XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

09 Fevral 2017 - 03:36

Professor Ramazan Siracoğlu yazır:"Azərbaycanlılar Nuru Paşanı qaladan niyə qaçırmışdılar?" - ARAŞDIRMA

nurupasham-111

Parlaq şəxsiyyət olan Mirliva (General-leytenant) Nuru (Nuri) Paşa haqqında sağlığında da, dünyasını dəyişəndən sonra da söz-söhbətlər səngiməyib. Bütün rütbələrində millətə sədaqətlə xidmət edən şücaətli əsgər olub, elə əbədiyyətə də əsgər kimi uğurlanıb. Bu yazıda Bakının xilaskarı kimi milli yaddaşımıza həkk olunmuş, millətimizin daşnak məzalimində əliyalın qaldığı, qədərinə tərk edildiyi bir zamanda özünü yetirib “Çək qılıncın, Azərbaycan, gəldim!”– deyə hayqıran əfsanəvi Nuru Paşadan bəhs etməyi özümə borc bilirəm.

Dərhal qeyd etmək lazımdır ki, Nuru Paşanın Azərbaycana  gəlişini qızıl-gümüş ələ keçirmək, sərvət hərisliyi ilə bağlamaq heç bir tənqidə duruş gətirməyən məntiqsiz fikirdir. Sərvət  sahibi olmaq istəsəydi, həyatını niyə riskə atırdı: tacir olardı, sələmçilik edərdi və ya İstanbul zənginlərindən birinin qızı ilə evlənib sakit həyat yaşayardı…

Digər tərəfdən, Nuru Paşa sərvət eldə etmək istəsəydi, daha kiminsə ona göndərəcəyi qızılı gözləməzdi. Əmrində olan ordu ilə istənilən  bankı, bankiri, milyonçunun sərvətini ələ keçirərdi. Unutmaq olmaz ki, o, qarətçi, yağmacı, yol kəsən, quldur yox, ƏSGƏR idi. Aldığı tərbiyə, fikri, düşüncəsi, zehniyyəti Nuru Paşaya var-dövlətə görə ülvi dəyərlərdən imtina etməyə son nəfəsinədək imkan verməmişdi.

XIX əsrdə Osmanlı dövlətindəki separatçı qüvvələri intensiv şəkildə təhrik və təşviq edən Rusiya, İngiltərə və Fransa nəticə etibarı ilə böyük bir imperatorluğun süqutuna nail olmuşdu. Bir-birinin ardınca baş verən 1828-1829, 1853-1856, 1877-1878, 1912-1913, 1914-1918- ci illər müharibələri Osmanlı dövlətini iflic vəziyyətinə gətirmişdi. Mütəmadi olaraq ölkə daxilində bitib- tükənməyən iğtişaşlar, ayaqlanmalar, təxribatlar, iqtisadi sabotajlar, terror hərəkətləri ölkəyə fəlakətli  dərəcədə  təsir göstərməsinə baxmayaraq, Osmanlı dövləti imkan daxilində Azərbaycana kömək göstərirdi. Mübaliğəsiz qeyd etmək olar ki, bu mənada 1918-ci ilin 4 iyununda Batumidə imzalanmış saziş əsasında Azərbaycan Demokratik Cümhuriyyətinin istəyi ilə  hərəkət edən Nuru (Nuri) Paşanın komandan olduğu Qafqaz İslam Ordusunun  xilaskarlıq hərəkatı birmənalı şəkildə qəhrəmanlıq xariqəsidir.

nuru-1

Nuru Paşanın əskərləri Qazaxdan keçərkən. 06. 06. 1918

 

1918-ci ilin iyun ayının 8-də Gəncəyə gələn türklərin oxuduğu hərbi marşlar, xüsusən

“İrevan’ın sürüsün,

Sürün, dağlar bürüsün.

Şanlı Türkün ordusu

Gence deyin, yürüsün.”

“Kafkas dağı, yol ver bize,

Biz Bakü’ye varacağız.

