XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2015 - 06:21

ABŞ-ın gizlətdiyi vəhşi tarixi: Amerika tarixində qadınlar – III yazı

tural-1.jpg

Tural İSMAYILOV

I yazı: Gerçək tarixi gizlədənlərin haqq-ədalət oyunu – ABŞ siyasətinə ötəri baxış

II yazı: Həqiqəti gizlədənlərin gerçəklik oyunu – ABŞ-ın qaranlıq tarixi barədə

 

Dünyadakı ziddiyətlərin kökündə əsas olaraq, göstərilənlərin bizim bildiyimiz kimi olmamağı dayanır. Daha praqmatik filosoflar və siyasi analitiklərin dediyi şey bu idi – üzdə fərqli görünün, alt qatda isə bildiyinizi edin. Bunların fonunda Kissincer dəqiq nöqtəni qoyur: “Daha çox qəsb etmək üçün, daha çox humanist görünmək lazımdır”.

İntibah sonrası Qərb fikir adamlarının gəldiyi ortaq nöqtə elə eyni şeyi ehtiva edirdi: insanları aldatmaq asan olduğu üçün, onları aldatmağa davam etmək, zahiri görüntü yaratmaq, demokratik haqların inhisarçısı mövqeyini möhkəmlətmək… İdeoloji struktur imperializm üçün heç vaxt dəyişmir. Sülhpərvər görüntü, amma xaos ixrac etmək, tolerant maska, altda qəsblər, centilmensayağı siyasi ritorika, batində isə qlobal istismarın manipulyatoru olmaq…

Bunun fonunda iki tip susqunluq yaranır.

Birincisi, fransız inqilabçısı Lafayetin vurğuladığı idarəolunmaz susqunluqdur. Bu, reaksiyasız dünya əhalisini göstərir. Bombalayanlara söz deməmək və silahın demokratiya aləti olduğuna inanan sakit Qərb insanları.

İkincisi isə, Jan Pol Sartrın ürəkbulandırıcı susqunluq adlandırdığı sükutdur. Daha təhlükəlidir, sən susursan, susdurursan, insanlar sənin içindəki həqiqətlərə göz yumur. Robert Frost yazır: “Dünyanın yarısı söyləyəcək bir şeyi olan, amma danışmayan insanlarla əhatəlidir.”

Amerikalı tarixçi alim Hovard Zinn susmamağı seçənlərdən olduğu üçün ABŞ tarixinin bütün incə məqamlarını bir-bir izah etməkdən heç vaxt yorulmadı.

Qadın haqları və cinslərarası gender problematikasının müzakirələri üçün dünyanın fərqli ölkələrinə səpələnən ifrat kapitalist, qrant ovçusu QHT-lər üçün yeni bazarlar açılırdı. çünki ABŞ qadın haqlarına önəm verdiyini göstərir, bununla bağlı çoxlu çalışmalar aparır.

Rebeka Stefoff və Zinn isə bunların əksini iddia edirdi. Təbii ki, qərb media kanalları onların üzünə qapalı idi və elə də qalacaqdı.

Zinn qeyd edir ki, tarix kitabları, səyyahlar, tacirlər, siyasətçilər müstəqillikdən sonra ancaq kişilərdən ibarət idi. Qadınlar bu peşələrə yiyələnə bilmirdi. Amerikadakı ilkin yaşayış məskənləri də kişilərdən ibarət idi, qadınlar sadəcə evlənmək və uşaq dünyaya gətirmək üçün gətirilirdi. 1619-cu ildə Ceymstauna bir gəmi dolusu qadın gətirilir və onlar Atlantik okeanında üzən gəminin səyahət xərclərini ödəmək əvəzinə heç vaxt görmədikləri kişilərlə evləndirilir.

“Amerikanın işçi qadınları” kitabında qadınların çox pis şəraitlərdə çalışmağı və onların iş şəraitinin acınacaqlı olmağı vərəqlərə köçürülür. çox çalışmaq və az qazanmaq ayrı-seçkiliyinin ilkin qurbanları da qadınlar oldu. Qul tacirlərindən biri sonralar yazırdı: “Bizim sərxoş işçilərin ortadan götürmədiyi qadınlar var idi. Həmçinin, zəncirlənmiş qadınları doğuş edərkən görürdüm.”

