Elşən Nəsibov
Siyasi elmlər üzrə fəlsəfə dokroru
Məişət təfəkkürü, ictimai təfəkkür və siyasi təfəkkürün vəhdəti, həmçinin hər təfəkkürün öz məkanı haqqında
İnsanlar öz həyat vərdişlərinə, bu vərdişlərdən meydana gələn həyat tərzinə müvafiq olaraq özlərində düşüncə tərzi və düşüncə məkanları formalaşdırırlar. Düşüncələr, ondan formalaşan təfəkkür həyatın özünün sahələrində bir model kimi tətbiq olunur. Məsələn, alimlər gündəlik peşə fəaliyyətini özündə ehtiva edən təfəkkürü – vərdiş təfəkkürünü yaradırlar. Eyni zamanda elmi təfəkkürlərini də formalaşdırırlar. Yəni alimlər gündəlik məşğuliyyət edərək alim kimi bir peşə sahəsi yaradırlar, həm də elmi və ali təfəkkür formalaşdırırlar. Bu təfəkkür ənənəvi olur, yəni, hər bir alim, ixtisas və peşə ilə əlaqədar bu vərdişlə məşğul olur.
Təfəkkür ümumiyyətlə, təsir vasitələrinin, təsir obyektlərinin qavranılmasından meydana gəlir. Subyektin (fərdin) qavrayışından yaranan əks-təsir nəticəsidir. Təfəkkür insanın obyektlə olan münasibət tərzini meydana gətirir. Davranış istiqamətləri təzahür olunur və əmələ yönləndirilir.
Peşə fəaliyyəti və vərdişlərin kəmiyyəti müvafiq təfəkkürün formalaşmasına səbəb olur. Məsələn, gündəlik sürücülük məşğuliyyəti elə həmin şəxsdə sürücülük təfəkkürünü meydana gətirir. İnsanlarda peşə və universal (peşəsindən asılı olamyaraq hər kəs üçün xas olan) məşğuliyyətlər mövcud olur. Buradan da universal və ixtisas, peşə təfəkkürləri formalaşır. Peşə təfəkkürü əsasən ictimai və siyasi təfəkkürün tərkibində qərarlaşır.
Ardıcıl davam edən və sahələrdə formalaşan düşüncələr təfəkkürü formalaşdırır. İnsanların düşüncələri universal olur. Eləcə də sahələri əhatə edir. Təfəkkür həm sadə, həm də təkmil formada olur. Sadə təfəkkür gündəlik təfəkkürdür. Daha çox məişət təfəkküründə xarakterikdir. Bu təfəkkürlə hər kəs özünü normal həyatda hiss edir, özünün gündəlik davranışını yaradır.
Qeyd olunduğu kimi, təfəkkür obrazlardan və obyektlərə təsir vasitələrindən formalaşır. Burada peşə təfəkkürü formalaşmış olur. Hər bir təfəkkür müvafiq məkanda lazımi tələblərə uyğun olaraq müəyyən səviyyələr əldə etmiş olur. Bu səviyyə qavranılma dərəcəsindən və səviyyəsindən asılı olur.
Təfəkkür milli və dünyəvi ola bilir. Milli təfəkkür hər bir xalqın formalaşmasını təmin edən gündəlik və klassik elementlərdən meydana gəlir.
Bu günün tələblərinə uyğun olaraq insanlarda məişət, ictimai və siyasi təfəkkür formalaşmışdır.
Məişət təfəkkürü. Təbii olaraq insanlar gündəlik həyat tərzi yaşayırlar. Gündəlik həyat tərzini ailə həyatlarında, iş yerlərində və qohumları arasında yaşayırlar. Məişət təfəkkürü həm də küçələrdə, yaşayış məhəllələrində formalaşır. Bu həyat tərzi bazanı təşkil edir. Baza üzərində isə ictimai və siyasi vərdişlər meydana gəlir. Məişət təfəkkürü aşağı və alt mərhələdə əsas insan azadlığını təcəssüm etdirən təfəkkürdür. Məişət təfəkkürü sadə olduğundan kütləvi və açıq xarakterə, məzmuna malikdir. Burada özəllik odur ki, insanlar daha sərbəst olduqlarından düşüncələri də sərbəst və “redaktə olunmamış” olur. Məişət təfəkkürü ilə ictimai-sosial təfəkkürün vəhdətini mətbəx və ailənin sistemli yetişməsini təmin edən məktəb təfəkkürü yaradır. Ailədə, qonşular arasında olan münasibətlər məişət təfəkkürünün əsaslarını meydana gətirmiş olur.
