XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

15 Oktyabr 2017 - 22:05

Asəf Əliyev yazır:"2019-cu ilin tələbə qəbulu niyə qorxu və təlaşla qarşılanır?"

Asəf ƏLİYEV

 

Avqustun 23-də Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN Radio”ya müsahibə verib. Müsahibə əsasında Lent.az xəbər portalı elə həmin gün saat 17:32-də məlumat yayıb. Məlumatdan aydın olur ki, M.Abbaszadə 2019-cu ildə həm orta məktəblərin buraxılış imtahanında, həm də ali məktəblərin qəbul imtahanlarında yeni modelin tətbiq ediləcəyini bildirib və bunun zərurət olduğunu bu şəkildə əsaslandırıb: “Bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”.

Təhsil Nazirliyi ilə yeni imtahan modeli üzərində müzakirələr aparıldığını diqqətə çatdıran DİM Direktorlar Şurasının sədri əlavə edib ki, “Dəyişiklikləri, qərarlaşdırdığımız modeli sentyabr ayında ictimaiyyətə təqdim etməyi düşünürük. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirir”. (Sitatlar Lent.az xəbər portalında verildiyi şəkildə təqdim olunur – A.O. http://news.lent.az/news/281766)

Göründüyü kimi, Lent.az xəbər portalının yaydığı bu məlumatda test imtahanının ləğvindən söhbət getməsə də, onun 2019-da tətbiq ediləcəyi barədə də məlumat yoxdu. Məlumatda söhbət yalnız buraxılış və qəbul imtahanlarında tətbiq olunacaq yeni modeldən gedir.

Bütün KİV-lər çox gözəl bilirlər ki, hər hansı bir informasiya və ya məqalənin oxucu cəlb etməsi onun başlığından birbaşa asılıdır. Lent.az da məlumatı oxunaqlı etmək üçün onu “Azərbaycanda ali məktəbə qəbulda test imtahanı ləğv edilir – Məleykə Abbaszadə açıqladı” başlığı və “İki il sonra buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcək” altbaşlığı ilə yaymışdır.

Bəribaşdan qeyd edək ki, bu başlıqda nə bir qərəz var, nə də bir qəsd. Bu, müsbət mənada jurnalist professionallığıdır. İnformasiya yayımı alətlərinin bolluğu bazarında daim üzdə qalmaq, kəskin rəqabətə davam gətirmək üçün daim oxunaqlı olmaq gərək. Lent.az da məlumatı oxunaqlı etmək üçün belə bir başlıq seçib.

Yazının məqsədi heç də Azərbaycan jurnalistikasını tərifləmək və ya tənqid etmək deyil, nə də jurnalistika aləmində öz yeri və çəkisi olan Lent.az portalı ilə yarandığı gündən ali məktəblərə tələbə qəbulunda qanunçuluğu, şəffaflığı və təmizliyi təmin etməsi ilə Azərbaycanın beynəlxalq aləmdə imicinə müsbət töhfə verən bir qurumu (keçmiş TQDK, indiki DİM) üz-üzə qoymaq deyil. Yazının məqsədi bu məlumata sosial şəbəkələrdə olan reaksiyada səslənən fikirlərə münasibət bildirmək və bəzi məsələləri cəmiyyətin diqqətinə çatdırmaqdır.

Lent.az-ın məlumatı vergülünə, nöqtəsinə toxunmadan, oxşar başlıq və eyni altbaşlıqla bir neçə internet informasiya resursunda da dərc olundu. Təbii olaraq mövzu sosial şəbəkələrə daşındı və müzakirə obyektinə çevrildi. Sosial şəbəkədə paylaşılan bu məlumata müxtəlif rəylər oldu. Bu rəylərin böyük hissəsi isə təlaş, qorxu xarakterli (“təhsil səviyyəsinin çox aşağı olması”, “təhsil sisteminin daha bərbad hala düşəcəyi”, “tələbə qəbulunda rüşvət və korrupsiyaya yol açılacağı”, “kasıbın uşağının bədbəxt olacağı”) rəylər idi. Rəylərdən nəticə çıxarmaq olar ki, vətəndaşlarımızın bir qismi:

1. Məsələnin mahiyyətinə varmadan sonuca varır;

2. Hansı orqanın hansı işə məsul olduğunu dəqiq bilmir;

3. Hər bir yenilikdə neqativ axtarır.

Bu nəticələri bir-bir araşdıraq.

Birinci nəticə – məsələnin mahiyyətinə varmadan sonuca varmaq. DİM Direktorlar Şurası sədrinin verdiyi açıqlamanın dayaq nöqtəsi 2019-cu ildəkeçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub” fikridir.

Əvvəla, qeyd edək ki, bu dəyişikliklər test üsulunun ləğv olunmasını nəzərdə tutsaydı, onda M.Abbaszadə onu mütləq qeyd edərdi. Dəyişikliyin nədən ibarət olduğunu bilmədən onun nə kimi mənfi fəsadlar törədəcəyini necə müəyyən etmək olar? Axı Məleykə xanm açıqlamada “dəyişiklikləri, qərarlaşdırdığımız modeli sentyabr ayında ictimaiyyətə təqdim etməyi düşünürük” kimi fikir də səsləndirib. Yəni, nəzərdə tutulan yeniliklər barədə ictimaiyyətin məlumatlandırılacağına söz verib. Xəbəri oxuyan oxucu əslində sentyabrda verilməsi nəzərdə tutulan açıqlamanı da gözləməli idi. Həqiqətən də sentyabrın 22-də 2019-cu ildə tətbiq ediləcək yeni modellə bağlı ilkin məlumat cəmiyyətə təqdim edildi. DİM Direktorlar Şurasının sədri, verdiyi sözə əməl edərək, Ağsu şəhərində Ağsu, Kürdəmir, Göyçay və Ucar rayonlarından olan vətəndaşlarla görüşündən sonra jurnalistlərə müsahibəsində, 2019-cu ildə tətbiqi nəzərdə tutulan yeni model barədə məlumat verərkən bildirib: “Yeni modelə əsasən, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları indiyədək olduğu kimi, 3 fənn üzrə keçiriləcək, ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul imtahanlarında imtahan fənlərinin sayı isə 5-dən 3-ə endiriləcək və buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq. Yəni, abituriyentlər buraxılış və qəbul imtahanlarının birgə nəticəsinə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. Yeni qəbul modelində hazırda olduğu kimi, ali təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına və orta ixtisas təhsili müəssisələrinə müsabiqə buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq." (Sitat sputnik.az-dan götürülüb: https://sputnik.az/science/20170922/411973561/meleyke-abbaszade-yenilikleri-aciqladi.html)

Bu açıqlamadan məlum olur ki, test imtahanı ləğv olunmur, testin formatı dəyişir. Bu dəyişiklik də müsbət dəyişiklikdir. Birincisi, buraxılış imtahanlarının nəticələri də ali məktəblərə qəbul zamanı nəzərə alınacaq, ikincisi, qəbul imtahanlarında imtahan fənlərinin sayı 5-dən 3-ə enəcək, yəni, qəbul imtahanı daha da yüngül keçəcək. Göründüyü kimi, tələsik qərar çıxarıb ali məktəblərə qəbul imtahanlarında “rüşvət və korrupsiyanın ayaq açacağı” və s. kimi neqativ fikirlər yürütməyin heç bir əsası yox idi və tam məsuliyyəti ilə bildirmək olar ki, olmayacaq da.

Bir məsələyə də xüsusi diqqəti cəlb etmək istəyirəm. Belə bir deyim var: “İnsaf da dinin yarısıdır.” TQDK yaradılandan sonra onun keçirdiyi qəbul imtahanlarında “varlı – kasıb balası”, “vəzifəli – vəzifəsiz uşağı” kimi fikirlər heç zaman keçərli olmayıb, əksinə ancaq “Azərbaycan vətəndaşı”, “Azərbaycan gənci” kimi anlayışlar işlədilib. Bir sözlə, ali məktəblərə tələbə qəbulunda yalnız BİLİYİN önəm daşıdığı bir aksiomdur.

Buraxılış və qəbul imtahanlarında tətbiq ediləcək yeni modeldə qiymətləndirmənin necə aparılacağı barədə geniş ekspert rəyini “Türküstan” qəzetinin internet səhifəsindən oxumaq olar. (http://turkustan.info/2017/10/05/2019-cu-ild%C9%99-q%C9%99bul-imtahaninda-ballar-bel%C9%99-hesablanacaq-aciqlama/)

İkinci nəticə – hansı orqanın hansı işlə məsul olduğunu dəqiq bilməmək. Rəylərin bəzilərindən belə nəticəyə gəlmək olur ki, bir çox vətəndaşlarımız Azərbaycan Respublikasının təhsil siyasətinin müəyyənləşməsi və aparılmaması ilə DİM-in uzaqdan və yaxından heç bir əlaqəsi olmadığını bilmir. Nizamnaməsinin 1.1-ci bəndinə əsasən DİM-in təhsillə əlaqəli olan işi ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını) həyata keçirməklə və təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə imtahanlar təşkil etməklə məhdudlaşır. (http://dim.gov.az/commission/status/ ) Yekun qiymətləndirməyə (attestasiyaya) aydınlığı elə Nizamnamənin 2.1.6-cı bəndi gətirir. Həmin bəndə görə DİM “yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədi ilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirir.”

