XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

10 Aprel 2015 - 19:02

Azərbaycan və Rusiya alimləri birgə tədqiqat müqaviləsi bağladı – FOTO

Azərbaycan və Rusiya alimləri Qafqazın seysmik durumu, geodinamik prosesləri, neftqazlılığı, palçıq vulkanları və ekoloji geofizikasına dair birgə tədqiqatlar aparacaq.

AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Strateq.az-a verilən məlumata görə, bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) ilə Rusiya Elmlər Akademiyasının O.Y.Şmidta adına Yer Fizikası İnstitutu (YFİ) arasında müqavilə bağlanıb:

“AMEA-nın prezidenti, GGİ-nin direktoru, akademik Akif Əlizadə ilə YFİ-nin direktoru, fizika-riyaziyyat elmləri doktoru Sergey Tixotskiy tərəfindən imzalanmış sənəddən məqsəd Şimali və Cənubi Qafqaz, həmçinin regionun Xəzəryanı ərazilərinin geologiya və geofizikasının fundamental, tətbiqi məsələlərinin öyrənilməsi istiqamətində elmi potensialların cəmləşdirilməsidir.

İmzalanma mərasimində AMEA-nın Yer Elmləri Bölməsinin rəhbəri, akademik Fəxrəddin Qədirov, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli, YFİ-nin əməkdaşı, geologiya-mineralogiya elmləri namizədi Yelena Poludetkina da iştirak ediblər. Sənədə əsasən, GGİ və YFİ birgə ekspedisiya və laboratoriya işləri həyata keçirəcək. Tədqiqatların nəticələrinə dair elmi-praktik konfrans və seminarlar təşkil olunacaq. Qurumların elmi-tədqiqat fondları və kitabxanalarından qarşılıqlı istifadə, elmi-texniki, metodik və maddi imkanlardan müştərək nəşrlər üçün birgə yararlanmaq da müqavilədə nəzərdə tutulan məsələlərdəndir.

İlkin mərhələdə tədqiqatlar “Qafqaz-Xəzər regionunun müasir geodinamikası, geofiziki sahəsi, yeraltı quruluşu, neftqazlılığı, palçıq vulkanizmi və seysmikliyi” və “Qafqaz regionunun müasir geodinamikası, geofiziki sahəsi, yer qabığının gərgin vəziyyəti, seysmiklik və seysmik proqnoz” mövzuları üzrə aparılacaq. Bunlardan əlavə, yerin təkindəki geofiziki proseslərin ekologiyaya təsirini öyrənmək də müqavilənin hədəflərindəndir.

Bütün bu işlər beşillik müqavilənin icrasına dair tərtib olunmuş proqram əsasında həyata keçiriləcək
“.

Strateq.az xəbər verir ki, akademik A.Əlizadə imzalanma mərasimində bildirib ki, ilk dəfə GGİ tərəfindən “Dünya palçıq vulkanları atlası” nəşrə hazırlanıb:

“Burada 42 ölkədə, habelə Xəzər, Qara və Aralıq dənizlərinin dərinliklərində, hətta Antarktidada intişar tapmış palçıq vulkanları üzrə materiallar ümumiləşdirilib, təhlil edilib. Atlasla əlaqədar tədqiqatların nəticəsində Yer kürəsində 2500-dən artıq palçıq vulkanı müəyyən edilib. Onların 350-dən çoxu Azərbaycandadır. YFİ-də də palçıq vulkanları üzrə geniş tədqiqatlar aparıldığını deyən qonaqlar bu sahədə əməkdaşlıq, təcrübə və məlumat mübadiləsinə maraqlarını ifadə ediblər”.

Strateq.az