İctimai təfəkkür. İctimai təfəkkür isə insanların əmək kollektivlərində, təhsil müəssisələrində, ictimai-siyasi təşkilatlarda iştirakdan meydana gələn vərdişlərdən ortaya çıxır. İctimai təfəkkür başlıca olaraq ictimai vasitələrdə əks olunur və formalaşır. Bu yöndə kütləvi-informasiya vasitələri mühüm rol oynayır. Son illərdə isə sosial şəbəkələr insanların sosial, siyasi və məişət təfəkkürlərinin vəhdətini yaratmaqdadır. İctimai və məişət təfəkkürü özlüklərində xalqın milli təfəkkürünü yaradır. Xalqın adət-ənənələri özlüyündə məişət və ictimai təfəkkürün məhsuludur. Bu adətlər və ənənələr özlüyündə ictimai və məişət davranışlarını yaradır və irsən köçürür. İctimai təfəkkürü həm də dövlət təfəkkürünün, siyasi təfəkkürün əsaslarını formalaşdırır. Baza və keçid təbəqə rolunu oynayır.
İctimai təfəkkür “lokallıq” baxımından orta bir təfəkkürdür. Həm də siyasi və məişət təfəkkürünü bir-birinə bağlayır, vəhdət yaradır. Baza təfəkkür kütləvi olan məişət təfəkkürdür. İctimai və siyasi təfəkkür fərdin sosiallaşmasını və şəxsiyyətə çevrilməsini təmin edir.
Siyasi təfəkkür. Bu təfəkkür ali kollektivçilik təfəkkürüdür. Təşkilatlanmanın son mərhələsidir. İnsanlar daha çox ali siyasi mərhələlərdə bu təfəkkürlə birləşirlər. Bu təfəkkürün formalaşması özünün ikinci mərhələsini ictimai təfəkkürdən götürür. Dövlət mahiyyətcə ictimai bir qurumdur. Siyasi təfəkkür digərlərini qoruyucu düşüncələri də özündə ehtiva edir.
Siyasi təfəkkür milli təfəkkürün təşkilatlanmış formasıdır. Bu təfəkkür zamanı xalq millətə çevrilir. Milli təfəkkür özünün siyasi mədəniyyət formasını bu təfəkkür yolu ilə qazanır. Siyasi təfəkkür ümumməcmu təfəkkürüdür.
Təfəkkürlərin vəhdəti
Məişət, cəmiyyət və dövlət kriteriyaları insanların təfəkkürünü bir arada toplayır. Bununla yanaşı, hər bir təfəkkürün öz “məkanı” var. Bunlar bir-birinə öz məkanlarında qalmaqla xidmət etməlidir. Hər bir təfəkkür məkanının özünəxas xüsusiyyətləri onu deməyə əsas verir ki, bir məkanın bütün elementləri digər məkana transfer etməməlidir. Aralarında bağlayıcı elementlər “gəzməlidir”. Təfəkkür və mədəniyyət qarşılıqlı olduğundan transfer zamanı qarışıqlıq əmələ gələ bilir. Nəzərə almaq lazımdır ki, hər bir təfəkkür təşəkkül mərhələlərində özünəxas funksiya təmin edir. Ali təfəkkür xalqın ali dəyərlərini yaradır. Məişət təfəkkürünün siyasi təfəkkür yerinə gətirilməsi ilə ali dəyərlərin itməsinə səbəb ola bilir. Dövlət ailəyə çox bağlı olanda öz ali dəyərini itirir. Orta xətt olan ictimai təfəkkürə inam azalır. Bu anda ictimai təfəkkür də ailə-məişət təfəkkürünə enir. Xalqın ümumi səviyyəsi aşağı düşür. Bu baxımdan da ali təfəkkürü formalaşdıran ali dövlət vəzifələrində ailəçilik prinsipləri tətbiq olunmamalıdır.
