XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

21 Avqust 2017 - 12:54

Ali təhsili olmayan milyarderlər –Rokfeller, Bill Geyts, Henri Ford, Şanel...

Bəzən biliyi və istedadı sayəsində ad çıxarmış məşhur milyonerlərə baxanda istər-istəməz düşünürsən ki, bu cür zirvələrə yüksəlmək üçün onlar nə qədər təhsil almalı olublar. Amma belə deyilmiş! Sən demə, maliyyə imperiyaları yaratmış əksər adamlar nəinki universitet, heç orta məktəbi də bitirməyiblər! Biz əsla təhsili atmağa çağırmırıq – bilik hələ heç kimə ziyan verməyib. Amma hər halda bilmək maraqlıdır – bu xoşbəxtlər kimlərdir?

peopletalk.ru-nun əməkdaşı Zoya Molçanovanın bu yöndə araşdırmasını oxucularımıza təqdim edirik.

 

Yetim böyümüş milyoner – Koko Şanel

Koko Şanel moda tarixində ən önəmli fiqurlardan biri, dünyaca məşhur CHANEL brendinin qurucusudur. Gənc Qabriel Bonör Şanel yetim olsa da, dərziliyi öyrənib. Həyatda öz yerini tapmağı qətiləşdirib dünya modasını qadın zərifliyinin yönəltməli olduğu haqda ideyanı bir kənara atıb adətən kişisayağı sayılan parça və biçimdən cürətlə istifadə etməyə başlayıb. Hər şey xırdadan  – şlyapadan başlanıb, sonra isə Koko moda tarixində əsil inqilab eləyib, amma heç kim bu haqda hətta ağzını da açmayıb. Bu da sizə dünyanı fəth etmək üçün əzəmətli bir arzu!

 

Uolt Disney

O olmasaydı, bu qədər gözəl cizgi filmlərini görməz və uşaqlığımızın sevimli qəhrəmanlarını üzdən tanımazdıq. Uolt Disney 16 yaşında orta məktəbi ataraq sadəcə görünməmiş uğurlar qazanıb və parlaq karyera əldə edib. 14 yaşında gəzərgi qəzet satıcısı işləyib. I dünya savaşı illərində Fransada Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin sanitar maşınını sürüb. 1920-ci ildə isə özünün ilk reklam filmlərini yaratmağa başladığı kinoreklam studiyasına rəssam kimi işə girir – elə o zaman onda animasiya dünyasında öz eksperimentlərini davam etdirmək arzusu yaranır, amma bunu peşəkarcasına heç vaxt öyrənməmişdi. Ən nüfuzlu  multiplikator UOLT DİSNEY-in rekord sayda nüfuzlu mükafat və nominasiyaları var. Bu gün WALT DISNEY COMPANY-nin illik gəliri  30 milyard $-dır.

 

Henri Ford

Henri Ford heç vaxt kollecdə oxumayıb və hətta orta məktəbin yuxarı siniflərini də bitirməyib. Amma bu ona dünyada ən böyük avtomobil istehsalçılarından birini – FORD MOTOR COMPANY-i qurmağa mane olmayıb. Ancaq buna ilk cəhddən nail ola bilmədiyindən dayanmayıb və ən nəhayətdə, inadı mükafatlandırılıb. Ford avtomobillərin fasiləsiz istehsalı üçün ilk dəfə sənaye konveyerini tətbiq edib. Bu ona avtomobili daha aşağı qiymətə satmaq imkanı verib, şirkətin gəliri isə artmağa başlayıb, çünkli satış həcmi durmadan artıb. “Time” dərgisi Fordu XX əsrin ən nüfuzlu adamlarından biri adlandırıb.

 

Meri Key Eş

Meri Key özünü hətta ahıl yaşda da tapmağın əla nümunəsidir. O, bir müddət kollecdə təhsil alıb, amma ərə gedəndən sonra buranı tərk edib. Birbaşa satış sahəsində karyera qazanıb və 1963-cü ildə təqaüdə çıxıb. Elə həmin il qadınlar üçün öz şirkəti haqda arzusunu həyata keçirərək Dallasda kiçik “Meri Key Kosmetiks” ofisi açıb. Meri Key bu biznesi işə salmağa çoxdan yığdığı 5 $ sərf edib. “Fortune” dərgisinin versiyasına görə, MARY KAY INC. hazırda Amerikada işləmək üçün yüz ən yaxşı şirkətə və qadınlar üçün ən yaxşı şirkətlər onluğuna daxildir.

Və sən hələ də sıxılırsan ki, öz qismətini tapa bilməyibsən?

 

Mark Sukerberq

Facebook sosial şəbəkəsinin qurucusu Mark Sukerberq 1984-cü ildə anadan olub və “Forbes”in milyarderlər siyahısına düşmüş ən cavan adamdır. 2008-ci ildə onun sərvəti 1,5 milyard $ dəyərləndirilib. Sukerberq Harvard universitetinə girib, amma onu bitirməyib. 2004-cü ildə məktəb yoldaşları və yataqxana qonşuları Dastin Moskovits, Eduardo Saverin və Kris Hyuzla birlikdə dünyada ən populyar sosial şəbəkə olmuş facebook-u yaradıb!

 

Con Rokfeller

Con Rokfeller orta məktəbi bitirməyib, amma Amerikanın ilk milyarderi olub və deyildiyi kimi, tarixdə ən varlı adamdır. 16 yaşından işləməli olub, çünki ailənin böyük oğlu idi. O, daşıma ilə məşğul olan kiçik şirkətdən başlayıb və artıq o zaman ağlasığmaz riyaziyyat biliyi sərgiləyib – o buna görə doğulmuşdu ki, hər şeyi əvvəlcədən hesablasın. Con daha hansı sahələrdə işləməli olmayıb! O, pul və təcrübə toplayıb 1870-ci ildə STANDARD OIL-u – ilk transmilli korporasiyanı qurub. 1911-ci ildə Ali Məhkəmə antimonopoliya qanununu pozduğuna görə şirkəti parçalamağa məcbur edib. Belə ki STANDARD OIL 34 şirkətə bölünüb (bu gün Amerikanın, demək olar, neft hasil edən bütün böyük şirkətləri STANDARD OIL-dan törəyib).

 

Bill Geyts

Forbes” dərgisi kolleci bitirməmiş Bill Geytsi 27 dəfə dünyanın ən varlı adamı adlandırıb. O, 1973-cü ildə Harvardda oxumağı buraxıb ki, sinif yoldaşı Pol Allenlə birgə firmasını qursun. Firma MICROSOFT kimi tanınmağa başlayıb. Bill Geyts hər halda 2007-ci ildə Harvard universitetinin fəxri doktoru rütbəsini alıb. Və çox böyük rəqibin –  APPLE-in varlığına baxmayaraq MICROSOFT şirkəti əvvəlkitək inkişaf edir.

 

Ceyms Kemeron

Kanadada doğulmuş və ailəsi ilə Kaliforniyaya köçmüş Ceyms Kemeron orada da universitetə daxil olub. Amma tezliklə ofisiant qızla evlənib, həm də təhsili atıb. Corc Lukasın “Ulduz müharibələri” filminə baxdıqdan sonra rejissor olmaq qərarına gəlib. 1978-ci ildə iki məktəb dostu – Uilyam Vişer və Ceyson Fessendonla birlikdə qısametrajlı “Ksenogenezis” fantastik filmini çəkib və bununla azbüdcəli filmlər ustası Rocer Kormanı maraqlandırıb, onun “New World Pictures” studiyasında işə başlayıb. Onun ilk tammetrajlı filmi “Pranya-2: Nerest” – məşhur qorxulu filmlərin davamı olub. Kemerona əsil şöhrəti “”Terminator gətirib. O sonradan kinematoqrafiya tarixində ən gəlirli filmlərdən birini “Titanik”i, sonralar “Avatar”ı çəkib. Filmlərin kassa yığımı 2,8 milyard $ təşkil edib ki, bu da Kemeronun kinematoqrafiya tarixində mütləq rekordudur.

Tərcümə Strateq.az-ındır.