XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2015 - 18:49

“Azeri İmport” imperiyası Bakını qəsb etməkdə davam edir

…Beləliklə, ədalət mühakiməsi başa çatdı. Azərbaycanda vətəndaşların mənzil və ofislərini müvafiq kompensasiya ödəmədən bir-birinin ardınca ələ keçirən “Azeri İmport” reyder imperiyasının özbaşınalığını dayandıra biləcək cəsur hakimlər tapıldı.

Virtualaz.org saytı buldozer və traktorlarla silahlanıb Bakını işğal etməkdə davam edən bu şirkət haqda əvvəl də yazıb (http://virtualaz.org/bugun/41965). Bakı Apelyasiya Məhkəməsinin hakimi Xuraman Məhərrəmova martın 12-də “Azeri İmport”un qanunsuz tikinti işləri apardığı əksər obyektlərdə inşaat işlərinin dayandırılması barədə qərar qəbul edib. Bu, haqqı pozulan vətəndaşların və onların hüquqlarını qoruyan dövlət qurumlarının qələbəsidir.

Amma bu şirkətin digər qanunsuz əməlləri də var. Dövlət orqanlarının onlara müdaxilə etməsi ümidi ilə bu haqda araşdırmamızı davam etdirək.

***

Virtualaz.org saytında fevralın 23-də dərc olunan məqalədə (http://virtualaz.org/bugun/41965) bu şirkətin əməlləri haqda geniş bəhs etmişik. Redaksiyamıza nədənsə həmişə “Azeri İmport”un haqlı çıxdığı yarımkriminal mübahisə və insidentlər barədə şikayətlər gəlməkdə davam etməsəydi, bu mövzuya qayıtmazdıq.

İstənilən mübahisə və münaqişə bu şirkətə çox xırda məsələ kimi gəlir. çünki bu şirkət məmurlar, polislər, hakim və prokurorlar tərəfindən dəstəklənir. Ona kimin gücü çatar?! Ona görə də “Azeri İmport” Azər Əsgərovun və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi Rəşad Məmmədovun rəhbərliyi altında istədiyini edir.

Buldozerlə “biçilən” pullar…

Bu adamların əllərində heç bir rəsmi icazə sənədi olmadan və yüksək rütbəli məmurların dəstəyi ilə Bayılda və aeroport-Bilgəh yolunun hər iki tərəfində olan evləri və ofisləri ələ keçirməsindən əvvəllər yazdığımızı təkrarlamağa ehtiyac yoxdur. Yüzlərlə ailə onların pirat hücumları nəticəsində malından-mülkündən məhrum oldu. Onların yerində kafe və restoranlar, çoxmərtəbəli binalar tikildi. özü də heç bir sənəd olmadan…

Uzun illər müstəntiq işləyən, hazırda isə vəkillik fəaliyyəti ilə məşğul olan təcrübəli hüquqşünas Ramiz Zeynalov virtualaz.org saytının redaksiyasına müraciət edib.

Buzovna sakini olan R.Zeynalov da “Azeri İmport”un özbaşınalığından şikayətlənir: “Mənim evim, ofisim və kafem də onlar tərəfindən uçurulub. Hələ 2008-ci ildə oğlumla birgə bələdiyyə zibilxanasını təmizlətdirib orada abadlıq işi apardıq, öz pulumuzla ağaclar alıb əkdik. Ev və ofis tikdik, kafe açdıq. Və bütün bunlar “Azeri İmport”un baş direktoru Azər Əsgərovun başçılıq etdiyi ordunun texnikası tərəfindən darmadağın edildi.

Əlimdə bir qalaq sənədlərim vardı. Amma icra hakimiyyətinin verdiyi sərəncam, yerli bələdiyyənin qərarı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi sənədlər, 40 sot torpaq sahəsinin və onun üstündəki daşınmaz əmlakın, tikililərin mənə məxsus olduğunu təsdiqləyən mülk kağızı Azər Əsgərovun yanındakı adamları əsla maraqlandırmadı.

