Ramil Osmanlı: «Binaların yalnız yaxşı görünüş xatirinə bu cür qorxulu və ekoloji cəhətdən zərərli materiallarla üzlənməsi prosesinə son qoyulmalıdır»
«Binanın hansı materialla üzlənməsilə bağlı orada yaşayan sakinlərin də istəyi nəzərə alınmalıdır»
Paytaxtın Nobel prospektindəki 9 mərtəbəli binada baş verən yanğın insan itkisi olmadan ötüşsə də, böyük təhlükənin siqnalını vermiş oldu.
Belə ki, binanın fasadının bir anda od tutub yanması son vaxtlar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən binalara çəkilən üzlüklərin insanların həyatı üçün nə qədər təhlükəli olduğunu ortaya qoydu. Söhbət binalara üzlük kimi vurulan penoplast materialından gedir.
Ekspertlər dəfələrlə mediada çıxış edərək binaların penoplast materialı ilə üzlənməsinin çox təhlükəli olduğunu vurğulasalar da, əlaqədar qurumlar buna məhəl qoymadı.
Qeyd edək ki, penoplast üzlüklər çindən gətirilir. Bu kauçuk üzlüklər tezalışan materiallardan hazırlanır və buna görə də insanların həyatı üçün böyük təhlükədir. Eyni zamanda bu üzlüklər çəkildikdən sonra mənzillərin havalanmasında da ciddi problemlər yaranır.
Yanan binanın 9 və 8-ci mərtəbəsində başlanan qığılcımın saniyələr içərisində bütün mərtəbələri əhatə etməsi bu materialın nə dərəcədə təhlükəli olmasının əyani sübutu oldu.
Onu da qeyd edək ki, binaların üstünə vurulan bu plastik üzlüklər günəş şüası ilə də alışa bilir. çox ağır kimyəvi bir materialdan hazırlanan bu penoplastların digər mənfi xüsusiyyəti yanan zaman öldürücü qoxuya malik olmasıdır.
Ancaq mütəxəssis rəylərinə məhəl qoymayan «tenderlərdə» qalib gələn şirkətlər kağız kimi yanma xüsusiyyətinə malik penoplast materialları yayda 40-50 dərəcə istinin olduğu, siqaretin çəkilib küçələrə atıldığı Bakının binalarına yapışdırmaqda davam edirlər.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı açıqlamasında bildirdi ki, binaların fasadlarının bu cür tezalışan materallarla üzlənməsi yolverilməzdir: «Bu barədə biz dəfələrlə xəbərdarlıqlar etmişik. Ancaq təəssüflər olsun ki, məhəl qoyulmadı. Acı nəticə göz qabağındadır. Hesab edirəm ki, bu işlərə məsul olan qurumlar,başda Bakı Şəhər İcra Hakimiyyəti olmaq şərtilə bu hadisədən nəticə çıxaracaqlar. Binanın hansı materialla üzlənməsilə bağlı orada yaşayan sakinlərin də istəyi nəzərə alınmalıdır. Azərbaycan Respublikasında qüvvədə olan Mənzil Məcəlləsinə görə, bina sakinlərin ümumi əmlakı hesab olunur.
Mülkiyyətçilər öz hüquqlarından istifadə edərək, istənilən məsələ ilə bağlı etiraz edə bilər. Hesab edirəm ki, binaların yalnız yaxşı görünüş xatirinə bu cür qorxulu və ekoloji cəhətdən zərərli materiallarla üzlənməsi prosesinə son qoyulmalıdır».
Məhəmmədəli QƏRİBLİ