İnsanlığa qarşı yönəlmiş olan sui-qəsd, hər şeydən öncə terrordur. Etimologiyasında “qorxu”, “vahimə”, “dəhşət” dayanan bu hərəkəti törədənlər insanlığa meydan oxumaq, adamları vahiməyə salmaq, qorxutmaq, özlərinin hər şeyə qadir olduqlarını göstərmək üçün, imkan tapdıqlarında hətta dövlət başçılarına da bunu tətbiqdən çəkinmirlər.
Beynəlxalq mafioz qruplar (“Kamorra”, “Traffikante”, “Yakudza”, “Sakra Korona Unita”, “Bufalino” və b. ) strateji hədəflərinə çatmaq üçün lazımi hallarda fəaliyyətlərini koordinatlaşdırmağı, bir-birilərinə yardım etməyi bacarırlar. Sərvət və nüfuz qazanmaq naminə heç nədən çəkinməyən mafiozlar, əsas məqsədləri üçün astronomik məbləğdə pullarını da müzayiqə etməzlər. Gizli dünyanın adamları zaman-zaman öz varlıqlarını xatırlatmaq, kimlərəsə ismarış göndərmək üçün səs-küylü qətl hadisələrini törətməyə də qadirdirlər.
Bütün dövlətlərdə haqlı olaraq dövlət başçıları xüsusi qaydada qorunan şəxslərdir. Nə qədər paradoksal olsa da, bəzən görülən ciddi təhlükəsizlik tədbirlərinə rəğmən, onları sui-qəsdlərdən qorumaq mümkün olmur. Buna xeyli nümunə göstərmək olar. Məsələn, İordaniya kralı I Abdullah (1951), Nikaraqua diktatoru Anastasio Qarsia (1956), Qvatemala dövlət başçısı Karlos Kastilio Armas (1957), Cənubi Vyetnamın başçısı Nqo Dinq Diem (1963), Nigeriyanın başçısı Conson Aquyi İronsi (1966), Banqladeş başçısı Mucibur Rəhman (1975), Misir prezidenti Ənvər Sədat (1981), Hindistanın baş naziri İndira Qandi (1984), Pakistanın prezidenti Ziya-ul Haqq (1988), Əlcəzair prezidenti Muhamməd Budiaf (1992), İsrailin baş naziri İshak Rabin (1995), Demokratik Konqo Respublikasının prezidenti Laurent Desire Kabila (2001), Livanın baş naziri Rəfiq-əl-Həriri (2004), çeçenistanın prezidenti Əhməd Kadırov (2004) məhz sui-qəsd nəticəsində dünyalarını dəyişmişlər.
Sui-qəsd nəticəsində həyatını itirən prezidentlər, dövlət başçıları arasında ABŞ-ın mərhum prezidenti C.F.Kennedi (1917-1963) də var. 1963-cü ilin noyabr ayının 22-də Texasın Dallas şəhərində qətlə yetirilmiş Con Kennedi (ad və familyasının baş hərflərinə – abbreviaturaya görə ona JFK – Cey Ef Key də – John Fitzgerald Kennedy – deyirdilər) ABŞ-ın 35-ci prezidenti idi. Təəccüblüdür ki, dünyada ən yaxşı qorunan dövlət başçısının həyatına son vermiş bu məşum sui-qəsd necə gerçəkləşə bilmişdi? Baş vermiş olayın o qədər müəmmalı tərəfləri var ki…
C.Kennedinin qatili sayılan Li Osvald 1956-1959-cu illərdə ABŞ Hərbi Dəniz Donanmasının nəzdindəki Dəniz piyadası korpusunda həqiqi hərbi xidmətdə olduğu zaman rus dilindən yazılı və şifahi imtahan da vermiş, zəif nəticə göstərmişdi. Ordudan tərxis edildikdən təxminən bir ay sonra o, 1959-cu ilin 16 oktyabrında turist olaraq Moskvaya gəlir və dərhal da SSRİ vətəndaşı olmaq üçün müraciət edir, lakin 21 oktyabrda onun ərizəsi rədd edilir. Osvaldın Moskva Dövlət Universitetində oxumaq arzusu da ürəyində qalır və onu Minsk şəhərində radiozavodda tokar vəzifəsində işləməyə göndərirlər. Sovet İttifaqında evlənən Osvald 1962-ci ilin may ayında SSRİ-ni birdəfəlik tərk edir.
