Vladimir Putin iddia edir ki, Türkiyə İŞİD-dən neft alır və hətta prezident Ərdoğanın bundan şəxsən mənfəəti var. Həqiqtən də, islamçıların ərazisindən Ankaraya sarı xeyli neft axır.
Türkiyə HHQ Rusiya bombardmançısını vurduqdan sonra Rusiya Türkiyəni İŞİD-lə neft biznesində ittiham etdi. Moskvanın fikrincə, hətta prezident Rəcəb Tayyip Ərdoğan bu biznesdə şəxsən iştirak edir. Türkiyə bu ittihamları qətiyyətlə rədd edir. Lakin durum bütünlükdə Suriya böhranında olduğu kimi son dərəcə dolaşıqdır.
Neft biznesi İŞİD üçün nə qədər önəmlidir?
İŞİD dünyada ən varlı terror qruplaşması sayılır. Ekspertlər və Qərbin xüsusi xidmətləri yekdil fikirdədirlər ki, İŞİD-in əsas gəlir mənbəyi qeyri-leqal neft ticarətidir. Qruplaşma girovlara görə ödənişdən, antik incəsənət əşyalarının satışından, həmçinin məcburi vergilərdən də pul qazanır. İŞİD terrorçuları keçən il İraq Mərkəzi Bankının Mosul filialına hücum zamanı daha bir neçə milyon dollar əldə etdilər. Lakin bütün bu gəlirlər neft satışından gəlirlə heç cür müqayisəyə gəlmir. Neftin onlar üçün nə qədər önəmli olduğunu Kirkuka şəhəri ətrafındakı yataqların keçən il ələ keçirilməsi göstərdi. Terrorçular o zaman yubanmadan ora xeyli benzindaşıyan və işçi heyət apardılar. İraqın hökumət ordusu bir ildən sonra neft verən bu əraziləri döyüşlə geri alanadək İŞİD bir neçə yüz milyon dollar qazanmağa nail oldu.
İŞİD hansı neft yataqlarına nəzarət edir?
Suriyanın bütün iri neft yataqları, həmçinin İraqda bir neçə yataq İŞİD-in nəzarətindədir. Almaniya hökumətinin dəyərləndirməyinə görə, onların neft ehtiyatı ümumilikdə 1,1 milyard barreldən (1 barrel=159 l) çoxdur. Neftin keyfiyyəti və konkret yataqdan asılı olaraq İŞİD neftinin qiyməti 15 dollardan 40 dollara qədərdir ki, bu da indiki rəsmi qiymətdən (hər barrelə 43 dollar) xeyli aşağıdır.
İŞİD-in nəzarətində olan ərazilərdəki qazma qurğuları və neftayırma zavodları köhnəlib və müharibə şəraitində, həmçinin heyət və ehtiyat hissələrin çatışmazlığı üzündən modernləşdirilə bilmir. Buna görə də neft hasilatının həcmi səmərəlilikdən uzaqdır.
ABŞ hökuməti İŞİD-in gündəlik gəlirini bir milyon dollar hesab edir. Financial Times qəzeti bu yaxınlarda rəsmilərə və vasitəçilərə istinadən gündəlik milyonyarım dollar haqda yazmışdı.
İŞİD-in neft biznesi necə qurulub?
İŞİD-in neft ərazilərində qismən hələ islamçıların gəlişinədək orada işləmiş heyət çalışır. Bəzi yerlərdə gəlirlər İŞİD-lə neft şirkətləri arasında bölünür. Benzindaşıyanlar nefti yataqlardan götürür və neft emalı zavodlarına daşıyır, oradan isə alıcılara çatdırır. Bu neftə tələbat olduqca böyükdür: yerli mənbələrin məlumatına görə, benzindaşıyanlar yük üçün yataqların yanında bir neçə gün gözləməli olur.
Demək olmaz ki, İŞİD hərtərəfli rol oynayır: qruplaşma birinci növbədə xam neft və dizel yanacağının topdansatışından qazanc götürür – islamçılar birbaşa ixracatçı qismində gözə dəyməyiblər. Bu rolu Suriyanın quzeyində nefti yük maşınlarında “xilafət”in ərazisindən satış bazarına daşıyan vasitəçilər oynayırlar.
İŞİD ərazisində dizel yanacağı təkcə avtomobillərdə deyil, həm də bölgələrin çoxunda yerli əhali üçün yeganə enerji mənbəyi olan generatorlarda işlədilir.
Neft satışında digər mühüm bazar İraqın qərbindəki Əl-Kaim şəhərində yerləşir.
Türkiyəyə qanunsuz neft ixracı necə həyata keçirilir?