Mənim şəxsi əmlakım beləcə zəbt edildi. özü də təkcə mənim yox. Qonşuluğumdakı obyektlər – özəl mülk olan 6 qaraj, 26 mağaza, bələdiyyənin ağsaqqalların istirahət etməsi üçün tikdiyi bina, yaşayış massivini istiliklə təchiz edən qazanxana darmadağın edilib uçuruldu. “Azeri İmport” buldozerə verdiyi bu obyektlərin yerində 3 min kvadratmetr sahəsi olan qeyri-yaşayış binası tikib. Sənədə görə, həmin bina tikintinin iş icraçısına məxsusdur. Amma kağız üstündə belədir. İş icraçısının özünün dediyinə görə isə bu binanın əsl sahibləri Azər Əsgərovla Rəşad Məmmədovdur. Adi iş icraçısında bu qədər pul haradadır axı…

Nəhəng “Zuğulba market”, “Kupol” restoranı və Buzovnanın yaraşığı olan Mədəniyyət Sarayı da “Azeri İmport”un qəsbkarlığının güdazına getdi. özü də sarayın və restoranın yerində əvvəlcə stend qoyulmuşdu. Orada bildirilirdi ki, bu ərazidə Heydər Əliyevin abidəsi ucaldılacaq və fəvvarələr olacaq. Halbuki “Azeri İmport” sonradan orada yeraltı qarajı olan otel və digər binalar tikdi. Aydın məsələdir, bunların sahibi Əsgərovla Məmmədovdur. Bir də “Azeri İmport”u himayə edən nüfuzlu şəxs…

Buzovnada bu uşaqlar haqda belə deyirlər ki, onlar pulu buldozerlə “biçir”.

Maraqlıdır ki, “Azeri İmport” hansısa sehrli çubuq sayəsində hətta formal elan verilmədən belə tenderin qalibi olub, bununla da aeroport-Buzovna-Bilgəh magistral yolunun hər iki tərəfindəki ərazilərin şəriksiz sahibinə çevrilib.

A.Əsgərov və komandası hələ 50-ci illərdə alman əsirləri tərəfindən tikilən və möhkəmliyi hətta mütəxəssisləri də heyrətə salan evləri əsaslı təmir etmək əvəzinə onların yalnız fasadını zahirən dəyişib. Dövlət büdcəsindən bu məqsədlə ayrılan pullar isə aydın məsələdir ki, hara gedib.

Hələ bu harasıdır?! Əsgərov və adamları yola aid zonadan xeyli aralıdakı ərazilərdə olan evləri və ofisləri yuxarıdan heç bir göstəriş almadan və heç kimə bir qəpik də kompensasiya vermədən söküb, adamları küçəyə töküb. öz evini, ofisini tərk etməyərək inad göstərən adamlarla söhbət isə çox qısa çəkib. Onların mülkü hüquq-mühafizə orqanlarının gözü qarşısındaca buldozerin ağzına verilib. Prezidentin göstərişi ilə vətəndaşlara kompensasiya kimi verilməli olan pullarla isə “Azeri İmport” sahibləri üçün müxtəlif binalar ucaldılıb. Buna heç bir rəsmi icazələri olmasa da. Amma bu mülklər indi həmin adamların şəxsi əmlakıdır.

Zərərçəkənlər bu adamların gücünü və dəstəyini gördüyündən məhkəmələrə müraciət etməyə də qorxurlar. çoxunun buna heç maddi imkanı da çatmır. üstəlik qəsbkarların əlində yerli hakimiyyətlərin onlara verdiyi formal bəhanə və əsaslar var. Bir hiyləgərlik də odur ki, bu adamlar sənədləri köhnə tarixlə hazırlaya, daha doğrusu, saxtalaşdıra bilirlər.

Bu adamların gücünü göstərən daha bir fakt odur ki, nə bələdiyyə, nə də neftçilər də məhkəməyə müraciət etmirlər. Amma mən onkoloji xəstə olmağıma və 4 dəfə əməliyyat keçirməyimə baxmayaraq müraciət etdim. Bəs nə ilə üzləşdim? Açıq-aşkar “Azeri İmport”un maraqlarını müdafiəsində dayanan və qanunlara məhəl qoymayan vicdansız hakimlərlə üzləşdim.

