XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

01 Avqust 2017 - 01:55

Demokratiya və qeyri-demokratiya haqqında:siyasi quruluş, forma və dövlət idarəçiliyi rejimləri

Elşən NƏSİBOV,

Siyasətşünas alim

 

 

Hakimiyyətin, dövlət quruluşunun, ali idarəçiliyin, xalqla onu  idarə edən tərəfin münasibətlər formasının, sosial-mədəni quruluşun tarixi çoxlarımıza məlumdur. Dövlət quruluşuna qədər tayfa hakimiyyəti (traybizm ənənələri üzərində qurulan kiçik münasibətlər strukturu – hansı ki, bu münasibətlər və əlaqələr tayfadaxili adətlərə, ənənələrə söykənib) mövcud olub. Tayfalar birləşməsindən əmələ gələn böyük yaşayış birliklərinin meydana gətirdiyi cəmiyyət, eləcə də sivil yaşayış məskənləri (şəhər həyatı) formalaşdıqca idarəçilik münasibətləri də dəyişikliyə məruz qalıb.

Tayfalar birləşdikcə, idarəçilik də sintez olunub. Tayfa adətləri ümumi şəkildə əhali, camaat, sakin adətlərinə keçidlər edib. Belə demək mümkünsə, traybekratiya, tayfa hakimiyyəti, tayfa başçılarının tayfaları daxilində və işğal etdikləri başqa tayfalar üzərində   idarəçiliyi tədricən tayfalardan əmələ gələn (zorən və ya da könüllü şəkildə birləşən tayfalar birliyindən xalqlar əmələ gəldi)  xalq idarəçiliyinə keçidlər etdi. Deməli, şəhər həyat tərzi, böyük yaşayış məskənləri xalqın hakmiyyətini yaratdı.

Etnoslardan demoslara keçid siyasi təşkilatlanma ilə başladı. Deməli, demokratiya traybokratiyadan etnokratiyaya, oradan da indiki formasına keçidlə formalaşdı. Quldarlıq dövründə hər kəsin hüquqları olmadı. Feodalizm (torpaq mülkiyyətçiləri)  dövründə  feodal təsərrüfat özünəxas quruluş meydana gətirdi. Bunun adı yeni mütləqiyyət çarlığı idi.

Təbii ki, demokratiya sonradan (ilkin nəzəri əsaslarından sonra) mütləq monarxiyaya keçidlər etdi. Feodalizm dövründə mütləq monarxiyalar, teokratik monarxiyalar formalaşdı. Kapitalizm isə (burada pulun vasitəyə çevrilməsi, natural əməkdən muzdlu əməyin formalaşması, sənayeləşmə) yeni quruluşları, məsələn, burjua demokratiyasını yaratdı. Sonradan isə burjua demokratiyasından (burjua təbəqəsinin siyasi hakimiyyətindən) milli demokratiyaya (burada xalqların hər bir üzvünün vətəndaşa çevrilməsi və siyasi hüquqlar qazanması nəzərdə tutulur) keçidlər yaşandı. Burjua demokratiyası özündə aristokratiyanı, plutokratiyanı, fəhlə və kəndli inqilabları fonunda isə oxlokartiyanı (kütlənin qiyam yolu ilə, üsyan və inqilablar vasitəsilə  hakimiyyəti ələ almalarını əks etdirən quruluş) meydana gətirdi.

Demokratiya traybokratiyadan, etnokratiyaya keçidlə yaranmış olsa da, qədim dövrlərdən bu yana idarəçilik formaları və rejimləri baxımından nookratiyanı (ağıllıların idarəçiliyini), aristokratiyanı, plutokratiyanı, anarxiyanı, avtokratiyanı, tiraniyanı, despotizmi, totalitarizmi, diktaturanı, xuntanı, demarxiyanı və digər formaları və rejimləri  özündə yaşatdı və bu gün də həmin elementlərin daşıyıcısı kimi davam etməkdədir.

Bu gün demokratiyanın tərkibi birmənalı olaraq sərt, bərk rejimlərdən ibarət deyil. Yumşaq formalar və məzmunlar mövcuddur. Liberal demokratiyalar, onun tərkibi olan konstitusiyalı monarxiyalar, respubliklar  (cəmiyyətin hakimiyyəti) arealları genişlənməkdədir. Hal-hazırda inkişaf etmiş sivil cəmiyyətləri daha çox iqtisadi resurslar, insan həyatını təmin edən vəsaitlər  idarə edir. İstər yuxarı təbəqə, istərsə də cəmiyyət özü normalarla, normaların hərəkət etdirdiyi vəsaitlərlə idarə olunur. İndi demokratiya bu və ya da digər formada texnokratiyanı da yaradır. Texniki innovasiyalar, informasiya texnologiyaları insan həyatına və şüuruna təsir edir və bu da özlüyündə sərt rejimli hakimiyyətlərin yaranmasının qarşısını alır. İnsanlarn maariflənməsi, xəbərlərin tez çatdırılması cəmiyyətin şüurunu aydınlaşdırır və adekvatlılığı yaradır. İnsanların müti şəkildə tabe olmaları əksər hallarda qeyri-mümkün hala çevrilir. Bu baxımdan da bu gün sivil cəmiyyətlərdə kollegial, institusional idarəçilik hökm sürür. Məcazi mənada ifadə etsək, informkratiya, sosiokratiya cəmiyyətin liberallaşmasını, idarə edən qrupun yumşalmasını zəruri edir.

Bu zamanada hər bir xalqın hakimiyyəti var. Bu,  fərdi və kollektiv hakimiyyətdir. Məsələn, Rusiya həm etnik rusların, həm  də bu ölkədə yaşayan xalqların (cəm halda vətəndaşların)  milli məkanıdır. Yəni, dövlətləridir. ABŞ-da, Kanadada, Avstraliyada, Hindistanda  müxtəlif xalqların nümayəndələri cəmləşib bir dövləti təmsil edirlər. Bu baxımdan da bütün xalqlar öz-özlüyündə demosa (təşkilatlanmış etnoslara) çevriliblər. Məzmun etibarilə istənilən ölkədə etnokratiyanın yaranması qeyri-mümkün bir hala çevrilir. 

Bu gün istənilən ölkəni  yüksək səviyyədə idarə  etmək üçün lazımi vəsaitlər tələb olunur. Hakimiyyətin resurs fondu, resurs xəzinəsi, resurs bankı olmalıdır. Bu vəsaitlər cəmiyyətin özündə toparlanır. Cəmiyyət, milli və yerli iqtisadiyyat varlı olduqda insanların normalarla idarə olunması da asanlaşır. Belə  hallarda yuxarı hakimiyyət  (fiziki mənada) çox da cəmiyyət üçün lazm olmur. Qurulmuş struktur və mexanizm özü sistemli qaydada əhalini idarə edir.

Resurslar  inkişafı şərtləndirir, inkişafı dalğalandırır. Resurslar təminatı yaradır, insanların sosial rifahını gücləndirir. Resurs bol olduqda və onun taraz əsaslarla paylanılması baş verdikdə, cəmiyyət sabitləşir. Resurslar tələblərə cavab verir, ehtiyacları ödəyir. Yüksək inkişaf səviyyəsini saxlamaq üçün və yeni vərdiş olunmuş vəziyyəti əldə saxlamaq məqsədilə davamlı vəsaitlərin olması şərtdir. Cəmiyyət resurslarla təmin edildikdə sağlamlaşır. Bu halda sağlam sosial-siyasi institutlar meydana gəlir.  İdarəçilikdə demokratik prinsiplər möhkəmlənir. İnsanlar maariflənir və rasionallıq və sağlam təfəkkür inkişaf edir.

Resurs zənginliyi dövləti idarə edən qrupun və onun başında dayanan  şəxsin xarakterinə, bu yöndə davranışına da öz təsirlərini göstərir. Varlı cəmiyyət üzərində despotizmin yaranması da qeyri-mümkün hala çevrilir. İmkanlı cəmiyyətlərdə strukturlar  üzərində basqılar dövlət idarəçiləri üçün əks-səda verir və hakimiyyətin səmərəli idarəçiliyinə mane olan ünsürləri meydana gətirir. Destruktivlik hakim elita üçün da sabitliyin pozulmasına rəvac verə bilir. Bu baxımdan da hakim qrup qeyri-hakimiyyət tərəfinə qarşı yumşaq davranmaq məcburiyyəti ilə üzləşir. Digər tərəfdən, cəmiyyətin və xalqın, dövlətin qazandığı dəyərlərin əldən verilməsi qorxusu da hakim qrupu alternativ yollara (despotizmdən fərqli üsullara) əl atmağa vadar edir. Demokratiya bu halda özündə meritokratiyanı (ləyaqətlilərin hakimiyyəti), nookratiyanı (ağılın hakimiyyəti) doğurmağa başlayır. Hakim elita sağlam cəmiyyətlər qurulmasında maraq nümayiş etdirir və öz mənafeyini də cəmiyyətdən təmin etməyə can atır. Hakimiyyətlə xalq arasında harmoniyalaşmış münasibətlər, üzvi əlaqələr yaranmış olur. Bu halda dövlət stabil halda çiçəklənməyə başlayır.

Demokratik cəmiyyətlər üçün xarakterik sosial-siyasi idarəçilik formaları  və idarəçilik rejimləri bunlardan ibarət olur:

– Demokratiya (xalq hakimiyyəti) – nümayəndəli (vasitəli), nümayəndəsiz (vasitəsiz), liberal demokratiya. Quruluşları: respublika, konstitusiyalı monarxiya;

– Nookratiya – ağılın, zəkanın hakimiyyəti – filosofların idarəçiliyi;

– İzokratiya – bütün vətəndaşlara bərabər hüquqlar verən hakimiyyət;

– Aristokratiya – tanınmışların hakimiyyəti;

– Meritokratiya – ləyaqətlilərin hakimiyyəti;

– Texnokratiya – texniki vasitələrin idarəçilikdə geniş istifadə olunması;

– Konstitusiyalı monarxiya – burada bir nəfərin irsi hakimiyyəti (dövlət rəhbərliyi) olsa da, hökumət xalqdan formalaşır. Bu baxımdan da  xalqın iradəsinə söykənən, xalqın demokratiyasını nəzərdə tutan hakimiyyət meydana gəlir;

– Parlament monarxiyası – burada monarxın hakimiyyəti məhdud olur, icra hakimiyyətinin səlahiyyətləri geniş olur və icra hakimiyyəti parlament qarşısında məsuliyyət daşıyır. Konstitusiyalı monarxiyanın bir formasıdır;

– Seçkili monarxiya – monarxın parlament, monarx ailəsi, məxsusi orqan  və ya da vətəndaşlar tərəfindən birbaşa seçilməsi;

– Dualistik (ikili)  monarxiya – monarxın səlahiyyətlərini parlament məhdudlaşdırır. Qanunverici səlahiyyəti az olur.  Lakin  monarxın icraedici səlahiyyətləri mövcud olur. Bu baxımdan da faktiki hakimiyyəti əlində saxlayır. Konstitusiyalı monarxiyanın bir növüdür.

Qeyri-demokratik cəmiyyətlər üçün isə idarəçiliyin aşağıda sadalanan formaları meydana gəlir. Bu kimi formalar əsasən “aşağı cəmiyyətlər”, mühafizəkar, dini radikal, adət-ənənələrə söykənən cəmiyyətlər üçün xarakterik olur. Məhdud hüquqlu cəmiyyətlərdə idarə edən “həris idarəçi” rolunu oynayır. Bir şəxsin diktəsi, iradəsi əsas qanun və qayda vasitəsinə çevrilir. Belə cəmiyyətlərdə resurslar sərt formada paylanılır və bir qrup tərəfindən idarə olunur. Bu baxımdan da kövrək siyasi sistemlər, qeyri-sabit və gərgin sosial formasiyalar meydana gəlir.

