeyə istinad edərək deyə bilərik ki, Azərbaycan Milli Hərəkatı, Bütöv Azərbaycan hərəkatı həm Orta Doğuda, həm Avrasiyada geopolitik, geostratejik, geokültürəl, etno-demoqrafik dəngələri dəyişəcəkdir. Azərbaycanın daxil olduğu İran coğrafiyası isə Avrasiyanın tən ortasıdır və bütün Avrasiyanın siyasi-kültürəl gələcəyinə təsiretmə, yönvermə avantajına sahibdir və bu üstünlüyü ilə də hətta Yer kürəsinin siyasi dəngələrini belə bəlirləmək iqtidarındadır.
İran şərqdə Xəzər dənizi vasitəsilə Qafqaza və Mərkəzi Asiyaya (Türküstana, bütünlükdə Xorasana), Kəngər (Bəsrə) körfəzi vasitəsilə Ərəbistan Yarımadasına, Hörmüz boğazı, Ümman Dənizi də daxil olmqla Hind okeanına və bu yolla Hindistan yarımadasına, qərbdə quru sərhədləri ilə Anadoluya, Türkiyəyə təsir etmək və buradakı siyasətlərə və tarixi oluşumlara yön vermək gücünə malikdir.
İran Türk-Fars dualizmini təmsil edən bir ölkədir. İran mədəniyyəti Türklər və İrandilli qruplar – Farslar tərəfindən formalaşdırıldığı üçün, dualistik xarakterlidir və bu dualizmi ilə – Qafqaz, Anadolu, Türküstan Türklüyünün kültür və tarixinə və Tacikistan, Əfqanıstan, Hindistan, Pakistan-Hind-Fars-Ari kültür və tarixinə, islam dininə sahib olduğu üçün Ərəb-islam kültür və tarixinə təsir etmək, inkişaflarını və siyasi qədərlərini bəlirləmək gücündədir və tarixən də belə olmuşdur. İran adlanan coğrafiya Şumer-Elam-Aratta-Manna kültürlərinin və dövlətlərinin geokültür, geopolitik arealı olmuşdur və bu coğrafiyada türk tarixinin 7 min illik, fars tarixinin 2500 illik tarixi var (bax, Məhəmməd Tağı Zehtabi, "İran Türkləri").
İran coğrafiyası Avrasiyanın cənubu boyunca uzanan Türk dünyasının, Turanın onurğa sütunudur və Türk Milləti bu coğrafiyada güclü olduqca bütün Türklük, Türküstan (həm də Əfqanıstan adlanan Cənubi Türküstan-Azərbaycan-Anadolu-Hindistan-Çin türkləri) güclənir. Türk kültürü və dili güc qazanır, şahlanır, pöhrələnir. İran adlanan coğrafiyada yaşayan türklərin gücləndirilməsi, qorunması Türk millətinin XXI yüzil stratejisini təşkil etməlidir.
1925-ci ilə qədər İran, min il davam edən bir müddətdə Türk-İslam-Azərbaycan mərkəzli dövlət və kültürə sahib olub. 1925-ci ilə qədər İran bir Turan dövləti idi. 1925-ci ildən sonra Türk-Qacar sülaləsinin hakimiyyətdən düşürülməsi ilə İranda türk idarəetməsi sona çatdı. İngilislərin Fars kimliyinə əsaslanan Yeni İran inşa etmək projesi gerçəkləşməyə başladı. Bu prosesin alt yapısını İrandakı Məşrutə-modernizm hərəkatı hazırlamışdı. Fars kimliyinə və dilinə əsaslanan Yeni İran inşa etmək siyasətinin nəzəri əsaslarını da İngilislərin dəstəyi ilə Türk teorisyenlər (Mahmud Avşar, Kəsrəvi, Tağı Arani, Seyid Həsən Tagızadə və b.) formulə etdilər. Etnik kökəncə Türk olan Rza xan müəllimi və məsləhətçisi yəhudi kökənli Əli Füruğinin məsləhəti ilə Pəhləvi soyadını qəbul etdi və başda Əli Füruği ilə İngilis səfirliyinin təmsilçisi Ser Reporter öndərliyində yeni Fars İranı İnşa edildi. İranda Turan-Türk dəyərlərini təmsil edən bütün ünsürlər İran tarixindən silinməyə, məhv edilməyə başlanıldı. Azərbaycan mərkəzli Turan-Türk dövləti (Səfəvi-Avşar-Qacar) Farsistan mərkəzli İran-Fars dövlətinə çevrildi. Bu tarixdən etibarən iki fars kimliyi oluşturuldu.
