Tural İSMAYILOV
ötən yazıda Atlantis əfsanəsi ilə bağlı araşdırmaçılara maraqlı gələ biləcək bir neçə məsələdən bəhs etmişdik.
Atlantislə bağlı, özəlliklə bu sirli və mövcudluğu sual altında olan uyqarlığın adı üzərində mübahisələr mövcuddur. Amma Atlantisə qədər insan-su ilişkilərinin hansı formadan necə buraya çatmağı haqqında bir az aydınlaşdırmalara ehtiyac var.
Naturfəlsəfənin inkişafı insanlara yeni sərhədlər açdı. Qədim insan həyatın dərkində özündən sonrakı nəsillərdən bir çox formasıyla bütöv idi. Məşhur kosmos araşdırmaçısı Karl Saqan sualı konkret qoyurdu. İndiki insan birlikləri ilə, texnikanın cənginə almadığı, sivilizasiyanın formalaşmasından öncəki insan arasında ən ciddi fərq insanın texnika və İKT ilə birlikdə rahat həyat naminə təbiətdən uzaqlaşmağıdır. Derrida insanın təbiəti heçə saymağını fəlakətin ilkin addımı olduğunu boşuna qeyd etmirdi. O hesab edirdi ki, təbiəti dərk etməkdən birdəfəlik əl çəkən insan üçün daha maraqlı olanlar sadəcə yaşamaq uğrunda mübarizənin ifrat həddidir. Mübarizəni insandan tələb edən onun təbii var oluşudur, amma insan bunları unudaraq təbiəti dışlamaqla kifayətlənmədi, həm də təbiətin zədələnməsinin akkumilyativ istiqamətvericisi oldu.
Sosioloq Paderson ekoloji fəlakət sxemini daha aydınlıqla izah edirdi: əvvəlcə insanlar təbiəti kəşf etdi, sonra təbiətin ünsürlərini mənimsədi, təkamülün ən qorxulu nəticəsi olan beyin layları inkişafı daha çox istəməyə, maddi hərisliyə və nəhayətdə lazım olanından artığını qəsbə rəvac verdi. Halbuki, biz tarixin bütün dövrlərində insanın ən başda dörd element – hava, od, su, torpaq ilə vəhdətiylə bağlı birgəliyə canatma meyarlarını müşahidə etmişik. Bu canatmalar heç biri Nitsşe təəbirincə olmamışdı, sözsüz ki. Bioloji səbəbi axtaran alman filosofu Feyerbaxdan sufi islam mütəfəkkirlərinə qədər hamısının təbiəti, onun dörd ünsürünü arama cəhdləri, insanın ətraf aləmin bir parçası olması fikiri daim aktual idi.
Bunların başında su dayanır. Nuh Peyğəmbər yazılarından neodarvinist təlimlərə qədər hamısında su, insan vəhdəti öz əksini tapır. Biologiya və fizika suyun insanda və torpaqda, astrofizka və molekulyar kimya isə hətta daha başqa qalaktikalarda da suyun olmağını bütövlük prizması ilə izah edirdi. Bəhmənyarda rast gəlindiyi kimi, su, insan, bitki, canlı və cansız olan hər şey bir-birinin hissələridir, tamın ayrıca strukturlarıdır.
Bu axtarışlar sonunda Heraklitin fəlsəfəsini ortaya çıxardı. Şübhəsiz ki, klassik tibbin yeni bir qılıfa qədəm qoymağında Heraklitin, Hippokratın insan-təbiət tandemi tezisləri əsas rol oynamıışdı. Heraklit antik qərb fəlsəfəsində Sokrata qədərki təbiətşünaslığın ciddi nümunəsidir. Heraklitin həyatı ilə bağlı tarix fəlsəfəsində o qədər material mövcud deyil, sadəcə, bunu deyə bilərik ki, ona qədər dinamik fəlsəfəni sistemləşdirən filosoflar, demək olar ki, yox idi. Heraklit insanın oddan yarandığını və od olaraq məhv olacağını iddia edirdi. Amma o, atəş və su ziddiyətini mübarizə kimi qələmə verirdi. Sonrakı əsrlərdə bizim Hürufizmdə rast gəldiyimiz əkslərin birliyi, ziddiyətlərin harmoniyası kimi anlayışlar onda da mövcud idi. İnsanın atəşin parçası olduğuna inanan Heraklitin su ilə insan vəhdətini təbii hesab etməyi fəlsəfənin həmin vaxtlarda elmin sərhədləri ilə toqquşmağındakı çatişmazlıqlarla bağlı idi. Roma atomisti Tit Lukreti Kar canlı yaradılışı hissələrə bölürdü: bütöv cism, onun daha kiçik hissələri, ayrıca parçalar, su, molekullar, sayısız xırda atom hissəcikləri. Yunanların “monodlar” deyə adlandırdığı təlimin davamı kimi də baxıram bu yanaşmayaya. Demokritin atomistikasında da Kar bölgüsü təkrarlanmış, lakin hava və atmosfer anlayışlarına baxış bir qədər mürəkkəb olmuşdu, bu isə başqa bir yazının mövzusudur.