Rəsmi informasiyaya görə, ABŞ-ın mərhum prezidentini qətlə yetirən Li Harvi Osvald (Lee Harwey Oswald – 1939-1963) hesab edilsə də, mətbuatda bir çox şayiələr mövcuddur. Prezidentin qətlindən 36 saat sonra Li Harvi Osvaldı Dallasdakı “Karusel” adlı gecə klubunun sahibi Cek Rubi (əsl adı və familyası Yakov Leon Rubinşteyndir – 1911-1967) yüzlərlə adamın, telejurnalistin, müxbir və çoxsaylı polis kordonunun gözləri önündə, polis məntəqəsinin qarşısında odlu silahla öldürmüş və məhkəmə işinin reallaşmasına, cinayətin motivinin, məqsədinin, təşkilatçısının təhqiqatına imkan verməmişdir. Guya bu hərəkəti ilə Dallasın şərəfini qorumuşdur. Osvald öldürüldükdən sonra məlum olmuşdur ki, qatilin istintaq protokolu və dindirilmə lent yazısı da yoxdur. Prezidentin qətli ilə bağlı ifadə vermək istəyən Uorren Reynolds adlı sənaye bossu müəmmalı şəkildə başından güllələnərək hafizəsini itirərək əlilə çevrilir. Osvaldın qatili Rubini barda Osvaldla bir yerdə görmüş “Karusel” klubunun rəqqasəsi də nədənsə polis təcridxanasında intihar edir. Prezidentin qətlə yetirilməsindən dərhal sonra Osvaldın mənzilində olmuş jurnalist Cek Hanter də çox təəccüblü bədbəxt bir hadisə sonucunda polis məntəqəsində polis əməkdaşlarından birinin ehtiyatsız hərəkəti nəticəsində tapanca atəşindən dünyasını dəyişir. Prezidentin qatili Osvaldın mənzilinə baş çəkmiş diğər jurnalist Cim Koser kimliyi bəlli olmayan şəxs və ya şəxslər tərəfindən öz evində öldürürlür. Prezidentin qatilinin qatili Cek Rubidən təqribən bir saatlıq müsahibə almış müxbir xanım Doroti Kalqollen naməlum səbəblərdən dünyasını dəyişir. Prezidentin qətli günü qatil Osvaldı maşınına götürmüş taksiçi gözlənilməz avtomobil qəzasında həyatını itirir. Osvaldı öldürən sağlam Cek Rubi çox keçmədən ağ ciyər xərçəngindən vəfat edir.
Konspiroloji mülahizələrə əsasən, psixopat təsiri bağışlayan bir adamın təkbaşına, təhlükəsizlik qüvvələri tərəfindən çox ciddi şəkildə qorunan, yüksək sürətlə hərəkət edən limuzində oturmuş prezidentə 5 saniyə içərisində 3 sərrast, həm də həyati əhəmiyyətli nahiyələrə – kürək, boyun və gicgah hissələrinə – atəş açması imkansızdır. Hadisənin gerçəkləşdiyi Hyüston və Elm strit adlanan küçələrin kəsişdiyi 411 nömrəli binanın (Texas Məktəb Kitabxanasının sabiq binası) önündə prezidenti qarşılamağa çıxmış adamların söylədiklərinə görə, bir neçə (3, 4, hətta 6 atəş) səsi eşitmişlər. Prezident kortejində C.Kennedinin mindiyi maşını idarə edən Vilyam Qrir və onun yanında oturmuş Roy Kellerman ABŞ gizli servisinin çox təcrübəli əməkdaşları idilər və ekstraordinar hallarda necə davranmağı əla bilirdilər. Prezident maşınından az aralıda hərəkət edən əməkdaş Klint Hillin, prezidenti müşayət edən çoxsaylı mülki geyimli sayıq agentlərin bir nəfərlə bacarmaması son dərəcə fantastik və ağlasığmazdır. İnanmaq olmur ki, prezidentin Dallasa ziyarəti ərəfəsində sadəcə bir nəfər təkbaşına küçə və meydanlara prezidentin rəsmi çəkilmiş və “This man wanted for treasonous activite
s” sözləri ilə başlayan (Bu şəxs vətənə xəyanətə görə axtarılır) və fəaliyyəti barədə 7 ittiham irəli sürülən vərəqələri yapışdıra bilmişdir. Sözsüz ki, bu hadisədə gizli əllər olmuş, müəyyən təşviqlər, təhriklər, icraatlara yol verilmişdir. Əks təqdirdə prezident kortejinin, son ana qədər gizli saxlanılan hərəkət marşrutunu necə bilmək olardı? Li Osvalda bu marşrut sxemini öyrətmişlər, o da öncədən hazırlıq görmüş, 411 saylı binanın (məktəb kitabxanasının) 6-cı mərtəbəsində münasib pəncərənin önündə pusquda gözləmiş, yaxalanma şansını da dəyərləndirmişdir.
Böyük ehtimal ki, prezidentə eyni anda müxtəlif nöqtələrdən atəş açılmışdır, ələ kəçən isə sadəcə Osvald olmuşdur…
Ramazan SİRACOĞLU