Şahin Bəhrəmoğlu
Orta yüzilliklərdən Azərbaycan və Türkiyə ərazisində yaşadıqları mənbələrdə əks olunan Kolanı tayfasının mənşəyi barədə bir sıra fikirlər söylənilmişdir. Bəzi tədqiqatçılar tərəfindən məqsədli şəkildə bu tayfanın tarixi və mənşəyi barədə ziddiyətli məlumatların verilməsi diqqəti cəlb edən məsələlərdəndir.
Bu sahədə apardığımız araşdırmalar əsasında bu tayfanın türk mənşəli tayfalardan biri olduğu qənaətinə gəlirik. Aşağıda göstərəcəyimiz faktlar əsasında fikrimizi əsaslandırmağa çalışmışıq.
Bugün Azərbaycan, İran və Türkiyə ərazilərində böyük yaşayış məntəqələrində, eləcə də onlarla ayrıca kəndlərdə toplu olaraq yaşayan Kolanılar türk dilində, daha çox Azərbaycan dilində və ya bu dilə yaxın ləhcələrdə danışır. Bu qədər böyük bir tayfanın hər hansı bir digər etnik kökənə sahib olması və tarixən assimlyasiyaya uğrayaraq türkləşməsi prosesi mümkün deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycanda yaşayan əksər etnik qruplar öz dillərini müəyyən dərəcədə, bəzən isə tam şəkildə qoruyub saxlamışlar. çoxluq tərəfindən assimlyasiyanın mümkünlüyü göz önünə alınsa belə, Kolanı tayfasının ayrıca kəndlər halında məskunlaşdığı dağlıq bölgələrdə tamamilə türkləşməsi prosesi heç bir zaman özünü doğrulda bilməzdi. Qeyd etmək lazımdır ki, məhz bu kimi səbəblərdən bu tayfanın kənd yerlərində məskunlaşan qisminin öyrənilməsini Kolanıların etnik mənşəyinin öyrənilməsində əsas götürürük. İlk öncə qeyd etməliyik ki, Azərbaycanda onlarla yaşayış məntəqəsinə malik olan Kolanılar özlərini türk tayfası olaraq tanıyır.
Kolanı tayfasına mənsub şəxslərin ad və soyadlarının araşdırılması nəticəsində ortaya çıxan faktlar da onların türklüyünün göstəricisi sayıla bilər. Tarixən Kolanı tayfasına mənsub şəxslərin ad və soyadlarına nəzər saldıqda bu adların heç bir etnik qrupu əks etdirmədiyinin şahidi oluruq. Bu adlar Azərbaycanda işlənən əksər adlar kimi ya islamla bağlı qəbul edilmiş ərəb adları, ya da türk mənşəli adlardır. Məsələn, Səfəvilər dövrü ilə bağlı olan 1578-ci ilə aid mənbələrdən məlum olan tayfa başçıları Kolanı Emin (Əmin) bəy və Kolanı Şahverdi bəyin adları fikrimizə sübut olaraq göstərilə bilər (2, s. 320). 1654-cü ilə aid bir sənəddə Dərələyəz mahalında Kolanlı nəslindən olan Səfiqulu bəy Kolanlı və Əruz (Aruz, ürüz) xan Kolanlının adları çəkilir (7, s. 12, 146-147). 1728-ci ilə aid bir mənbədə Naxçıvanın Qışlağat nahiyyəsinin Kolanı kəndi haqqında məlumat verilmişdir (6, s. 171). Həmin mənbədə əks olunan Kolanı kəndi sakinlərinin adları daha bir sübutdur. Bu mənbədə göstərilən Hüseyn, Qulu, Məmməd, Əvəz, Cabbar, Ocaqqulu, Murad, Dəmirdaş, İsmixan, Maqsud, Arslan, Piri, Kərəməli və başqa adlar göründüyü kimi heç bir etnik qrupu deyil, Azərbaycan türklərini əks etdirir. Şirvan bölgəsində yaşayan Kolanılara aid XIX əsrdə və XX yüzilin əvvəllərində işlənmiş Aşıq Əhməd, Aşıq Soltan, Aşıq Mürsəl, Hüseyn, Orucəli Gorani, Nobat, Hacı Rüstəm, Məşədi Abbas Şirvani, Keçəl Piri, çürük İsmayıl, Məşədi Mustafa, Zeynəb Zərbəli qızı, Ağca Gülağa qızı və başqa, XIX yüzildə