Vaxtaşırı müəyyən kampaniyalar aparılsa da, Bakının küçələrində sahibsiz heyvanların sayı azalmır. Əksinə, şəhərin ən müxtəlif ərazilərindən sakinlərin şikayət dolu müraciətləri davam edir. Xüsusilə payız-qış mövsümündə bu problem daha çox aktual olur. Günlər qısa olduğundan vətəndaşlar işdən çıxıb evə dönəndə qaranlıq olur və bu zaman küçələrdəki sahibsiz heyvanların vahiməsindən qurtulmaq qeyri-mümkündür.
Ən həssas məqam isə it və digər küçədə yaşayan heyvanların axşam vaxtı dərsdən çıxan uşaqların yoluna çıxmasıdır. Bu, məktəbli uşaqlar üçün ən təhlükəli haldır. Nəzərə alsaq ki, həmin heyvanlar bəzən özlərini müdafiə məqsədilə insanlara hücum edirlər, bu zaman uşaqların keçirdiyi qorxu və stressi təsəvvür etmək çətin olmaz.
Səbail rayonu Bibiheybət qəsəbəsi Salyan Şossesində yerləşən “Jurnalist evi”nin sakinləri, eləcə də 20-ci sahədə, Bayıl qəsəbəsində yaşayan insanlar sahibsiz itlərin yollarda onlara maneələr yaratmasından, uşaqlar üçün təhlükəli olmasından şikayətçidirlər.
Qeyd edək ki, bu problem Bakının digər qəsəbələrində – Maştağa, Bilgəh, Mərdəkan, Binə, Mehdiabad, Masazırda da yaşanır. Sakinlər sahibsiz heyvanların əlindən təngə gəlsələr də, hara, necə müraciət etməli olduqlarını bilmirlər.
Strateq.az Bakı sakinlərinin narazılıqlarına aydınlıq gətirmək və bu problemin həlli yollarını aramaq məqsədilə yola çıxıb.
Sahibsiz heyvanların idarəsi də sahibsiz qalıb
öyrəndik ki, küçələrdə nəzarətsiz formada yaşayan və çoxalan heyvanlarla məşğul olan konkret qurum yoxdur. Təkcə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nəzdində Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi fəaliyyət göstərir. Adından da göründüyü kimi, qurum ancaq heyvanlarla mübarizə aparmaqla – onları harda gəldi öldürmək və ya yandırmaqla məşğuldur. Bunun üçün xüsusi ştatlar ayrılıb, işçilərə isə öldürdükləri heyvanın sayına görə maaş ödənilir. Artıq son vaxtlar bu proses də dayandırılıb. Ona görə də küçələrdə sahibsiz heyvanlar daha da artıb.
Hazırda hansı tədbirlər görülür? Heyvanların küçələrdən yığılması və dölsüzləşdirilməsi prosesi nə zaman, harada aparılır? Sahibsiz heyvanlara nəzarətin gücləndirmək üçün hansı tədbirlər görülür? Avropa Konvensiyasının tətbiqi niyə gecikir?
Bu və digər suallara cavab tapmaq üçün Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinə müraciət etdik. Zənglərə cavab verən xanımlar açıqlama vermək səlahiyyətlərinin olmadığını bildirdilər, suallara ancaq İdarənin rəisi Əhməd Məmmədovun cavab verə biləcəyini dedilər. İki gün ərzində Ə.Məmmədovla danışmaq cəhdlərimiz baş tutmadı, rəisin telefonlarına zəng çatmadı.
Sığınacaqlarda saxlanılan heyvanlara nəzarət edən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin bu sahədəki işlərinə aydınlıq gətirmək məqsədilə quruma müraciət etdik. Xidmətin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli küçələrdə olan heyvanlara nəzarət etmək imkanlarının olmadığını bildirdi: “Sığınacaqlarda saxlanılan heyvanlara nəzarət edirik. Bizim həkimlər orada işləyir. Başqa sığınacaqlar da yaradılarsa, biz onlara xidmət etməyə hazırıq. Hazırda 2-3 belə sığınacaq var. Bu ilin mart-aprel aylarında Bakı şəhərində və meşəətrafı ərazilərdə ilk dəfə sahibsiz heyvanların oral yolla peyvəndlənməsini həyata keçirdik. Onların dölsüzləşdirilməsi aparılır. Ancaq küçələrdə olan heyvanlara nəzarət etmək imkanımız yoxdur”.
Y.Xanvəlinin sözlərinə görə, nəzarətsiz formada küçələrdə yaşayan heyvanların toplanıb saxlanması sahibkarlara həvalə edilib. Əgər kimsə bu işlə məşğul olarsa, Baytarlıq Nəzarəti Xidmətinin həmin məntəqələrdə baytarlıq xidməti göstərməyə hazır olduğunu vurğulayıb.
