Taha Dağlı
Haber7 (Türkiyə), 04.02.2018
Qərb dünyası feyk xəbərlərin tam bir kampaniyasına başlayıb ki, “Afrində dinc sakinlər həlak olurlar”.
Bəs bu yalan kimdən qaynaqlanır?
“Zeytun budağı” əməliyyatı Afrində Kürdüstan Fəhlə Partiyası (PKK) – “Demokratik Birlik” Partiyası terrorçularına qarşı yönəlib və nişangahda yalnız terrorçulardır. Türkiyə hərbçiləri dinc sakinlərin əzab çəkməməsində son dərəcə ehtiyatlıdırlar. Əks halda indiki ana doğru iki dəfə uzağa gedərdilər.
PKK özü üçün “Qırmızı Xaç” yaradıb
Afrində dinc sakinlərə hücumlar haqda məlumat yayanların yeganə informasiya qaynağı var və bu, birbaşa terrorçu təşkilat PKK-dır. PKK-nı terrorçu təşkilat sayan Avropa ölkələri və ABŞ, PKK-nın terrorçu təbliğatını həyata keçirən ünsürlərdən alınan məlumatlara istinadən yalan yayır. Çünki onların qaynağı “Kürd Qırmızı Xaçı” adlı təşkilatdır. Qərb KİV-lərində və sosial şəbəkələrdə “Kürd Qırmızı Xaçının təqdim etdiyi məlumata” əsasən filan qədər dinc sakinin həlak olduğundan danışılan məlumatlar tirajlanır. Və bu informasiya qaynağı Qərb KİV-lərində şübhə altına alınmır. Çünki bunun mötəbərliyinə şübhə etmək onların marağında deyil. Birdən bunu etsələr, gerçək qaynaq məlum olacaq. Lakin “Kürd Qırmızı Xaçı” insitutu yoxdur. Bu, terrorçu PKK təşkilatına bağlı yalan qurumdur, terrorçu ünsürdür.
Terrorçular öz yalanlarını inandırıcı etməkdən ötrü beynəlxalq Qırmızı Xaç təşkilatından istifadə edirlər. Bu zaman PKK-nın “Kürd Qırmızı Xaçı” adlandırdığının bu beynəlxalq təşkilata heç bir dəxli yoxdur. “Kürd Qırmızı Xaçı” isə almaniyalı PKK terrorçularının Hələb əyalətinin Əyn əl-Ərəb (və yaxud onların dediyi kimi, Kobani) şəhərində yaratdığı terrorçu təşkilatdır.
Rəsmi yalançı Robert Fisk də Afrindədir
PKK ilə bir qayığa əyləşənlərdən biri “Zeytun budağı” əməliyyatı başlanandan sonra Qərbdən Afrinə birinci gələn britaniyalı jurnalist Robert Fiskdir. O, yanvarın 28-də “Independent” qəzetində “Zeytun budağı” əməliyyatının gedişində dinc sakinlərin nişan altına düşdüyü haqda yalan məlumatla geniş məqalə dərc etdirib. Onun da qaynağı PKK Qırmızı Xaçı idi.
Robert Fiskin özünə gəlincə, Türkiyəyə düşmənlikdə bu adamın zəngin xidmət siyahısı var.
2013-cü il avqustun 21-də Dəməşq civarında Şərqi Quta şəhərciyində Suriya rejiminin kimyəvi hücumu nəticəsində minlərlə adam əzablı qıcolma içində həlak olub. Robert Fisk isə saxta məlumat yayıb ki, kimyəvi silah Suriya müxalifətinə Türkiyə üzərindən göndərilib və kimyəvi hücumu Dəməşq rejimi deyil, Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu həyata keçirib.
Britaniyalı jurnalist indi Afrində PKK terror təşkilatı ilə əl-ələ verərək Türkiyəyə qarşı təliğat aparır. O, Qərb ölkələrini, məlumunuz olsun ki, Türkiyənin ədalətli şəkildə başladığı bu əməliyyatı dayandırmağa çağırır. Qərb KİV-ləri də bu cür rupor rolunu öz üzərinə götürüb. Əlbəttə, həm PKK, həm də FETÖ terrorçuları onlara əl çalır.
Hamı dinc sakinləri öldürüb və onları təkcə Türkiyə müdafiə edib
Türkiyə hərbçiləri 2016-cı il avqustun 24-dən Suriyada hərbi əməliyyatlar keçirirlər. Bu müddətdə bir çox bölgələr terrorçulardan təmizlənib, bu əməliyyatların gedişində dinc sakinlərdən heç birinə cüzi ziyan vurulmayıb. Hətta Türkiyə hərbçilərinin əməliyyatları sayəsində terrorçulardan təmizlənmiş Əzazda, Cerablusda, əl-Babda və ətraf şəhərciklərdə minlərlə suriyalı ölkənin ən təhlükəsiz zonalarında yaşayır. Bununla yanaşı, Suriyada hücumlar yedd il boyunca kəsilməyib. Bu müddət ərzində yalnız bircə ölkə Suriyanın mülki əhalisini müdafiə edib və bu, Türkiyədir. Yunanıstan hərbçilərinin Avropaya qaçan suriyalıları dənizdə batırmağa çalışdığı, Şərqi Avropada isə qaçqınların işgəncələrə məruz qaldığı bir vaxtda Türkiyə onların müdafiəsinə qalxıb.
Suriyanın dinc sakinlərini qətlə yetirənlərin siyahısı
Əsəd rejimi, İran hərbçiləri, “Hizbullah” döyüşçüləri, Rusiya və Amerika hərbçiləri, koalisiya qüvvələri, PKK-PYD terrorçuları, İŞİD və “əl-Qaidə” terrorçuları – hamısı 2011-ci ildən başlayaraq Suriyada dinc sakinləri öldürüb. Və öldürməyə davam edirlər.
Bu qatillər siyahısında olmayan yeganə ölkə Türkiyədir.
Əfqanıstan və İraqda mülki əhalinin kütləvi qətli
Amerika son doqquz ildə 2001-ci ildən işğal etdiyi Əfqanıstanda minlərlə dinc sakini qətlə yetirib.
İraqda bu rəqəmlər daha yüksəkdir. Amerikalılar 2016-cı ildə Mosul əməliyyatının gedişində İŞİD terrorçularının orada yerləşdiyini güman edərək mülki əhalinin yaşadığı bütöv bir rayonu məhv ediblər. Və təkcə Mosulda hərbi əməliyyatların gedişində ABŞ-ın əlindən, ən azı, beş min dinc sakin həlak olub.
Tərcümə Strateq.az-ındır.