Texniki təfəkkür – cəmiyyətin bazis və alt təfəkkürü kimi
Təfəkkür düşüncələrdən meydana gələn xarakterik modeldir. Beyində fizioloji və ruhi obrazlanmadır. Təsirlərdən əksolunmadır. Bu modeli qavrama və emal prosesləri yaradır. Təfəkkürün inikası insan davranışlarında əks olunur. Təfəkkür insanlara istiqamətlər verir. Yaddaşlar və düşüncə modelləri insanlar arasında subyektiv və obyektiv əlaqələrin əsaslarını formalaşdırır.
İnsan qarşılıqlı əlaqələrdə subyektiv qavrayır, təsir vasitələri üzərində düşüncə istiqamətlərini meydana gətirir.
Təfəkkür bir forma və məzmun olaraq vərdişlərdən, davranışlardan meydana gəlir. üzərində təsir edilən obyektlər və proseslər təfəkkürün formalaşmasına səbəb olur. Vərdişlər və davranışlar da insanların yaşına və cinsinə bağlı olur. Bu baxımdan da uşaq yaşlarında qavramanın hələ fizioloji baxımdan zəifliyi özündə uşaq təfəkkürünü formalaşdırır. Təfəkkürün formalaşmasında ətraf şərait öz təsirini göstərir. İnsan öz təfəkkürü ilə (yaddaş və cari təfəkkür kimi ad vermək olar) ətraf şəraitin dəyişməsinə təsir edə bilir və prosesləri istiqamətləndirir.
İnsanlarda cinsi fərqlərə görə də təfəkkür formalaşır. Qadın və kişilərdə olan fərqli fizioloji amillər təbii ki, bu nümayəndələrin məxsusi xüsusiyyətlərini meydana gətirir. Təfəkkürün bu kimi əsasları fizioloji genetikliyi meydana gətirir və fizioloji genetiklikdən üzərə çıxır. Yaşlı insanların, uşaqların təfəkkürü fərqlənir. Təfəkkür universal və məxsusi olur. Məxsusilik fərdi və konkret aspektlərdə formalaşır.
Təfəkkürü formalaşdıran kriteriyalar fizioloji amillər, psixi-sosial vərdişlərdir, davranış normalarıdır. Həmnçinin peşə kriteriyalarıdır. İnsanlarda bu aspektləri də ətraf şəraitlər yaradır.
İnsan cəmiyyətdə yaşayır. Sosial-siyasi varlıqdır. Cəmiyyəti və dövləti insan yaradır. Buna görə də insan öz xarakterini cəmiyyətində və dövlətində əks etdirir. öz xarakterini toplu halda cəmiyyətə və dövlətə sirayət etdirir, yəni keçirdir və özü ilə daşıyır. Hər bir xalq özünəxas dövlət və cəmiyyət qurur. Dövlət və cəmiyyətin modelləri başqa dövlərlərdən də qəbul olunur. Bu aspektdə beynəlxalq və milli xarakter formalaşır. Burada universal davranış qaydaları (məsələn, beynəlxalq hüquq normaları) universal normaları meydana gətirir. Eləcə də beynəlxalq aləmin xarakteri meydana gəlir.
Hər bir dövlətin baza və üst qatları mövcuddur. Dövlətdə təminat fəlsəfəsi düşüncələrin əsaslarını meydana gətirir. Baza dedikdə, dövlətin bazis hissəsini təmin edən reurs toplusu, təbəqəsi qəbul olunmalıdır. Bazada iqtisadiyyat və onun istehsalat tərəfləri dayanır. çünki dövləti inkişaf etdirmək, onun aparat kimi mövcudluğunu təmin etmək, idarəçilik funksiyasını təmin etmək, eləcə də cəmiyyətin maddi-mənəvi ehtiyaclarını ödəmək məqsədilə resursların olması vacibdir. Resurslar özü təfəkkürün formalaşma əsaslarını meydana gətirir. Resurslar siyasi və iqtisadi, eləcə də sosial hadisələrin törədilməsini təmin edir. Resurslar prosesləri yaradır və proseslərin istiqamətləndirilməsini təmin edir. Resurslar və onlardan istifadə üsulları, resursların əldə olunması yolları insanlarda müvafiq vərdişləri və mədəniyyəti meydana gətirir. Mədəniyyət ümumən vərdişlərdən, davranışlardan yaranır.
İqtisadiyyat bazadır. İqtisadiyyatın təşkil edilməsi, eləcə də onun yönləndirilməsi başlıca olaraq istehsal məhsullarından asılıdır. İstehsal proseslərinin təşkili özü də istehsal davranışlarından və vərdişlərindən meydana gəlir.
İstehsal iqtisadiyyatın bazasını təşkil edir. İqtisadiyyat istehsala bağlıdır. Bu baxımdan da istehsalatın özünü təşkil edən texniki təfəkkür istehsal proseslərində formalaşır. İstehsal prosesləri texniki prosesləri özündə ehtiva edir. Buna görə də texniki mədəniyyət meydana gəlir. Hər bir dövlətin bazasını təşkil edən iqtisadiyyat – hansı ki, maraqların təmin edilməsini öz üzərinə götürür, – texniki təfəkkürdən, texniki vərdişlərdən asılı olur. Texniki təfəkkür həm də məktəblərdə texniki biliklərin əldə edilməsindən meydana gəlir.
Texniki təfəkkürün formalaşması texnika üzrə elmi-tədqiqat müəssisələrində, orta, orta-ixtisas və ali məktəblərdə, istehsalat (texnoloji avadanlıqların istehsalatı) müəssiələrində təmin olunur.
Texniki təfəkkür texniki peşə məktəblərində də formalaşır. Burada texnika ilə davranış qaydaları meydana gəlir.
Texniki təfəkkürün faydasını bu kimi əsaslarla nəzəri baxımdan ümumiləşdirmək olar:
-texniki təfəkkür və onun ailələrdə, cəmiyyətlərdə və iş yerlərində formalaşdırılması insanların ardıcıl qaydada texniki mədəniyyətini formalaşdırır;
-texniki təfəkkür iqtisadiyyata və istehsalata insanları sövq edir. Bu təfəkkür təbliğedici və təşviqedici əhəmiyyət daşıyır;
-texniki təfəkkür iqtisadiyyatda güvənli təfəkkürün formalaşmasına gətirib çıxarır;
-texniki təfəkkür texniki vasitə və alətlərin insanlar tərəfindən dönərli və yeni əsaslarla istifadə vərdişərini yaradır;
-texniki təfəkkür bütün nəsil texniki vasitələrdən əlverişli istifadənin və optimal seçimlərin əsaslarını meydana gətirir;
-texniki təfəkkürün inkişafı cəmiyyətdə üst təfəkkürün qeyri-balans yaratmasının qarşısını alır;
-texniki təfəkkür insanları yaradıcılığa və quruculuğa daha çox sövq edir ki, bu da dövlətin və cəmiyyətin həm də texno əsaslarla formalaşmasına səbəb olur;
-texniki təfəkkür cəmiyyətdə istehsal məhsullarının sayını artırır;
-texniki təfəkkür ixtiraçılığın sayını artırır və yeni texnoloji dəyərlərin yaranmasını özündə ehtiva edir, texnoloji nəsillərin ardıcıllığını təmin edir;
-texniki təfəkkü alt qatın möhkəmliyini təmin etməklə, cəmiyyətin immunitetini meydana gətirir;
-texniki təfəkkür insan kapitalının yaranmasını təmin edir;
-texniki təfəkkürün inkişafı alt qrupun, alt təbəqənin əsaslarını yaradır;
-texniki təfəkkür öz “polad” məzmununa görə cəmiyyətin və dövlətin möhkəm təməlini yaradır;
-texniki təfəkkür cəmiyyətdə alt qatın daima diqqətdə saxlanmasını təmin edir;
-texniki təfəkkür diqqəti cəmiyyətin bazasına yönəldir;
-texniki təfəkkür cəmiyyətin potensialını alt qata cəlb edir və üst qatın təminatı tələblərini yerinə yetirir;
-texniki təfəkkür cəmiyyətdə elmi biliklərin və fundamental elmlərin əsaslarını özünə cəlb edir;
-texniki təfəkkür cəmiyyətdə əməlin fikirlər üzərində üstünlüyünü təmin edir və s.