Bir məqam da var ki, həmin dövrdə Amerikaya gətirilən qadınların bir çoxu Avropa ölkələrindən daşınırdı. İngiltərədə də qadınlara qarşı eyni zehiniyyət hakim idi. İngiltərədə qadınlara nəsihət xarakterli kitablarda gender bərabərsizliyinin normal bir şey olmağı təbliğ olunurdu. Həmin dövrün Qərb dünyasında kişi qadının ağası, qadın isə onun qulu sayılırdı, buna qarşı çıxan az sayılı qadın təşkilatları isə durmadan mübarizə aparırdı.

ABŞ-da qadınlar kilsə tərəfindən də idarə olunurdu. Həmin dövrdə kilsə ayrı-seçkiliyin qarşısını almaq üçün heç nə etmədi. Bu sistemə qarşı çıxanların başında isə Massaçusets ştatından olan Enn Hatçinson dayandı. O, kilsədəki rahiblərin əleyhinə çıxaraq İncili özünün oxuyaraq qavraya biləcəyini söyləyir. Bu alternativ və təhlükəli olmayan fikirlərinə görə Enn dəfələrlə mühakimə olunur. Kilsə və koloniya idarəediciləri ayrı-ayrılıqda müxtəlif bəhanələrlə onu məhkəməyə verdi. O, sadəcə fikirlərinə görə öz koloniyasından sürgün olundu: 1638-ci ildə Rod-Ayləndə sürgün edildi və onu bir çox ələ alınmış ailələr izlədi. Sürgün olunduğu yerdə isə, yerli hindular tərəfindən bütün ailəsi ilə birgə məhv edildi.

Enndən təsirlənən qadınlar yavaş-yavaş müzakirələrə başlayır. Onlar gördükləri mənzərələrə qarşı susmamaq qərarına gəlir. Lakin bütün bu cəhdlərdə iştirak edən qadınların hamısı sıradan çıxarılır. Enn ideyalarının davamçısı Meri Dret buna görə açıq formada asılır.

1777-ci ildə qadınlar Boston çay Qonaqlığını öz həmcinslərinə uyğunlaşdırır. Zəngin bir tacirin adi qiymətdən baha qəhvə satmasına etiraz edən qadınlar qruplar halına gələrək mağazaya yürüş edirlər. Tacir əlacsız qalaraq açarları qadınlara verir və qadınlar oarada qəhvə içərək etirazlarını nümayiş etdirirlər. Hadisənin canlı şahidi olan vəkil Abiqeyl Adams məktubunda deyir: “Bir kişi kütləsinin hadisəni təəccüb və səssizlik içərisində seyr etdiyinə şahid oldum.”

Zinn və sonralar bir çox araşdırmaçılar qadınların da uşaqlar kimi daim istismardan əziyyət çəkdiyini yazır. Bütün bu ardıcıl, sistematik qadın dözümsüzlüyünün tək səbəbi kişi mərkəzçilik deyildi. Popper kimi düşünsək, kişi mərkəzçiliyin indi də davam etdiyinin şahidi oluruq. Lakin qadın haqlarının Qərbdə tapdalanması birbaşa idarəetmənin ciddi tələblərindən hesab olunurdu.

19-cu əsrdən etibarən yeni sənaye münasibətlərinin və ixtiraların geniş vüsət almağı ilə qadınlara ehtiyac duyulmağa başlandı. Bu heç də işgüzar münasibətlərdə bərabərliyə nail olmaq üçün atılan addım deyildi, sırf qadınların lazım olduğu yeni istehsal münasibətlərinin tələbi ilə formalaşan proses idi. Toxuculuq və geyim fabriklərində işləməyə başlayan qadınlar ilk sənaye tətillərinin müəllifləri oldu.

