XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

09 Fevral 2017 - 08:00

İranda Azərbaycan dilinin tədrisi prosesində maneələr:Azərbaycanın rəsmi dili cənubda niyə "yad" elan edilib?

iran-anadili

İran İslam Respublikasının indiki prezidenti Həsən Ruhaninin seçkidən öncəki ən mühüm vədlərindən olan etniklərin hüquqları barədə, xüsusilə yerli dillərin tədrisi ilə əlaqədar fikirlərinin həyata keçirilməsi böyük maraqla gözlənilirdi. Azərbaycan dilinin tədrisi, Türk dili Mərkəzinin yaradılması və Urmiya gölünün qurtrılması vədləri ilə H. Ruhani Azərbaycan vilayətlərində orta hesabla 60% səs toplamışdı. Halbuki o, doğulduğu vilayəti olan Semnanda təxminən 40% səs toplamışdı.

Məlumdur ki, İranda türklərin əksəriyyətini Azərbaycan türkləri təşkil edir, lakin bununla bərabər Xorasan türkləri, türkmənlər, qaşqaylar və digərləri də böyük saydadır. Türk dilində təhsil tələbləri bütün İran türklərinin milli tələbləridir və onların müxtəlif nümayəndələri bu prosesin içərisində yer alırlar.

Son 4 ilə yaxın müddətdə türk dilində təhsil hüququ barədə rəsmilərin (dövlətin ali rəsmiləri, bir çox deputatlar və başqa), KİV-lərin, eləcə də əhalinin müxtəlif nümayəndələrinin vaxtaşırı fikirlər səsləndirdiyi görüldü. Bu fikirlər içərisində universitetlərdə və məktəblərdə türk dilinin tədrisinin istənildiyi önə çıxır. Eyni zamanda türk dilində televizya, türk dilinin də rəsmi dil elan olunması və digər fikirlərə də rast gəlirik.

H.Ruhaninin prezidentlik dövründə milli tələblərin reallaşdırılması yönündə cəhdləri mühafizəkar qüvvələrin təhlükəsizlik məsələləri bəhanələri ilə ciddi müqavimətlə ilə qarşılaşdı.

Ana dilində təhsil istəyənlər tələblərinin konstitusion hüquqları və öz dilində danışmağın insanların təbii haqqı olması arqumentləriylə müdafiə edir, İranda savadsız kütlənin əksəriyyətinin etniklərdən ibarət olduğu və bunun fars dilində təhsil alma məcburiyyətindən yarandığı fikriylə əsaslandırırlar.

Ana dilində təhsili tələb edənlər bunu hətta psixoloji amillərlə izah edərək, insanın ana dilində danışmasının ona verdiyi özünəinam, hisslərini düzgün ifadəetmə, psixoloji rahatlıq və digər amilləri də qeyd edir, xarici dillə bu özəlliklərindən çox şeyi itirdiklərini vurğulayırlar.

Məsələyə siyasi yöndən baxanlar bu addımın xarici müdaxilələrin qarşısını alacağını bildirir, dünyanın, demək olar ki, bütün dövlətlərində çoxsaylı etnik qrupların dilinin rəsmi dil kimi tanındığına diqqət çəkirlər.

Prezidentin vədlərinə uyğun olaraq, keçən ilin ortalarından orta məktəblərdə türk dilinin tədrisinə başlanacağı xəbərləri yayılmış, İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin aidiyyəti rəsmiləri bunun üçün məktəblərdə müvafiq imkanların olduğunu qeyd etmişdilər.

2016-cı ildə prezidentin vədlərinə uyğun olaraq Təbriz Universitetində türk dili və ədəbiyyatı ixtisasının açılması, ardınca Urmiya Universitetində, son günlərdə isə Marağa Universitetində bu fənnin tədrisinə başlandığının bildirilməsi bu sahədə ilkin mühüm addımlar sayıla bilər. Yəqin ki, müəyyən zaman içərisində orta məktəblərdə də bu prosesin başlandığının şahidi olacağıq. Bu sahədə regional televizyaların və radioların fəaliyyəti, ana dilində çıxan qəzet və jurnallar, internet saytları, əksəriyyəti ədəbiyyat sahəsində olmaqla çıxarılan kitablar və digərlərini qeyd etmək olar.

Araşdırmada diqqət çəkmək istədiyimiz digər bir məqam vardır. Ana dilinin tədrisinə qarşı olan qüvvələr türk dilində təhsilə qarşı çıxmaqla bir nəticəyə çatmadıqlarını anladıqda, bu dəfə metodu dəyişməklə gedən prosesdə yer almağa və mümkün qədər bu prosesin özünü digər axara yönləndirməyə çalışırlar. Müxtəlif şəxslərin və ya məqamların dilindən səsləndirilən fikirlərdə bir ideologiyanın təbliği görünür: "İran azərbaycanlılarının dili ilə Azərbaycan Respublikasının rəsmi dili bir-birindən köklü şəkildə ayrıdır, Azərbaycan Respublikasının rəsmi dili İran azərbaycanlılarına yad dildir, yerli azəri dili tədris olunmalıdır." 

Bu barədə izahlarda Azərbaycan dili üçün “Bakı dili”, “Qafqaz türkcəsi” kimi qondarma adlar qarşısında İran Azərbaycanı üçün “Azəri dili”, “Təbriz ləhcəsi” və digər “ixtira”lara rast gəlirik.

Təbriz Universitetində ixtisas açıldığı zaman ilk olaraq ixtisasın adı üstündə ziddiyətli yanaşmalar müşahidə olundu. Bu ixtisası bir qrup "türk dili", bir qrup isə "azəri dili" adlandırdı. Son zamanlarda “axar.az” saytında fars əlifbası ilə Azərbaycan dilində xəbərlərin verilməsi həmin mühafizəkar qüvvələr tərəfindən nifrətlə qarşılanmış, bu, "Azərbaycan Respublikasının rəsmi dilinin "azəri dili" adına İran azərbaycanlıları arasında təbliği" kimi dəyərləndirilmişdir.

Bu sahədə müəyyən "azəri dili" lüğətlərinin hazırlanması xəbərlərinə də rast gəlirik. Bu lüğətlərin və təbliğatların bəzilərində "azəri dili" adı altında fars dilinin bir ləhcəsindən bəhs olunduğu məlumdur.

Eyni zamanda hazırlanmış bir sıra dərsliklərdə Azərbaycan dilinin rəsmi qrammatika qaydalarına uyğunlaşdırma və ya ümumiişlək olmayan bəzi sözlərin işlədilməsi bu qüvvələrin tənqid hədəfinə çevrilir. "Azəri dili" təbliğatı bəzən müəyyən şəxslərin etirazlarına səbəb olduqda mühafizəkar qüvvələr bunu belə öz xeyirlərinə istifadə etməyə çalışır, “bu etirazlar göstərir ki, onların istədikləri dilin tədrisi deyil, ayrı məqsədlərdir” kimi siyasi məsələlərə yönləndirilir.

Türk dilinin tədrisinə qarşı çıxan qüvvələrin digər taktikası əhalinin türk dili barədə tələblərinin köklü olmadığı, müəyyən seçki məqsədlərinə xidmət etdiyi, bu səbəbdən Təbriz Universitetinin türk dili və ədəbiyyatı ixtisasının tələbələrinin ixtisaslarını dəyişməyə başladığını bildirirlər.

 

Ş.Savalan

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə