Con Rokfeller
Necə varlanmaq? Bunun üçün nələri qurban vermək? Varlanmaq Allah ruzisidirmi, yoxsa genetik koddur? Amerikanın ən varlı işadamlarının taleyilə maraqlanarkən, ağlagəlməz faktlarla qarşılaşırsan. Sən demə, hər uğur və uğursuzluğu “bəxtə” bağlayan insanlar, əslində heç bir zaman özlərini əsas fiqur hesab edə bilmirlər. Əslində bu, ən böyük səhvdir. Varlanmaq, hər şeydən əvvəl, məqsəd olmalıdır. Pis olanı isə odur ki, bu məqsədə nail olmaq üçün bütün yolardan istifadə edilməli, ən yaxın adamları belə qurban verməlisən. Biznes tarixi sübut edir ki, həyatda yalnız “qaydasız döyüş”ə girənlər qələbə qazanır, milyonlarla vəsait qazandıran şirkətlərin liderlərinə çevrilirlər.
Kimlərdir “qaydasız döyüş”ə girənlər?
|
Amerikan milyarderlərini zənginliyə aparan yolun maraq kəsb edən məqamlarına bir-bir toxunacağıq. “Eşit və örnək götür!”
1. Con Devidson Rokfeller
ABŞ milyonçu Con Devidson Rokfeller (John Davidson Rockfeller) 8 iyul 1839-cu ildə ABŞ-ın Nyu-York ştatının Riçford şəhərində anadan olub. Əsl-nəcabətcə fransız və huqenotların nümayəndəsi olan Rokfellerlər ailəsi bir neçə dəfə yaşayış yerini dəyişmək məcburiyyətində qalıb. XVII əsrdə inkvizisiyadan canını qurtarmaq üçün onlar Fransadan Almaniyaya köçür və orada yeni çağda dünyaca məşhur olacaq soyadı qəbul edir. Ailə ABŞ-a XVIII əsrdə gəlir və Nyu-York ştatının Riçford şəhərində məskunlaşır.
Deyilənlərə görə, Rokfeller bir çox keyfiyyətlərini babasından, bəzilərini isə atasından götürüb. Onun babası Qodfri ciddi, ağıllı, mehriban və təmizürəkli adam olub. Atası Vilyam Rokfeller pozğun, yalançı, arvadbaz idi: lakin həyatı boyu bir dəfə də olsun spirtli içki qəbul etməmişdi. Hətta spirtli içki içməyənlərin cəmiyyətini qurmuş və öz müasirlərini alkaqol əleyhinə səfərbər etməyə cəhd göstərmişdi.
Şəhərdə “yaraşıqlı oğlan” kimi dillər əzbəri olan Vilyamın sinəsini kiçik lövhəcik bəzəyirdi: “Mən lal və karam”. Bu lövhəciyi görəndən sonra Vilyamın cazibəsinə uyan Eleyza Devison adlı gənc qız rəfiqələrinə demişdi: “Mən şikəstliyini unutdurmaq üçün ona ərə gedəcəyəm”. üstündən bir müddət keçəndən sonra Eleyza anlayır ki, bu niyyətə düşməkdə səhv etməyib və üstəlik, Vilyamın qulaqları radar kimi işləyir. Məsələn, atasının Eleyzaya verəcəyi 500 dollardan o həmin an yox, düz iki gün əvvəl xəbər tutur. çox keçmədən Vilyam başqa bir qadınla eşq məcəraları yaşamağa başlayır və uşaqların qayğısına qalmaq Eleyzanın boynuna düşür. Vilyam öz eyş-işrətində olarkən Eleyza və uşaqları bir qarnı ac, bir qarnı tox dolanırlar.
Con Rokfellerin uşaqlıq illəri oxumaq və düşünməklə keçib. O, hər zaman nə barədəsə düşünüb. Hətta dama oynayanda belə, ən azı, yarım saat fikirləşməmiş gediş etmirmiş. Bu barədə ona irad tutanda belə cavab verərmiş: “Sən məni nə hesab edirsən, mən ancaq udmaq üçün oynayıram!” Bir gənc kimi isə Con Rokfeller, sözün əsl mənasında, praktik idi. Oz valideynləri üçün belə təmənnasız heç bir iş görməz, qəpiyindən də keçməzmiş. Babasından, atasından və anasından o, çox şey öyrənir. Nəyin xeyirli, nəyin ziyanlı olması barədə illərcə formalaşmış qənaətləri aram-aram onu milyarderliyə doğru aparır.