Heyvanlar da humanizm gözləyir
Problemin çox ciddi fəsadlarının üzə çıxdığını deyən “Alyans” Canlı Aləmin Mühafizəsi İctimai Birliyinin rəhbəri Mənsurə Rəsulzadə sahibsiz heyvanların öldürülməsindən ürək ağrısı ilə danışdı. Onun fikrincə, küçələrdə gəzən və ətrafdakı insanlar üçün təhlükə mənbəyi olan heyvanlara sahib çıxmaqla cəmiyyətə bir humanizm mesajı vermək də mümkündür: “2007-ci ilin mayında ölkə başçısının imzası ilə Azərbaycanın da “Ev Heyvanlarının Mühafizəsi üzrə Avropa Konvensiyası”na qoşulması təsdiqləndi. Sənəddə ev heyvanlarının saxlanılması ilə bağlı mühüm məqamlar yer alıb. Konvensiyanın müddəaları ilə sahibsiz heyvanlar da qəddarlıqdan qorunur. Ona görə də bununla bağlı yeni sistemin qurulması dövlət orqanlarının birbaşa məsuliyyətindədir. Problem çox böyükdür. Biz təşkilat olaraq çalışdıq, sistem yaradaq, ancaq bir məhəllənin belə heyvanlarının yoxlanışını həyata keçirə bilməmişik. Bu, bir neçə nəfərin işi deyil. Ona görə də ilk növbədə çalışırıq ki, vətəndaşlar arasında maarifləndirmə aparaq. çünki ətrafdakı heyvanların qorunmasında sadə vətəndaşlar da məsuliyyət daşımalıdırlar. Hər şeyi dövlətin üzərinə atmaq olmaz”.
Hazırda İctimai Birliyin sahibsiz heyvanların hamısını küçələrdən yığaraq onlara nəzarət etmək iqtidarında olmadığını deyən M.Rəsulzadə hələlik yalnız maarifləndirmə yolu ilə insanların bu canlılara qarşı münasibətini dəyişməyə çalışdıqlarını deyir. çünki Birliyin rəsmi dövlət oqranlarına əməkdaşlıq təklifləri illərdir ki, cavabsız qalır: “İctimai təşkilat olaraq vətəndaşların və aidiyyəti qurumların bu sahədəki fəaliyyətini açıqlamaq, təkliflər vermək, müraciətlər etmək bizim işimizdir. Layihələr həyata keçirməyə maddi təminatımız yoxdur. Dövlət qurumlarından isə müraciətlərimizə müsbət cavab ala bilmirik. Əməkdaşlıq təşəbbüslərimizə müsbət reaksiya verilmir. Biz də çalışırıq ki, heyvanların mühafizəsini insanların maariflənməsi yolu ilə təmin edək. Ancaq biz yeni sistemin yaradılmasına texniki dəstək verməyə hazırıq. Bu sahədə beynəlxalq səviyyədə fəaliyyət göstərən qurumlarla əlaqələrimiz var. Onların təcrübəsindən və dəstəyindən da yararlanmaq olar. Bu işlərlə dövlət qurumları ciddi şəkildə məşğul olmalıdır. Biz kifayət qədər cəhdlər etmişik. Bu gün də davam edirik. Ancaq təşkilatımız qeydiyyata alınmadığından bizim mütəxəssislərin kömək etmək cəhdləri də soyuq qarşılanır”.
Avropa Konvensiyası nə tələb edir?
Qeyd edək ki, Ev Heyvanlarının Mühafizəsi üzrə Avropa Konvensiyasının bir çox mü
ddəaları sahibsiz heyvanlara da şamil edilib. Sənədin 3-cü fəsli isə bütünlüklə bu məsələyə həsr olunub. Həmin hissədə küçələrdə nəzarətsiz gəzən heyvanların sayının azaldılması, onların tutulması, saxlanılması və həyatına son qoyulması kimi məsələlər əksini tapıb.
Konvensiyaya görə, hökumət sahibsiz heyvanların sayının onun üçün problemlər yaratdığını hesab etdiyi halda, o, heyvanları yol verilməsi mümkün olan əziyyətlərə, ağrılara və ya narahatlığa məruz qoymadan onların sayını azaltmaq üçün zəruri qanunvericilik tədbirləri və ya inzibati tədbirlər həyata keçirməlidir. Həmin heyvanların sığınacaqda saxlanılması və ya evtanaziya edilməsi bu Konvensiyanın prinsipləri əsasında həyata keçirilməlidir. Sənəddə it və pişiklərin sayının planlaşdırılmamış artımının axtalama (dölsüzləşdirmə) vasitəsilə azaldılması məsələsi də əksini tapıb. Sahibsiz it və pişikləri tapan insanların səlahiyyətli orqanlara müraciət etmələrinin təşviq olunması, əhali arasında maariflənmənin aparılması ayrıca müddəada qeyd olunub.
