Vətəndaşların ödədiyi vergilər hesabına formalaşan büdcə vəsaitlərindən istifadə olunaraq çap edilən orta məktəb dərsliklərinin ünvanına çatmaması barədə yazmışdıq. Bəllidir ki, bu çatışmazlıq “dərslik bazarı”nın çiçəklənməsinə xidmət edir. Valideynlərin dəfələrlə narazılıq etmələrinə baxmayaraq, dövlət orta təhsil müəssisələri dərsliklərlə tam təmin olunmur.
Bu il də xeyli valideyn kitabları özü almağa məcbur olub. Qiymətlər isə ilbəil artır. Məsələn, ibtidai siniflər üçün nəzərdə tutulan “Azərbaycan dili”, “Riyaziyyat” kitabları ötən il 5 manata satıldığı halda, bu il onları 6-8 manatdan təklif ediblər. Yuxarı siniflərə keçdikcə bu rəqəmlər artır.
ötən araşdırmanın sonunda dərsliklərin müəlliflik hüququ və onun qorunmasındakı problemlər barədə qeyd etmişdik. Dərsliklərin müəllif hüququnun ancaq ona aid olduğunu bəyan edən Təhsil Nazirliyi öz hüququnu qorumalıdır. Eyni zamanda, dərslik müəllifləri də haqlarını tələb etməli, nəşriyyatların onların imzası ilə kitab çap edib satmasına imkan verməməlidir. Ancaq nədənsə, bütün tərəflər “dərslik bazarı”na göz yumur.
Dərsliklərin satışı rəsmiləşdirilib
Araşdırmalarımız nəticəsində bəzi maraqlı məqamlara aydınlıq gətirməyə nail olduq. öncə suallarımıza Təhsil Nazirliyindən cavab gəldi. Qurumun QHT-lərlə və media ilə iş sektorundan “Strateq.az”a verilən məlumata görə, 2015-ci ildə IV, VI və VIII siniflər üçün 141 adda 4 milyon 095 min 370 nüsxə dərslik və müəllim üçün metodik vəsait nəşr edilib.
“Dərsliklər məktəblərə “Dərsliklərin nəşri, çapı və paylanılması qaydaları”na uyğun olaraq bölünüb paylanılır. Daha doğrusu, onlar rayon (şəhər) təhsil şöbələrinə onların tələblərinə müvafiq olaraq verilir. Həmin təşkilatlar da dərslikləri tabeliyindəki bütün dövlət ümumtəhsil məktəblərinə paylayır. Hər tədris ilinin əvvəlində məktəblər arasında şagird mübadiləsi, şagirdlərin bir məktəbdən digərinə köçürülməsi və əhalinin artımı nəticəsində dərslik təminatında əmələ gələn çətinlikləri elə həmin təşkilatlar həll edir, tələbatı öz dərslik fondu hesabına ödəmək mümkün olmadıqda isə dərslik üçün Nazirliyə müraciət edirlər”.
Dərsliklərin çapı üçün büdcədən ayrılan vəsaitin həcmi də açıqlanıb. Belə ki, 2014-cü ildə bu məqsədlə dövlət büdcəsindən 8 milyon manat vəsait ayrılıb. Bu il isə bu rəqəm bir qədər artırılıb – 8,5 milyon manat .
Nəşriyyatların çap edərək satışa çıxardığı dərsliklərin xərci və hüququ məsələlərinə isə TN rəsmilərinin cavabı çox qısa olub: “Nəşriyyatlar Nazirliyin sifarişi və vəsaiti əsasında çap etdikləri dərsliklərdən əlavə, öz vəsaiti hesabına Nazirliyin icazəsi ilə onları çap edib satışını həyata keçirirlər”.
Burdan belə anlaşılır ki, “pulsuz” yazısı ilə dərsliklərin satışa çıxarılmasına TN özü razılıq verir. Ancaq həmin vəsaitlərin çapını nəşriyyatlar özləri maliyyələşdirir. Bütün bu razılaşmalar Nazirliklə nəşriyyatlar arasında baş tutur. Dərslik müəllifləri isə tərəf kimi, ümumiyyətlə, yada düşmür. Heç özləri də bu məsələdə maraqlı deyillər. Dərslik müəllifləri TN-nin elan etdiyi tenderlərdə hər il qalib elan edilməkdə maraqlı olduqları üçün onun çaldığı hər havaya oynayırlar.
Dərslik “bazarı”
Təbii ki, dərsliklərin satışından xeyli gəlir də əldə edilir. Araşdırmalarımız nəticəsində bəlli oldu ki, həmin pullar TN-lə nəşriyyatlar arasında bölünür. Lakin dərslik müəllifləri əlavə nəşrlərə görə heç bir qonorar almırlar. Onlar pulsuz paylanılan dərsliklərin çap və yayım hüquqlarını müqavilə ilə TN-ə verirlər. Əvəzində isə ancaq bir dəfə qonorar alırlar. Ona görə də nəşriyyatların satış məqsədilə çap etdiyi dərsliklərdən əldə etdiyi gəlirlərə iddia edə bilmirlər.
Dərslik müəlliflərindən biri Rafik İsmayılov bu barədə suallarımızı cavablandırarkən müəyyən məsələlərə aydınlıq gətirib. Bildirib ki, dərsliklərin müəllif hüquqları TN-nə məxsusdur. Bu hüquqlar əvvəlcədən müqavilə ilə ödənilən qonorar müqabilində alınır. Ancaq həmin məbləğ açıqlanmır.
R.İsmayılovun sözlərinə görə, TN bununla dərsliklərin əlavə tirajına imkan yaradır.