Mən özümə dəyən 500 min manatlıq maddi zərərin ödənməsi məsələsini qaldırdım. Bu firmanın cinayətini sübuta yetirmək üçün məhkəmə vasitəsilə Bakı Şəhər İcra Hakimiyyətindən, Maliyyə Nazirliyindən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən müvafiq sənədləri tələb etdim. Hakim qanunu pozaraq tələbimi yerinə yetirmədi. Bu tələbimi yerinə yetirmək qərarını verən şəxs isə “Azeri İmport”un sahiblərinin təkidi və Xəzər Rayon İcra Hakimiyyəti başçısının tələbi ilə işdən azad edildi, müstəqil sayılan vəzifəsini itirdi. Mən qanunların tələblərinə hərfbəhərf əməl edən hakim Fatma Miralayevanı nəzərdə tuturam.

Belə məlum oldu ki, BŞİH-in heç bir idarəsi “Azeri İmport”a mövcud tikililəri söküb yerində başqa obyekt tikməyə icazə verməyib. Maliyyə Nazirliyinin nümayəndəsi isə bu firmanın büdcə pullarını mənimsəməsi faktını etiraf etsə də məhkəməyə bununla bağlı hər hansı sənəd təqdim etməkdən boyun qaçırdı. Nazirlikdən belə bir ağlasığmaz cavab gəldi ki, bu, guya onlara aid olan məsələ deyil. Heç bir məntiqi olmayan bu izahat isə hakimi qane etdi. üç il davam edən məhkəmə çəkişməsinə “Azeri İmport” tərəfindən məhəl qoyulmaması faktı da hakimi əsla maraqlandırmadı.

Hökm isə belə oldu: mənim iddiam rədd edildi. Apelyasiya Məhkəməsinə müraciət etdim. Bu instansiya isə mənim haqlı olduğumu etiraf etdi və firmanın mənə 480 min manat ödəməli olması barədə qərar çıxardı. Həmin pulları isə bu günədək də ala bilməmişəm. Və ala da bilməyəcəyəm. Görünür, Əsgərovla Məmmədov mənim ölməyimi gözləyirlər.

Soruşmaq istəyirəm: hakimlərə öz şərtlərini diqtə edə bilən, büdcə pullarını buldozerlərlə kürüyüb ciblərinə dolduran və qanunları ayaqlayıb cəzasız qalan bu “Azeri İmport”un sahibləri kimlərdir?”

***

Bu suala biz də cavab axtarmağa başladıq. “Azeri İmport” firması haradan meydana çıxıb? Bu şirkət nə deməkdir? Onun yaradıcıları olan Rəşad Məmmədovla bacanağı Azər Əsgərovu pulla təchiz edən sirli mənbə kimdir?

İndi başqa sual da yaranır: niyə məhz “Azeri İmport”?

Gəlin tələsməyib ilmələri bir-bir çözək.

Qarışıq 90-cı illərin qəhrəmanlarından olan Məhəbbət Xəlilovu yəqin çoxu unudub. özü keçmişdə ilişib qalsa da əlinin “kölgəsi” bizim günlərimizdə də görünür.

M.Xəl
ilov Lənkərandandır. O, Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin sabiq rəis müavinidir. Dənizçi-mühəndis diplomu ilə yanaşı Asiya və Afrika İnstitutunda da gözəl təhsil alıb. Burada bir çox Şərq dillərini (fars, puştu, dari və s.) mükəmməl öyrənib. Dil bildiyi üçün uzun illər Əfqanıstanda işləyib. Həmin illərdə Mərkəzi Kəşfiyyat İdarəsi öz sadiq əməkdaşı üsamə bin Ladenin köməyi ilə ekstremist “Taliban” hərəkatını yaradırdı. Lənkəranlı “şurəvi”nin ibadətlə məşğul olması xüsusi xidmət orqanlarının nəzərindən yayına bilməzdi. Axı M.Xəlilov kommunist idi, Sov.İKP üzvü idi. Bu ideologiya isə bütün dinləri birmənalı olaraq rədd edirdi. Amma hansısa bir “şurəvi” öz adamlarından gizli şəkildə gözdən-könüldən uzaq kənd məscidlərinə ibadətə gedib-gəlirdi. Amerikalılar onun bu zəifliyini tutmuşdular, yoxsa başqa əməlini – bu, məlum deyil. Onun “verbovka” olunması faktı kimi…