və XX yüzilin əvvəllərində Qarabağ Kolanılarında işlənmiş Sultan bəy, Kolanı Əliməmməd, Urfan bəy, Bəhram bəy, Fərzalı bəy, Balabəy, Zallar Araz, Qaçaq Osman, Qaçaq Gəncim və Qaçaq Şahmalı və başqa, Vedi Kolanılarında Məmiş Abbasov, Əsgər Qasımov, Aşıq Qəhrəman, Qılınc Məmməd və başqa, Şahbuz rayonunun Kolanı kəndi sakiniTəbriz Orucov tərəfindən hazırlanan kəndin Kolanı tayfasına aid təxminən 200 illik nəsil şəcərəsində əks olunan Bədəl, Mikayıl, İsmayıl, Ocaqverdi, Allahverdi, Dadaş, Yolçu, çölçü, Oruc, Məhəmməd, Əli, Vəli, İslam, Əlif, Qənbər, Muxtar, Nəsrulla, Vəliş, Əsəd, Qasım, Rəşid, Talıb, Bulud, Qurban, Ağca, Xanlar, Lazım, Bayram və başqa adların türk və ərəb mənşəli olduğu açıq-aşkar müşahidə olunur. Həmçinin müasir dövrdə də Kolanı tayfasına mənsub şəxslər əksəriyyət olaraq türk və ərəb adları daşıyırlar.
Kolanı tayfasının türk mənşəli və türkdilli olmasını sübut edən digər fakt onlarla bağlı tarixi yer adlarıdır. çünki bir çox yer adları tarixi keçmişi və tayfanın qədimdən danışdığı dili özündə əks etdirir. Naxçıvanda Şahbuz rayonunun Kolanı kəndində və Kolanıların yaşamış olduğu digər bölgələrdə Qarnıyarıq dağı, Ağbulaq, İman dərəsi, Plov təpə, Palıdlıq, Sarıtəpə, Quzey, Güney, Pələngli, Daş bulaq, Qaya bulaq, Cabalar, Karvan bulağı, Ardıclı quzey, Təhnə bulaq, Kolanısu, Kolanı kahası, Kolanı Qışlağı və s., Qarabağ Kolanılarında Umudlu (ümidli), Güneypəyə, Baş Güney, Orta Güney, Bağlıpəyə, Yedditəpə, Qalayçı, Mollalar, Xaçın Dərbənd, Uşaqcıqlar (Uşacıq), Gərək yurdu, çərəkdar, çıraqlı, Şeyxavənd, İmarət Qərvənd, Hacı Qərvənd, Ağdaş, Kərəmli, Goran, Ballıqaya, Gülyataq, Canyataq, Dəmirli, Əliağalı, Əlimədətli, Xatınbəyli, Narınclar, Qaralar, Acı (Ajı) düzü, Ulubab (Ulubaba), Xaçınçay, Qabartı çayı, Şahbulaq, Qırxqız dağı, Pirdağı, Taxtabaşı dağları, Sığnaq yaylası, İsmayılbəyli, Almədədli, Kərəmli və s, Şirvan Kolanılarının mərkəzi olmuş Dağ Kolanıda və ətrafında Allahuəkbər dağı, Duzan (Düzən) dağı, Göyəc piri, Ağdərə, Arpa dərəsi, Başıbağlı, Bərkdərə, Qalacıq, Quş qonmaz, Daşdı bulaq, Kar daş, Keçi yatağı, Girdə yaylası, Gəlin qayası, Göyçə xarmanı, Nuh selabı, Sarı qaya, Tayalıq yolu, çənlibel, Şor bulaq, Kəmaləddin, Süleyman, İmanlı, Alataxta, Əyricə, Pirəvənd, Lolayı, Axsağlı, Hacıheydərli, Goran, Taxta, Yəhərcə, Sarıdaş, Turşulu, Camal, Axtarma, Qızıyıdölən, Dönmüş və başqa (4, s. 283-285), Vedi mahalının Kolanı kəndlərində olmuş Qaratorpaq, Xartlıq, Qızılxaraba, Kom, Rəşoğlu (Rəşidoğlu), Almalıq, Qızılverən, çınqıllı, Böyükbulaq, Ağbulaq, Şavşarın bulağı, Ağ yarğan, Vəli çayı, Əhməd dərəsi, Şiş dağ, Həzi körpüsü, Cümşüd bulağı, Ağ bulaq, Ağ yarğan, Südlü bulaq, çölmək bulağı, Kərimbulaq, Arxaşan dağı, Əbdüləsər dağı, Əyricə yaylağı, Sarıqaya və s., Qərbi Azərbaycanın digər ərazilərində yaşamış Kolanılarda Aralıq Kolanı, Yuxarı Kolanlı, Şor Kolanı, Hacı Əhməd Kolanısı, Alagöz (Ələyəz) dağı, Göyçə gölü, Kolanıqırılan, Rəncbər (Rəncbəre Cəfərxan), Xaraba Kolanı, Kolanı Qışlaq, Timurxan Kolanı və başqa yer adlarının əksəriyyəti göründüyü kimi türk mənşəlidir.
