XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

28 Avqust 2017 - 16:40

“Sevgi cihadı”:Hindistanda yeni antimüsəlman kampaniyasının arxasında kim durur? - Araşdırma

Seyf Xalid

“Al-Jazeera”

 

May ayında cənubdakı Kerala əyalətinin ali məhkəməsi İslam dinini qəbul edən 24 yaşlı qadınla nikahı ləğv etdikdən sonra Şəfin Cahan Hindistanın Ali Məhkəməsinə müraciət edib.

Avqustun 16-da Ali Məhkəmə qərarı qüvvədə saxlayıb və hüquq-mühafizə orqanlarına nikahın "Sevgi cihadı" olub-olmadığını və Axila Aşokanın İslamı öz iradəsi ilə qəbul edib-etməməsini aydınlaşdırmaq tapşırığı verib.

Sağçı hindu qrupları iddia edir ki, "Sevgi cihadı" müsəlman qruplarının hindu qadınlarını müsəlman kişilərlə nikahlara cəlb olunması və İslamı qəbul etdirməsi üçün düşünülmüş qəsd planıdır.

Qadının atası K.M. Aşokan Keralanın ali məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, qızının İslamı qəbul etməsinin səbəbini “izah edib": İraqda İŞİD sıralarına zorla cəlb edilmə.

Ali Məhkəmə qızın "zəif və iradəsiz" olduğunu və istismar üçün həssas olduğunu bildirib və qeyd edib ki, "nikah həyatda ən əhəmiyyətli qərar olaraq qəbul edilir və bu, ancaq valideynlərinin aktiv iştirakı ilə baş tuta bilər".

 

Məhkəmənin “Sevgi cihadı”na təpki

 

Feministlər və hüquq müdafiəçiləri Ali Məhkəmənin qərarına etiraz ediblər. Onlar bildirir ki, yeni İslami ada – Hadiyəyə üstünlük verən Axilanın rəyi məhkəmədə nəzərə alınmayıb.

"Məhkəmə tərəfindən dəstəklənən Konstitusiya gənc cütlüyün mühafizə və ədalət üçün ümid edə biləcəyi yeganə yerdir və məhkəmə bu cür qərarla cütlüyə təhlükə yaradır", – “All India Progressive Women's” Assosiasiyasının (AIPWA) katibi Kavita Krişnan bildirib.

"Qadının təkcə şəxsiyyət azadlığı deyil, onun fiziki azadlığı da məhdudlaşdırılıb. O, indi atasının evində əsl məhbusdur, qıza evdən kənara çıxmağa və hətta jurnalistlərlə görüşünə icazə verilmir".

Hadiyə may ayından Kottayamda atasının nəzarətindədir, Kerala ali məhkəməsinin qərarına da etiraz edir.

Vəkil Sancay Hecde deyib: "Ali Məhkəmənin qərarından şok keçirdim. Kerala ali məhkəməsinin qərarı Ali Məhkəmədə dərhal ləğv edilməli idi".

"Bu, dinlərarası nikahlardan terror fəaliyyətinə cəlb olunmaya dair siyasi bəyanatların məhkəmələrdə təsdiqididir".

Hadiyə İslamla rəfiqəsi vasitəsilə tanış olub və sonradan bu dinə üz tutub. Ötən ilin dekabr ayında o, müsəlman olan Cahanla evlənmək qərarına gəlib.

 

"Sevgi cihad"ı mövcuddurmu?

 

Bəzi sağ hindu qrupları Hindistanda hinduizmi məhv etmək üçün müsəlmanların gizli planı olduğunu bəyan edir və dinlərarası nikahların əleyhinə çıxır.

"Sevgi cihadı" termini ilk dəfə 2007-ci ildə Kerala və qonşu Karnataka əyalətində xatırlanıb, lakin 2009-cu ildə ictimai müzakirənin bir hissəsinə çevrilib. İlk dövrdə o, "Romeo cihadı" adlanırdı.

Kerala və 2009-cu ildə Karnataka şəhərindəki hindu qrupları minlərlə qadının İslamı zorla qəbul etməsini iddia edib.

Həmin il Kerala Ali Məhkəməsi polisə iddiaları araşdırmaq əmri verib. 2012-ci ildə polis "Sevgi cihadı" iddialarına heç bir “əşyayi-dəlil" olmadığını elan edib.

2009-cu ildə 18 yaşlı Silica Racın Karnatakadaki müsəlman kişiylə qaçması hadisəsi "Sevgi cihadı" mifini yaymaq üçün bir çox sağçı hindu qruplarına təbliğat vəsaiti verib.

Bu termin ölkənin şimalındakı Uttar-Pradeş əyalətindəki seçkilər zamanı baş nazir Narendra Modinin hakim Bharatiya Canata Partiyası (BCP) tərəfindən geniş istifadə olunaraq, seçicilərin dini fərqlə qütbləşməsinə kömək edib.

"Sevgi cihadı"nın mövcud olduğunu sübut edən dəlil yoxdur, bu, qadınları idarə etmək və pis müsəlman obrazı qurmaq üçün bir yoldur ", – Dehli Universitetinin tarix professoru Şeru Qupta bildirib.

 

Tarixi müqayisə

 

Hələ Hindistan Britaniya hakimiyyəti altında olduqda, oxşar taktika çoxsaylı sağçı qruplar tərəfindən istifadə olunub.

"Qeyd edək ki, 1920-ci illərdə Uttar-Pradeş ştatında hindu-müsəlman qarşıdurmalarının yayıldığı vaxt "Sevgi cihadı" və onunla bağlı müxtəlif məsələlər Arya Samac və digər hindu simaları tərəfindən "qaçırma "və “dönmə” kampaniyaları üçün bəhanə verib", – Qupta deyir.

İctimai fəallar müsəlman və hindu cəmiyyətləri arasındakı münasibətlər pisləşdiyindən Ali Məhkəmənin qərarının sağçı-solçu qrupları gücləndirəcəyindən qorxur.

Hüquqşünas Hecde bunun müvəqqəti bir siyasi sifariş olduğunu və son qərarın istintaqın nəticələrinə əsaslanaraq açıqlanacağını bildirib.

"Dinlərarası nikahlara qarşı çıxanlar cəzalandırılmalıdır, – AIPWA təmsilçisi Krişnan deyir. – Niyə qadın öz istəyi ilə ərə getdiyi halda, məhkəmə buna qarşı çıxır!?”

 

Tərcümə: Strateq.az