1. İran-Fars (Şüubiyyə), Şahnamə-Zərdüşt-Avropa-modernizm dəyərlərinin sintezinə əsaslanan fars kimliyi. Bu kimlik inşası anti islami xarakter daşımışdır və islam öncəsi hind-ari dəyərlərini əsas alırdı. Bu kimlikdə İslam-ərəb və Türk inkar olunurdu və İslam-ərəb, Türk kültüründən arınma hərəkatını ifadə edirdi. Əski Əhəməni və sasanlı dəyərlərini, ehtişamını bərpa etmək əsas məqsəd idi. Bu kimlik hərəkatının lideri və təmsilçisi Rza xan Pəhləvidir. 1925-ci ildən etibarən davam edən Rza xan sülaləsi dövründə, bu siyasət izlənilmişdir.
İkinci fars kimliyi isə İran-Fars-şiə elementlərinin sintezindən ibarətdir. Bu kimliyin əsas teorisyenləri Salman Farsi və Əli Şəriətidir. Bu Şiə kimliyi Salman Farsinin mənəvi öndərliyi və Sasanlıların son şahı Yəzdigərdin qızı Şəhrəbanunun Hz.Hüseynlə evliliyindən doğulmuş Zeynalabidinin oğullarına sitayiş edən İslam modeli (İmamət sistemi – tarix boyu 5 imama əsaslanan Zeydilik, 7 imama əsaslanan İsmaililik, 12 imama əsaslanan cəfərilik və ya isna-əşərilik kimi qollara bölünmüşdür) əsasında yaranmış qan bağı əfsanələri ilə süslənən Əhli Beyt inancını əsas alaraq, sasanlıların Ərəblər tərəfindən işğalından sonra, Əməvilərə qarşı Xorasanda başlmış Əbu Müslim hərəkatının ideyalarından, X əsrdən etibarən Xorasanda qurulmuş kiçik fars dövlətləri olan samanilər saffarilər, tahirilərin iştirakı və öndərliyi ilə şəkillənən fars ədəbiyyatı və dilinə əsaslanmaqla, Fars-İran dünyagörüşlərini İslama yükləyən Xəvaricilik, Qərmətilik, İsmaililik kimi batini Sufi Hərəkatlarından qidalanan dünyagörüşlərin cəmini ehtiva etməkdədir.
İran-Fars-Şiə kimliyi, Hind-İran dəyərləri ilə sami dəyərlərinin sintezidir. Zərdüştlə Hz.Əlinin təmsil etdikləri mənəviyyatın və sivilizasiya dəyərlərinin barışdırılmasına əsaslanır ki, 1979-cu ildən etibarən, İran İslam inqilabı nəticəsində İran siyasi və kültür həyatında hakim dünyagörüşü rolu oynayır. İran-Fars-Avropa kimliyinin hakim olduğu Rza xan Pəhləvi dönəmində İran geosiyasətdə Qərb blokunun tərəfdarı idi və öncə İngiltərənin, sonra isə ABŞ-ın əsas müttəfiqi olmuşdur.
İran-Fars-Şiə kimliyinin lideri Xomeyni nə Şərq (Rusiya – kommunizm), nə Qərb (Avropa- liberalizm) şüarını İnqilabın əsas prinsipi elan etsə də, İnqilab dövründən günümüzəcən İran geosiyasətdə və sivilizasiyalar qarşıdurmasında Şərq blokunu təmsil edir və Rusiyanın müttəfiqidir. Bu kimliyin əsasında Əli Şəriətinin formulə etdiyi antiqərb, antiamerika dünyagörüşü durmaqdadır. Lakin bununla yanaşı, Rza xan Pəhləvi Atlantizmin, Xomeyni isə Şarl de Qol Kontinentalizminin təmsilçiləri idilər.
İran coğrafiyasında yaşayan türklər Anadolu, Suriya (Səfəvi dövlətini quran Şamlu tayfaları Hələb türkləridir), Azərbaycan və Xorasan türklərinin cəmidir. Tarix boyu İran türk dövlətləri Azərbaycan mərkəzli dövlətlər olmuşlar və məhz buna görə də Azərbaycan daim dinamik bir bölgə kimi, İran siyasi taleyində baş aktyor rolu oynamışdır. Azərbaycan Xorasan-Anadolu-Qafqaz-İraq kültürlərinin qarşılıqlı etkiləşim mərkəzi olduğu üçün tarix boyu bu bölgələrdə gedən kültürəl-siyasi dəyişikliklərin katalizatoru olmuşdur. Son yüz ildə İran daxilində Azərbaycan mərkəzli siyasi-inqilabi hərəkatlar-qismən İrançı, federalist, modernist, sol hərəkatlar olmuşlar. Son yüz ildə Azərbaycan siyasi hərəkatları siyasi-ideoloji, kültürəl təsirlənmələr və meyllər əsasında Şərq (Rusiya) blokundan təsirlənməkdə idi. Azərbaycan hərəkatları – iranlılıq-Azərbaycanlılıq-federalçı inqilabçı-Rusiya mərkəzli sol – Şərq bloku ideyalarını təmsil edirdi. Məşrutə hərəkatı liderləri – Mərkəzi Qeyb Təşkilatı, Əli Müsyö, Heydər Əmoğlu, Xiyabani, Pişəvəri kimi liderlər Rusiyadan qaynaqlanan sol (marksizm, sosial demokratizm) – dünyagörüşün və hərəkatların təmsilçiləri idilər. 