Babalardan miras kalan,

Toprakları alacağız…”

sözləri xalqı coşdururdu.

İki qardaş igid əsgəri birlik qısa müddət ərzində Gəncə və ətraf yerləri  düşmənlərdən təmizlədikdən sonra 1918-ci ilin 18 iyununda  əsas strateji hədəfə – Bakı uğrunda həlledici cəbhəyə yola düşdü. Minnətdar və vəfalı gəncəlilər Nuru Paşa və Mürsəl bəyin əsgərlərini hərarətlə uğurlayırdılar:

Qatar gəlib yan verir

Gəncəliyə şan verir.

Gəncənin cavanları

“Bakı!” – deyə can verir.

nuru-2

Nuru Paşa ilə Yollar, poçt və teleqraf naziri Xudadad bəy Məlikaslanov Gəncə xəstəxanasında yaralı türk əsgərlərini ziyarət edərkən (15. 06. 1918)

Dövlət himnimizin müəllifi, unudulmaz Əhməd Cavadın o ərəfədə mətbuatda yayınlanmış şeiri də Nuru Paşanın qəhrəman xilaskar ordusunun azadlıq dastanına bir ərməğan idi:

Ey şanlı ölkənin şanlı ordusu,

Unutma Qafqaza gəldiyin günü.

Gəlirkən qovmağa Turandan Rusu

Ayağını Qara dəniz öpdümü?

İlk atarkən əski bürcə addımı

Qars qalası salam topu atdımı?

Sən yaparkən orda zəfər şənliyi

Məğlub düşmən qaşlarını çatdımı?

Bakıda, Qubada, Şamaxıda, Göyçayda, Kürdəmirdə törədilən qətliamın, qəddarlıqla öldürülmüş minlərlə günahsız qardaş və bacılarının qisasını azğın daşnaklardan almaq üçün ətraf yerlərdən – Şilyandan, Muradxandan, Bayatdan, Alpoutdan, Şıxbəylidən, Carlıdan, Söyüdlüdən, Ləkidən, Bərgüşatdan gələn qeyrətli Azərbaycan oğullarının da misilsiz yardımı ilə Nuru Paşanın şanlı əsgərləri 27 iyun 1918-ci ildə Qaraməryəm-Kürdəmir istiqamətində onların Bakıya yürüşünü dayandırmaq istəyən daşnak və tərəfdarlarının azğın dirənişini darmadağın edərək, türk hərb salnaməsində  yeni parlaq səhifə açmışlar.

1918-ci ilin 30 mart – 3 aprel günlərində  Bakıda xüsusi qəddarlıq törədən  və cəzasız qalacaqlarından əmin olan azğın daşnaklar osmanlılarla olacaq döyüşdə ağqvardiyaçılar G. Korqanovun, general Dokuçayevin, Biçeraxovun,  Birləşmiş Krallığın polkovniki L. Danstervilin nizami əsgəri birliklərinin fəal yardımına güvənirdilər. Onların hətta 3 zirehli maşını və 2 ədəd “Martinsyde G.100” tipli hərbi təyyarəsi də vardı. Lakin heç bir şey Nuru Paşanın əsgərlərinin qələbə yürüşünün qarşısını ala  bilmədi.