M.Xəlilov Bakıya hər halda başqa ideologiya ilə və başqa “yaşıl” yüklə gəldi. Bu da ona tezliklə Xəzər Dəniz Gəmiçiliyi İdarəsində rəis müavini postunu tutmağa imkan verdi. özü ilə gətirdiyi “sevimli yaşıl” yük də sandıqda çox qalmadı. Postsovet məkanında hər şey sürətlə dağılıb gedirdi.

Həmin vaxtlar Azərbaycanda da çoxlu sayda siyasətpərdazlar peyda olmuşdu. Onlar ölkəni xırda tikələrə bölməyə və milli əlamət, yaxud da başqa zəmində yaradılacaq yeni “dövlətciklər”in başçısı olmağa can atırdılar. Və qəfildən o gözəl Lənkəranda da bu bölgədə “Talış-Muğan Respublikası”nın yaradıldığını elan edən bir fiqur peyda oldu. Bu hərəkatın başına yaxşı təhsil ala bilməyən kasıb bir yerli sakin gətirildi. Bu, Ələkrəm Hümbətov idi.

“TMR”-in “lideri”nin populyarlığının sürətli artımında Məhəbbət Xəlilovun sandıqdan çıxardığı pulların rolu barədə yəqin ki, çox adam məlumatlı deyil.

M.Xəlilovun tapşırığı ilə Hümbətovun qərargahında İctimai Şura yaradılmışdı. Xəlilov bu şuranın üzvü idi və onun çətiri altında “Avesta” mədəni-maarif cəmiyyətinə rəhbərlik edirdi. “Avesta” nəşriyyat fəaliyyəti ilə məşğul idi. Onun çap məhsulları Ə.Hümbətovun “xeyirxah inqilabi səyləri”ni eninə-uzununa reklam edirdi. Xəlilovun bütün qardaşları – Maşallah, Səadət və Elxan – bədnam “TMR”-in “kölgə kabineti”ndə mühüm postlar tuturdular. S.Xəlilov gizli mətbəəyə başçılıq edirdi. Hümbətovun möhürü onda idi. Həmin gizli mətbəədə təbliğat-təşviqat materialları ilə yanaşı “TMR” üzvləri üçün vəsiqələr də hazırlanırdı. Bu vəsiqələrə o zaman ehtiyac vardı və yaxşı pula gedirdi. Həmin pullar Azərbaycandan qaçmağa və istənilən Avropa ölkəsinə gedib orada siyasi qaçqın statusu, üstəlik imtiyazlar almağa yetərdi…

Bədnam “TMR”-in “boz kardinalı” isə əlbəttə ki, doğma qardaşları ilə birgə kommersiya ilə məşğul olan M.Xəlilov idi. O, bu siyasi oyunun əsas fiquru idi. “Vacib adamlar”ı isə qorumaq lazım idi. “TMR” “nazirlər kabineti” bu məsul işi kimə tapşırsa yaxşıdır?! Bəli, Rəşad Məmmədovla Azər Əsgərova! Onların cibində tapansa ilə yanaşı “TMR” üzvlüyünü təsdiqləyən vəsiqə də vardı. Onlar fiziki cəhətdən güclü və sağlam gənclər idilər, lakin ciblərində qəpik də yox idi. Yaxşı maaş bu gəncləri “doğma ata” adlandırdıqları M.Xəlilova və onun “müqəddəs amalları”na möhkəm tellərlə bağlamışdı. Onlar Xəlilova sədaqətlə xidmət edirdi.