1824-cü ildə Rod-Ayləndin Potaket bölgəsində qadınların tarixə bəlli olan ilk ciddi etirazları baş verir. Daha sonra hadisələr sistematik hal alır və qadınlar öz iş yoldaşlarının qovulmaqlarına, haqqsız istismarına etiraz edərək, dəzgahları tərk edirlər. Ketrin Biçer həmin qadınlar arasından öz liderlik əlamətlərinə görə seçilir. Onun tarixi çıxışları indiki dövrün “humanist mister”lərinə şapalaq effektli olur. Ketrin yazılar yazmağa, səsini daha çox duyurmağa çalışırdı: “Btüün iş saatlarını qaz lampası yanan otaqlarda keçirirdik. Maksimum 80 nəfərin zorla nəfəs aldığı otaqlarda sayısız insanlar saatlarla işləyirdi.”

Qadınların təhsil problemləri dözülməz durumda idi. Bu məqamı xüsusi qeyd edən Zinn, o çağlarda qadınların iş sahəsindən əlavə təhsilə də can atdıqlarını yazır. Həmin kasıb qadın təbəqəsindən çıxan Emma Uillard 1821-ci ildə qızlar üçün ilk məktəbi açır. Ən diqqətçəkici məqam isə, bu tarixə qədər heç bir tibb diplomlu qadının olmamağıdır. Təhsilin nəticəsində qadınlar quldarlıq əleyhinə abolisionist hərəkatların avanqardına çevrilir.

Lusi Ston qadın natiqlərdən ən cəsarətlisi idi. O, qorxmadan kilsədə və bütün tədbirlərdə quldarlığın iyrənc bir şey olduğunu qeyd edir, sayısız yazılar yazır. çıxışları öyrədilmiş adamlar tərəfindən tez-tez kəsilir və hücumlara məruz qalırdı. Onun əzmini davam etdirən Ancelina Qrimke abolisionistlərin ideyavericilərindən olur. Qrimke ABŞ-ı “milyonlarla qulu toz içində saxlayan” bir dövlət kimi dəyərləndirirdi.

Hadisələr sirkulyasiya edərək, İngiltərəyə sıçrayır hətta. Kedi Stanton və Lukresia Mott 1848-ci ildə ilk qadın haqları konvensiyası olan Seneka Fols Konvensiyasını təşkil edirlər.

Konvensiyanın sonunda sayıları yüzlərcə olan qadınlar Fikirlər Bəyannaməsini qəbul etdilər. Bu fikirlər ciddi təlatümlərə səbəb oldu, konvensiyaya qatılan qadınların bir çoxundan sonralar səs-soraq gəlmədi, lakin özünə ciddi tərəfdar kütləsi toplamağa nail oldu.

Hovard Zinn Skorner Trud adlı qadının bəhs etdiklərini kitaba daxil edir, qadın başlarına gələn çətin məqamları bir-bir qeyd edir: “Qollarıma baxın. Mən qadın deyiləmmi? Tarlanı şumladım, anbara daşıdım və heç bir kişi mənə kömət etmirdi. On üç uşaq dünyaya gətirdim və çoxunu qul kimi satdılar. Anamın yasını saxlayanda səsimi ancaq İsa eşitdi.”

Deməli, haqq-ədalət sözləri və digər şeylərdən danışan bir çox dövlətlər ABŞ timsalında bir az düşünməlidir. Və üstəlik bu az bilinən və geniş yayılmayan tarixi hadisələr sadəcə bir tarixçinin yazdığı qeydlərdir.

Əgər, əsas olan indinin platformasıdırsa, “tarix dərs çıxarmaq üçündür” adlı siyasi passivizm notlarına hələ də inananlar varsa, bir şeyi unudurlar ki, tarix keçmişdə qalırsa, onda niyə imperialistlər öz keçmişlərindən qorxsunlar ki?

Hadisələr heç vaxt dayanmır, onlar bizə göstərilən kimi olmur və bunun üçün olanları tirajlamaq artıq missiyaya çevrilməkdədir.

(Ardı var)




Yuxarı Əvvələ Ana Səhifə