XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 April 2015 - 16:36

Dörd min yaşlı zəka oyunu: “Doqquz kumalak”

Namiq Hacıheydərli

Doqquz kumalak oyununun yaranma tarixi eramızdan əvvəl ikinci minilliyin başlanğıcından hesablanır. Arxeoloji tapıntılara əsasən uzun incələmə sonucu araşdırmaçılar bu qənaətə gəliblər.Bu oyuna Anadolu türkləri “dokuz kumalak” və ya “dokuz taş”, qazax türkləri “togiz kumalak”, qırğız türkləri isə “tokuz korgool” deyir. Kumalak sözü əski türklərin qoyunun, keçinin yuvarlaq peyninə verdiyi addır və bu söz bu gün də qazax türkləri tərəfindən işlənməkdədir. Doqquz kumalak oyunu ilk dəfə əski türk çobanları tərəfindən oynanılmışdır. Bu oyun Sakların, Hunların və Göytürklərin dönəmində yayğın oyunlardan biri olmuşdur.Qazaxstanın Almatı şəhərinin yaxınlığında bir mağaradan tapılan qaya üzərinə cızılaraq hazırlanmış “doqquz kumalak” taxtasının ən azı dörd min il yaşı olduğu aydınlaşdırılmışdır. Bu oyun çağımızda da qazax, türkmən və Altay türkləri tərəfindən yaşadılmaqdadır. İlk zamanlarda qoyunun yuvarlaq peyini ilə torpaq üzərində oyun taxtasına bənzər yer düzəldilərək oynanılmışdır. Sonralar isə taxta üzərində yuvarlaq daşlarla oynanıldığı üçün bu oyun həm də “doqquz daş” adı almışdır.Bəlli fərqlərinə görə xeyli sayda növü olan “Doqquz daş” oyununun türklər arasında əsasən iki forması yayğın olmuşdur:

Birinci forma iki oyunçu tərəfindən oynanılır. Hər iki tərəfin doqquz daşı olur. Bu oyunda toplam 18 daş iştirak edir.Kağız və ya taxta üzərində oynanılır. Əski çağlarda isə torpaq və daşın üzərinıcızaraq oynardılar. Oyunda əsas məqsəd qarşı tərəfin daşlarını udaraq ikiyə endirməkdi. Qarşı tərəfin daşını ikiyə endirən oyunçu oyunu qazanmış sayılır. Bu oyun zəka oyunu olduğu üçün oyunçunun düşüncəli, diqqətli və məntiqli olmasını tələb edir.

İkinci forma da iki oyunçu tərəfindən oynanılır. Lakin burada toplam 162 daş olmaqla hər oyunçunun 81 daşı olur. Bu 81 daşın hər biri 9 ədəd olmaqla 9 cərgəyə düzülür. Hər oyunçunun öz “xəzinə”si olur. Burada da məqsəd oyunun gedişində qarşı tərəfin daşlarını udaraq xəzinəyə toplamaqdır.

Oyunun qaydaları və məntiq baxımından “doqquz kumalak” oyununa bənzər oyunlar Asiyada və Afrikada yaşayan bir sıra xalqlarda olmuşdur. Bu xalqların hər birində az fərqlə oynanan bu oyunlara ümumi ad kimi “mənqala” və ya “mənqala oyunları” da deyilir. Onlarla növü olan bu oyunların hər biri üstündə oyuqlar açılan oyun taxtası üzərində yuvarlaq daşlarla oynanır. Mənqala sözünün ərəb dilində “hərəkət edən” anlamını verən “mənqələ” sözündən götürüldüyünü yazanlar var. Bəzi araşdırmaçılar isə əminliklə bu sözün əski türk dilində “min qala” (bin kala) sözündən törədiyini bildirirlər.

Araşdırmaçı Arslan Küçükyıldıza görə şahmat oyunu mənqala oyunlarından törəmişdir. Bu üzdən onlar arasında bir sıra oxşarlıqlar var. “Doqquz qumalak” oyununun digər mənqala oyunlarına da aid edilə biləcək aşağıdakı özəllikləri var:

1.Zəka oyunudur.

2.Oyunun gedişini öncədən hesablamağı tələb edən mübarizə oyunudur.

3.Sürəkli olaraq oynamaq zəkanı inkişaf etdirər.

4.Tələsmədən, düşünərək oynamağa izn verilir.

5.Kimsənin oyuna qarışmağa icazəsi yoxdur.

6.Oyunda şans yox, zəka və yetənək əsas şərtdir.

7.Oyunda fərqli yönlərə oynamaq mümkündür.

8.Oyuqlar qalaları, daşlar əsgərləri təmsil edir.

9.Oyun tərəflərdən birinin qələbəsi ilə və ya heç-heçə bitə bilər və sair.