Varşavada məhkəmə

M.Xəlilov ifşa olunmasına və yüksək vəzifədən çıxarılmasına dözməyərək vəfat edəndən sonra Rəşadla Azər ona sədaqətli olduqlarını nümayiş etdirdilər. Onlar bu dəfə də M.Xəlilovun bizneslə məşğul olan oğlanları Emillə Elçinə cangüdənlik etməyə başladılar. Emil İsveçin “Volvo” avtomobillərinin Azərbaycanda satışını həyata keçirən yeganə diler idi. O, həmçinin 90-cı illərin ortalarında Bakının ən sanballı kommersantlarından biri olan Aydın Qurbanovla işgüzar əlaqələr quraraq ölkəyə vacib məhsulların (un, qənd, yarma, makaron məhsulları və s.) gətirilməsi ilə məşğul olurdu.

Qurbanov qanunlara əməl edən ciddi adam idi. O, özünün və Emilin birgə pulları ilə aldığı məhsulları ölkəyə göndərəndə heç bir qanun pozuntusuna yol vermirdi. Emil isə belə deyildi. Ona görə də Emilin bu məhsullardan ibarət eşelonlarının biri (onların alınmasına və çatdırılmasına görə pulun çoxunu Qurbanov ödəyirdi) Baş Prokurorluq tərəfindən qaçaqmal kimi tutulmuşdu. Bunun bütün məsuliyyəti Emil Xəlilovun üzərində idi, çünki qanunları o pozmuşdu.

Bu məhsullar qaçaqmal kimi tutulandan sonra Emil Xəlilov aldadılmış tərəfdaş və sifarişçi ilə – “Azərbaqqaliyyə” ilə hesablaşmalı idi. Onun çox böyük borcu yaranmışdı. Bu məbləğ az qala səkkizrəqəmli ədədlə ölçülürdü.

Amma o qədər də düz adam olmayan hiyləgər E.Xəlilov bu vəziyyətdən də çıxış yolu tapdı. O, özündən super gəlirli iş ideyası uyduraraq xeyli sayda imkanlı iş adamını tovlayıb pullarını aldı. 27 milyon manat toplayaraq Polşaya qaçdı. Onun borclarını burada həyat yoldaşı ödəməli oldu.

E.Xəlilov zərərçəkənlərin iddiası əsasında beynəlxalq axtarışa verildi. E.Xəlilovun yeri dəqiq məlum olduğu üçün Azərbaycan Polşadan onun ekstradisiyasını tələb etdi.

İndi bizim qarşımızda bu iş üzrə 2003-cü il, iyulun 3-də Varşavada keçirilən məhkəmə prosesində çıxarılmış hökmün mətni var. Həmin sənədin əsas hissələrini təqdim edirik:

“18-ci Varşava Dairə Məhkəməsi qərara alır:

Emil Xəlilovun Azərbaycan Respublikasına verilməsi yolverilməz hesab edilsin”.

Bu da qərarın əsaslandırma hissəsindən çıxarış:

“Məhkəmə müəyyən etdi ki, Emil Xəlilov Polşa ərazisində tamamilə leqal şəkildə, ona bu ölkədə işləməyə icazə verən biznes vizası əsasında yaşayır. E.Xəlilov burada saxlanılana qədər Azərbaycan hüquq-mühafizə orqanlarının onu axtarışa verdiyini bilməyib. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, E.Xəlilov 1992-ci ildən bəri milli azlıqlar olan talışları müdafiə edən partiyanın üzvü olub. 1995-ci ildə siyasi vəziyyətin dəyişməsi ilə əlaqədar təqiblərə məruz qalmağa başlayıb.

E.Xəlilov məhkəməyə belə deyib: “Bu partiyanın bütün üzvləri kimi məni də dəfələrlə tutub saxlayıblar. Amma yuxarılarda yaxşı tanışlarım olduğu üçün özümü xilas etməyi və həbsxanaya düşməməyi bacarmışam” (142-ci vərəq).

Təqib olunan şəxs onu da deyib ki, partiyanın nəşriyyat fəaliyyətinə hərtərəfli şəkildə kömək edib. Bunun sübutu kimi isə hazırda Hollandiyada yaşayan və bu ölkədən siyasi sığınacaq alan partiyadaşları Ə.Hümbətovun, E.Xəlilovun və S.Əlibəylinin məktublarını təqdim edib (cild 1, vərəq 113-114).

Emil Xəlilov bildirib ki, məhbus partiyadaşlarına maddi yardım göstərdiyi üçün onun Azərbaycan hakimiyyəti ilə problemləri yaranıb. Onu rüşvətxorluqda ittiham ediblər, ona məxsus şirkətlər isə müqavilələrdən məhrum olunub. O deyib ki, həbs və işgəncələrdən qorxduğu üçün ölkədən qaçıb (vərəq 142)”.

Valyuta qaçaqmalçılığı işi üzrə həbs edilənlər bir müddət sonra öz ifadələrini dəyişiblər. Bu da müstəntiqlərə Elçin Xəlilov barədəki qətimkan tədbirini dəyişməyə əsas verib. Onu başqa yerə getməmək barədə iltizam alaraq azad ediblər. Ona da elə bu lazım idi. E.Xəlilov öz sadiq cangüdənlərinə lazımi tapşırıqlarını verib, sirlərini onlara açıb, qalan var-dövlətini qanuni yolla onların adına sənədləşdirib və qardaşı kimi o da çıxıb gedib.

Məsləkdaşlar unudulmur

Bundan sonra isə Xəlilovlar ailəsinin cangüdənlərinin böyük biznesmenlərə çevrilməsi prosesi başlayır. Rəşad Məmmədovun rəhbərliyi altında “Azeri İmport” firması yaranır.

Doğrudur, ilk günlər işlər o qədər də yaxşı getmirdi. Şəriklərin Bakıda Axundov bağında tikmək istədikləri bina onları az qala tamam yandırıb məhv edəcəkdi. Bu təzə bina orada çoxdan bəri ucalan nisbətən balaca binaya düşən gün işığının qarşısını kəsirdi. Bu da həmin köhnə binanın bütün sakinlərini bərk qəzəbləndirmişdi. Sən demə, Prezident Aparatında işləyən yüksək rütbəli məmurlardan biri də həmin binada ya yaşayırmış, ya da pəncərəsi o binaya baxırmış. Təzə binanın tikintisi dərhal dayandırıldı. Onun hətta sökülməsi təhlükəsi də meydana çıxdı.

İnşaat işlərinə çəkilən xərc və şəhər meriyasına verilən pullar bata bilərdi. Bu isə nəhəng məbləğ demək idi. Əgər Rəşad Məmmədovla Azər Əsgərov həmin yüksək rütbəli məmurla anlaşa bilməsəydi, o pullar batacaqdı da. Necə deyərlər, əl əli yuyar, əl də üzü…

Rəşadla Azər bu çoxmərtəbəli binada bütöv bir mərtəbəni, ən yaxşı mənzilləri həmin məmura hədiyyə etdi. “Azeri İmport”un zəfər yürüşü məhz elə bundan sonra başladı. Bu şirkətə əvvəlcə paytaxt küçələrinin və parkların işıqlandırılması və illüminasiya işlərinin təşkili və bunun üçün zəruri avadanlıqların quraşdırılması sifarişi verildi. özü də bu sifariş dövlət tərəfindən verilən sifariş idi. Bunun üçün şirkətə dövlət büdcəsindən pul ayrılmışdı. Rəşadla Azər bu işdən nə qədər qazandılar? Bilmək çətin deyil. Rəşadla Azərin dövlət büdcəsi pullarına əhlikef münasibəti onlara belə bir gözəl sürpriz etmiş həmin məmurun çox xoşuna gəlmişdi…

Daha sonra həmin məmur paytaxtdakı bütün binaların üzlənməsi və divarlarının ağardılması işinin də müəyyən “hörmət” müqabilində Azərlə Rəşada verilməsinə nail oldu. Bu isə başqa, daha ciddi büdcə pulları demək idi… Bunun ardınca isə Bayıl yamacındakı ev və ofislər, aeroport-Bilgəh yolunun hər iki tərəfində yerləşən və əhalinin sıx məskunlaşdığı massivlər gəlirdi…

Pul sel kimi axırdı. Daha sonra isə Azər Əsgərov inanılmaz dərəcədə sürətlə varlanan “Azeri İmport” şirkətinin baş direktoruna çevrildi. Rəşad Məmmədov isə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin olundu…




Yuxarı Əvvələ Ana Səhifə