31 iyul 1918-ci ildə Bakı civarında tərəflər qarşı-qarşıya gəldilər. Bir həftə boyunca türklərə müqavimət göstərə bilən daşnaklar və tərfdarları tədricən mövqelərini itirməyə başladılar. 15 avqustda türklər Bibiheybət və Badamdar yüksəkliklərini artıq fəth etmişdilər. 15-ci “Çanakkale” diviziyasının 8 sentyabr 1918-ci ildə Bakıya gəlməsi, 10 sentyabrda Nuru Paşanın birbaşa cəbhəyə təşrifi əsgərləri həlledici döyüşə səfərbər etdi. 14 sentyabrda səhər tezdən bütün cəbhə boyu türk artileriyasının intensiv yaylım atəşlərinin təsirindən  düşmən sipərləri yerlə yeksan edildi. “ALLAH, ALLAH!” təzahüratları ilə  hücuma keçən qəhrəman əsgərlərinin nərəsindən daşnaklar pərən-pərən oldular. Denstervil can hayında olan fərari daşnakları bir araya gətirməyin mümkünsüzlüyünü görüb hava qaralan kimi, özü və donanması Bakını tərk etdi. Sentrokaspi xuntası da çarəni qaçmaqda gördü. 36 zabit, 1651 daşnaq silahlısı əsir  düşdü. 1918-ci ilin 15 sentyabr səhərində, saat 9-da Nuru Paşanın əsgərləri Bakıya daxil oldu. Bu şanlı qələbə münasibətilə o zaman hərbi nazir olan Ənvər Paşa qardaşı Nuru Paşaya təbrik teleqramı göndərmişdi: “Türk ve islam tarihi Sizin bu hizmetinizi unutmayacaktır. Gazilerimizin gözlerinden, öper, şehitlerimize fatihalar ithaf ederim – ENVER PAŞA”.

Nuru Paşanın əsgərlərinin Bakıya girişini bakılılar “ALLAHU Əkbər”, “Maşallah”, “Qurban sən tək qardaşa, Nuru Paşa, çox yaşa” təzahüratları ilə qarşıladıqları zaman Bakı limanında başqa mənzərə hökm sürürdü. O günlərdən bəhs edən Aleks Marşalın 2009-cu ildə yayınlanmış kitabında  yazılır ki, “Armenians crowded the harbour in a frantic effort to escape”  "Limanı doldurmuş ermənilər vahimə içində qaçıb qurtulmağa çalışırdılar”. (Alex Marshall. The Caucasus Under Soviet Rule, s. 96). Həmin hadisənin şahidi olmuş və Ənzəliyə qaçmış Yeqişe Kaqamyans bir il sonra belə yazmışdı:

در محله‌های ارمنی‌نشین دیگر کسی باقی نماند. مرد، زن و کودک بقچه به بغل آشفته به سوی ساحل

                                                                                                دریا میدویدند

“Ermənilər oturan məhəllələrdə daha kimsə qalmamışdı: kişi, arvad, uşaq qoltuqlarında boğça dəli kimi dəniz sahilinə tərəf qaçırdılar”.

nuru-3

“Səməd Ağa” gəmisi ilə qaçan daşnaklar (15. 09. 1918. Ənzəli limanı, İran)

nuru-4

“Qurd qapısı” tərəfdən Bakını almaq üçün hazırlıq görən türk əsgərləri (26. 08. 1918)

 

nuru-5

Birləşmiş Krallığın daşnakları dəstəkləməyə hazırlıq görən döyüşçüləri (26.08. 1918)

 

30 oktyabr 1918-ci ildə Lemnos adasının Mudros (Mondros) limanında Böyük Britaniya ilə Osmanlı dövləti arasında imzalanmış və tarixdə "Mudros" atəşkəsi ilə tanınan sazişin 11-ci maddəsinə uyğun olaraq, Nuru Paşa 1918-ci ilin 16 noyabrında Bakını tərk edir. Türklər 1918-ci ilin dekabr ayının 15-də Azərbaycandan tamamilə çıxıb gedirlər.  

Qeyd etmək lazımdır ki, admiral Artur Somerset Kaltorpun diktəsi ilə hazırlanmış və Osmanlı dövlətinin təmsilcisi Hərbi Dəniz Donanmasının başçısı Hüseyin Rauf Orbaya qeydsiz-şərtsiz imzalatdırılmış Mudros sazişi ermənilərə çox imtiyazlar tanımışdır. Türklər Azərbaycandan gedən kimi, İrana qaçmış daşnaklar geri qayıtdılar. Onların Bakı katolikosu Baqrat Vartanyan hətta ingilislərdən umu-küsü edərək qaçqınları havayı aparmadığına görə, gəmicilik şirkətini məhkəməyə verəcəyini bildirmişdi.

