XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

27 Noyabr 2015 - 20:26

Azərbaycan elminin yeni strategiyası – AMEA-da islahatların zəruriliyi

 

elshen-2.jpg

Elşən NƏSİBOV

Siyasət elmləri üzrə fəlsəfə doktoru, politoloq

AMEA-nın İnsan Hüquqları İnstitutunun əməkdaşı

 

Elmin yeni strategiyası onun daxilən dəyişən taktiki addımlarından və yeni ümumi və konkret, çərçivə sahəli konsepsiyalarından meydana gəlir. Elmin yeni strategiyası məzmun etibarilə dəyişən mühitin tələblərinə cavab verməkdən və mühiti yeni axara yönləndirməkdən ibarətdir. Elm özü də yeni nəzəri müddəalarla və təcrübi məhsullarla yeni axarı yaradır. Elm dəyişən mühitə cavab verir, reaksiya bildirir, özünə bu mühiti obyekt edir və digər istiqamətdə yeni mühiti formalaşdırmaq funksiyasını həyata keçirir. Dəyişən şəraitlərdən digər şəraitlər şaxələnir. Elmin meydana gətirdiyi inkişaf dəyərlərindən yeni dəyərlərin yaradılması prosesləri həyata keçirilir. Elm dəyişən mühiti özünə cəlb edir və yeni axarlar müəyyənləşdiririr. Elm dəyərləri yeni dəyərlər üçün şərtə çevirir. Bu nöqteyi-nəzərdən də elmin müddəa tərkibi də dəyişir. Elm çalışır ki, dəyişən tələblərə uyğun müddəalar hazırlasın. Dəyişən şəraitlərdə yeni mühakimələr və əqli nəticələr meydana gəlir. Elmi təsəvvürlər, təxəyyüllər yeni yaradıcılıq mühtinin formalaşmasını zəruri edir. Elm nəzəriyyə, təcrübə və paradiqmanın vəhdətində özünü dəyişdirir.

Elm dəyişən mühitin gerçəkliklərini müddəalar şəkilində əks etdirir və yeni məzmunlu müstəvi yaradır. Buradan da dəyişən normalar vahid panellər daxilində nəzəri olaraq əks olunur. Elmin funksiyası dəyişkənlik şəraitində meydana gələn vasitələri yeni axarlar və yeni istiqamətləri üzrə müəyyən etməkdən və yönləndirməkdən ibarət olur. Fikirlər yeni axarlar üzrə sistemləşdirilir, qruplaşdırılır. Bu dəyişən şəraitlərdə elmin yükü artır və elementləri yeni axara yönəldir. Yeni axar da öz növbəsində stereotipləri infiltrasiya edir. Elmi biliklər sistemi özünü daxilən təmizləyən bir mexanizmə çevrilir. Burada elmin funksiyası dəyişən elementlər axarını sistemləşdirməkdən, elementlər arasında yeni əlaqələr yaratmaqdan və sistemi, eləcə də prosesləri  strukturlaşdırmaqdan ibarət olur. Yeniləşən mühitdə paradiqmalar (modellər, nümunələr) da dəyişir. Yeni keyfiyyət standartları müəyyən olunur, davranış və normalar da dəyişikliyə uğrayır. Yeni keyfiyyət standartları elementləri yeni tələbləri ödəyəcək əsasda qruplaşdırır, əlaqələndirir. Dəyişiklik başlıca olaraq baza elementlər saxlanılmaqla və ya da qismən dəyişikliyə uğramaqla müşahidə olunur. Dəyişiklik fəlsəfəsi də elementlərin yeni forma və məzmun alması halları ilə formalaşır.

