XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

25 Oktyabr 2017 - 13:40

Ağ Evin bütün sahibləri rəqəm və faktlarda:ABŞ-ın ilk prezidenti Corc Vaşinqton

ABŞ-ın ilk prezidenti Corc Vaşinqton

 

Amerikanın ilk prezidenti Corc Vaşinqton səkkiz il, yəni, 2865 gün  iqtidarda olub. 1732-ci il fevralın 22-də Brics-Krikdə (Virciniya ştatı) tütün plantasiyası sahibinin ailəsində doğulub. 1799-cu il dekabrın 15-də Virciniyada dünyasını dəyişib.

Vaşinqton ev təhsili alıb, kitab mütaliəsinə aludə olub. Gənc yaşlarında torpaqölçən işləyib və sonra 1752-ci ildə Virciniya hərbi könüllülərinin sırasına daxil olub.

Gələcək prezident 1756-1763-cü illər yeddiillik müharibə dönəmində ingilislərin fransızlarla və onları dəstəkləyən hindu tayfaları ilə döyüşündə fəal iştirak edib və hətta bir dəfə düşmənə əsir düşüb.

Məlum olduğu kimi, bu savaş fransızların Şimali Amerikanın bir çox ərazilərindən qovulması ilə sonlanıb. Qələbədə Corc Vaşinqtonun da xidməti olub və artıq 1758-ci ildə Britaniya polkovniki rütbəsində  istefaya çıxıb.    

1759-cu ildən atası və böyük qardaşından qalma plantasiyalarla məşğul olmaqla həm də fəal şəkildə siyasətə qoşulub. 15 il ərzində Virciniyanın Qanunverici məclisinə (legislatura) seçilib. İngiltərənin siyasətini qızğın şəkildə tənqid edib, amma hələlik zorakılıq addımlarına çağırmayıb. Müstəmləkələrin hüquqlarını müdafiə edərək Britaniya mallarının boykotunun təşkilinə qatılıb.

1775-1783-cü illərdə Britaniyaya qarşı vuruşan Amerika ordusuna komandanlıq edib. Bu savaş 1783-cü ildə ABŞ-ın müstəqilliyinin tanınması haqda Paris sülh müqaviləsi ilə başa çatıb.

Vaşinqton 1789-cu ildə seçici təmsilçilərinin 100% səsini alaraq ABŞ tarixində ümumxalq qaydasında seçilmiş ilk prezident olub. 1792-ci ildə yekdilliklə təkrar seçilib. Prezident postunda hakimiyyət qurumlarının formalaşdırılması, konstitusiyanın əsas maddələrinin praktikada möhkəmləndirilməsi ilə məşğul olub, ABŞ-ın Avropa siyasətinə qarışmaması uğrunda çıxış edib. Amerika prezidentinin vəzifədə iki müddətdən artıq ola bilməyəcəyi konstitusiya ənənəsinin təməlini qoyaraq üçüncü müddətə namizədliyini irəli sürməkdən imtina edib. ABŞ-ın bütün tarixi boyunca partiyasız yeganə prezident olub. İstefadan sonra kənd təsərrüfatı ilə məşğul olub. Corc Vaşinqton Amerikanın ən varlı prezidenti sayılır, sərvəti indiki kursla 500 milyon $-dan çox dəyərləndirilir.

 

Vaşinqtonun müdrik deyimləri

 

Qılınc azadlıqlarımızın təminatında ən son vasitə olduğundan, bu azadlıqlar möhkəmcə qərarlaşdıqdan sonra birinci onu atmaq gərəkdir.

                                                 ***

İntizam – ordunun qəlbidir. O, azsaylı qoşunu qüdrətli gücə çevirir, zəiflərə uğur və hamıya sayğı gətirir.

                                                 ***

Adamlar onların rifahı üçün ən yaxşı şəkildə nəzərdə tutulan tədbirləri zorsuz qəbul və icra etməyəcəklər.

                                                 ***

Böhtana ən yaxşı cavab öz öhdəliklərində inad göstərmək və sükutda qalmaqdır.

                                                 ***

Hətta düşmənin də olsa, başqasının bədbəxtliyini görəndə özünü sevinən göstərmə.

                                                 ***

Azadlıq kök atdısa, sürətlə ərsəyə gəlir.

                                                 ***

Öz nüfuzuna dəyər verirsənsə, həyatını təmiz insanlara bağla.

                                                 ***

Qəzəb üçün hər halda illətin varsa da, nə olur-olsun, masa arxasında əsəbiləşmə, hirsini dilə gətirmə.

                                                 ***

Tanrıdan, ya onun özəlliklərindən danışanda bunu ciddi şəkildə və ehtiramla et.

                                                 ***

Fərarilik halında onu ölümün gözlədiyini bilən qorxaq döyüşdə riskə gedər.

                                                 ***  

Yanında olmayanlar haqqında pis danışma, çünki bu, şərəfsizlikdir.

 

Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə