XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2015 - 08:40

Rəsmilər də həyəcan təbili çalır – Uşaqların təhsil problemi dalana dirənib

Əhalinin paytaxta axını və kortəbii şəkildə məskunlaşması ciddi problemlər yaradır. Bu, daha çox təhsil müəssisələrində, nəqliyyatda və digər xidmət sahələrində özünü göstərir. Abşeron rayonu Xırdalan qəsəbəsinin sakini Aynurə Qabilova 5 yaşlı oğlunu bağçaya yerləşdirə bilmir. Səbəbi də hamımıza bəlli olan çox ciddi məqamdır – bağçada yer yoxdur.

üzləşdiyi problemə aydınıq gətirilməsi üçün strateq.az-a üz tutan paytaxt sakini bu günədək müraciətlərinin cavabsız qaldığını bildirib:

“ötən il uşağı bir müsibətlə Xırdalandakı 5 saylı bağçaya qəbul etdilər. Hamıya məlumdur ki, indi buna nail olmaq hansı vasitələrə başa gəlir. Həmin bağçada xidmət o qədər də yüksək olmasa da, işlədiyim üçün uşağı ora yerləşdirməyə məcbur idim. Yay tətilində isə bir ay oğlumun səhhətində yaranan problem üzündən onu bağçaya apara bilmədim. Bu barədə müəlliməsinə və rəhbərliyə məlumat verdim. Onlar da razılaşdılar. Həmin müddətdə uşaq evdə müalicə alıb. Sentyabrda bağçaya qayıdanda müəllimə dedi ki, davamiyyəti olmadığı üçün uşağı bağçadan çıxarıblar. Səbəb kimi təlabatın çox olmasını, növbədə gözləyən uşaqların çoxluğunu bildirdilər. Axı bunun mənim uşağıma nə aidiyyəti var? Mən nə əziyyətlə onu bağçaya qəbul etdirmişəm”. 

Bu cür şikayətləri uşağını bağçaya, məktəbə qəbul elətdirmək istəyən yüzlərlə valideynin gileyini az qala hər gün eşidirik. Belə vəziyyət paytaxtın bütün rayonlarında müşahidə olunur. Son illərdə Bakıətrafı ərazilərdə böyük qəsəbələrin formalaşması sosial xidmət obyektlərinə təlabatı da dəfələrlə artırıb. Ona görə də bağçalarda, məktəblərdə xeyli sıxlıq yaranıb. çünki sakinlər çoxalsa da, yeni təhsil müəssisələri tikilmir. Valideynlər isə övladlarını bağçaya vermək istədikdə bu cür məhdudiyyətlərlə üzləşirlər. 

Uşaq Evləri İdarəsi köhnə üsullardan xilas ola bilmir

Məsələyə aydınlıq gətirmək üçün rəsmi qurumlara müraciət etdik. Uzun axtarışlardan sonra Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqdər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin mətbuat xidmətinin rəhbəri kimi təqdim edilən Lalə xanımla əlaqə saxlaya bildik. Bağçaya qəbul, davamiyyət qaydaları barədə məlumat verən qurum rəsmisi bu məsələdə  valideyni günahlandırdı. Bildirdi ki, növbədə xeyli uşaq olduğundan yer boşalan kimi digər uşağı yerləşdirirlər. Bəs bütün paytaxtı əhatə edən problemin kökündən həll edilməsi üçün nə iş görülür?  Hansısa planlar, təkliflər varmı? 

Bu və digər suallarımıza yalnız yazılı cavab verə biləcəklərini deyən Lalə xanım sualları məktubla idarə rəisinə ünvanlamağı tövsiyə etdi. İdarənin informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə hələ də köhnə qaydalarla “məktublaşması” uşaqların problemlərinin həlllinə olan ümidlərimizi də qırdı. 

Valideynin şikayətini Abşeron rayon Təhsil Şöbəsinə ünvanladıq.