Bakını tərk etmək haqqında əmr alan Bakı xilaskarı Nuru Paşa və Mürsəl bəy Batumidə limanda həbs olunaraq ingilislərə təslim edilir. İngilislər onu bər müddət Ərdəhan qalasında dustaq saxlayırlar. Nuru Paşanın Ərdəhan qalasında dustaq saxlanıldığını öyrənən bir qrup azərbaycanlı fədai həyatlarını təhlükəyə ataraq 1919-cu ilin 8 avqust gecəsində misli görünməmiş bir şücaətlə onu Ərdəhan qalasından – ingilislərdən qurtarmağa müvəffəq olur. Sanki bu dəfə Azərbaycan öz fədailərinin simasında Bakı xilaskarına olan şükran borcunu ödəyirdi.

Bakını daşnak zülmündən qurtarmış Mürsəl bəy isə Malta adasına sürgün olunur. Müxtəlif çətinlikərlə üzləşmiş Nuru Paşa da qardaşı Ənvər Paşa kimi, bir partlayış nəticəsində həlak olmuşdur. Nuru Paşanın nəşi tapılmadığından, müftiliyin fətvası ilə ona cənazə namazı qılınmamışdır. Parlaq şəxsiyyət Nuru Paşa öz gedişi ilə də şimşək kimi kəhkəşanı aydınlatmışdır.

Uzun müddət unutdurulmağa çalışılsa da, Azərbaycan öz xilaskarını əsla unutmur. 1990-cı ilin 20 yanvarında Nuru Paşanın yeri görünürdü, gəlməməsinə çox üzülmüşdük, bəbəkləri yaş donmuş gözlərlə Onu aramış, görməmişdik və giley də etmişdik:

Ürəklər döndü daşa,

Uzaq qardaş-qardaşa.

Gəlmədi Nuru Paşa

Ağla qərənfil, ağla…

Nuru Paşanın Azərbaycana gəlişini millətin əksəriyyəti rəğbətlə qarşılasa da, buna müxalif düşünənlər də olmuşdur. Məsələn, T. Svietoçovskinin 1985-ci ildə Kembric Universitetində yayınlanmış “Rusiya-Azərbaycan: 1905- 1920”  kitabında iddia olunur ki, “Ottoman interference led some elements of Azerbaijani society to oppose Turks” "Osmanlıların müdaxiləsi Azərbaycan cəmiyyətində bəzi ünsürlərin türklərə müxalif olmasına apardı” (s.12).

Cəfər Cabbarlının qələmə aldığı “Bakı müharibəsi” və  Mirzə Bala Məhəmmədzadənin yazdığı “Bakı uğrunda müharibə” əsərlərində  Bakı xilaskarı Nuru Paşanın komandanlıq əzmi və üstün taktiki manevr qabiliyyəti, Azərbaycana olan dəruni sevgisi ön plana çıxarılmışdır. Təəssüf ki, həmin əsərlər sonradan yoxa çıxmışdır.

Yüksək amallı milli təəssübkeş, ülvi ideyalar uğruna fədakar mücahid, arzusu millətə təmənnasız xidmət olan böyük türk sərkərdəsi Nuru Paşa, haqqında bəzilərinin məqsədyönlü şəkildə uydurduğu insinuasiyalara (şərləmələrə) rəğmən, qədirbilən Azərbaycan övladlarının xatirəsində əbədi olaraq "Bakı xilaskarı" kimi qalacaqdır.

…Təsəvvürümdə Bakının girəcəyindəki ən yüksək yerdə Nuru Paşanın at üstündə xəyali heykəlini görürəm. Özündən əmin, ciddi baxışlı, şux oturuşlu Paşa sanki nigaranlığımı hiss edir, dodaqlarında donmuş xəfif təbəssümlə  söylədiyi: "Merhaba, Bakü!" – salamına mən də ehtiramla “Xoş gəldiniz, Paşam!” pıçıldayıram.

 

Professor Ramazan SİRACOĞLU