“Ancaq bunun həcmi çox az olur. Əsasən, özəl məktəblərdə təhsil alan şagirdlər üçün nəzərdə tutulur. Bəzən imkanlı valideynlər də məktəbin verdiyi köhnə kitabı işlətmək istəmirlər. Ona görə gedib təzəsini alırlar. Ona görə də dərsliklərin satışına tələbat yaranır”.
Qeyd edək ki, R.İsmayılov həm də “Altun kitab” nəşriyyatının rəhbəridir. Bu nəşriyyat illərdir ibtidai sinif dərsliklərinin çapını həyata keçirir. R.İsmayılov ildə əlavə 400-500 ədəd dərslik çap edərək satışa çıxardıqlarını deyib. Onun sözlərinə görə, satdıqları dərsliklərdən əldə etdikləri vəsaitdən müəyyən məbləğ TN-nə ödənilir. Ancaq kommersiya sirri olduğundan rəqəmləri açıqlamaqdan imtina edib.
Satışdakı dərsliklərin qiymətinin baha olmasına gəlincə, nəşriyyat rəhbəri bu fikirlə razı olmadığını bildirib. R.İbrahimovun fikrincə, qiymətlərın təyinatı onların çap xərclərinın yüksək məbləğlərə başa gəlməsi ilə bağlıdır: “Həmin kitabların üzərində dizaynerlər, korrektorlar, digər texniki işçilər çalışır. Texniki avadanlıqlar və materialların alınması da baha başa gəlir. Ona görə də bir kitab üçün 5-6 manat o qədər də baha deyil, normal qiymətlərdir. Ancaq onun satışından əldə edilən vəsaitdən müəlliflərə verilmir. çünki onlar başa düşürlər ki, buradan əldə edilən gəlir çox azdır. Ona görə heç qonorar da tələb etmirlər”.
TN-nin yuxarıda açıqladığı rəqəmlərə əsasən, bu il 4 milyon 095 min 370 nüsxə dərslik və dəsr vəsaiti çap edilib. Buna 8,5 milyon manat pul xərclənib. Sadə hesablama ilə bəlli olur ki, bir kitabın nəşri təxminən 2 manat 8 qəpiyə başa gəlir. Nəşriyyatlar isə həmin dərslikləri dəyərindən 3-4 dəfə baha satırlar. Əldə edilən gəlirlərdən hər iki tərəfin vergi ödəyib-ödəməməsi məsələsi də sual altındadır.
Müəlliflər hüquqlarını bilmir
Göründüyü kimi, nəşriyyatlarla müəlliflərin münasibətlərində hüquqdan daha çox şəxsi anlaşmalara yer verilir. Dərslik müəllifləri növbəti tenderdə də onlarla işləməyə üstünlük verilsin deyə öz hüquqlarından imtina edirlər. Burada həm də hüquqi maariflənmənin də aşağı səviyyədə olmasının təsiri az deyil.
Müəllif hüquqlarının yaranması və qorunmasındakı problemlərə aydınlıq gətirmək üçün uzun illər bu sahədə fəaliyyət göstərən tanınmış hüquqşünas Əkbər Bağırova müraciət etdik. Mütəxəssis bu kimi problemlərin “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunla tənzimləndiyini bildirdi. Qeyd etdi ki, həmin qanunun 15-ci maddəsində müəlliflərin öz əsərlərinə əmlak (iqtisadi) hüquqları təsbit olunub.
Qanuna görə, müəllifin və ya ə
sərə müəlliflik hüququnun digər sahibinin bu qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır.
Qanunun 15-ci maddəsinin 2-ci bəndinə əsasən, əsərdən istifadəyə müstəsna hüquqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağan etməyə imkan verir:
əsərin surətini çıxarmaq (surətçıxarma hüququ);
əsərin nüsxələrini hər hansı üsulla yaymaq, satmaq, kirayəyə vermək və s. (yaymaq hüququ);
əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ);
əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ) və s.
Ə.Bağırovun sözlərinə görə, hər kəs öz müəllif hüquqlarını başqasına müqavilə əsasında verə bilər. Ancaq bu, qanunun tələbləri çərçivəsində həyata keçirilməlidir.
Qeyd edək ki, müəllif müqavilələri üzrə müəlliflik hüquqlarının verilməsi adıçəkilən qanunun 30-cu maddəsi ilə tənzimlənir. Həmin maddənin tələbinə görə, əmlak hüquqları müəlliflər və müəlliflik hüquqlarının digər sahibləri tərəfindən müəllif müqaviləsi üzrə verilə bilər. Əmlak hüquqlarının verilməsi müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (müstəsna lisenziya), yaxud qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (qeyri-müstəsna lisenziya) əsasında həyata keçirilə bilər. Bu halda müəllif hüquqları birdəfəlik qarşı tərəfə keçir.
Həmin maddənin 2–ci bəndinə əsasən, müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə (müstəsna lisenziya) müəllif və ya müəlliflik hüquqlarının digər sahibi əsərdən müəyyən üsulla və müqavilədə müəyyən edilmiş həddə istifadəyə müstəsna hüququnu başqa şəxsə verir və bununla həmin şəxsə digər şəxslərin də əsərdən bu cür istifadə etməsinə icazə vermək və ya qadağan etmək hüququnu verir.
Dəsrlik müəllifləri ancaq kitabların öz imzaları ilə çap olunmasında maraqlı olduqları üçün digər hüquqi məsələlərə o qədər də əhəmiyyət vermirlər. Ona görə də TN və nəşriyyatlar onların məhsullarını sərbəst şəkildə sata bilirlər. Problemi isə ancaq hüquqi maariflənmə ilə həll etmək olar.
Fərqanə Allahverdiqızı
Strateq.az