Elmin xidmət amalları daima mövcud və gələcək strategiyanı özündə cəmləşdirir. Elm gələcək hədəfləri nəzəri olaraq müəyyən edir və bütün strateji və taktiki addımları bu hədəflərə yönəldir. Xidmətini dəyişir. Qazancların hesablanması və elmi nailiyyətlərin bu istiqamətə yönləndirilməsi başlıca hədəflər içərisində yer alır. Elmin istəkləri onun vəzifə və funksiyalarında, məqsədlərində aydınlaşır. Elmin bütün xidmətlərinin mahiyyətində pozitivlik, faydalılıq prinsipləri əsas götürülür. Keyfiyyət, kəmiyyət və təminat fəlsəfi kriteriyaları elmin bazasını təşkil edir. Elm həm mövcud bazadan çıxış edərək, carı xidmətlərlə gələcək strategiyanı müəyyən edir, həm də bügünkü mövcud potensialdan xaric olaraq gələcək hədəflər müəyyənləşdirir. Və mövcud potensialı bu hədəflərə yönəldir. Elm cəmiyyətin, dövlətin inkişaf axarını qabaqlayır, önləyir. Elmin futurist funksiyası və məqsədləri onun preventiv və lokomotiv-dinamik funksiyası ilə tamamlanır. Elm proseslərlə ahəngləşir, harmonik vəziyyət alır. 

Elmin strategiyası özündə baza elmi müddəaları ehtiva edən elmi proqramlar, elmi planlar, elmi konsepsiyalardan, fəaliyyət planlarından ibarətdir. Bu strategiyada elmin mövcud və gələcək məqsədləri, vəzifə və funksiyaları, məsuliyyət və öhdəliyi nəzərdə tutulur. Elmin strategiyası baza inkişaf xəttini əsas götürməklə, əhatələndirici və konseptual məzmunlu olur. Elmin strategiyasında həm əhatələndirici, həm də dərinləşdirici məzmun mövcud olur. Bu baxımdan, strategiya çərçivə və universal məzmun kəsb etməyə başlayır.

Elmin funksiyası çoxtərəflidir. Onun əhatə etdityi və tətbiq olunduğu sahələr çoxşaxəlidir. Elm bir tərəfdən təhsilə xidmət edir. Təhsil üçün biliklər müəyyən edir. Təhsil fənlərini və predmetlərini yaradır. Elm müşahidələr və tədqiqatlar, təcrübələr sayəsində üzərə çıxarılan kəşflərlə, ixtiralarla əldə olunan məlumatları sistemləşdirir, bilikləşdirir. Elm sahələr üzrə məlumatları təsnif edir və bundan da sahələr üzrə elm yaranır və inkişaf edir. Elmin ardıcıllığından, davamlılığından məhz yeni elmlər meydana gəlir. Həm də elmin özünün yeni müddəalarla zənginləşməsi prosesləri yaşanır. Digər tərəfdən, elm bütün istehsalat, xidmət sahələri üzrə yeniləşdirici, təkmilləşdirici nəzəriyyələri meydana gətirir. Elmdə generatorluq (yaradıcılıq), moderatorluq (tənqidçilik) və animatorluq (məsləhətçilik) vəhdətdə funksional əsasları təşkil edir. Elmin məzmununda ekspressivlik də önəmli xətti təşkil edir. Elmin məqsədləri və məsuliyyəti cəmiyyətin, dövlətin və bəşəriyyətin dəyərlərlə təmin edilməsində və rəvan əsaslarla inkişaf proseslərnin yönləndirilməsində iştirak etməkdən ibarətdir. 

Elmin funksiyaları həm horizontaldır, yəni bütün yayılmış sahələri əhatə edir, həm də vertikaldır, ayrı-ayrı sahələri özündə cəmləşdirir. Sahələri dərinə doğru yeniləşdirir. Elmin funksiyaları universal və məxsusi olur. Elmin universal funksiyası birləşdirici əhatələndirici və koordinativ xarakterlidir.

Elmin mexanizmisi bir tərəfdən ardıcıl öyrənilmə, öyrədilmə proseslərindən, digər tərəfdən isə elmi kapitalın davamlılığını təmin etməkdən ibarətdir. Mexanizmə koordinasiya funksiyasının təmin olunması prosesləri də aid olur. Elmin təşkilatçılıq funksiyası, həmçinin elmi sahələrin təşkili funksiyaları da mexanizmə aid olur.

Elmin vəzifə və funksiyaları onun məqsədlərini əks etdirir.

Elmin vəzifə və funksiyalarına aid etmək olar:

Baza funksiyalar – bu funksiyalar ümumi strategiyanın təşkil olunmasını əsas məqsəd kimi qarşıya qoyur.

təhsil sistemi üçün mütəmadi olaraq biliklərin verilməsi və təhsildən yeni bazaların əldə olunması. Buna stimullaşdırcı funksiya da demək olar;

bütün istehsalat sahələrində yenilikçi, təzələyici vəzifəsinin yerinə yetirməsi;

həyatın yeni axarlarının müəyyən edilməsi. Burada elmin cəmiyyətə, dövlətə, xalqa və bəşəriyyətə xidmət etməsinin əsasları nəzərdə tutulur. Elm cəmiyyətin, dövlətin, bəşəriyyətin daxili məzmununa xidmət edir. Elm insanlığın daxili məzmununa xidmətləri əsas hədəf və məqsəd kimi qarşısına qoyur. Buna elmin humanitar və ictimai funksiyası da demək olar.

Baza funksiyalardan irəli gələrək (baza funksiyalara “Elmin strategiyası” kimi da baxmaq olar) taktiki funksiyalar mövcud olur. Elmin strateji funksiyası horizontal genişlənməni və universal mahiyyəti özündə əks etdirirsə, onun taktiki funksiyaları həm ətrafa genişlənməni özündə əks etdririr, həm də daha çox vertikallığı nəzərdə tutur. Elmin tədrisə xidmət funksiyası dövlətin cəmiyyəti maarifləndirmə funksiyası ilə həmahənglik təşkil edir. Dövlət elmi nailiyyətlərdən istifadə etməklə maarifləndirmə sistemini meydana gətirir.

Taktiki funksiyalara aid ola bilər:

– təşkilati funksiya – yeni ruha uyğun təşkilati funksiyanın yerinə yetirilməsi;

– yeni kəşflərə və ixtiralara əl atılması – məxsusi sahələr üzrə;

– elmin sahələrinin genişləndirilməsi və yeni elmin meydana gəlməsi.

 

Azərbaycan elminin yeni strategiyasına və taktikasına  aid ola bilər:

– dəyişən və qloballaşan dünyada yerli elmi səviyyəni dünyanın aparıcı elmi mərkəzləri ilə uyğunlaşdırmaq;

– başqa ölkələrdən olan elmi – texniki asılılığı azaltmaq;

– avtoxton elmi bazanı gücləndirmək;

– elmi innovativ mahiyyətli etmək;

– elmi potensialı artırmaq üçün texniki elmi sahələri prioritet hesab etmək;

– təbiət elmlərinin yükünü artırmaq;

– elmi subyektlərin fəaliyyətini, ünsürləri daha çox təbiət elmlərinə yönləndirmək;

– ayrı-ayrı elm sahələri üzrə texnoparklar yaratmaq;

– texnoparkların regionlar üzrə tarazlı strategiyasını müəyyən etmək;

– elmin bazasında maliyyəni təkanverici faktor hesab etmək;

– yeni səmərələşdirici təkliflər və ixtiralar üçün laboratoriyalar təşkil etmək;

– insanların şüurunda texniki-mədəni inqilablar düşüncələrini oyatmaq;

– orta təhsildə təbiət elmlərinə üstünlük vermək və təsnifat zamanı təbiət elmlərini prioritet kimi müəyyən etmək;

– insan potensialının ictimai və humanitar elmlərdə, poeziyada və digər bu kimi sahələrdə istifadəsini azaltmaq, yükü təbiət elmlərinə transfer etmək;

Təşkilati baxımdan,

– Analogiya prinsipini tətbiq etmək;

– təbiət elmləri üzrə ixtisas alan tələbələrə dövlət təqaüdlərini artırmaq;

– özəl iqtisadiyyat subyektləri ilə texniki elmlərin qarşılıqlı əlaqəsini təmin etmək;

– mühəndis hörmətini cəmiyyətdə yüksəltmək və insanları belə sahələrə təşviq etmək;

– istedadlı alimləri “seçilən, fərqlənən” statuslu etmək;

– alimi sosial-məişət problemləri ilə çaşqınlıq vəziyyətində qoymamaq və s.