Şöbənin mətbuat xidmətinin rəhbəri Anar Nağıyev də öncə qaydaları izah etdi: 
“Uşaq bir müddət bağçaya gəlmirsə, avtomotik olaraq xaric olunur. Yəqin problem olub ki, gəlməyib. Əgər xəstəliklə bağlı gəlməyibsə, həkimdən arayış təqdim olunmalıdır. Bağçalara qəbul məhz sentyabr ayında aparılır. Abşeron rayonundakı bağçalarda böyük sıxlıq var. Ancaq 15 saylı bağçada yer var, orada problem olmamalıdır. Başqa bağçalarda isə ciddi problemlər var. Qrupda 20 uşaq olmalıdır, ancaq 23, 24 uşaq yerləşdirilib.  çox sıxlıqdır. Bu da sakinlərin rayona, xüsusilə,  Xırdalan qəsəbəsinə kütləvi axını ilə bağlıdır. Şəhərdən evini satanlar, rayonlardan gələnlər Xırdalanda məskunlaşırlar. Son illərdə əhalinin sayı xeyli artıb, yaşayış məntəqələri çoxalıb. Ancaq buna uyğun olaraq bağçalar, məktəblər artmır. Hazırda Abşeron rayonundakı məktəblərdə də böyük sıxlıq yaşanır”. 

Rəsmilər də həyacan təbili çalır

Problemin mərhələlərlə həll olunması istiqamətində görülən işlərə gəlincə, A.Nağıyev hazırda Mehdiabad, Masazır və Xırdalan qəsəbələrində 3 yeni bağçanın tikildiyini qeyd edib:

“Ancaq bu da problemin tam aradan qaldırılmasına imkan verməyəcək. Xırdalanın əhalisi dəhşətli dərəcədə artıb. çoxu da qeydiyyatsız, qeyri-qanuni məskunlaşıblar. Məsələn, rayondan gəlib Novxanı qəsəbəsində 5 həftəlik kirayə evdə qalır. Onun uşaqları məktəbə getməlidir. Aparıb yerləşdirirlər. 5 həftədən sonra ailənin işi alınmır və geri dönürlər və ya başqa yerə köçürlər. Müəllim uşağı axtarır, uşaq 3 gündən artıq dərsdən qalanda artıq polisə məlumat verirlər ki, uşaq yoxdur. Sabah hansısa hadisə  baş verərsə, təhsil müəssisəsi məsuliyyət daşımasın. Təhsil müəssisələri qeyri-müəyyən  vəziyyətə düşüb. Bu çox ciddi sosial problemdir. Əhali rayonlardan, kəndlərdən Abşerona axışır. Burada kirayə evlər və ya torpaq nisbətən ucuz olduğundan bura axın çoxdur. Bütün tədbirlərdə bu məsələ qaldırılır. Problem çox ciddidir”.

Bu vəziyyəti Bakının digər rayonlarına, xüsusilə, Sabunçu, Xəzər, Qaradağ, Suraxanı rayonlarına da aid etmək olar. Regionlardan paytaxta üz tutan ailələr əsasən, kirayə evlərin və ya torpaq sahələrinin satış qiymətinin nisbətən ucuz olduğu Bakıətrafı qəsəbələrdə məskunlaşmağa üz tuturlar. Hətta həmin rayonlarda son 10-15 ildə böyük yaşayış massivləri, qəsəbələr salınıb. Ancaq onların sosial infrastrukturu hələ də qurulmayıb.

Hətta ictimai nəqliyyatın belə gedib çatmadığı həmin qəsəbələrdə uşaqların təhsil imkanları da çox məhduddur. Bir çox yerlərdə orta məktəb binası belə yoxdur. Məktəblilər təhsil almaq üçün rayon mərkəzlərinə və ya daha yaxın köhnə qəsəbələrə getmək məcburiyyətində qalıblar. Bu da onların aldığı təhsilin keyfiyyətinə, eyni zamanda səhhətlərinə mənfi təsir edir. Yeri gəlmişkən, yeni qəsəbələrdə tibbi xidmətdən söhbət belə gedə bilməz. Hətta təcili yardım maşınları da  həmin ərazilərdəki sakinlərin çağırışına gedib çıxa bilmirlər. 

Yaranan ciddi sosial problemə ekspertlərin də rəyini öyrəndik.