DİM-i təhsil sahəsi ilə bağlayan başqa bir fəaliyyəti isə onun Təhsil Nazirliyinin sifarişi əsasında “ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən bütün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodik monitorinqini” həyata keçirməsidir. (DİM Nizamnaməsinin 2.1.16-cı bəndi)

Göründüyü kimi, DİM-in təhsil siyasəti ilə heç bir əlaqəsi yoxdur. DİM-in Əsasnaməsində “təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi metodiki rəhbərliyi həyata keçirir” kimi müddəa qeyd olunmayıb. Ona görə də, hər hansı bir orta və ya ali məktəbdə təhsilin səviyyəsinə görə DİM-i sorumlu bilmək düzgün deyil.

Üçüncü nəticə – hər bir yenilikdə neqativ axtarmaq. Ümumiyyətlə, bu, psixoloji faktordur. İnsan əldə olanı itirmək qorxusu ilə yaşayır. Rəylərdən də göründüyü kimi, vətəndaşların bəziləri qəbul imtahanlarında insan faktorunun yenidən əmələ gələcəyindən və biliyin adekvat qiymətləndirilməyəcəyindən, yəni, rüşvət, yerliçilik, nepatizm kimi zərərli halların əmələ gələcəyindən qorxur, təlaş keçirir. Bu, əslində o deməkdir ki, vətəndaşların 25 il ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, son ildə isə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarına etimadı çox böyükdür. Başqa sözlə ifadə etsək, bu təlaş DİM-in (TQDK-nın) tələbə qəbulu sahəsində fəaliyyətinin ictimaiyyət tərəfindən dəstəklənməsidir.

Etiraf etmək lazımdır ki, TQDK çox nadir dövlət qurumlarındandır ki, onun fəaliyyəti hər zaman dövlət rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Məlum olduğu kimi, TQDK Azərbaycan Respublikasına cəmi bir il Prezidentlik etmiş Əbülfəz Elçibəyin 1992-ci il 21 iyul tarixli Fərmanı ilə yaradılıb. (http://e-qanun.az/framework/7553 )

Maddi-texniki bazanın çox aşağı səviyyədə olması və təcrübə azlığı TQDK-nın 1992-1993-cü illərdə ali məktəblərə qəbul həyata keçirməsində öz mənfi təsirini göstərmişdi. Belə ki, Test üsulunun tətbiq edildiyi birinci il yerlərin cəmi 30 faizi tutulmuşdu, 70 faizi isə boş qalmışdı. Nəticədə də məsələ uzanmış və dərslər 92-ci ildə deyil, 93-cü il fevralın 1-də başlanmışdı. Beləliklə, ali məktəblərə daxil olanlar tam kurs keçə bilməmişdilər. 93-cü ildə irəliləyiş olmuş və yerlərin 60 faizi tutulmuşdu. Lakin məsələ yenə də uzanmış, dərslər dekabrın 15-də başlanmışdı”. (Sitat Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 14 sentyabr 1994-cü il tarixdə ali məktəblərə daxil olmuş birinci kurs tələbələri ilə görüşdə söylədiyi nitqindəndir Mənbə: Heydər Əliyev: “Müstəqilliyimiz əbədidir” İkinci kitab (may, 1994 – dekabr, 1994), Buraxılışa məsul Ramiz Mehdiyev, Hidayət Orucov, Бakı, Azərnəşr, 2007, 362 s. (səh. 144) http://files.preslib.az/projects/toplu/books/2.pdf)

TQDK-nın fəaliyyətindəki bu çatışmazlıqlar tələbə qəbulunun ali məktəblərin özləri tərəfindən “köhnə üsulla” aparılması tərəfdarlarını fəallaşdırmışdı. Amma 1993-cü ilin oktyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev ali məktəblərə qəbulun məhz mərkəzləşdirilmiş şəkildə TQDK tərəfindən aparılmasını dövlətin və millətin mənafelərinə uyğun bilmişdi. Belə ki, 2 avqust 1994-cü ildə Prezident sarayında respublikanın ali və orta ixtisas məktəblərinə qəbulla əlaqədar keçirilən müşavirədə, giriş sözündə, o qeyd etmişdi: “Son illər Azərbaycanda ali və orta ixtisas məktəblərinə qəbul test üsulu ilə keçirilir. 1992-93-cü illərdə bu üsul tətbiq olunub və öz müsbət nəticələrini verib. Ümumi ictimai rəy də, bizim də rəyimiz belədir ki, test üsulundan bu il də istifadə edilsin.” (Heydər Əliyev: “Müstəqilliyimiz əbədidir” İkinci kitab (may, 1994 – dekabr, 1994), Buraxılışa məsul Ramiz Mehdiyev, Hidayət Orucov, Бakı, Azərnəşr, 2007, 362 s. (səh. 79) http://files.preslib.az/projects/toplu/books/2.pdf ) Bununla da, H.Əliyev dövlətin ali rəhbəri kimi öz mövqeyini hər kəsin diqqətinə çatdırmışdır.

