XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 February 2017 - 20:53

Rus diplomatiyasının başı üzərində kabus –3 ayda 5 diplomatın ölümü

rusiya-xin

Rusiyanın BMT-dəki daimi təmsilçisi, təcrübəli diplomat Vitali Çurkin fevralın 20-də Nyu-Yorkda qəfil vəfat edib. Media məlumatlarına əsasən, bir gün sonra 65 yaşı tamam olacaq diplomat iş otağında olarkən qəflətən halı pisləşib və ürək tutması ilə xəstəxanaya aparılıb. Ancaq həkimlər diplomatın həyatını xilas edə bilməyib

2006-cı ildən Rusiyanın BMT təmsilçisi postunu tutan Çurkin təcrübəli diplomat kimi tanınırdı. Onun çalışdığı illər Rusiya ətrafında ən gərgin hadisələrin baş verdiyi dövr olub. Gürcüstan müharibəsi, Liviya, Ukrayna hadisələri, Suriyaya hərbi müdaxilə kimi Rusiyanı Qərb dünyası ilə qarşı-qarşıya gətirən beynəlxalq qalmaqallar zamanı Moskvanı BMT tribunasında Çurkin təmsil edib.

Rusiya XİN yaydığı başsağlığı mesajında Çurkin “qeyri-adi, işıqlı və sevilən insan, böyük diplomat” olaraq təqdim olunub. Qərb mediasının xəbərlərinə görə, diplomatın qəfil ölümü BMT dəhlizlərində şok yaradıb.

BMT Baş Katibinin sözçüsünün müavini Farhan Haq yaydığı qısa açıqlamada Çurkin haqqında yüksək fikirlər qeyd edib və ailəsinə başsağlığı verib. Hadisə ilə bağlı BMT toplantısında bir dəqiqəlik sükut elan olunub. Rusiya prezidenti isə diplomatın ailəsinə və XİN əməkdaşlarına başsağlığı verib.

Rusiyanın əsas rəqibi ABŞ-dan da Çurkin ölümü ilə bağlı başsağlığı mesajı gəlib. ABŞ-ın BMT-dəki sabiq daimi təmsilçisi Samanta Pauer “Twitter”dən yaydığı açıqlamada Çurkinin “bir drijor kimi ABŞ-Rusiya anlaşılmazlıqlarını həll etmək üçün çalışdığını” qeyd edib. Pauer Çurkinin ölümündən dəhşətə gəldiyini qeyd edib.

Qeyd edək ki, Vitali Çurkin 21 fevral 1952-ci ildə Moskvada dünyaya gəlib. 1974-cü ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib və o zamandan SSRİ XİN-də çalışmağa başlayıb. Tələbəlik illərində bir neçə filmdə rol alıb. İngilis. Fransız və monqol dillərini bilib. SSRİ Diplomatiya Akademiyasını bitirən Çurkin bir müddət Rusiya XİN sözçüsü və nazir müavini vəzifələrini tutub. Eyni zamanda Rusiyanın Kanada və Belçikada səfiri işləyib. 2006-cı ildən isə Rusiyanı BMT-də təmsil edib.

Çurkin hər zaman beynəlxalq medianın diqqətində olan diplomat olub. Gürcüstan savaşı, Liviyaya müdaxilə, Suriya müharibəsi, Ukrayna hadisələri Rusiyanın Qərblə qarşı-qarşıya gəldiyi gərgin dövrlər olub. Eyni zamanda Çurkin Suriyaya hərbi müdaxilə ilə bağlı BMT TŞ-yə təqdim olunmuş sənədi veto etməsi ilə dünya siyasət gündəmində olub. 

Ancaq Çurkinin qəfil ölümü heç şübhəsiz ki. son aylarda Rusiya diplomatlarının vəzifə başında qəfil ölümləri sırasında növbəti hadisə idi. Məsələ ondadır ki. son 3 ayda Rusiyanın 5 diplomatı vəzifə başında ölüb.

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən il dekabrın 19-da Ankarada rəsm sərgisində silahla vurularaq öldürüldü.

Bundan bir həftə sonra dekabrın 26-da Rusiyanın Qazaxıstan səfirliyində çalışan diplomatı Roman Skrılnikovun yaşadığı evində meyiti tapıldı.

Yanvarın 7-də isə Rusiyanın Afinadakı səfirliyində çalışan 55 yaşlı diplomat Andrey Malininin meyiti yenə öz evində tapıldı.

Yanvarın 28-də isə Rusiyanın Hindistan səfiri Aleksandr Kadakin müalicə aldığı xəstəxanada öldü.

Siyahının sonuncusu isə Çurkin oldu.

Qeyd edək ki, sonuncu iki səfir xəstəxanada dünyasını dəyişib, Karlov isə sui-qəsdə məruz qalıb. Digər iki diplomat isə evlərində ölü tapılıblar və rəsmi açıqlamaya görə, onlara qarşı hər hansı qəsd halı qeydə alınmayıb. Ancaq istənilən halda bu qədər itkinin təsadüfi sayılması çox şübhə doğurur. Hərçənd ki, bu şəxslərin ikisindən başqa qalan 3 nəfər fərqli vəziyyətlərdə dünyalarını dəyişiblər. Ancaq Rusiyanın 40 illik təcrübəsi olan (ən azı Çurkin və Karlovun 40 il diplomat təcrübəsi olduğu məlumdur – K.R) diplomatlarının ard-arda ölməsi şübhə yaradır. Karlovun sui-qəsdi açıq şəkildə Rusiyanın və rus səfirini hədəfə alan sui-qəsd idi. Ancaq eyni zamanda ölüm hadisələrində şübhəli vəziyyətlərin olması istər-istəməz Rusiyaya qarşı hibrid müharibəyə işarə edir.

Hansısa gizli qüvvələr Rusiyanın xaricdəki diplomatlarını aradan götürür və rusların kənarda – hətta diplomatlarının belə – əmin-amanlıq içərisində olmadığı mesajını verir. Bu daha əvvəl rusların da etdikləri gizli qisas əməliyyatına oxşayır. Bir zamanlar rus agentləri Qətərdən Türkiyəyə, Avropaya qədər müxtəlif ölkələrində üsyançı çeçen komandirlərini “ovlayırdı”, yaxud da Avropa paytaxtlarına sığınan sabiq rus xüsusi xidmət agentlərini tapıb cəzalandırırdı. Sanki bənzər üsullarla rus diplomatlarını aradan götürürlər. Rusların evlərində ölü tapılan diplomatlar barədə tələm-tələsik “təbii versiyaları” irəli sürməsi bu şübhələri daha da artırır. Sanki Moskva da bu işlərin qəsd olduğunu bilir və bu səbəbdən daha çox qorxu yaranmaması üçün ört-basdır etməyə çalışır.

İstənilən halda, 3 ayda 5 rus diplomatın ölümü öz ilə birlikdə ciddi suallar yaradır. Hələlik həm rus mediası. Həm də dünya mediası bu mövzuda şübhəli şəkildə susur. Amma qətllərin sayının artması susqunluğu getdikcə daha şübhəli göstərir.

Kənan Rövşənoğlu
Musavat.com