Hazırda sahibsiz heyvanlarla Konvensiyanın tələblərinə uyğun davranılmadığını deyən M.Rəsulzadə onların küçələrdə öldürülməsinin, yandırılmasının yolverilməz olduğunu vurğulayıb. Bu, eyni zamanda ekoloji balansın pozulmasına gətirib çıxarır. Onun sözlərinə görə, mövcud sığınacaqlardan istifadə edərək həmin heyvanları bir yerə toplamaq və dölsüzləşdirərək nəzarətdə saxlamaq olar: “Biz təklif edirik ki, gəlin heyvanları öldürməyək, onları küçədən götürək, könüllüləri də cəlb edərək, mühafizəsini təşkil edək. Beynəlxalq təcrübələrdən yararlanaraq, Konvensiyanın tələblərinə uyğun heyvanların küçələrdən yığılıb mühafizə edilməsini təklif etmişik. Büdcədən də bu sahəyə kifayət qədər vəsait ayrılır, bu layihəni həyata keçirməyə gücləri çatar, ancaq qəbul etmirlər. Heyvanların humanistcə qorunması üçün bu MMC fəaliyyət göstərməməlidir. Onun profili dəyişməlidir. Heyvanlar aqressiv deyil, sadəcə özlərini qorumaq üçün müəyyən manevrlər edirlər. Bu da insanları qorxudur. Onlar yuxu dərmanları ilə və ya tor vasitəsilə tutularaq sığınacağa verilməlidir və baytar xidmətinin köməyi ilə orada dölsüzləşdirilməlidir. Bu proses də beynəlxalq standatrlara uyğun həyata keçirilməlidir. Yəni, heyvanın anestizasiya yolu ilə tam ağrısızlaşdırılmasından sonra peyvəndlər və digər vasitələr istifadə edilməlidir. Bütün bu proseslər baytarlıq xidmətinin nəzarəti altından aparılmalıdır. Heyvanlar da heç bir əziyyət çəkmirlər və öz ömürlərin sağlam şəkildə yaşayıb başa vururlar. Kimsəyə ziyan vermədən”.
Yenilik gözlənilmir
Bunun üçün ilk növbədə yerli qanunvericilik bazası Konvensiyanın müddəalarına uyğunlaşdırılmalıdır. Eyni zamanda müvafiq standartlar və infrastruktur yaradılmalı, Konvensiyaya zidd olan qurumlar ləğv edilməlidir. Ancaq bütün bunların yaxın vaxtlarda həyata keçirilməsi gözlənilmir. çünki artıq parlamentdə təsdiq edilən 2016-cı ilin dövlət büdcəsində həmin işlər üçün maliyyə ayrılması nəzərdə tutulmayıb.
Küçələrdə sahibsiz heyvanların çoxalmasının bir səbəbi də evdə saxlanılan heyvanların balalarının sonradan küçəyə atılmasıdır.
Mütəxəssislər hesab edirlər ki, bunun qarşısını almaq üçün vətəndaşlar arasında maarifləndirmə aparmaq, ev heyvanlarının baytar nəzarəti altında dölsüzləşdirilməsinə nail olmaq zəruridir. M.Rəsulzadənin fikrincə, milli əhəmiyyəti olmayan heyvanların döl verməsi ilkin mərhələdə 5 il müddətinə dayandırılmalıdır. Bu qaydalara əməl etməyən vətəndaşlar isə inzibati məsuliyyətə cəlb edilməlidir. Əgər bu tədbirlər istənilən səviyyədə görülərsə, sahibsiz heyvanların sayı əhəmiyyətli dərəcədə azalacaq. Artıq vətəndaşlar da könüllü şəkildə baytarlıq xidmətinə müraciət edəcəklər.
Küçədə kortəbii formada yaşayan və artıb çoxalan heyvanların xüsusi yerlərdə saxlanılması iqtisadi cəhətdən də faydalı ola bilər. Dünya təcrübəsində kifayət qədər belə faktlar mövcuddur. Artıq yeni sistemin yaradılması və ondan biznes məqsədilə istifadə edilməsi üçün sahibkarlara da çağırış edilib. Belə ki, sahibsiz heyvanları tam nəzarətə götürüb baytar nəzarətindən keçdikdən sonra evində saxlamaq istəyən vətəndaşlara satıla bilər. Eyni zamanda kinoloqlar həmin heyvanlar arasından seşim edərək özlərinə laızm olan profillər üzrə təlimlərə cəlb edib onların xidmətindən yararlana bilərlər.
Mütəxəssislər yüksək standartlara uyğun formalaşdırılan heyvanlara qayğı mərkəzinə insanların axınını təşkil etməyin zəruriliyini vurğulayırlar. Bunun cəmiyyətin mənəvi və ekoloji tərbiyəsində, heyvanlara humanist münasibətlərin aşılanmasında müsbət rol oynayacağı qeyd olunur.
Mövzunu davam etdirəcəyik.
Fərqanə Allahverdiqızı
Strateq.az