Zənginliyə aparan yol
8 iyul 1841-ci il Con Rokfellerin ikinci doğum günü olur. Münasib iş axtarmaq üçün Klivlendə gələn və xeyli müddət boş-bekar gəzən Con Rokfeller məhz həmin gün arzusuna çatır. “Xyuitt and Tattl” şirkəti onu mühasib köməkçisi vəzifəsinə işə götürür. Düzdür, o, ilk maaşını ancaq dörd aydan sonra ala bilir; amma əsas odur ki, Con Rokfellerin biznes dünyası ilə tanışlığı buradan başlayır.
Günlərin birində isə hamının lal-dinməz, qaraqabaq gənc hesab etdiyi Rokfeller həmkarlarının arasında bağırır: “Mən zəngin olacağam!” Təbiidir, “ac toyuq yuxusunda darı görər”. Daha iki dəfə yüksəkdən bəyanat verməsinə baxmayaraq, onun bu sözlərinə əhəmiyyət verən olmur. Ancaq başqalarının nə fikirləşməsi onu qətiyyən maraqlandırmırdı. Con Rokfeller içmir (hətta kofe belə), çəkmir, əyləncələrə meyl etmir. Hətta ona meyl edən qızlara kilsədə görüş təyin edir. özünü Tanrının seçilmiş bəndəsi hesab edən Con Rokfeller işə hamıdan tez gəlməyi və işdən ən axırda getməyi “ilahi borc” kimi yerinə yetirir. Elə Tanrı da ona ən çox arzuladığı şeyi – bol para verir.
Con Rokfeller “Standart Oil Co” şirkətini quranda 1870-ci il idi. 1878-ci ildə isə bu şirkət ABŞ neft sənayesini artıq öz inhisarına almışdı və enerji ticarətinin 95 faizinə nəzarət edirdi. 1882-ci ildə Con Rokfellerin başçılıq etdiyi bu şirkət daha bir ilkə imza atdı və ABŞ tarixində ilk dəfə olaraq trest – “inhisarçı şirkət” yarandı. Bu trestə 37 kompaniya daxil olmuşdu və onun ümumi kapitalı 70 milyon dollar idi. Trestin 9 nəfərlik idarə heyətinə şəxsən Con Rokfeller özü başçılıq edirdi. Yarım ildən sonra o, tütün və poladtökmə sənayesinə də liderlik edirdi. 1913-cü ildə Rokfellerin varidatı 1 milyard doll
ar dəyərində qiymətləndirilirdi. 20-ci əsrin 20-ci illərində isə Rokfeller Morqandan sonra ABŞ-ın ikinci varlı adamı idi.
23 may 1937-ci ildə Con Rokfeller öldü. Ancaq onun qurduğu maliyyə imperiyası daha da çiçəkləndi. 1972-ci ildə onun neft şirkəti “Exxon” adını qəbul etdi. Hazırda ailənin kapitalı “Rokfeller qardaşları” şirkətində mərkəzləşir.
Con Rokfeller bütün iqtisadi fəaliyyəti ərzində cəmi bir dəfə ziyana düşüb. Gələcək arvadına aldığı nişan üzüyünə 118 dollar pul sayması onu bütün ömrü boyu yandırıb-yaxıb. Yaxşı deyiblər, ərlə arvadın torpağı bir yerdən götürülər. Bir gün kefinin yaxşı vaxtı uşaqlara velosiped almaq istəyən Con Rokfellerə arvadı bədxərc olmamağı məsləhət görür: “Evdə biri var, növbə ilə sürərlər!”
Uşaqlarına velosiped almağa qıymayan Rokfeller ailəsi filontropiya sahəsində ad çıxarıb. Təhsilin və səhiyyənin inkişafı üçün heç vaxt pulunu əsirgəməyən milyarder 1913-cü ildə öz adına fond təsis edib (“Rocefeller Foundation“). Hazırda bu fond kənd təsərrüfatı, demoqrafiya, ekologiya, təhsil və mədəniyyət sahələrində milli və beynəlxalq araşdırmaları maliyyələşdirir. Son statistik göstəricilərə görə, Rokfeller Fondu Amerikada filantropiya ilə məşğul olan 10 əsas fonddan biridir. Onun ümumi büdcəsi 4 milyard dollardır. Hazırda fond 50-dən çox gəlirsiz təşkilatı himayə edir. Maraqlı faktlardan biri də odur ki, o, dünyanı idarə etmək iddiasında olan Adolf Hitleri özünə dost bilirdi və hər zaman münasibətlərin qorunmasına çalışırdı. Görünür, Rokfellerin milyardlara sahib olmasında təkcə onun xəsisliyi deyil, həm də “sərfəli və səmərəli” insanlarla qurduğu münasibətlər böyük rol oynayıb.
Hazırladı:
SelBa
Strateq.az