XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

04 Mart 2015 - 07:59

“AXCP-ni PARÇALAMA PLANI”nı ƏLİ KƏRİMLİYƏ KİM SIZDIRIB?!

ali.jpg

AXCP sədri çətin seçim qarşısında!

Manatın devalvasiyası haqda rəsmi qərar ölkədə baş verən çox mühüm bir hadisəni – uzun illər Azərbaycanın əsas müxalif siyasi təşkilatı sayılan AXCP-də yaşananları arxa plana keçirdi. Hazırda medianın bütün diqqəti ölkə iqtisadiyyatının gələcək taleyi üzərində fokuslaşdığından, AXCP sədri Əli Kərimlinin öz müavini Razi Nurullayevi qəfildən vəzifəsindən uzaqlaşdırmasının, ardınca da bu hadisəylə birbaşa və dolayısıyla əlaqələndirilə biləcək digər mühüm olayın – PA-nın şöbə müdiri cənab Əli Həsənovun Prezidentin köməkçisi vəzifəsinə təyin olunmasının arxasında yatan mətləblərə aydınlıq gətirilmədi.

Bəs, əslində nə baş verir? ölkənin ana müxalifət partiyasında qəfil başlanan bu prosesin kökündə nə yatır, Razi Nurullayevin istefaya göndərilməsi ilə Əli Həsənovun məlum təyinatı arasında hər hansı əlaqə tapmaq mümkündürmü?

Gəlin, tələsmədən bu suallara cavab tapmağa çalışaq.

Məlumat üçün bildirək ki, Razi Nurullayevi yaxından tanıyanlar onun dar çərçivələrdə hökumət içərisində ciddi siyasi əlaqələrinin olduğunu heç vaxt gizlətmədiyinin şahididirlər. Elə Nurullayev özü də açıq mövqe tələb edən bütün kritik situasiyalarda təmsil etdiyi partiyanın yox, hökumətin yanında yer aldığını inkar edə bilməz: onun radikal cəbhəçilərin dövlət başçısının əleyhinə sosial şəbəkələrdə apardıqları kampaniyadan kənarda durması, AXCP-nin aksiyalarının təşkilinə laqeyd və biganə münasibəti, daha çox QHT sektorunda fəallıq etməsi və burada da cənab Əli Həsənovun çətiri altında fəaliyyət göstərən QHT Şurasının sədri Azay Quliyevin maraqlarını açıq müdafiə etməsi hər kəsin bildiyi həqiqətlərdəndir. Şübhəsiz, bu həqiqətlər hökumətin son illərdəki basqılarından “yaxşı bir əməliyyatçı” kimi yetişmiş və ətrafının hər bir hərəkətini diqqətlə izləməyə kifayət qədər vaxtı və imkanı olan Əli Kərimliyə də məlum idi. Belədə isə, haqlı sual yaranır: Əli Kərimlini nə vadar etdi ki, Razi Nurullayevi daha əsaslı sübut olanda (onun hökumətin QHT siyasətini müdafiə edən yazısının dərc olunduğu vaxt) yox, məhz indi AXCP-dən uzaqlaşdırır, sonra da, ABŞ səfirliyinə yola düşür?

Deməli, Əli Kərimlidə Razi Nurullayevlə bağlı hansısa səhih məlumat olub ki, onun vəzifəsindən uzaqlaşdırılmasının hakimiyyətin əlində özünə qarşı böyük bir təbliğat tezisinə çevriləcəyini bilə-bilə, AXCP sədri bu addımı atıb. Yəni, belə demək mümkünsə, hansısa bir şərait və ya məlumat Əli Kərimlidə qabaqlayıcı addımın qazancının Razi Nurullayevin AXCP-dən çıxarılması itkisindən daha faydalı olduğu qənaətini yaradıb…

razi.jpg

Hələlik, siyasi dairələrdə yayılan ilkin informasiyalara görə, AXCP rəhbərliyinə daxil olan şəxslərdən biri (adı bizə məlumdur, etik səbəblərə görə çəkmirik) Əli Kərimlini inandırıb ki, hökumət AXCP-nin qarşıdakı aylarda keçirilməsi gözlənən qurultayında Müsavat Partiyasındakı ssenarini təkrarlamaq niyyətindədir, AXCP-ni parçalama planının başında isə Razi Nurullayev duracaqmış!

Şübhəsiz ki, Razi Nurullayevin də eynilə Qubad İbadoğlu kimi QHT sektorundan gəldiyini, Qərb ölkələrinin səfirlikləri, eyni zamanda hakimiyyətlə isti əlaqələrinin olduğunu bilən və son bir neçə ayda da qəfildən fəallaşdığını görən Əli Kərimli “inandığı şəxsin” bu məlumatına biganə qala bilməzdi və dərhal tədbirini də gördü…

Elə Razi Nurullayevin də AXCP-dən uzaqlaşdırılması xəbərinə ilk vaxtlar tarazlığını itirmiş şəkildə reaksiya verməsi, daha sonra AXCP-ni yeniləşdirmək istəyinin olduğunu bildirməsi və çıxışlarının analizi də təsdiqləyir ki, həqiqətən, onun AXCP ilə bağlı hansısa planları olub.

Ancaq burada bizim diqqət çəkmək istədiyimiz tamam başqa bir amildir: əvvəla, hökumətin belə bir planı olubsa, Əli Kərimlinin ətrafı bundan necə xəbər tutub? Əgər həmin şəxs hökumətin özünün AXCP-yə yerləşdirdiyi adamdırsa, o halda hakimiyyətin planını hansı maraqlar naminə onun əsas rəqibinə sızdırıb? Əli Kərimlinin yanında etibar qazanmaqmı üçün?! Bəlkə, kimlərsə “AXCP-ni parçalama planı”nın müəllifliyini Əli Həsənovdan almaq istəyib?! Bəlkə, kimlərdəsə Əli Həsənovun Prezidentin köməkçisi təyin olunacağı haqda öncədən məlumat olub və bu təyinatı əngəlləmək üçün informasiya məqsədli şəkildə Əli Kərimliyə sızdırılıb…?!

Hər halda cavab tələb edən suallar çoxdur. Ancaq görünən odur ki, cənab Əli Həsənovun təyinatının bundan sonra müxalifət düşərgəsində, o cümlədən AXCP-də cərəyan edəcək proseslərə birbaşa və dolayısı ilə təsiri çox olacaq…

hesenov.jpg

Xatırlayırsınızsa, bu təyinatınadək məhz Əli Həsənovun Prezident adından təmsilçiliyi ilə müxalifət düşərgəsi ilə iki görüş keçirilib. Ancaq bu bir həqiqətdir ki, görüşlərin müxalifət adına legitimlik qazanması, iqtidar-müxalifət dialoqu kimi dəyərələndirilmsi və davam etdirilməsi üçün ölkənin iki əsas partiyasının – Müsavatın və AXCP-nin iştirakı çox əhəmiyyətlidir. Müsavat Divanının son qərarının təhlilindən belə anlaşılır ki, bu partiya da enində-sonunda dialoqa qatılacaq, sadəcə, AXCP-nin bundan bəhrələnəcəyindən və ictimai rəyi onun əleyhinə çevirəcəyindən ehtiyatlanır. özünü müxalifət adlandıran digər partiyalara isə cənab Əli Həsənovun imzası ilə bircə məktub kifayət edir ki, hamısı növbəyə düzülsün…

azay.jpg

Deməli, Prezidentin adından həyata keçiriləcək müxalifətlə dialoq siyasətinə indi tək bircə partiyanın – AXCP-nin emosional mövqeyi əngəl törədir. Bir qədər də desək, iki mühüm tədbirin – Avropa Oyunlarının və parlament seçkilərinin keçiriləcəyi, beynəlxalq diqqətin yönələcəyi Azərbaycanda hakimiyyətin “yuxarıdan islahat” strategiyasında AXCP-nin, konkret olaraq, sədr Əli Kərimlinin tutduğu barışmaz mövqe hökuməti qarşıdakı mərhələdə bu partiyaya qarşı daha sərt tədbirlərə əl atmağa vadar edə bilər. çox güman ki, hakimiyyətə yaxın media və şəxslərin son vaxtlar Əli Kərimlinin vaxtilə hakimiyyətlə əməkdaşlıq etməsi faktını yenidən gündəliyə gətirməsi də səbəbsiz deyil…

Necə deyərlər, hökumət artıq Əli Kərimlinin ciddyə alacağı iki addımla öz mesajını verib:

1. Əli Kərimliyə dolayısı ilə anladılıb ki, AXCP növbəti dəfə hər an öz bətnindən yeni bir “partiya” doğa bilər – Razi Nurullayevin, Zemfira Məhəddinovanın məlum açıqlamaları isə hətta bu prosesə hüquq-mühafizə orqanlarını da qoşmağa, işi kütləvi həbslərədək uzatmağa imkan verir;

2. Aparılacaq dialoqda Əli Həsənov Prezidenti təmsil edəcək və nəticələri də birbaşa ona məruzə edəcək…

dialoq.jpg

İndi top AXCP sədrindədir: o, regionda gedən prosesləri, Qərbin də Azərbaycanda sabitlik istəyini nəzərə alaraq, partiyasını və özünü qorumaq naminə ya hakimiyyətin uzatdığı barışıq əlini sıxmalı, ya da onsuz da seyrəlməkdə olan tərəfdarlarının növbəti ələmə prosesinə şahidlik etməlidir.

Tarix sübut edib ki, qərarlarında müstəqil olan əsl lider heç vaxt tərəfdarlarını mənasız yerə qurban verməz!

Elxan Şükürlü,

“İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyinin sədri