XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

25 Fevral 2017 - 07:35

“Arsaq” adının ermənilərlə niyə bağlılığı yoxdur? –Ərdəbildəki Ərşaq mahalı haqda qeydlər

erdebil-2

Mənbələrə uyğun dəyişikliyə uğrayan "Arsaq", "Arsax", "Arsak", "Ərsaq" adına, adətən, Qarabağla bağlı rast gəlmişik. Mənfur qonşularımızın "Artsax" adına istinad edərək Qarabağa ərazi iddialarına tarixi don geyindirdiyi və işğal faktını leqallaşdırmağa çalışdığı məlumdur. Hətta son zamanlarda Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızda yaradılmış qondarma rejimin “konstitusiya dəyişiklikləri” adı altında “Artsax respublikası” adlandırılması barədə Ermənistanın yeni oyunlarına şahid olduq.

Qarabağda "Arsaq" adı ilə bağlı tədqiqatlar olmuş, bu adın ermənilərə aid olmadığı, sak tayfaları ilə bağlı olduğu (“Ərsaq – sak ərləri”) aydınlaşdırılmışdır. Məlumdur ki, Azərbaycanda Şəki, Sakasena və digər adlar da sak tayfasının izlərini daşıyır.

Mənbələrdə Albaniya ilə Atropatenanın sərhədlərində də sak tayfalarının məskunlaşdığı ərazidən bəhs olunur. Bizim araşdırmamız da sak tayfaları ilə bağlı hesab olunan Ərşəq (ləhcə ilə dəyişilərək həmçinin Arşaq formasında işlənir) mahalı barədədir.

Araşdırmamızda Ərşəq-Ərsaq adının tarixən Azərbaycanın digər bölgələrində də işlənməsi, bu adın ermənilərlə heç bir bağlılığının olmaması, həmin bölgələrdə əhalinin azərbaycanlılar olması faktlarına işarə edirik. Həm tarixi faktlar, həm də Şəki, Ərsaq və Ərşəq nümunələrində “s-ş” əvəzlənməsi nəzərə alınaraq, Qarabağda işlənmiş Ərsaq-Arsaq adı ilə Ərşəq-Arşaq adının eyni köklü olduğu məlumdur.

Ərşəq mahalı İran Azərbaycanında – Muğan düzü ilə Ərdəbil, Qaradağ mahalı ilə Azərbaycan Respublikası sərhədləri arasında təxminən 2 min kv. km ərazini əhatə edir. Müasir inzibati bölgüdə bu mahal Ərdəbil vilayətinə daxildir. Şəhərlərlə göstərdikdə bu mahal Ərdəbil, Nəmin, Germi və Əhər şəhərləri arasındadır.

Ərşəq mahalı Azərbaycan Respublikasının Yardımlı və Lerik rayonları ilə 60 km-dən çox sərhədə malikdir. “Kiçik Muğan” hesab edilən bu mahal həm də Meşkinin bir parçası kimi tanınmışdır. Bu adın eramızdan əvvəldən bölgə üçün işləndiyi tarixi mənbələrdən məlum olur. Bugün əhali arasında “Ərşə” adlanan bu mahal tarixi mənbələrdə “Ərşəq” olaraq yazılır.

Ərşəq mahalı Qarabağın üzbəüzündə yerləşən Qaradağ mahalı ilə Araz çayına tökülən Qarasu çayı vasitəsilə sərhəddir. Maraqlıdır ki, Qarabağa yaxınlığa görə Ərşəq mahalı və bu mahala yaxın ərazilər Qarabağla bir sıra eynilikləri də özündə daşıyır. Bu barədə Qarabağla səsləşən Qarabağlar, Xankəndi, Ağdərə, Ballıqaya, Kəngərli, Xəlifəli və digər kəndləri, Qaralar, Bəydili, Kolanı, Ərəblər, Muğanlı, Sarvanlar, Qarabağlar və digər tayfa və tirələri, bu bölgədə yerləşən Dəvəçi və Nəsirabad kəndlərində Qarabağlar məhəllələrini və digərlərini göstərmək olar.

Hazırda Ərşəq mahalı yüzə yaxın yaşayış yerini, 15 mindən çox əhalini əhatə edir. Mərkəzi Rəzi şəhəri olan Ərşəq mahalı Gələsən-Görəsən, Eymir, Gənəlicə, Gödəkəhriz, Dəvəçi, Qaramülhüm, Qarı məzrəsi, Otpaşalı, Bozağa, İnçə, Qoşa, Qanlıbulaq, Küllü qaraçı, Xanbəbəli, Bəyibağı, Ağdəvəli, Beyrəkçay, Ağdaş, Kültəpə, Ağbulaqlar, Əmirkəndi, Keçibalağı, Ağqasımlı, Orduxan kəndi, Gəbəbeli, Sadabulağı, Ağqala, Attutan, Tumarkəndi, Günpapaq, Qaravəlili, Qurdtəpə,  Muradlu, Cabbarlu, Salavat, Moşiran, Çənçova, Mazafa, Şeyxəzimlu, Rəhimbəyli, Ləngəbiz, Şəmsir, Seyidlər, Olma, Çaxır çiməni, İmarətli, Kərəmşahlı və digər yaşayış yerlərindən ibarətdir.

Bölgədə Rusiya-İran müharibəsi zamanı köçmüş və ya köçürülmüş, eləcə də 1930-cu illərdə İrana sürgün edilmiş azərbaycanlılar da vardır. Buradakı Şəmsir kəndinin Şəmkir bölgəsindən, Çaxmaq çoxur, Gənəlucə qışlaq, Lığ, Göyçuxur, Qızılbərə yaylaq və qışlaqlarında olan Larılı tayfasının Gəncə tərəfindən getmə olduğu fikirləri vardır. Ayvatlu tayfasının rəhbərlərindən olmuş Çini Cavadın 1918-ci ildə Azərbaycanda ermənilərin soyqırımlarına qarşı mübarizə apardığı, sonralar Ərşəqə gəldiyi bildirilir.

Əsasən şahsevən tayfalarının yurd yerlərindən olan Ərşəq mahalında hazırda Kolanı, İsalu, Hüseynəkli, Qocabəyli, Geyikli, Bəydili, Ərəbli, Muğanlu, Larılı, Qaralar (Qaralar Cıbdırıq və Qaralar Xiyav olmaqla iki tayfa), Sarvanlar, Ayvatlı, Cilovdarlu, Hacxacəli və digər tayfalar yaşayır. Bu tayfalar hazırda İsalı (Larılı, Eyvatlu, Hüseynəkli, Kolanı, Qaralar xiyavlı, Qaralar cıbdırıq) və Qocabəylinin (Sarıxanbəyli, Talışmikayıllı, Geyikli, Bəydili, Celodarlı, Muğanlı, Hacxacəli, Ərəbli) tərkibində hesab olunur.

Bu tayfaların bir qismi köçəriliyi hələ də davam etdirir və onların qışlaqlarından Böyükxan, İsmayılxan, Ocaqqışlağı, Şorgöl, Qarakəsək, Kəklikbulağı, İnçə, Alqayası, Bozağa, Genəlücə, Çaxmaq çuxur, Quzuqurqu, Qaşqa, Alaçıq təpəsi, Təng, Nəfəsqulu, Yoğurdçu, Ağköhül, Tərzənbə, Quyucuq, Yuvacıq, Köhül qışlağı, Kolanı qışlağı, Xırda qışlaq, Boşlu, Gələsən-Görəsən, Düz Qışlaq, Qoyunlu, Şeyx Abbas, Quldur köhülü, Layqışlaq, Qızılqoşa qışlaqlarını göstərmək olar.  Boz qışlağı, ya Bozağa adlanan qışlaq bəzi tədqiqatlara görə Babəkin doğulduğu yer hesab olunur.

Ərşəq mahalı yerləşdiyi coğrafi və strateji mövqeyinə görə tarixi qalalarla doludur. Mahalla eyni adı daşıyan, Sasani dövrünə aid edilən Ərşəq qalası Meşkinşəhrdən 62 kilometrlikdə Qarasu çayı sahilində, Zaxır və ya Zaxır Kolanı kəndi ilə Vərgəhan kəndi arasında yerləşir. Bu qala bir müddət Babəkin qalalarından biri olub və Babəkin tutulmasından sonra dağıdılıb. Zaxır qalası və ya Qız qalası adlanan digər qala Zaxır Kolanı kəndinin içərisində yerləşir. Tarixdə məşhur olan Qəhqəhə qalası Muşiran və Çençova kəndləri arasında yerləşir. Bu qalanın Babək və Səfəvilər zamanı rolu mühüm olub, zindan və xəzinə yeri kimi işlədilib. Haçaqaya, Ağcaqala, Pəştu, Qız qalası, Çayqala, Qaraqala, Ağqala, Boynu, Reyhanə, Oğlanqala, Qoşaqala, Govur qalası, Pişik, Səsverən, Kültəpə, Qızılqırağı və digər qalalar da bu mahalda yerləşir.

Qeyd edək ki, Ərşəq yer adı İranın Şərqi Azərbaycan bölgəsində də iki yerdə vardır. Təbriz yaxınlığındakı Səhənd dağında Ərşəq çəmənliyi adlanan yer bəzi mənbələrdə Ərşəd çəmənliyi də yazılır.

 

Ş.Savalan

Strateq.az