XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

09 Aprel 2015 - 08:01

Polşa prezidentini Moskva öldürüb?

Kaçinski birbaşa Kremlin əleyhinə idi və “Qazprom”-la çoxmilyardlıq sazişə qarşı çıxırdı

Alman jurnalisti Yurgen Rot Polşanın bir nömrəli təyyarəsinin Smolensk yaxınlığındakı aviaqəzası barədə rəsmi versiyaya inanmır. Versiyaya görə, qəza pilotların səhvi nəticəsində baş verib.

Rot “Qıfıl altında saxlanan S işi: Smolensk, MN 17 və Putinin Ukrayna müharibəsi” kitabında iddia edir ki, Polşa prezidenti Lex Kaçinskini və 95 sərnişini öldürüblər. Rot Almaniya nəşri “Bild”-ə verdiyi müsahibədə günahı Rusiyanın Federal Təhqiqat Xidmətinin (FTX) üzərinə yıxır.

Jurnalist bildirir ki, “BND (Almaniyanın federal kəşfiyyat xidməti-red.) əməkdaşlarından birinin rəhbərliyə yazdığı məxfi hesabatla” tanışlıqdan sonra bu cür nəticəyə gəlib. Rot deyir: “2014-cü ilin martında yazılmış üçsəhifəlik hesabatda deyilir ki, Rusiya FTX-nin zabiti məsafədən idarə olunan bir neçə partladıcı maddəni prezident laynerinin bortuna qoyub. Varşava aeroportundakı polşalı köməkçiləri ona yardım ediblər.”

Jurnalist etiraf edir ki, hesabatın inandırıcı olmasına tam əminlik yoxdur, “lakin BND-nin mənə yaxşı tanış olan və Polşanın, Rusiyanın hökumət dairələrində olduqca ciddi əlaqələrə malik indiki əməkdaşı tərəfindən hazırlanıb. Yeri gəlmişkən, hesabatda o zaman Ukraynada işləmiş FTX generalının adı və sənədləri var. Həm də hesabat Polşa və Rusiyada bir-birindən qətiyyən asılı olmayan iki mənbə əsasında hazırlanıb: hər iki qaynaq təfərrüatıyla təsvir edir ki, təyyarəyə partladıcı maddə qoyulub və son nəticədə prezident Kaçinski və ölkənin siyasi-hərbi rəhbərliyinin bir qismi həlak olub”.

Jurnalistin sözlərinə görə, Rusiya və Polşa tərəflərinin rəsmi məlumatlarında təyyarənin qalıqlarında heç bir partladıcı izinin tapılmaması qeyd olunsa da, Polşa, Avstraliya və ABŞ-dan məşhur alimlərin yüksək həssaslıqlı cihazlarla partladıcı izləri aşkarlaması barədə xeyli araşdırmalar mövcuddur.

Rotun fikrincə, ehtimal olunan cinayətin motivi “gün kimi aydındır: Kaçinski birbaşa Kremlin əleyhinə idi və “Qazprom”-la çoxmilyardlıq sazişə qarşı çıxırdı. Sonradan onun xələfi Donald Tusk Kaçinskinin “Haqq və ədalət” partiyasına xilaf çıxaraq bu sazişi bağladı.

Rot əmindir ki, kitab çıxandan sonra “böyük səs-küy qopacaq”: “BND-yə təzyiq artır. Lakin mənim təcrübəmə əsasən, alman xüsusi xidməti adi şəkildə reaksiya verəcək: şərhsiz! Və 2010-cu il aprelin 10-da nə baş verdiyi barədə həqiqət heç vaxt üzə çıxmayacaq, çünki heç kim Putini küncə qısnamaq istəmir. Onsuz da o, atom bombası hədəsi gəlir”.

Petr Tide, Hans Yorq Fedevald

(İnopressa.ru)




Yuxarı Əvvələ Ana Səhifə