Kolanı tayfasının əsasən, Azərbaycan, İran və Türkiyə ərazilərində yaşamaları onların mənşəyi barədə fikrimizə əlavədir. Kolanı tayfasının tarixən
yaşadığı bir sıra ərazilərə nəzər saldıqda, məsələn, Azərbaycanda Şahbuz, Babək, Culfa, Vedi, Dərələyəz, İrəvan, Göyçə, Salyan, Siyəzən, Hacıqabul, Tərtər, Yevlax, Ağcabədi, Neftçala, Ağdərə, Kəlbəcər, Ağdam və başqa, Türkiyədə İqdır, Malatya, Kilis, Kayseri, Yozgat, Kahramanmaraş, Amasya və başqa, İranın Urmiya, Xoy, Salmas, Qaradağ, Təbriz, Muğan, Xorasan və digər bölgələrin tarixi türk yurdları olduğu məlum olur və bu səbəbdən Kolanı tayfasının da eyni ərazilərdə tarixən yaşaması baxımından onların türklüyünə dair daha bir fakt əldə etmiş oluruq.
Kolanı tayfası içərisində olan tirə və nəsil adları bu tayfanın türklüyünə dəlalət edən sübutlardandır. Qaravənd (Qərvənd, Qarıbənd), Şeyxavənd (Şıxavənd, Şəxavənd), Köçərli, Goran (Coran), Türəni (Turanı), Ağsaqlı (Axsaqlı), Həzili, Osallı, Lolaylı (Lolayı), Pirəvənd (Pirəvəd), Şadılı (Şidli, Sədli), Alataxtalı, Qaraoğlanlı, Borravənd, Qaramanlı, Qoyunlu, Vəkəli, Dirəvərlər, Zamanlı, Sədirli, Mirzəxanlı, Bəylər və başqaları bu tirələrdəndir (1, s. 63-65; 4, s. 11-17). Şirvanda Goran (Osallı, Bəgalılı, Bəylər, Lolaylı, İsgəndərli, Əsədli, Şükürlü və b. tirə və obaları), Pirəvənd ( Borravənd, Xırda Pirəvənd, Abbasalılı, Ağarzalı və başqa), Alataxta (Həzili, Babalı, Zeynallı, Zülfüqarlı, Sadıqlı), Qaraoğlanlı (Tahirli) təbəhləri var. Axsaqlılar içərisində Qurbanlı tirəsi vardır. Kolanı tayfasının əsasən Qarabağ və Şirvan-Muğan qollarına aid olan "vənd" sonluğu türk tayfalarına məxsus şəkilçi olub, Cavanşir tayfasının qolları içərisində, bulqar tayfalarında işlənmiş, həmçinin müasir dövrdə də İran Azərbaycanlılarında soyad sonluğu kimi işlənir və fikrimizcə mənsubiyyət bildirir. Orta Asiya və Azərbaycan türklərinə aid tarixi Dərbənd, Erbend, Gürbənd, Yağlavənd, Xocavənd, Gülvənd, Ruzvənd, Turarabənd, Vibənd və s. yer adlarından məlum olur ki, türk dilinə aid olan "bənd, vənd" sonluğu çox işlənmişdir. Zaman keçdikcə Azərbaycan dilində bu şəkilçi "vənd" formasına düşmüşdür. Qeyd edək ki, "vənd" sonluğunun Qarabağ xanlığı zamanında və ərazisində geniş işlənməyə başladığı nəzərə çarpır.