Vaxtilə Milli Məclisin Elmi Mərkəzinə rəhbərlik edən sosioloq Əhməd Qəşəmoğlu
bu cür problemlərin rayon əhalisinin paytaxta axını və bunun elmi cəhətdən qiymətləndirilməməsi ilə izah edib: 

“Əslində, bütün problemlər bizim bu məsələlərlə elmi cəhətdən məşğul olmamağımızdan yaranıb. ölkədə əhalinin məskunlaşması, artmasının elmi təminat məsələləri olmalıdır. Bu məsələlər elmin köməyi ilə idarə olunmalıdır. Biz çox təəssüf  ki, həmin problemlərlə bağlı bu metodlara əhəmiyyət vermirik. Ona görə də paytaxtda belə xoşagəlməz hal yaranıb. Bu məsələni çox asan, doğru bir yolla, ölkə üçün faydalı yolla tənzimləmək mümkündür”.

Sıxlıqdan necə xilas olmaq olar? 

Problemdən çıxış yollarına toxunan ekspert kənd əhalisinin torpağa bağlılığını qoruyub saxlamağı, onu daha da inkişaf etdirməyi təklif edib: “ölkə başçısı da deyir ki,  rayonlarda istifadə edilməyən torpaqlar var. Elə bir işlək mexanizm olmalıdır ki, əhalinin paytaxtda sıxlığı yaranmasın. Bunun üçün kənd yerlərində əhaliyə faizsiz kreditlər verilməlidir. Eyni zamanda planlı şəkildə torpaqların işlənməsini təmin etmək lazımdır. Torpağın işləməsi, məsul verməsi üçün bütün işləri fermerlərin üzərinə atmaq doğru deyil. Biz elə strukturlar yaratmalıyıq ki, kənd yerlərində yaşayan əhali məhsulu ancaq istehsal eləsin. Onun satışı ilə yaradılacaq digər qurumlar məşğul olmalıdır. Kənd təsərrüfatı məhsularının emalı ilə bağlı müəssisələr- çoxlukonserv, meyvə qurutma zavodları yaradılmalıdır. Eyni zamanda kənd təsərrüfat məhsullarını Ukrayna, Rusiya və digər Avropa ölkələrinə satmaq üçün güclü satış şəbəkələri yaradıla bilər. Yəni bu işlərlə ciddi şəkildə məşğul olunarsa, kənd yerlərində torpaqların hamısı işləyər, məhsul verər. Həmçinin, kənd əhalisi kənddə işlə təmin olunar, şəhərə gəlməyə ehtiyacı olmaz. Bununla da paytaxdakı sıxlığı azaltmaq olar. Hazırda bu məsələlər planlı şəkildə həyata keçirilmədiyindən təhsilin keyfiyyəti, iş yerlərinin azlığı, nəqliyyat sıxlığı kimi problemlər ortaya çıxıb. Bunlar əhalinin məskunlaşması, paylanmasıilə elmi şəkildə məşğul olunmamasının nəticəsidir”. 

Hələ 994-cü ildə Milli Məclisin Elmi Mərkəzinə rəhbərlik etdiyi dövrdə belə bir layihəni hazırladıqlarını deyən Ə.Qəşəmoğlu sonradan həmin sənədin arxivə atıldığını təəssüflə qeyd edib.Buna baxmayaraq ekspert həmin sənədin yenidən işlənib hazırlanmasının mümkün olduğunu vurğulayıb: 

“Həmin layihənin ölkə rəhbərliyinə çatmasına imkan verilmədi. çatsaydı, yəqin ki, reaksiya olacaqdı. ölkəyə gələn malların monopoliyasında maraqlı olan inhisarçılar buna mane oldular. Baxmayaraq ki, biz dövlət strukturu olaraq həmin layihəni hazırlamışdıq. İndi də həmin sənədi yenidən hazırlayıb təqdim edə bilərəm. Əhaliyə faizsiz kredit verməklə torpaqların işlənməsinə şərait yaradılarsa, emal müəssisələri olarsa, ölkədə xeyli məhsul bolluğu yaranar və dövlət bundan qat-qat artıq gəlir əldə edə bilər. çünki məhsulun satışından dövlətin büdcəsinə kifayət  qədər böyük məbləğdə gəlir  gələ bilər”. 

Paytaxtda yaranan sıxlığın aradan qaldırılmasına ciddi ehtiyac yaranıb. Dövlət rəsmilərinin də açıqlamaları məsələyə hərtərəfli münasibət bildirilməsini və tədbirlərə start verilməsini tələb edir. 

Fərqanə Allahverdiqızı
Strateq

 




Yuxarı Əvvələ Ana Səhifə