İŞİD və vasitəçilər Türkiyəyə qeyri-leqal neft ixracı zamanı illər boyu özünü “təsdiqləmiş” qaçaqmalçılara güvənirlər. Dizel yanacağı sərhəddən qismən qatırlarla 20 litrlik kanistrlərdə daşınır. Bundan başqa, Türkiyə xüsusi xidmətləri bu yaxınlarda Xatay əyalətində Orontes sərhəd çayında “neft bərəsi” aşkarlayıb. Bəzi yerlərdə Suriya ilə Türkiyə arasında boru kəmərləri çəkilib.
Qaçaqmalçılıq təkcə İŞİD-ə deyil, həm də digər qruplaşmalara məxsus olan ərazilərdən həyata keçirilir. Türklər tərəfdən nəzarətin sərtləşdirilməsi, dünya bazarında neft qiymətlərinin enməyi neft qaçaqmalçılığına mənfi təsir göstərib. Türk hökumətinin məlumatına görə, sərhəddə yanvardan bəri 600 ton neft müsadirə olunub.
Qərb neft nəqli yollarını niyə də bombalamasın?
Bu, sırf hərbi baxımdan problem olmazdı. Lakin hərbi strateqlər bu cür qərarın qəbul edilməsini təxirə salırlar. Birincisi, neft infrastrukturunun dağıdılması Suriyanın quzeyində yaşayan və İŞİD ərazisindən dizel yanacağının həyatönəmli zərurət olduğu dinc əhalisinə birbaşa təsir edərdi. Bundan başqa, Qərb bu tədarük kanalını kəssəydi, antiqərb qırımı, həm də Türkiyəyə qaçqın axını güclənərdi. Qərbin qabağını kəsən daha bir səbəb İŞİD məhv edildikdən sonra Suriyada neft infastrukturunun qorunub saxlanması hesabıdır. Bundan savayı, bəzi tənqidçilər Qərbin özünü Suriyanın neft sənayesinə “göz dikmək”də ittiham edirlər.
Rusiyanın Türkiyənin ünvanına ittihamlarında nələr gizlənir?
Rusiya rəhbərliyi Tükiyə prezidenti Ərdoğanı, həmçinin onun ailə üzvlərini İŞİD ərazisindən neft idxalında iştirakda ittiham edir. Rusiyanın KİV-də Ərdoğanın oğlu Bilalın guya İŞİD başçıları ilə görüşünün fotoları dərc edilib. Bu məlumatlara görə, Bilal İŞİD neftinin türk limanlarından dünyanın müxtəlif bölgələrindəki bazarlara nəqli ilə məşğul olur. Rusiya KİV iddia edir ki, Bilal Ərdoğan “İŞİD-in əsil neft sənayesi naziridir”.
Prezident Putin Ankaranı bunda ittiham edir ki, Su-24 təyyarəsi neft nəqli yollarının təhlükədən qurtarmaq üçün vurulub. Onun sözlərinə görə, Rusiyanın Suriyaya hava hücumlrı İŞİD-in neft ixracatını ciddi şəkildə çətinləşdirib və Ərdoğan buna görə də Rusiya HHQ-nin əməliyyatlarına qarşı idi.
Türkiyədə müşahidəçilərin əksəriyyəti Moskvanın ittihamlarını onun təbliğat strategiyasının tərkib hissəsi hesab edir. Ərdoğan öz növbəsində öz ünvanına istənilən ittihamı təkzib edir və İŞİD-lə neft biznesində Moskvanın ünvanına qarşılıqlı ittihamlar irəli sürür.
Suriya rejimi neft sahəsində İŞİD-lə əməkdaşlıq edirmi?
Ərdoğan hansısa Corc Hasvaninin ünvanına ittihamlar səsləndirir. Corc Hasvani ikili Suriya-Rusiya vətəndaşlığı olan iş adamıdır. Hasvani Livan sərhədindəki Yabrud şəhərindən olan xristiandır və onun firması Hesco İŞİD-lə Surya hökuməti arasında neft biznesində vasitəçiliyə görə, AB və ABŞ-ın sanksiyalar siyahısına düşüb.
Hasvani həm də Əlcəzair və Sudanda ortaq layihələrə sahib olduğu və Suriyanın hazırda İŞİD-in əlində olan mərkəzi hissəsində iki il öncə qazma qurğusu quraşdırdığı rusiyalı tərəfdaşları ilə sıx əlaqələr saxlayır. AB-nin iddiasına görə, bu qurğu rəsmən qatı düşmən hesab edilən İŞİD-lə Suriya hökumətinin şərikli nəzarəti altında işləyir.
Bu iddialara görə, Hasvani İŞİD-dən Suriya hökumətinə neft tədarükünün təşkilində vasitəçi rolunu oynayır. Livanın Now informasiya portalı keçən il yazırdı ki, beləliklə, “xristian vasitəçinin iştirakı ilə iki bədheybətin arasındakı həyasız maxinasiyaların mənzərəsi biçimlənir”. Lakin Hasvani öz ünvanına istənilən ittihamı rədd edir.
Tomas Zaybert
Der Tagesspiegel (Almaniya), 08.12.2015