 

AMEA-da islahatların zəruriliyi

Azərbaycan elminin əsas problemi onun axsamasındadır. Elmin üzərində inzibati bir yük mövcuddur. Bu yük elmi potensialın artmasının və ondan dəyər kimi istifadəsinin qarşısını alır. Bu gün elmi təşkilatlar inzibati ruhdan xilas olmalıdır. İnzibati təbəqə elmi potensiala zərbə vurur.

Azərbaycan elminin yeni inkişaf strategiyasından irəli gələrək Milli Elmlər Akademiyasında iş keyfiyyətlərini, elmi keyfiyyətləri artırmaq zəruridir. Bu qurumda təkanverici addımlar atılmalıdır. Elmər Akademiyası Azərbaycan elminin inkişafına məsuliyyətli tərəf kimi prioritet bir təşkilat olmalıdır.

İlk növbədə hansı addımlar atılmalıdır:

İş keyfiyyətlərini yüksəltmək naminə zamandan dəyərli istifadə və elmi bilik daşıyıcılarından səmərli istifadə əsas götürülməlidir. Elmi potensialın zaman axarı ilə istifadəsi dövlətin və cəmiyyətin inkişafının təməl xəttidir. Alim heyətinin maddi maraqlarının təminatı və onlara qarşı qoyulan müvafiq tələblər bir-birini tamamlamaldır;

– işçilərlə (elmi əməkdaşlarla, alim heyəti ilə) rəhbərlik arasında əmək müqaviləsi vaxtamuzd əvəzinə  işəmüzd əsaslarla müəyyən olunmalıdır. Bu addım atılarsa, elmin keyfiyyəti artar, alim və tədqiqatçılarda işə həvəs yaranar. Əmək haqqı yazılan əsərlərin müqabilində müəyyən olunar;

– layihələrdə iştirak əsaslarının hər iki tərəfə xeyir verəcək əsaslarla formalaşdırılıması zəruridir;

– AMEA-da vahid “təklif, təşəbbüs və yeni ideya” mərkəzlərinin yaradılması və bu təkliflərin, ideyaların  çap olunması məqsədəuyğundur;

– AMEA-da tərcümə mərkəzlərinin yaradılması və müəllifin əsərlərinin tərcümə olunması üçün müəlliflə açıq münasibətlərin yaradılması, əlaqələrin qurulması labüddür;

– AMEA-nın təsərrüfat fəaliyyətinin genişləndiirlməsi və bu qurumun müstəqil biznes sahələrinin yaradılması zəruridir. AMEA-nın müstəqil biznes şəbəkələrinin olması bu qurumun maliyyə imkanlarını artırar və muxtar təsərrüfat yaranar;

– AMEA-nın elm tutumlu trans
milli korporasiyaya çevrilməsi labüddür. Bu addım Azərbaycan elmini dünya elminə sürətlə inteqrasiya edə bilər;

– AMEA-nı dünya üçün alim-mütəxəssis buraxan mərkəzə çevirmək lazımdır. Bu zaman quruma xaricdən də təkliflərin axını güclənə bilər;

– Azərbaycanın dövlət büdcəsində xüsusi elm hissəsinin olması daha yaxşı olar. ölkəyə elmin gətirdiyi faydalar (gəlirlər) və elmin xərcləri ayrıca verilsə daha yaxşı olar;

– AMEA-da əsər müsabiqələrinin keçirilməsi və qaliblərin mükafatlandırılması zəruridir;

– AMEA-nın inzibati işçilərinin sayının azaldılması elmin inkişafına təkan verə bilər və bu qurum inzibati mənadan elmi mənaya transfer edər. İnzibati xərclər azalar. Alimi inzibati işlərdən elmi işlərə yönəldər.