Ümumiyyətlə, Prezident Heydər Əliyevin ali məktəblərə qəbul olunanlarla görüşləri mütəmadi xarakter almışdı. Hər görüşdə də TQDK-nın fəaliyyətinə müsbət qiymət verilmişdi.

Bir haşiyə: Azərbaycan KP MK-nın birinci katibi kimi ölkəyə rəhbərlik etdiyi dövrdə Heydər Əliyev Azərbaycanın gələcəyini düşünərək milli kadr potensialını yaradırdı. Ölkəyə lazım olan mütəxəssis-kadrları yetişdirmək, respublikanın elmi-texniki və mədəni potensialını yüksəltmək məqsədilə Azərbaycanın ali məktəblərində yeni-yeni ixtisaslar üzrə fakültələr açılır, gənclər Bakıda imtahan verməklə Sovet İttifaqının qabaqcıl ali məktəblərinə qəbul olunurdular. 1975-ci ildən başlayaraq ildə 800-900 Azərbaycan gənci keçmiş SSRİ-nin ali məktəblərinə göndərilirdi. Bunların da böyük əksəriyyəti Moskva, Leninqrad, Kiyev və digər böyük şəhərlərin qabaqcıl ali məktəblərinin payına düşürdü. Müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyev 31 avqust 1998-ci ildə Azərbaycandan kənarda ali təhsil almış şəxslərlə görüşündə o dövrdəki vəziyyəti belə təsvir etmişdir: “Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal, birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım… Özüm də təsəvvür еtmədən gördüm ki, Azərbaycan üçün yеni bir ali məktəb yaratmışam. Bu, nədən ibarətdir? 1969-cu ildə biz rеspublikadan kənara oхumağa hеç 50 nəfər də göndərmədik, 1970-ci ildə 60 nəfər göndərdik. Ondan sonra bunu ilbəil artırdıq. Nəhayət, biz 1975-ci ildə gərək ki, 600 nəfər, 1977-1978-ci illərdə hər il 800-900 nəfər gənci rеspublikadan kənar ali məktəblərə göndərirdik. Ali təhsil sahəsində işləyənlər bilirlər – hər bir ali məktəbin illik qəbulu 700-800 nəfər olur. Bеləliklə, əgər biz ildə 800-900 nəfər azərbaycanlı balasını o vaхtlar Sovеt Ittifaqının müхtəlif şəhərlərindəki ali məktəblərə göndərirdiksə, dеmək, biz, Azərbaycan Dövlət Univеrsitеtinə olan qəbul qədər əlavə tələbə hazırlayırdıq.

…Bu, asan bir iş dеyildi. Məsələn, 50 nəfərlik limiti 100 nəfərə qaldırmaq üçün mən nə qədər danışıqlar aparmalı oldum. Ondan sonra bunu 200, 300, 400 еtmək asan dеyildi. Bu danışıqlar sadə danışıqlar dеyildi. Mən bu barədə təkliflərimi Sovеt hökumətinin ən yüksək nöqtəsinə qədər vеrirdim və hər il artımı təmin еdirdim…” (Heydər Əliyev: “Müstəqilliyimiz əbədidir” On yeddinci kitab (iyul, 1998 – oktyabr, 1998), Buraxılışa məsul Ramiz Mehdiyev, Бakı, Azərnəşr, 2006, 219 s. (səh. 90-92) http://files.preslib.az/projects/toplu/books/17.pdf )

Bu gənc mütəxəssislərə “inoqorodnik” də deyilirdi. Onu da qeyd edək ki, DİM rəhbərliyində təmsil olunmuş şəxslər sırasında da “inoqorodnik”lərdən var.