1979-cu il inqilabına qədər Azərbaycan Hərəkatı Quzey Azərbaycanın da təsiri ilə Şərq blokunun, Fars Milli hərəkatı isə Qərb blokunun tərəfdarı olmuşlar. 1979-cu ildən sonra isə Fars milli hərəkatı Şərq (Rusiya) müttəfiqi, Azərbaycan Milli Hərəkatı Qərb blokunun müttəfiqi olmuşdur. Doktor Cavad Heyətin "Varlıq" Dərgisi ilə Milli hərəkat Türk-milli kimliyinə və türk maraqlarına söykənən platformaya sahiblənmişdir və SSRİ-nin də çökməsi ilə, sol dünyagörüşdən vaz keçərək sağ dünyagörüşü (liberal-demokratiya) mənimsəmişdir. Cavad Heyət öndərliyində Milli Hərəkat Fars Milli hərəkatına qarşı alternativ Türk Milli hərəkatı konsepsiyasına sahiblənmişdir. SSRİ içərisində Türk-İslam-Şərq kültürünün və sivilizasiya dəyərlərinin təmsilçisi olan Quzey Azərbaycan SSRİ-nin dağıdılmasında baş aktyor rolu oynamışdır və bundan təsirlənən Güney Azərbaycan milli hərəkatı istiqlal hərəkatı mərhələsinə qədəm qoymuşdur. Hər iki Azərbaycanın iştirak etdiyi yeni Milli hərəkat (Bütöv Azərbaycan Hərəkatı) “İstiqlalçı (Güney Azərbaycanın istiqlalı), Bütöv Azərbaycançı, Türkçü-Turançı, Sekulyar, liberal-demokratik ideyaları əsas alan sivil bir hərəkatdır”. (Nazim Cəfərsoy. Türkiye-İran İlişkilerinde Şia ve Güney Azerbaycan Meseleleri. http://www.kafkassam.com/turkiye-iran-iliskilerinde-sia-ve-guney-azerbaycan-meseleleri.html.)
Türk Milli Hərəkatı gücləndikcə İran içərisində Türk və fars etnoslarının bir-biri ilə ziddiyyət təşkil edən fərqli geopolitik, geostratejik, geokültürəl maraqları formalaşır. Hələlik İran xarici siyasəti fars milli maraqlarını əks etdirir, lakin gələcəkdə bu türk basqısı ilə dəyişə bilər.
İranda yaşayan fars etnik qrupu:
1) Ermənistanın və Rusiyanın müttəfiqidir. Qarabağın Ermənistanın işğalı altında qalmasına, Ermənistanın güclənməsinə çalışır.
2) Fars etnik siyasəti orta doğuda savaş elan etmiş Kürd milli Hərəkatının müttəfiqidir.
3) Kürd hərəkatına, PKK terrorizminə dəstək verməklə Türkiyənin bölünməsinə, dövlət bütünlüyünün dağılmasına çalışmaqdadır. Güney Azərbaycanın Türkiyə ilə sərhəd bölgəsində – Urmiya vilayətinin kürdləşdirilməsi də İran hökümətinin rəhbərliyi ilə həyata keçirilməkdədir.
İran coğrafiyasındakı Türk hərəkatı və bu hərəkatın bir parçası olan Güney Azərbaycan Hərəkatı Quzey Azərbaycanla, Türkiyə və Türküstanla sıx bağlı olan və bu ölkələrin iç toplumsal dinamiklərini etkiləyən bir hərəkatdır. Bütöv Azərbaycan Milli Hərəkatının bir parçası olan Güney Azərbaycan hərəkatı İran içərisində də sentralizasiya hərəkatıdır. Bu hərəkat Türkiyənin və Quzey Azərbaycanın müttəfiqidir.
Türk milli hərəkatı:
1) Qafqazın siyasi gələcəyinə, siyasi dəngələrinə təsir edəcək faktorlardan biridir.
2) İranın Ermənistan siyasətinə və Qarabağ müharibəsinin nəticələrinə təsir etmək potensialına malikdir.
3) Orta Doğuda faktiki olaraq qarşılıqlı savaş aparan Türkiyə və İran müharibələrinin nəticələrinin Türkiyənin xeyrinə dəyişməsi potensialına malikdir.
Beləliklə, qarşımızda İran içərisində çat yarada bilən, bir-biri ilə qarşılıqlı savaşan etno-politik hərəkatlar var: Türk hərəkatı, Fars Hərəkatı. Fars Hərəkatı güclü olduqca Ermənistan güclü olacaq, Qarabağ işğal altında qalacaq, Azərbaycan Rusiyanın forpostu olacaq, Türkiyə, Türk milləti Orta Doğuda məğlub olacaq, Suriya Türklərinə, İraq Türklərinə, Əfqanıstan (Cənubi Türküstan) türklərinə qarşı soyqırım davam edəcək, Türkiyə Şiə geopolitikası ilə Orta Doğudan çıxarılıb təcrid ediləcək. Orta Doğudakı Amerika-Qərb-İsrail-Kürd və Ərəb-İslam savaşları, tezliklə İran-Fars-Ermənistan-Kürd-Şiə və İran Türkləri-Türkiyə-Güney-Quzey Azərbaycan-sünni savaşlarına çevrilmə potensialına malikdir. Əslində, bu savaş başlamışdır belə. Suriyada, Kərkükdə, Qarabağda davam etməkdədir.
İranın yeni “konsolidasiya” siyasəti – “Vahid plüralist İran” və Türk fraksiyası
Orta Doğuda, Qafqazlarda Türkiyə ilə savaşa girən İran rəhbərliyi, Türkiyəni təkləmək, məğlub etmək məqsədi ilə, hazırda müttəfiq olan Türkiyə-Quzey Azərbaycan-Güney Azərbaycan türk milli hərəkatını Türkiyədən təcrid etmək məqsədi ilə, İran daxilində çatışan Türk-fars maraqlarının İranın geopolitik, geostratejik maraqlarını zədələməsinin önlənməsi, Azərbaycan Türklərinin de sentralizasiya hərəkatının qarşısının alınması və onları Mərkəzi hakimiyyətə, iranlılıq dəyərlərinə bağlamaqla İranın de-fakto bölünməsinin qarşısını almaq məqsədi ilə 1925-ci ildən etibarən Türklərə qarşı həyata keçirilən diskriminasiya, assimilyasiya siyasətini dəyişərək, Konsolidsiya siyasətinə önəm verməyə başlamışdır. İran İslam Şura məclisində Həsən Ruhaninin əmri ilə Türk Fraksiyasının yaradılması bu məqsədə xidmət etməkdədir. İran hökümətinin konsolidasiya siyasəti İranda yaşayan Türklərlə farsların paylaşdıqları Şiə məzhəbi, eyni coğrafiya, eyni dövlət çatısı, İran kültürü kimi Ortaq Dəyərləri qabartmaqla həyata keçirilir. Həsən Ruhaninin memarı olduğu, İran daxili etno-politik hərəkatları Konsolidasiya ilə boğmaq siyasəti Qacarlar dövründə Məhəmməd Əmin Rəsulzadənin və Seyid Həsən Tağızadənin “İrani nov” qəzetində və İran Demokrat Partiyasında teorizə etdikləri üst kimlik olan İran Millətçiliyi siyasətini gündəmə gətirməkdədir. İran Millətçiliyi bütün etno-politik hərəkatların fövqündə duran territorial dövlət millətçiliyidir, üst kimlikdir. Fars kimlikli İran ulus dövlət modelinin, çoxmillətli İran dövlət modeli ilə əvəz olunmasıdır. Konsolidasiya paradiqması "Vahid Plüralist İran" siyasəti formalaşdırmağı hədəf alır. Yəni İran Konstitusiyasında təsbit olunduğu kimi, İranın çoxmillətli ölkə olması etiraf olunur, bununla yanaşı, bütün İran xalqları arasında vahid İran millətçiliyinin formalaşdırılması planlaşdırılır. İranın çoxmillətli dövlət olması ilə bərabər, “Çox Millət, Tək Dövlət” siyasəti gerçəkləşdirilir, eyni coğrafiya, eyni tarix, eyni din, eyni kültür dəyərləri ətrafında İran xalqlarının birləşdirilməsi hədəf alınır. İran Parlamentində Türk Fraksiyasının yaradılmasına da Həsən Ruhani hökuməti bu şərtlər daxilində icazə vermişdir.
İranın iki seçimi var idi: ya İranı daxildən sosio-politik, sosio-kültürəl dəyişimlərə sövq etməklə gücləndirmək – çoxmillətli İranın daxilində etnopolitik problemlərin həllinə yönəlik dəyişikliklərə səbəb olacaq reformlara getməklə İranın bütünlüyünü qorumaq, ya da fars kimlikli İran dövlət siyasətinə qarşı mübarizə aparan Türklərin desentrelizasiya hərəkatları ilə İranın parçalanması faktoru ilə üz-üzə qalmaq.
İran birinci yolu seçdi. Konsolidasiya projesi ilə İran Türklərini “İran içinə qapamaq”siyasəti izləməklə İran rəhbərləri Orta Doğuda Türkiyə ilə aparılan savaşı qazanmaq məqsədilə Türkiyə-Quzey Azərbaycan-İran coğrafiyasında yaşayan türklər arasında çat yaratmaq, siyasi həmrəyliyi, birliyi pozmaq məqsədi güdür. Bütün bu siyasi prosesləri Güney Azərbaycan strateqi Məhbub Əmrahi hələ 2015-ci ildə təhlil edərək yazmışdı.
Məhbub Əmrahi yazırdı:
“Putin iqtidarı ilə birlikdə yüksəlişə keçən Rusiyanın özünü SSRİ-nin kölgəsi elan etməsi və xarici siyasətdə aktivləşməsi ilə birlikdə, İran rejiminin “İnqilab ixracı” siyasətinin praktikada Şiə bölgələrində gövdə göstərməsi, təkrar Rusiya və İranın Orta Doğu siyasətini paralel şəkildə biçimləndirmişdir… Orta Doğunun İran tərəfindən toxumları atılan məzhəb savaşı, klassik soyuq savaş dövrü bloklaşması ilə oxşar vəziyyətə düşdü və bu məsələ bölgədəki etnik hərəkatların yenidən şəkillənməsini tamamlamaq üzrədir. Bu yenidən şəkillənişdə Kürd qruplar (Bərzani qrupu xaric) klassik şərq blokunda özlərini ifadə etmək durumunda qaldılar, ancaq Kürd hərəkatındakı bu parçalanma – Liberallarlamı davam etmək, yoxsa sosialistlərləmi davam etmək seçimi onları siyasi olaraq bölmüş vəziyyətdədir.
İrana gəlincə, bu vəziyyət çox ilginc bir hal almışdır. 1945-ci ildə SSRİ tərəfdarı Hərəkata sahib olan İran türkləri bu səfər tamamən liberal blokda tanımlanmaya başlamışdır. İran Türk Hərəkatı (Güney Azərbaycan Milli Hərəkatı) müxtəlif səbəblərdən dolayı Qərb blokunun içərisində ortaya çıxmışdır. Bu hərəkat öz keçmişi ilə tamamən qopuqdur və qopuqluğun səbəbi 1946-cı ildə milli hökümətin yıxılması ilə bütün türk aydınlarının qaçmaq və qətliama uğramaq vəziyyətində qalmasıdır. Bu səbəbdən o sosialist keçmiş tamamilə gözardı edilmişdir… Sosializmin çöküşü də buna əsas yaratmışdır. Quzey Azərbaycandakı milliyətçi və qərbçi Elçibəy liderliyində yaranan Azərbaycan Xalq Cəbhəsi hərəkatı, Güney Azərbaycandakı oyanışın ilkin siyasi qığılcımı olmuşdur. Elçibəyin liberal və milliyətçi xarakteri Güney Azərbaycan Milli Hərəkatına yansımış və hətta miras qalmışdır. İranın mərkəzi dövlətinin şərq blokuna yönəlməsi, təbii olaraq mərkəzdən qaçan qüvvələrin qərb blokuna doğru meyl etməsi ilə nəticələnməkdədir.
Türkiyənin Qərbin bir parçası olması və Güney Azərbaycanın kültürəl olaraq şiddətlə Türkiyə türklüyü təsiri altında qalması, Quzey Azərbaycan ərazisinin Rusiya nəzarətindəki Ermənistanın işğalı altında qalması kimi məsələlər Güney Azərbaycan Hərəkatının Rusiya tərəfdarlığına əngəl yaratmaqdadır.
Eyni zamanda İranın Ermənistanla müttəfiqliyi də bu vəziyyəti körükləməkdədir.
Türkiyənin xarici siyasətində dəyişiklik və Orta Doğuya girişi, bölgədəki Türkmanlar mövzusunda etnik məsələlərin bir vasitə kimi istifadə edilə biləcəyini göstərmişdir. İranda Qərbi Azərbaycan vilayətindəki siyasi-silahlı Kürd hərəkatı PJAK-ın aktivləşməsi, İrandakı Türklər üçün torpaq itkisi və qətliamı qorxusu qayğılarını doğurması və bu səbəbdən Türkiyəyə meylliliyin yaranması, Türkiyə-İran əlaqələrindəki qopma nöqtəsində Türkiyənin İrandakı Türklərə dəstək verə biləcəyinin getdikcə bir ehtimal olması. Əslində bu, ehtimaldan çox Türkiyə xarici siyasəti üçün “qaçılmaz bir zərurət” olmuşdur. Zira Türkiyə Orta Doğuda olacaqsa, İranla qarşı-qarşıya gəlmək məcburiyyətindədir. İranın PKK-nı dəstəkləməsi, Türkiyənin İran Türkləri mövzusunu gündəmə gətirməsinə səbəb olmuşdur.
Türkiyənin enerji sıxıntısının olması. Türkiyə, enerji ehtiyaclarını həll etmək üçün Xəzər ilə öz sərhədləri arasında təhlükəsizliyi təmin etmək və bir koridor yaratmaq məcburiyyətindədir. Bu koridor isə Güney Azərbaycandır.
Quzey Azərbaycanda İranın Şiə qarğaşası yaratmaq istəyi Türkiyə üçün yeni bir təhdit mövzusudur. İranın Türkiyə ətrafında yaratdığı “Şiə Kəməri” qırılmadığı təqdirdə Türkiyə Orta Doğuya girə bilməyəcəkdir. Bu məsələ hər iki ölkə üçün də son dərəcə kritik bir önəmə sahibdir, bu səbəblə də mövcud qarşı-qarşıya gəlmənin yaxın zamanda bitməsi ehtimalı görünməməklə birlikdə, qarşı-qarşıya gələnlərdən birinin bölgədən qazınıb çıxarılacağı mənasına gələcəkdir. Buradakı Türkiyə-İran qarşıdurması nəticəsində İrandakı Türk Milli Hərəkatının Türkiyəyə yaxınlaşması qaçılmaz bir sonucdur və İran Türklərinin bütünlüklə mənfəətləri doğrultusundadır. Bu mənada Türkiyə-İran arasındakı gərginlik istər-istəməz Türk-Fars ayrışmasına və Orta Doğuda “məzhəb savaşı” qlobal çapda Şərq-Qərb blokları savaşı kimi alqılanan vəziyyətin İranın içinə girməsi təqdirdə bir etnik çəkişməyə və qütbləşməyə dönüşəcəkdir. İrandakı Türklər isə milli haqlarını müdafiə etmək məsələsində İran-Türkiyə qarşıdurmasından yararlanmalı və tamamilə Türkiyə cəbhəsinə sığınmalıdırlar. İstər-istəməz Quzey Azərbaycanın müstəqilliyi də bu səhnədə təmin olunacaq və qorunacaqdır". (Yeni Stratejimiz: ‘Güney Azerbaycan’ , ‘Doğu Türkiye’ Olacaktır – Mahboub MRAHY https://www.gunaz.tv/az/meqaleler/yeni-stratejimiz-guney-azerbaycan-dogu-turkiye-olacaktir-mahboub-amrahy-m9011)
Yeni “Türk açılımı” siyasəti – İran parlamentində Türk Fraksiyası
Beləliklə, aydın olur ki, Güney Azərbaycan Milli Hərəkatının desentrelizasiya hərəkatını önləmək məqsədilə İran rəhbərləri türklərə qarşı 90 ildir həyata keçirilən etnik diskriminasiya və assimilyasiya siyasətini dəyişməklə, yeni siyasi proje olan konsolidasiya platformunu qəbul etmişdir və bu məqsədlə “Türk açılımı” siyasəti izlənməkdədir və İran parlamentində “Türk fraksiyası”nın yaradılması bu siyasətin tərkib hissəsidir. İran İslam Şurası məclisində Türk Fraksiyaının yaradılması nəticəsində 1925-ci ildən etibarən yeridilən Fars kimliyinə əsaslanan "Tək millət, tək dövlət" ideyası iflasa uğramışdır. Dolayısıyla rəsmi şəkildə İranın çoxmillətli dövlət olduğu etiraf edilmişdir. Eyni zamanda 90 ildir İran-Fars stratejistlərinin Türk Milli kimliyində kimlik bunalımı yaratmaq məqsədilə ortalığa atdığı saxta Azəri kimliyi də artıq fiaskoya uğramışdır.
Orta Doğuda çatışan Türk-Fars maraqları – Türkiyə-İran qarşıdurması
"Azəri kimliyi" və "Tək millət, tək dövlət "siyasətində uğursuzluğa düçar olan İran-Fars dövləti Türkiyə, Türküstan, Güney Azərbaycan, Quzey Azərbaycan türkləri arasında bölücülük aparmaq məqsədilə yeni siyasi problemlər yaradırlar ki, bunlardan biri də Sünni türklər-Şiə türklər məsələsini gündəmə gətirmək, Orta Doğuda Türkiyəyə qarşı mübarizədə məzhəb savaşından istifadə etməkdir.
Bir çox hərəkat fəallarına görə, Türkiyə-İran arasında gedən məzhəb qarşıdurmaları Suriya və İraqda özünü göstərməkdədir. Bu iki ölkə Suriyada və İraqda qarşıdurma vəziyyətindədir. İran İraq və Suriya vasitəsilə Aralıq dənizinə qədər uzanan dəhliz yaratmaq siyasəti yeridir. İran bu "dəhliz”ə daxil olan Sincar bölgəsində öz təsirini gücləndirməyə çalışır. İranın Aralıq dənizinə doğru yaratmağa səy göstərdiyi zonanın digər istiqaməti isə Sincardan Suriya sərhəddindəki Rabiə keçidinə qədər uzanaraq, Suriyanın şimalında PKK/PYD-nin nəzarətində olan Kamışlı, Kobani və Afrin xəttinə birləşir. İran bu məqsədinin reallaşması üçün və Sincara nəzarəti əlinə keçirmək üçün terrorçu PKK ilə əməkdaşlıq etməkdədir. PKK-nın İran tərəfindən dəstəklənən Cəlal Tələbaninin Kürdüstan Vətənpərvərlər Partiyası (PUK) ilə Celevlə bölgəsində əməkdaşlığı genişləndirməkdədir. PKK Hamrin dağı və İran sərhəddindəki Hanekin bölgəsi arasında yerləşən Celevləyə nəzarəti ələ keçirtmək üçün PUK-la birlikdə hərəkət edir. Tərəflər Hanekin-Celevlə yolu ilə şimal-qərbdəki Mahmura, oradan da Sincar bölgəsinə çıxış əldə edərək, İraq Kürdüstanı sərhədlərinə paralel zonada PKK-PUK dəhlizi yaratmaq niyyətindədirlər. İranın bu dəhliz vasitəsilə Suriyanın şimalındakı PKK/PYD nəzarətində olan Rojovaya uzanan xətt üzrə PKK-nın İrandan Suriyaya maneəsiz hərəkətini təmin edəcəyi bildirilir. (https://yenicag.az/iranla-pkk-nin-sincar-emekdasligi-bolgede-yeni-kirli-ittifaq/ İranla PKK-nın “Sincar əməkdaşlığı” – Bölgədə yeni kirli ittifaq)
Hazırda İran Bəşər Əsəd rejimini dəstəkləyir, Türkiyə isə müxalifləri. Türkiyənin bağladığı atəşkəs məhz İranın dəstəyi ilə Əsəd tərəfindən pozuldu. Hələbdən təxliyə prosesində təxliyəni həyata keçirən maşın karvanlarına hücum da məhz İranın Suriyadakı qüvvələri və Əsəd ordusu tərəfindən edildi.
Türkiyə və İranın digər qarşıdurma məkanı İraqdır. Bu, Mosul əməliyyatında açıq şəkildə ortaya çıxdı. İran Haşdi-Şabi şiə qruplarını dəstəkləyir, Türkiyə isə Haşdi Vətən sünni qrupunu. İki ölkə faktiki olaraq məzhəb qarşıdurmasına sürüklənməkdədir. Məhz buna görə də Orta Doğuda Türkiyə ilə qarşıdurma vəziyyətində olan İran höküməti İran Türklərinin Türkiyəyə dəstəklərini önləmək və təcrid etmək məqsədilə “Türk açılımı” etdiyini ehtimal edirlər…
Türk Fraksiyası Milli hərəkatın hansı tələblərini yerinə yetirməlidir?
Lakin bizim fikrimizcə, Milli hərəkatımızın Türk Fraksiyasından yararlanma siyasəti formalaşmalıdır. Türk dilinin dövlət dillərindən biri olması, Urmiya bölgəsinin kürdləşdirilməsinin qarşısının alınması, İranın Ermənistanı dəstəkləməsinin qarşısının alınması, Qarabağ müharibəsində İranın Ermənipərəst siyasətinin önlənməsi kimi məsələlərdə Türk fraksiyası böyük rol oynaya bilər.
Buna görə də Milli Hərəkat bu Fraksiyanın varlığından maksimum yararlanmağa çalışmalı, fraksiya əməkdaşları ilə sıx əməkdaşlıq edilməlidir.
Milli Hərəkat 28 may 2006-cı il tarixində İslam Şura Məclisi qarşısındakı mitinqdə bir sıra tələblər irəli sürmüşdü ki, bu tələblərin yerinə yetirilməsində Türk Fraksiyası böyük rol oynaya bilər. Tələblər aşağıdakılardır:
Türk dilinin rəsmən tanınması; qurama “Azəri dilinin” (anlayış olaraq) dövlət orqanlarında, ölkənin rəsmi yazışmalarında işlədilməsinin qarşısının alınması; uşaq baxçasından tutmuş universitetədək ölkənin Türklər yaşayan bölgələrində ana dilində təhsil; Türkcə verilişlər verən ölkəmiqyaslı radio-televiziya mərkəzinin yaranması; Türk dil və ədəbiyyat qurumunun (“fərhəngistanın”), ölkə universitetlərində Türk dili kafedralarının yaradılması; Ana yasanın 15, 19 və 20-ci maddələrinin icra edilməsi və bu qanunların Azərbaycan milləti və dilinin, İranın başqa millətlərinin tanınması yönündə dəyişdirilməsi; Azərbaycan iqtisadiyyatının geriliyini aradan qaldırmaq, Tehran-Təbriz avtobanı, Urmu gölü körpüsü, Miyanə-Təbriz dəmiryol xətti, Quzey-Güney koridoru layihələrinin təkmilləşdirilməsi üçün vəsait ayrılması; Türkofobiyaya qarşı ciddi mübarizə; qövmi, irqi, dil sahəsində aparteyid əlamətlərinin ləğvi; Pəhləvi rejiminə aid irqçi fikirlərin işlədilməsinin qarşısının alınması; İran millətlərini təhqir edənlərin cəzalandırılması və bu sahədə qanunların qəbul edilməsi; Azərbaycan coğrafiyasında bütün tarixi adların geri qaytarılması; özəlliklə son bölgüyə görə Azərbaycan tarixi adlarının Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Ərak ostanlarında bərpa edilməsi; bu şəhər və ostanlardan ibarət olan Azərbaycan əyalətinin rəsmən tanınması; Sunqur, Qurvə, Bicar, Astara və başqalarının Azərbaycana qaytarılması; Türkcə adların qoyulmasına mane olmamaq; İslam Şura Məclisinin nümayəndələrindən, hərəkat fəalları və uyğun orqanların nümayəndələrindən ibarət “Azərbaycan Millətinin Haqlarını Müdafiə Şurası” adlı komitənin təşkil edilməsi; Azərbaycan siyasi məhbuslarının dərhal və qeyd-şərtsiz azad edilməsi; Novruz bayramı münasibətilə yalnız Farsdilliləri təbrik edib, İranın başqa millət və qövmlərini görməməzliyə vurulmasına son qoyulması.
Azərbaycanın qərbində və Azərbaycanın başqa sərhəd şəhərlərində yerli əhalinin [milli] tərkibinin dəyişməsinə səbəb ola biləcək hər cür siyasətin ləğv edilməsi; Fars şovinizmi ilə ciddi mübarizənin başlanması simvolu kimi İran qəzetinin çapının tamamilə dayandırılması; İranda milli və qövmi aparteidin tamamilə dayandırılması; Ermənistanla siyasi, ticari və mədəni əlaqələrin tamamilə kəsilməsi; Pan-Farsizm siyasətinin (Əfqanıstan, Tacikistan və İranın birliyi) tamamilə dayandırılması; İranı Fars dövləti və “Persia” kimi təqdim etməkdən əl çəkilməsi; İranın çoxmillətli ölkə kimi təqdim edilməsi və ana yasada İran millətləri və qövmlərinin hamısının rəsmən tanınması; Azərbaycanın iki tayı arasında mədəni sərhədlərin götürülməsi və Araz çayı üzərində dostluq və barış körpülərinin tikilməsi; Xəzər dənizinə “Mazandaran” adının qoyulmasının qarşısının alınması; Fars dilində əskinaslarla yanaşı, ölkədə Azərbaycan Türkcəsində də əskinasların çap edilməsi; Azərbaycanın əski və milli abidələrinin təmiri və onların dağıdılmasının önlənməsi; özəlliklə Təbriz Ərk qalası və ətrafında səliqə-sahmanın yaradılması; Təbriz Ərkinin yanında Azərbaycan Türk Dili və Ədəbiyyatı Qurumunun qurulması; Azərbaycanda turistik imkanların yaradılması; Təbrizdə Azərbaycan ilə dostluq evinin, Urmuda Türkiyə ilə dostluq evinin yaradılması; Azərbaycanda, özəlliklə Muğan çölü və Qoşaçayda (Miyandabda) moderm əkinçilik imkanlarının yaradılması; Azərbaycanın tarixi abidələrinin səd sularının altında qalmasının önlənməsi və bu iş üçün xüsusi büdcənin ayrılması; Azərbaycanın tarixi abidələrinin Təbriz, Urmu, Ərdəbil, Qəzvin, Həmədan və Zəncan muzeylərinə geri qaytarılması; Azərbaycan Türkcəsində kitabların çapına yardım etmək, Azərbaycan tarixi və ədəbi kitablarının araşdırılması və siyahıyaalınması məqsədilə Azərbaycan Nəşr Fondunun yaradılması; Azərbaycanın bütün şəhərləri arasında sürətli qatar yollarının çəkilməsi və hava limanlarının tikilməsi, eləcə də Azərbaycan tranzit yollarının genişləndirilməsi; İpək Yoluna diqqətin yetirilməsi; Türkmən, Qaşqay, Xorasan Türkləri, Xələc Türkləri adı ilə İrandakı Türk millətlərinin rəsmən tanınması; Azərbaycanda sərmayə qoyuluşunun qarşısında duran hüquqi və başqa maneələrin ləğv edilməsi; Azərbaycanın milli mütəfəkkirlərinin, böyüklərinin, qəhrəmanlarının və başqalarının Azərbaycanın və İranın bütün şəhərlərində heykəllərinin qoyulması; Milli Sərdar Səttar Xanın və Milli Savunar Səfər Xanın şərəfli məzarlarının Təbrizə gətirilməsi; Ölkənin rəsmi təqviminə Azərbaycanın milli böyüklərinin doğum və ölüm günlərinin, tarixi dövrlərinin daxil edilməsi kimi məsələlərin həllində Türk fraksiyası ilə sıx iş birliyi quraraq, Türklərin maraqları və mənfəətləri doğrultusunda mümkün ola bilən bütün işlər həyata keçirilməlidir.
Fikrimizcə, Türk Fraksiyası türk maraqlarını və mənfəətlərini təmsil etməlidir və Fars İranının Türk-Turanına keçişinə zəmin hazırlayan ortam yaratmalı, bu tarixi görəvi yerinə yetirməlidir. Türk Fraksiyası İranın Ermənistan və Qarabağ siyasətinin dəyişilməsinə nail olmalı, İranın Fars Mərkəzli siyasət yeritməsinin qarşısını almalıdır…