Kolanı tayfasının türkmənşəli olması bu tayfanın tədqiqatçıları və başqa tarixçilər tərəfindən də təsdiqlənmişdir. Bu sahədəN.Bəndəliyev, B.Budaqov, T.Vəliyev, F.Səfərli, İ.Hacıyev, A.Bağırov, A.Qurbanov, N.Xudiyev, R.Yüzbaşov, B.Abbasoğlu, S.Qəniyev, Ə.Ələkbərli, İ.Bayramov, E.Seyidbəyli və digərlərinin tədqiqatlarını göstərmək olar (1, s. 69. 4, s. 8, 7, s.147 və s.). Tayfanın mənşəyinə dair digər bir məsələ onun türk tayfalarından hansına aid olması barədədir. Bu tayfanı peçeneq və oğuz türklərinə bağlayan tədqiqatçılar vardır. E.Seyidbəyli bu tayfanın nümayəndələri olan Səfiqulu bəy və Əruz bəy Kolanlının Kəngərli nəslindən olduğunu bildirir. (7, s. 146-147) Kəngərlilərin peçeneq soyundan olması əsasında Kolanılar da peçeneqlərə aid bir tayfa hesab oluna bilər. Kolanı tayfasını daha sistemli şəkildə tədqiq edən N.Bəndəliyev başda olmaqla bu tayfanı oğuz tayfa ittifaqına daxil edən tədqiqatçılar daha çox üstünlük təşkil edir. T.Vəliyev bu tayfanı oğuz mənşəli Səlcuqlar dövlətinin banisi olan Səlcuğun nəvəsi Musa Kolanla bağlayır. Qeyd edək ki, Anadolu Səlcuqlarından olan Qızıl Arslanın qardaşı Kulan Arslanın adı bu cəhətdən diqqəti cəlb edir. Oğuz tayfa ittifaqı içərisində olmuş Kolanı tayfasının Azərbaycana eramızın ilk əsrlərindən başlayaraq oğuz-səlcuq axınları ilə birgə gəldiyi güman edirik.
Rus tədqiqatçısı K.N.Smirnov 1933-cü ildə Naxçıvan ərazisində olmuş, Şahbuz rayonunun Kolanı kəndinin Kolanı Qışlağı adlandığını və 55 tatar (ruslar Azərbaycan türklərinə bəzən tatar deyirdilər) ailəsindən ibarət bu kəndin Qoşaçay (indiki Naxçıvançay) sahilində yerləşdiyini qeyd etmiş və bu kəndi Kəngərli kəndi adlandırmışdır. (8, s. 31 və 135)
Belə bir faktı da nəzərə almaq lazımdır ki, 1795-ci ildə Kolanı obalarının bir hissəsi Qarabağdan Şirvan və Gürcüstana göndəriləndə (3, s. 220-221) onların Kolanı mahalındakı yarı boş qalmış tarixi yurdlarına müxtəlif yerlərdən gəlmiş kürd ailələr də yerləşmişdir. Sonralar Kolanı mahalında Kürdlər kənd adının yaranması da bununla əlaqədar olmalıdır. Qeyd edək ki, Qacarın Qarabağa hücumundan bir müddət sonra Kolanı obaların bəziləri öz yurdlarına geri qayıtmışdır. Kolanı mahalında çar hakimiyyəti zamanında da kürdlərin yerləşməsinin canlı şahidi olan Baba bəy Şakir (1780-1845) "Quberniya bina olandan bəri" adlı satirik bir şerində "Kolanı Cəmilliyə, Kürdüstanə dönüb" deyir (9).
Qarabağın həramisi, yalanı,
üstə düşsən danışmazlar yalanı,
Şimdi derlər təqəllübdə
Kolanı Cəmilliyə, Kürdüstanə dönüb.
Göründüyü kimi "dönmək" feli ilə baş verən etnik tərkibin dəyişməsi açıqca ifadə edilmişdir. Deməli, sonrakı dövrlərdə olduğu kimi XVIII yüzilin sonlarında da Kolanılar Qarabağın türk əhalisi kimi tanınırdı və Kolanı mahalına sonradan kürd ailələr də yerləşmişdir.