Açıq etiraf etmək lazımdır ki, sonralar molekulyar kimyanın təkamülündə bu təlimlərin hamısı elmin baza zənginliyinə təsirsiz qalmamışdı. Şərq fəlsəfəsində Mövlanə Cəlaləddin Rumi varlıq və su münasibətini izah etməyə çalışır. Ruminin su fəlsəfəsi həm də zaman anlayışı ilə analogiya edilir, fiziki məkan və zaman nəzəriyyələri ilə toqquşmurdu. “Bir an üçün su olduğunu düşün”, – deyərdi Mövlanə. Səni əhatələyən hər şey başda olmaqla zaman məhvərində su kimi axır, çünki zaman özü də axıcı və qeyri-stabildir. Houkinq əsrlər sonra vaxtın axıcı və rəvan olmasını orijinal qeyri-stabillik sayırdı. Mövlanə mənəvi-ruhi insan sferasının da su ilə bənzər olmağına diqqət çəkmişdi. Su kimi sakit və həlim olan insanın iç dünyası eyni anda su kimi də yıxıcı və dağıdıcı olmaq iqtidarındadır axı.
Yunan fəlsəfəsində Anaksimandr su ilə bağlı fikirlərində mahiyyət anlayışından bəhs edirdi. Su və digər üç ünsür daim bir-birini təkzib etməlidir ki, varlıq fəlsəfəsi özünü formalaşdırsın. Təkzibdən təsdiq törəməsi və riyazziyatdakı ehtimal nəzəriyyəsinin ilkin ideyavericilərindən də saymaq olar Anaksimandrı. Həndəsənin və texniki ölçmə elmlərinin ilk fikir adamı olan Fales suyu hər şeyin başlanğıcı və ilki görürdü. Bu, o zamanlarda Falesin yaşadığı bölgənin ətrafının sularla çevrili olmağı və dünyada su külliyatının quru sahədən daha çox olmağına Falesdə olan möhkəm inancla əlaqədar idi. Dionis suyu insan sağlamlığının qoruyucusu hesab edirdi. Mikeya kültüründə də insan sağlamlığında su önəmli faktor olduğu üçün əhəmiyyətə malik hesab edilirdi.
Su ilə bağlı düşüncələr dənizində boğulmamaq mümkün olmur. Su üzərində elm və fəlsəfənin apardığı araşdırmalar nəticədə mifik dünyagörüşü də r
əngləndirirdi. Bunların nəticəsində politesit antik qərb insanı Tanrılar uydurmağa başladı. Amfirit, Doris, Nereus kimi ilahi qadın obrazları yaradaraq, onları dənizlərin sahibləri elan etdilər. Bir də Triton, Tetis kimi kişi varlıqlardan bəhs etdilər. Onların üstündə isə okeanlar və dənizlər tanrısı Poseydon dayanırdı əski qərbli şüurunda. At, delfin və buğa kimi heyvanlar Poseydonun simvolu sayılır. Diqqət çəkən nüans delfindən başqa digər iki heyvanın su yox, quru sahə canlısı olmasıdır. Roma mifologiyasında Poseydon Neptun kimi tanınır. Poseydon mübarizə və gücü təmsil edirdi. İnanışa görə, Atlantisin məhvi birbaşa Poseydonun qəzəbi nəticəsində baş verir. Dəniz dalğalarının enib-qalxan olması Poseydon haqqında çılğın bir obraz kultu yaradırdı. Mifologiyada su yaşam və həyat, Poseydon isə onun rəhbəri sayılır, ölüm və işgəncələr içərisində olan Qorqosla daim mübarizədə olur.