Onu da vurğulayaq ki, TQDK tək tələbə qəbulunu həyata keçirməklə deyil, həm də öz fəaliyyətində ən yeni texnologiyaları tətbiq etməklə dövlətin ali rəhbərliyinin etimadını qazanıb. Belə ki, 2000-ci il noyabrın 2-də Avtomatlaşdırılmış “Seçkilər” İnformasiya Mərkəzi ilə tanışlıq zamanı “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, demək olar ki, Azərbaycanda ilk dəfə kompüter sistemini geniş tətbiq edibdir. Bu çox gözəl bir haldır. Mən bunu bir dəfə demişəm, bu gün bir daha yüksək qiymətləndirirəm.” – deyən Prezident Heydər Əliyev, Mərkəzin yaradılmasında TQDK-nın və onun sədrinin xidmətini də qeyd etmişdir. “Ancaq yaxşı haldır ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Məleykə xanım Abbaszadə bu işin təşəbbüskarı olubdur və bunu edibdir. Avtomatlaşdırılmış sistem seçki prosesinə də tətbiq edilir” – deyərək Prezident kompüter sistemindən xalq təsərrüfatında, iqtisadiyyatda, infrastrukturda və bütün başqa sahələrdə istifadə edilməsi üçün müvafiq tapşırıqlarını vermişdir. (Heydər Əliyev: “Müstəqilliyimiz əbədidir” Otuzuncu kitab (sentyabr, 2000 – noyabr, 2000), Buraxılışa məsul Ramiz Mehdiyev, Бakı, Azərnəşr, 2010, 238 s. (səh. 176) http://files.preslib.az/projects/toplu/books/30.pdf )

Ümumiyyətlə, DİM-in fəaliyyətində qaranlıq nəsə axtarmaq ədalətsizlik olardı. Məlum olduğu kimi DİM Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli Fərmanı (http://www.president.az/articles/19240) ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əsasında yaradılıb (TQDK 1992-ci ildən, DQMK isə 2006-cı ildən fəaliyyət göstərirdi).

Hər iki təşkilat TQDK-da, DQMK-da öz fəaliyyətlərində bütün vətəndaşlar üçün bərabər şərait yaratmaqla, ali məktəblərə və dövlət qulluğuna (5-7-ci təsnifatlar) qəbulda şəffaflığı təmin etməklə neqativ halların qarşısını alıb.

Hər iki qurum Azərbaycan dövlətinin müvafiq sahələr üzrə siyasətinə beynəlxalq aləmdə də etimad qazandırıblar. Məsələ, qardaş Türkiyənin beynəlxalq yüksək reytinqli universitetlərinin qəbul şərtlərində  – Bilkənt Universiteti (http://w3.bilkent.edu.tr/international/wp-content/uploads/sites/7/2016/11/Ulusal-Sinavlarda-Aranan-Asgari-Puanlar_EN_20.01.2017.pdf ), Orta Doğu Texniki Universiteti (http://oidb.metu.edu.tr/en/application-requirements )TQDK-nın keçirdiyi qəbul imtahanlarının nəticələri də qeyd olunub.

Onu da qeyd edək ki, Bilkənt Universiteti özəl Universitetdir və orada təhsil haqqı 14500 ABŞ dollarından başlayır. TQDK-nın keçirdiyi qəbul imtahanlarında yüksək bal toplayanlar bu universitetin təqaüdünü qazanırlar, yəni, ödənişsiz oxuyurlar. Bu il DİM-in keçirdiyi imtanların nəticələrinə görə də Bilkənt Universitetinə qəbul olaraq 100%-lik təqaüd qazanan gənclərimiz olub.

DQMK isə fəaliyyəti dövründə dövlət qulluğuna qəbulun Azərbaycan modelini yaratmağa müvəffəq olmuşdu. Bu model həm ölkə daxilində, həm də beynəlxalq aləmdə mütərəqqi və səmərəli bir model kimi tanınırdı. Çin, Qzaxıstan, Gürcüstan, Əfqanıstan, Tayland və Kambocanın dövlət qulluğu siyasətini həyata keçirən qurumları bu modelə xüsusi maraq göstərirdilər.

Hər iki qurumun fəaliyyətini indi Dövlət İmtahan Mərkəzi həyata keçirir. Demək ki, DİM-in fəaliyyəti ən azı öz sələflərinin fəaliyyəti qədər açıq və şəffafdır, neqativ hallardan da uzaqdır. Və DİM-in istər orta məktəblərdə buraxılış, istər ali məktəblərə qəbul imtahanlarında, istərsə də dövlət qulluğuna qəbulda tətbiq edəcəyi hər hansı bir yenilik ancaq və ancaq vətəndaşlarımızın və dövlətimizin mənafeyinə uyğun olacaq.