Kolanı tayfasının adı bəzi müəlliflər tərəfindən farsca "Kelan, Kalan-qüvvətli, çoxlu" mənasında, kürdcə "kolneder-məğlubedilməz", "kəl-dağ zirvəsi" kimi kimi izah olunsa da bu izahlar inandırıcı deyil. çünki Kolanı toponiminin Kolneder variantına tarixən rast gəlmirik və "Kəl-dağ zirvəsi" anlamı müxtəlif coğrafi relyef şəraitlərdə-dağ, düzənlik və qarışıq bölgələrdə yaşayan Kolanı tayfasının adının yaranmasında əsas ola bilməz. Həmçinin, toponimin fars mənşəli hesab olunması düzgün deyildir, çünki bu tayfa fars mənşəli olmadığı üçün fars dilində adlandırıla bilməzdi. Eyni zamanda Kolanı tayfasının farslaşması barədə heç bir mənbədə məlumat əks olunmamış, indi də bunu göstərən heç bir izə rastlanmamışdır. Kolanı tayfasının haradan Azərbaycan, İran və Anadolu ərazilərinə gəlməsi barədə apardığımız tədqiqatlar nəticəsində belə bir qərara gəlirik ki, Kolanı tayfası Orta Asiyada erkən orta əsrlərdə şəhər kimi mövcud olmuş oğuz türklərinin məskunlaşdığı Kulan (Kolan) şəhərinin (Qazaxıstanın cənubu) sakinləri olmuş və tayfanın adı həmin şəhərin adından yaranmışdır. Tarixi İpək yolu üzərində, Merki şəhəri yaxınlığında yerləşmiş Kulan şəhərindən köçlərin qədim dövrlərdən başladığını düşünürük. Yəqin ki, VIII əsrin əvvəllərində Kulan şəhərini də əhatə edən Qərb türklərinin sülaləsinin çinlilər tərəfindən məğlub edilməsindən sonra köç dalğalarının artmışdır. X əsrdə əsas ticarət şəhərlərindən birinə çevrilmiş və təqribən X əsrin əvvəllərində islam dinini qəbul etmişdir. Şəhərin süqutunu və ya əhalinin əksəriyətinin köçməsini islamdan sonra baş verdiyini təxmin edirik. çox güman ki, naməlum səbəblərdən süqut edən şəhərin əhalisi müəyyən dövrdə Orta Asiya ərazisinə səpələnmiş və digər ölkələrə kütləvi köçlər bundan sonra baş vermişdir. Müasir dövrdə həmin şəhərin ərazisində yalnız Kulan adlı kənd mövcuddur. özbəkistan, Türkmənistan və Qazaxıstan ərazilərində olan Kulan, Kulanbel, Kulan çayı, Golan, Kolan, Gulan, Gulançı, Gulancı, Gulanbay, Kulan-Qıpçaq yer və tayfa adlarının bir çoxu yəqin ki, Kulan şəhərinin adından və əhalisindən qalmış izlər
dir. Köçdən sonra da Orta Asiya ərazisində bu tayfanın bir qismi qalmışdır. Kulanlıların əsasən Səlcuqların yürüşləri ilə Orta Asiyadan Anadoluyadək yayıldığını güman edirik. Köçdükləri yeni yerlərdə "Kolan, Kulan" şəhərinin adına mənsubiyyət bildirən "lı, lu" şəkilçisi də əlavə olunaraq bu yerə aid olan tayfanı və ya əhalini xarakterizə etmişdir. Yəni "Kolan, Kulan şəhərindən olanlar". Məlum olduğu kimi "lı, lu" şəkilçiləri türk dillərinə məxsusdur. Tayfanın adının fars və kürd dillərində izahının özünü doğrultmaması, adın yalnız türk dilində izahının həqiqətə daha çox uyğun olması tayfanın türkmənşəli olmasına əlavə bir göstəricidir.
Kolanı tayfası içərisində qədimdən var olan bayatı və digər şer parçalarının, əfsanələrin və bu əfsanələrdəki şəxs və yer adlarının (1, s. 64, 4, s. 46 və 183) Azərbaycan dilində olması da bu tayfanın türklüyünün təsdiqi üçün önəmli rol oynaya bilər.
Əslim Qarabağlıdır,
Sinəm çarpaz dağlıdır,
Gedirsənsə tez qayıt,
Zalım yollar bağlıdır.
—
Sürünün gözü qoyun,
Dolan gəl düzü, qoyun,
Ekiz doğ, üçəmə doğ,
Sevindir bizi qoyun.
—
Mən aşiq avaz ilə,
Saz ilə avaz ilə,
Zeynəb dərdi sərini
Sən oxu avaz ilə.
Şirvan Kolanıları ilə bağlı olan "Qanlı daş" və "Tərlan yuvası" əfsanələrində işlənən Dəmirdağ, Sona, Tərlan, Kəhrəbanu, Aslan kimi şəxs, Cüyürlü meşə, çapıq daş, Qanlı daş, kimi yer adları Azərbaycan dilində olması baxımından fikrimizə uyğundur.
Aşağıda göstərilən faktlar əsasında Kolanı tayfasının məhz oğuz tayfalarından biri olduğu fikrinə gəlirik. Qeyd etmək lazımdır ki, orta əsrlərə aid mənbələrdə Anadoluda, Kilis ərazisində oğuzların bəydili qoluna bağlı hesab edilən Kolanlu tayfasının yaşadığı təsdiqlənmişdir (10). Tayfanın adının bu formada işlənməsi başqa yerlərdə də rast gəlinir. Kolanı tayfasının oğuzların bir qolu olan qarapapaqlara aid edilməsi faktına da rast gəlirik (11). Qazax-Borçalı bölgəsində yaşamış Qarapapaq tayfası barədə araşdırmada bu tayfanın qolları içərisində Kolanıların da adı qeyd olunur. Türkiyənin Yozgat vilayətində yerləşən Kolanlı kəndi sakinləri türkmən mənşəli hesab olunur (12). Məlum olduğu kimi XI əsrdən başlayaraq islamı qəbul edən oğuzlara həm də türkmən deyilmişdir. Bu səbəbdən Kolanı tayfası mənbələrdə türkmən mənşəli tayfa kimi əks olunmuşdur. Bu tayfanın bəzi qollarının və yer adlarının sonunda işlənən "vənd" şəkilçisinin oğuz mənşəli bulqar türklərinin Vənd tayfası ilə əlaqəli olması ehtimalı əsasında belə bu əlaqəni görmək mümkündür. Vənd sonluğunun türk tayfaları içərisində işlənməsi barədə yuxarıda məlumat verilmişdir. Bu tayfanın adı ilə bağlı olduğunu güman etdiyimiz Golan yer adının Türkmənistanın şimalında, Daş Oğuz (Dış Oğuz) vilayətində yerləşməsi kimi bir sıra mənbələr bu tayfanın oğuz mənşəli olması barədə digər bir əsasdır (13). Anadolu ərazisində yaşamış oğuz tayfa ittifaqına daxil olmuş tayfalardan biri Kolanşam olaraq adlandırılmışdır. Türkmən kimi də tanınan bu tayfanın Kolanılarla eyni kökdən olması mümkündür. Həmçinin, XVI əsrdə Anadoluda, Sivasda oğuzlarla bağlı olduğu irəli sürülən Kayı-Kolan kənd adının olduğu mənbələrdə əks olunmuşdur . Məlum olduğu kimi Kayı oğuzlara aid bir boydur. Kolan isə Kolanılarla bağlı yer adı kimi bir neçə yerdə rastlanılır. Bu iki tayfanın adının birlikdə işlənməsi bu cəhətdən diqqəti cəlb edir. Kolanlıların oğuz tayfalarının üstünlük təşkil etdiyi Qaraqoyunlu tayfa ittifaqının tərkibində olması da oğuzlarla bağlılığı göstərən amillərdəndir. Orta Asiyadan gələn Qaraqoyunlu türkmənləri XIII yüzilin sonlarında Ərbil-Naxçıvan bölgəsi arasında yerləşmişdilər. XIV əsrin ortalarından bu bölgədə digər yerli tayfalarla birgə Qaraqoyunlu tayfa ittifaqı formalaşdı. Kolanlılarla bağlı aşağıdakı faktlar – Qarabağ Kolanılarında olmuş Qaraqoyunlu Mirzəxanlı obası (5, s. 319), İğdir vilayətinin tarixi