Poseydondan sonra su ilə bağlı ən məşhur əsatir dəniz qızı uydurmasıdır. İllərdir bütün bilim-qurğu ssenarilərini və sənədli filmləri, nağıl cizgilərini özündə birləşdirən insan başlı, qurşaqdan aşağısı balıq quyruğu formasında olan bu mifik varlığın əfsanəvi adı Artemisdir. Qardaşının dünyaya gəlişində anasının acılarından təsirlənən qız buna görə heç bir zaman evlənməmək və hər zaman bakirə qalmaq niyyətində oluğunu atasına bildirir. Gözəlliyi ilə hamının diqqət mərkəzində olsa da, hər zaman saf və olduğu kimi qala biləcəyinə inanırdı. Mif daha sonra onun haqqında əfsanəvi bir eşq nağılı düzəldir. Bir gün mağaradakı göldə üzən Artemis yaxınlıqda bir qızla oğlanı görür və yaraşıqlı İdasa aşiq olur. Hekayənin davamında Artemis İdası görmək uğrunda balıq tutmağa gedən İdasın toruna bədənini salmaq üçün özünü dəniz qızına çevirir və əsrlər bou davam edən dəniz qızı nağılı da buradan törəyir. Bu gün Taşucu bölgəsində onun heykəlinə rast gəlmək mükündür.
Atlantisdən başqa, varlığı dəqiq bilinməyən, gerçəklik və ya əfsanə olduğu bilinməyən Mu kültürü və Aqarta haqqında da qeydlər var. Bunlar bir-birinə yaxın, ya da fərqli kültürlər olsa da, hər biri haqqında həm hind təlimlərində, həm Firdovsidə, həm də qərb araşdırmaçılarının yazılarında bilgilər var. Atlantis orijinal addır və bir çox elmi ədəbiyyatlarda, təhlilçilərin yazılarında belə keçir. Atlantida tanımı isə daha çox slavyan mənşəli tədqiqatçıların yazılarında rast gəlinən yanaşmadır. Atlantisin konkret yeri barədə ingilis arxeoloq Peter Ceyms BBC ilə bir araşadırma apardı və maraqlı faktlar ortaya çıxardı. Ceymsin tədqiqatlarında İngiltərədə yaşayan yunan arxeoloq Nikos Kokkinos da yer aldı. Ceyms indiki Türkiyənin Manisa əyalətində mövcud olan Lidiya qədim dövlətinin Atlantis ola biləcəyi fikirini irəli sürür. Lidiya kralı Tantalosun Atlantisin isim babası Atlas ola biləcəyinə inanırdı və Lidiyadakı Tantilis ölkəsinin də Atlantis olduğunu müdafiə edirdi. 1834-cü ildə ingilis səyyah çarlz Teksyer İzmirə səyahət etdi və Atlasın dəfn olunduğu yerin Anadolu torpaqları olmağı ideyasını irəli sürdü. Peter Ceymsin “The Sunker City” kitabında Atlantisin Türkiyədə ola biləcəyi ilə bağlı bir çox iddialar yer alır. Lakin tarix və mifologiyanın yamacları hələ tam ayrılmayıb.
Atlantis ümumiyyətlə, mövcud idimi? Atlantis mif, yoxsa reallıqdır? Atlantis var idisə, niyə bir dənə tutarlı və səhih qaynaq, ya da məlumat qalmayıb? Yox, əgər sırf mifik bir fərziyyədirsə, niyə illərdir insanlar onun varlığı üzərində baş sındırır və tədqiqatlar aparırlar?
Ancaq Atlantisin Türkiyə və qədim Anadolu ilə əlaqələndirilməsi də heç məntiqli deyil. Platonun sözlərinə görə Atlantis bizim eradan 9500 il əvvəl Atlantik okeanında, indiki Cəbəllütariq boğazının yanında yerləşirdi. Sahəsi Liviya və Asiya qitəsinin birlikdə götürülmüş sahəsindən də böyük olub. Platona görə, adada yaşayanlar dəniz və zəlzələlər tanrısı Poseydonun soyundan gələn kralların qurduğu ittifaq tərəfindən idarə olunurdu. Həmçinin adada ayrı-ayrı krallar tərəfindən idarə olunan şəhər-dövlətləri var idi. Bəzi alimlərin dediyinə görə, Atlantis Atlantik okeanından Aralıq dənizinə, cənubda Misir, şimalda İtaliyaya qədər uzanan böyük bir imperiyaya malik olub. Hətta bəzi araşdırmaçılar Cəbəllütariqin sahillərində yerləşən Azor və Kanar adalarının Atlantisin qalıqları olduğunu qeyd edirlər. ümumiləşdirmə aparıldıqda, dünyanın hər yerində Atlantisin qalıqlarının olduğunu iddia edənlər var.
İnsan təbiətin ünsürü olduğu üçün təbiətin onda da olan su ünsürü ilə beləcə doğmalaşdı və sirr olaraq qalan diskussiyalara səbəb oldu…
P.S. Təbiətin dəyərini bilin, biz onun parçasıyıq.