Demokratiyanın formal əsasları qeyri-yumşaq cəmiyyətlərdə özünü büruzə verir.  Təbii ki, formal əsaslarda da hakimiyyətin mənbəyi rolunda xalq çıxış edir. Lakin formallıqda xalq üzərində müəyyən hakim bir qrupun diktəsi formalaşır. 

Qeyri-demokratik, sərt rejimli cəmiyyətlərə və bərk normalı institutları olan idarəçilik  formalarına bunları aid etmək olar:

– Avtokratiya – bir şəxsin məhdud olmayan hakimiyyəti, sərhədlərsiz hakimiyyət;

– Tiraniya – bir şəxsin, bir qrupun diktaturası;

– Bürokratiya – səlahiyyətlər mərkəzi idarəetmə hakimiyyətinin əlində olur. Buna “Aparat idarəçiliyi” də demək olar;

– Herontokratiya – yaşlıların hakimiyyəti. İdarəçilikdə yaşlıların bir-birini əvəzləməsi;

– Demarxiya – nümayəndəsiz demokratiya. Demoqogiya hakimiyyəti. Təsadüfi şəxslərin hakimiyyətdə təmsil olunması.

– Təqlidçi demokratiya (buna kvazidemokratiya, psevdodemokratiya, dekorativ demokratiya, manipulyativ demokratiya, süni demokratiya, marionet demokratiya  da deyilir) – bu formada əslində hakimiyyət bir qrupun, hakim partiyanın, şəxsin əlində cəmləşir. Ancaq belə hesab olunur ki, guya, xalq hakimiyyətini özü formalaşdırır;

– Despotizm – mütləq hakimiyyət;

– Diarxiya – eyni zamanda iki şəxsin hakimiyyəti. Vətəndaş müharibəsinə, hakimiyyətsizliyə, anarxiyaya, parçalanmağa yol açır. Siyasi sistemin mərkəzi səalhiyyətləri iflasa uğrayır;

– Diktatura – bütün hakimiyyət şəxsin, partiyanın, sinifin, hərbi qrupun əlində tam şəkildə cəmləşir;

– İdeokratiya – material yox, ideya hakimiyyəti hökm sürür. Ehkamlar önəmli rol oynayır;

– Kleptokratiya – oğruların hakimiyyəti. Öz vəzifə səalhiyyətlərindən istifadə edərək, xalqın, dövlətin sərvətlərini mənimsəyən qrupun hakimiyyəti;

– Korporatokratiya – nəhəng korporasiyaların hakimiyyəti;

– Kritarxiya – hakimlərin idarəçiliyi;

– Matriarxat – hakimiyyətdə qadınların üstünlüyü. Bu formada siyasi sistemin kövrəkliyi yaşanır, siyasi böhranlar meydana gəlir;

– Militokratiya – hərbi xunta, hərbi diktatura;

– Oliqarxiya – monopoliya hakimiyyəti. Varlı qrupun hakimiyyəti;

– Plutokratiya – varlı şəxslərin hakimiyyəti;

– Oxlokratiya – boz kütlənin hakimiyyəti.

– Teokratiya – dini hakimiyyət;

– Timokratiya – imtiyazlı azlığın hakimiyyəti.

– Etnokratiya – bir etnosun hakimiyyəti. Monoetnik cəmiyyətlərdə olur.

– Stratokratiya – hərbi rütbəlilərin hakimiyyəti

 

Qeyd: Hakimiyyət formalarını ifadə edən terminlər əsasən yunan mənşəli sözlərdir və elmi ədəbiyyatlarda mövcuddur.

 




Yuxarı Əvvələ Ana Səhifə