XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

06 Noyabr 2015 - 13:55

“Regent Holiday”in fəaliyyətində erməni izi

 

Böyük Britaniyanın Bristol şəhərində yerləşən “Regent Holiday” turizm şirkətinin Dağlıq Qarabağa qanunsuz turist səfərləri həyata keçirməyi planlaşdırması barədə xəbər vermişdik. Şirkətin saytında yayılan elanda  Ermənistana, oradan da  Dağlıq Qarabağa, Şuşa və Xankəndinə qrup səfərlərini gerçəkləşdirəcəkləri qeyd olunub. 

Strateq.az adıçəkilən şirkətin fəaliyyəti və müharibə şəraitində olan ölkələrə turist səfərlərinin pərdəarxası məqsədlərini aydınlaşdırmağa çalışıb.

öncə “Regent Holiday” turizm şirkətinin internet səhifəsindəki məlumatlara nəzər salınıb. Məlumatlardan görünür ki, şirkətin səfərlər təşkil etdiyi ölkələrin siyahısında Azərbaycanın adı qeyd edilməyib. Şirkətin Qafqaz ölkələrindən Ermənistan və Gürcüstana turist səfərləri həyata keçirildiyi bəlli olub.

 

“Biz siyasətlə məşğul olmuruq”

 

Ermənistana və oradan da Dağlıq Qarabağa nəzərdə tutulan turist səfəri 2016-cı il mayın 6-na planlaşdırılıb. Səfərin qiyməti də ucuz deyil – 1590 funt sterlinq. 11 günlük səfər müddətində turistlərə paytaxt İrəvan və ətraf regionlarla tanışlıq vəd olunur. Səfərin 5-ci günü isə onlar  Dağlıq Qarabağda – Şuşada olacaqlar. Oradan isə Xankəndinə və Gorusa gedərək tarixi abidələrlə tanış olacaqlar. Təbii ki, bütün rayonların, məkanların və abidələrin  adları dəyişdirilərək, saytda erməni adları ilə təqdim olunub. Dağlıq Qarabağ isə “1992-ci ildə müstəqilik qazanmış, Azərbaycan daxilindəki erməni anklavı” kimi göstərilib və onun müstəqilliyinin heç bir dövlət tərəfindən tanınmadığı qeyd olunub. 

Bu məlumatları dəqiqləşdirmək üçün Böyük Britaniyada yaşayan Azərbaycan vətəndaşları vasitəsilə “Regent Holiday”şirkəti ilə əlaqə saxladıq. Telefona cavab verən şirkət əməkdaşı Dağlıq Qarabağa turist səfəri təşkil etdiklərini təsdiqləyib.

“Qarabağa səyahət hansı ölkəyə səhayət hesab olunur?” sualımıza şirkət nümayəndəsi bir qədər gözlətdikdən sonra “Ermənistan” deyə cavab verib. 

Bundan sonra yanlışlığı aradan qaldırmaları üçün Dağlıq Qarabağın Ermənistan deyil, Azərbaycan ərazisi olması barədə informasiya verdik və yayılan məlumatlara düzəliş edilməsini istədik. Şirkət nümayəndəsinin cavabı da maraqlı olub: “Biz siyasətlə məşğul olmuruq, səyahətlə məşğul oluruq. Biz yenə də baxarıq”.

Şirkətin rəsmi səhifəsində yer alan yalançı informasiyalar və son telefon danışıqları onu deməyə əsas verir ki, “siyasətə qarışmayan” “Regent Holiday” tam siyasətin ortasındadır. Şirkətdə Avropada kök salan erməni lobbisinin izlərinin olması istisna olunmur. Bu, ermənilərin uzun illərdir davam edən strategiyalarının bir hissəsidir. Onlar Avropada Dağlıq Qarabağın özlərinə məxsus olmasını təsdiq etdirmək üçün bu tipli çirkin yollara əl atmaqdan belə çəkinmirlər. Araşdırmalarımızın gedişində əldə etdiyimiz digər informasiyalar da bu fikri qətiləşdirib.

 

İlk turist səfərlərini gerçəkləşdirən şirkət 

 

“Regent Holiday” 1970-ci ildən fəaliyyət göstərir və rəhbəri  Andrey Qoldfrey adlı şəxsdir. Şirkət bir çox ölkələrə ilk turist səfərləri təşkil edən özəl qurum kimi nüfuz qazanıb. Bu liderliyi qorumaq məqsədilə hələ 2009-2010-cu illərdə Dağlıq Qarabağa turist səfərləri təşkil edib. Lakin sonradan Azərbaycan hökumətinin məsələyə müdaxiləsi ilə şirkətin bu “layihəsi” dayandırılıb. Bununla kifayətlənməyən “Regent Holiday” elə həmin il müstəqillik qazanan Kosovaya ilk turist səfərini gerçəkləşdirib.

Faktı təsdiqləyən Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev  Strateq.az-a açıqlamasında bildirib ki, bu məsələ daim Nazirliyin diqqətindədir: “”Regent Holiday” şirkətinin 2009-2010-cu illərdə Azərbaycanın işğal olunmuş ərazilərinə turizm səfərləri həyata keçirdiyi müəyyən olunub. Həmin dövrdə ölkəmizin Böyük Britaniyadakı səfirliyinin operativ müdaxiləsi nəticəsində bu şirkət Dağlıq Qarabağ istiqamətində fəaliyyətini dayandırdı. Sonrakı dövrdə yenidən bu istiqamətdə öz fəaliyyətini bərpa edib. Hətta 2015-ci ilin yanvarında həmin turizm şirkəti Böyük Britaniyanın nüfuzlu “Gardian” qəzetində Dağlıq Qarabağa səfərlər təşkil etməyə çağıran bir elan da yerləşdirmişdi. Həmin dövrdə də Azərbaycanın Böyük Britaniyadakı Səfirliyi bu şirkətə etirazını bildirib. ümumiyyətlə, məsələ ilə əlaqədar səfirliyimiz vasitəsilə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə və digər aidiyyatı dövlət orqanlarına, eyni zamanda həmin şirkətə də etiraz məktubları göndərilib. Bu məsələ daim diqqətimizdədir. Ancaq şirkət tərəfindən daim belə qərəzli fəaliyyətlərə yol verilir”.

 

Xarici şirkətlərin siyahısı hazırlanıb

 

İşğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni yolla iqtisadi fəaliyyətlə məşğul olan şirkətlərin məsələsi hökumətlərarası komissiyaların müzakirəsinə də çıxarıla bilər. H.Hacıyevin sözlərinə görə, beynəlxalq hüququn subyekti olan bütün dövlətlər, o cümlədən Böyük Britaniya öz öhdəliklərini yerinə yetirmək məcburiyyətindədir: “”Regent Holiday” şirkətinin yenidən Dağlıq Qarabağa səfər planları çox təəssüf doğuran və Azərbaycanı kifayət qədər narahat edən bir məqamdır. Belə bir şirkətlər olduğu təqdirdə Xarici İşlər Nazirliyi bu məsələləri hökumətlər komissiyaların gündəliyinə də çıxarır. Azərbaycan əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bu işğal faktı Azərbaycanın suverinliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasıdır. Azərbaycanın işğal olunmuş əraziləri ilə hər hansı bir formada qeyri-qanuni iqtisadi fəaliyyətlərin həyata keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün və suverinliyinin pozulmasıdır. ölkəmizin suverinliyinə hörmət  beynəlxalq hüquqla təsbit olunub. Ona görə də hər bir dövlət, ilk növbədə, beynəlxalq hüquqla nəzərdə tutulmuş öhdəliklərinə uyğun olaraq öz şirkətlərinin bu kimi qanunsuz fəaliyyətdən çəkinmələrini təmin etməlidir”.   

İşğal olunan Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyətlə məşğulolan şirkətlərin siyahısının hazırlandığını deyən H.Hacıyev bu məsələlərin həmin şirkətlərin məxsus olduğu ölkələrin hökumətləri ilə ciddi müzakirə olunduğunu vurğulayıb. XİN sözçüsü “Regent Holiday” şirkətinin Qarabağa turist səfərləri təşkil etməsinin Böyük Britaniya rəsmiləri ilə müxtəlif səviyyəli görüşlərdə və hökumətlərarası komissiyada müzakirə ediləcəyini istisna etməyib. 

Onu da deyək ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi də “Regent Holiday” turizm şirkətinin Dağlıq Qarabağa qanunsuz s
əfərlər həyata keçirməsinə münasibət bildirib.

Səfirlikdən verilən məlumata görə, Böyük Britaniyanın xarici siyasət idarəsi tur operatorları da daxil olmaqla, hər kəsə Dağlıq Qarabağ və hərbi işğal altında olan ətraf ərazilərə səfər etməməyi tövsiyə edib. Tövsiyədə qeyd olunub ki, Azərbaycan hakimiyyətinin icazəsi olmadan Dağlıq Qarabağa səfər edən istənilən şəxsin Azərbaycana girişi qadağan ediləcək. 

Adıçəkilən şirkətin  dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayaraq  turist marşrutunu ləğv etməməsi isə çirkin niyyətlərdən xəbər verir. Torpaqlarımızı işğal etməklə kifayətlənməyən ermənilər onu “özünüküləşdirmək” məqsədilə hər vasitəyə əl atırlar.  Bunun qarşısını almaq üçün daha sərt tədbirlər görmək zəruridir. 
 

Fərqanə Allahverdiqızı
Strateq.az