sakinləri olan Kolanlıların Qaraqoyunlu hesab olunması və eyniadlı ərazidə yaşaması (2, s. 320), Vedi bölgəsində Kolanılarının yaşadığı Xınıt Qaraqoyunlu kənd adı, Şahbuz rayonunun Kolanı kəndi yaxınlığında tapılmış Qaraqoyunlu-Ağqoyunlu mədəniyyətinə aid edilən daş qoç fiqurları, Şərqi Anadoluda Qaraqoyunlu dövlətinin əmiri kimi fəaliyyət göstərmiş Selahattin Kelani adlı Hakkari (Türkiyənin şərqində yer adı) bəyinin Kolanı tayfasından olması ehtimalı və s. onların XIV-XV yüzillərdə əsasən oğuz boylarından ibarət olmuş Qaraqoyunlu tayfa ittifaqına daxil olduqlarını göstərir. Əlavə olaraq qeyd etmək lazımdır ki, Fərman Kərimzadə "Xudafərin körpüsü" romanında Vedi mahalında olan bir sıra kəndlərlə yanaşı Kolanı kəndinin də Qaraqoyunlular tərəfindən salındığını bildirir. Kolanı tayfasının Oğuz və Qaraqoyunlu tayfa ittifaqı ittifaqları ilə olan tarixi bağlılıqları da bu tayfanın türklüyünə işarə edən dəlillərdəndir. Eyni zamanda Vedibasarda Kolanlıların yaşadığı Kolanlı və Almalıqda mövcud olmuş boyu üç metrə çatan oğuz qəbirləri bu tayfanın oğuz boylarından birinə aid olması fikrini gücləndirir.
Məqalə boyunca göstərdiyimiz faktlara istinad edərək Kolanı tayfasının oğuz tayfalarına məxsus Kulan (Kolan) şəhərinin sakinləri olması, bu şəhərin məlum olmayan səbəblərdən süqutundan sonra əhalisinin Orta Asiyadan qərbə doğru axınları nəticəsində onlarla eyni adlı məntəqələrin əsasının qoyulması və bu əhalinin Kolanlı, Kolanlu olaraq tanınması nəticəsinə gəlirik.
Qaynaqlar
1.Bəndəliyev N.S. Dağlıq Şirvanın toponimləri. Bakı: Elm, 2009, 352 s.
2.Kırzıoğlu F. Osmanlıların Qafqaz ellerini fethi (1451-1590). Ankara: Türk Tarih Kurumu Basımevi, 1993, 550s.
3.Qarabağnamələr. Bakı: Yazıçı, 1991, 450 s.
4.Qəniyev S. Dağ Kolanı-elim mənim. Bakı: Nurlan, 2001, 316 s.
5.Mustafazadə T. Qarabağ xanlığı. Bakı: Sabah, 2009, 333 s.
6.Naxçıvan sancağının müfəssəl dəftəri. Giriş və tərcümənin müəllifləri akademik Z. Bünyadov və t.e.n. H. Məmmədov (Qaramanlı). Bakı: Elm, 2001, 376 s.
7.Seyidbəyli E. Naxçıvan torpaq mülkiyyətinə aid XVII – XVIII əsr Kəngərli arxeoqrafik sənədləri. Bakı. Elm, 2000, 230 s.
8.Смирнов К.Н. Материалы по истории и этнографии Нахичеванского края. Баку: Озан, 1990, 156 с.
9.//azerilobbi.com/index.php?option=com_content&view=article&id=245:baba-by-akir-&catid=40:arlr&Itemid=65
10.www.kilis.pol.tr/index.php?option=com_content&view=article&id=26&Itemid=122
11.www.budaq.com/index.php?option=com_content&view=article&id=245:cobankr-el-ikinci-nri&catid=20:books&Itemid=28
12.//tr.wikipedia.org/wiki/Kolanlı,_Yozgat
13.//tr.wikipedia.org/wiki/Golan
/Mövzu ilə bağlı irad və əlavələrinizi [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik./
Şahin Bəhrəmoğlu (Əhmədov, 1984-cü ildə Naxçıvan MR Şahbuz rayonunun Kolanı kəndində anadan olub. Naxçıvan Dövlət Universitetinin Tarix fakultəsini bakalavr və magistr dərəcələri üzrə bitirmişdir)