Mənqala oyunlarının bəzilərində ikidən artıq oyunçu iştirak edir. Bu zaman oyun taxtası daha çox şahmat taxtasına bənzəyir. Bu baxımdan mənqala oyunlarının şahmat oyunu ilə bir çox oxşar tərəfləri vardır.

“Doqquz kumalak” kimi zəka oyunlarının meydana gəlməsini millətlərin tarixində çox önəmli kəşf olduğunu qeyd edən professor Abdülvahab Qara “millətlərin bir zəka oyununa sahib olmalarını milli bir əlifbanın olması qədər önəmli” olduğunu yazır.(“Dört Bin Yıllık Zeka Ve Strateji Oyunu: Dokuz Kumalak (Dokuz Taş)”, Türk Dünyası Tarih Dergisi, Eylül 2007). İlk zamanlar çobanlar tərəfindən oynanan “Doqquz kumalak” oyunu təkcə vaxt keçirmək üçün oynanılmırdı. Bu oyun həm də qısa fasilələrlə tez-tez savaşlarda olan əski türkün sakitlik dönəmində də savaş ruhunu və zəkasını diri tutmağa xidmət edirdi. Eyni zamanda bu oyunun ilk oyunçuları olan çobanlar savaş dönəmlərində ordunun əsgərləri idi. öncə dediyim kimi “doqquz kumalak” və bu tipli oyunların dünyadakı ümumi adı “mənqala”dır. Mənqala oyunları bir çox Asiya və Afrika xalqlarında mövcud olmuşdur və bəzilərində bu gün də yaşadılmaqdadır. Türk mənqala oyunlarını digər xalqların mənqala oyunlarından fərqləndirən bir sıra özəlliklər var.

-Türk mənqala oyunlarının digər xalqların mənqala oyunlarından ən əsas fərqi türklərdə rəngli daşlardan və heyvan sümüklərindən istifadə olunmasıdır.

-Digər xalqlarda mənqala oyunlarındakı daşlar “toxum”u, türk mənqala oyunlarında isə daşlar “əsgərlər”i təmsil edir. Bu isə türk mənqala oyunlarının savaş oyunu kimi meydana gəldiyini bəlli edir.

-Oyunu yaş və zəka səviyyəsi nəzərə alınmaqla dəyişik formalarda oynamaq mümkündür. Eyni daşlarla, eyni taxta üzərində oynanılan bu oyunu rəqibə uyğun olaraq asanlaşdırmaq və çətinləşdirmək olur. Bu halda oyun dəyişik adla ifadə olunur.

-Oyuna başlarkən tərəflərin razılığı ilə oyunçulardan biri oyuna ilk olaraq başlaya bilər. Belə olmadıqda püşk atmaqla – uzun-qısa çöplərin bəlli edilməsi, ovucda daşın gizlədilməsi, bir qədər kənarda çəkilmiş cızqıya daş atılması və yaxud aşıq (aşıq – qoyunun və ya keçinin arxa dizində olan, dörd tərəfli və hər tərəfi fərqli olan sümük) atılması və digər üsullarla oyuna kimin ilk olaraq başlayacağı bəlli edilirdi.

-Türk mənqala oyunlarında oyun taxtası üzərindəki oyuqların sayı üçdən başayaraq, bəzən otuza qədər yüksələ bilirdi. Oyuqların sayına uyğun olaraq daş sayları artırılıb-azaldıla bilirdi.

-Oyunun gedişində oyun yönünü dəyişə bilmək, həm sağa, həm də sola doğru oynaya bilmək türk mənqala oyununu digər dünya xalqlarındakı mənqala oyunlarından fərqləndirən cəhətlərdəndir.

-Türk mənqala oyunlarında özəl əhəmiyyət daşıyan daşlar vardır. Bu oyunda adı keçənQala, Dədə, Duzluq və sair daşlar bu qəbildəndir.

-Bir çox hallarda rəqib oyunçuların daşı fərqli rənglərdə olur.

-Oyunun gedişində yanlışa yol verən rəqibi öncədən xəbərdar etmək və növbəti gedişlərdə diqqətli olmasını tövsiyə etmək türk mənqala oyununun özəlliklərində
ndir.

-Oyunçuların sayı iki nəfərdən artıq olduqda oyun taxtası daha çox şahmat taxtasına bənzəyir.

-Mənqala oyunları ik dəfə əski türklərdə yaranmış və ad da əski türk dilindədir. İlk zamanlarda qoyun və keçi peyini ilə oynanılan bu oyun adını da keçi peyinindən almışdır. Azərbaycan türklərinin “qığ” dediyi keçi peyninə Anadolu türkləri “kık”, qazax türkləri “kumalak”, qırğız türkləri “korqol” deyir. Lakin bu oyun yarandığı ilk dövrlərdə keçi peyini ilə oynanılsa da, sonralar heyvan sümüyü, qurd dişi, müxtəlif daşlar və sair vasitəsilə oynanmışdır.

Türk mənqala oyunlarının dörd əsas təməl qaydası vardır:

Birinci təməl qayda:

Püşk atılır və püşk nəticəsində oyuna başlama haqqı qazanan oyunçu öz tərəfindən istədiyi quyudan dörd ədəd daş alır. Onlardan birini daşları götürdüyü oyuğa qoyur, qalanlarını saat əqrəbinin hərəkətinin tərsi yönündə daşlar bitənə qədər bir-bir oyuqlara qoyur. Son qoyulan daş oyunçunun xəzinəsinə uyğun (bərabər, taraz) gələrsə, həmin oyunçu yenidən oynama haqqına sahib olur.

İkinci təməl qayda:

Oyunçu öz oyuğundan götürdüyü daşları paylarkən əlində daş qalarsa, rəqib tərəfin oyuqlarına daş qoymaqla oyuna davam edər. Oyunçunun əlindəki son daş rəqib tərəfin oyuğundakı daşların sayını cüt edərsə (2, 4, 6, 8 və sair), oyunçu həmin oyuqdakı bütün daşları qazanmış sayılar və öz xəzinəsinə qoyar. Bundan sonra oyuna rəqib davam edər.

üçüncü təməl qayda:

Oyunçu daşlarını oyuqlara paylarkən son daş öz tərəfində yer alan boş bir oyuğa düşərsə və bu quyunun qarşısında rəqibə aid olan daş varsa, həm rəqibin həmin daşını, həm də özünün son qoyduğu daşı öz xəzinəsinə qoyar. Bundan sonra oyun rəqibə keçər.

Dördüncü təməl qayda:

Oyunçulardan hər hansı birinin daşı bitdiyində bölüm başa çatar. Mənqala oyunları 5 bölüm oynanılır. Bu oyunda qazanan “1” xal, uduzan “0” xalın sahibi olur. Oyun heç-heçə bitərsə tərəflərin hər birinin ) “0,5” xalı (yarım xalı) olur.

Son dönəm türk dünyasında mənqala oyunları yenidən diqqəti cəlb etməyə başlamışdır.Türkiyədə son illərdə bu mövzuda Mətin And, Abdülvahab Kara və Arslan Küçükyıldız tərəfindən bir neçə araşdırma yazılmış, Universitetlərdə bu oyunun tədrisi məsələsi gündəmə gəlmişdir. Eyni zamanda son illərdə “Gənclik və Spor Bakanlığı” tərəfindən bir neçə dəfə “Türkiyə Gənclər Mənqala çempionatı” keçirilmişdir. Türkiyədə əski türk zəka oyunlarının öyrənilməsi yönündə çalışmalar 2010-cu ildən başlayaraq daha geniş vüsət almışdır. Bu yöndə daha uğurlu addımlarQazaxstanda atılmışdır. Son illər Qazaxstanda “Doqquz Kumalak Federasiyası” yaradılmışdır. 2009-cu ilin oktyabr ayında bu ölkənin çimkənd şəhərində “Asiya Doqquz Kumalak Açıq çempionatı”nın keçirilməsi bu oyuna marağın artmasına səbəb oldu. Həmin çempionata Qazaxstandan, Qırğızıstandan, Türkmənistandan, Türkiyədən, Monqolstandan, çindən və digər ölkələrdən yarışmaçılar qatılmışdı. 2010-cu ilin 15 iyul-1 avqust tarixlərində çexiyanın Praqa şəhərində keçirilən “Dünya Zəka Oyunları çempionatı”nda yarışması gerçəkləşən zəka oyunlarından biri də əski türk zəka oyunu “Doqquz Kumalak” oldu.

İstifadə olunan qaynaqlar:

1.Metin And. “çocuk Oyunlarının Kültürümüzde Yeri ve önemi”,(Ankara)

2. Abdulvahap Kara. “Dört Bin Yıllık Zeka Ve Strateji Oyunu Dokuz Kumalak (Dokuz Taş), (Türk Dünyası Tarih Dergisi, Eylül 2007)

3. Arslan Küçükyıldız. “Mangala Oyunu”, Aylık Karınca Kardeş Dergisi, Türk Kooperatifçilik Kurumu, (12 Kasım 2008)

4. Mevlüt öznan. “çocuk Oyun ve Oyuncak Terimleri Sözlüğü”, (Ankara, Kültür AjansYayınları, 2005)

5. İsmail Yılmaz. “Unutulan çocuk Oyunları”, (Ankara, YçY, 2009)

Saytlar:

guneyturkistan.wordpress.com

haberkultur.net

blog.milliyet.com.tr

nasiloynanir.com

eskisehir.meb.gov.tr