XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

20 Aprel 2015 - 08:54

Boran Əzizli: “İngiltərə, Fransa, ABŞ-ın həm dövlət, həm də kilsə arxivləri açılmalıdır”

1915-ci il Türkiyə tarixinin olduqca gərgin məqamlarını əhatə edir. Həmin dövrdə Türkiyə böyük müharibəyə sövq edilərək, dünyanın gücləri qarşısında təklənmişdi. Daxili düşmənlər də az deyildi. Məqamdan istifadə edən bəzi daxili qüvvələr öz vətənlərini belə satmağa hazır idi.

Təbii ki, bütün proseslərdən Türkiyə alnıaçıq çıxa bildi. Məhz həmin əzmkarlığın nəticəsidir ki, bu gün dünyanın siyasi sistemində Türkiyə adlı qüdrətli dövlət var. Ancaq 1915-ci ildə baş verən hadisələrin təhrif olunmuş formada dünyaya çatdırılması istiqamətində dünyadakı türk düşmənləri ciddi fəaliyyət aparır. Etiraf edilməlidir ki, az da iş görməyiblər. Təhrif edilmiş bu tarix erməni iddiaları ilə “soyqırım” kimi təqdim edilməyə başlayıb. Bu gün həmin hadisələrdən 100 il ötsə də, erməni təbliğatı daha da aqressivləşir. Bu günlərdə ermənilərə iki mühüm yubiley “hədiyyəsi” oldu. Dünyanın iki mötəbər qurumu adlarına yaraşmayan qərara imza atdılar. Avropa Parlamenti və Papanın qondarma bir tarixi bir millətin xeyrinə yozması ciddi gərginliyə səbəb oldu. Tarixdə bir çox hadisələr baş verib ki, onların araşdırılması, ziddiyyətli məqamların aradan qaldırılması ilə məhz tarixçilər məşğul olub. Dəfələrlə Türkiyə rəhbərliyi də bəyan edib ki, bu məsələnin siyasiləşməsi lazım deyil. Qardaş ölkə hər zaman arxivləri açmağa hazır olduğunu bəyan edib. Ancaq bu təklif ermənilərə sərf etmədiyi üçün onlar bunu qulaqardına vurub.

Almaniya kimi ölkə də 1915-ci il hadisələrinə tarixçilər və mütəxəssislər tərəfindən qiymət verilməsinə tərəfdardır. Almaniya hökumətinin rəsmi nümayəndəsi Kristian Virtz (Christiane Wirtz) Berlində jurnalistlərin bu mövzuda sualını cavablandırıb. K.Virtz Almaniya hökumətinin bu məsələyə qarışmadığını bildirib: “Bu mövzuya mütəxəssislər və tarixçilər qiymət verməlidir”.

K.Virtz məsələ ilə bağlı hansı mövqenin doğru olduğuna arbitr kimi qərar verə bilməyəcəklərini söyləyib. Almaniya XİN-in rəsmi nümayəndəsi Martin Şafer (Martin Schaefer) isə deyib ki, türklər və ermənilər bu məsələni birlikdə həll etməlidir.

Göründüyü kimi, tarixin dəqiqi araşdırılması və irəli sürülan saxta iddialara daha tutarlı cavab vermək kimi məsuliyyət həm bizim, həm də türkiyəli tarixçilərin üzərinə düşür. Bu istiqamətdə iki ölkə tarixçilərinin birgə toplantısının keçirilməsi ideyasına münasibət necədir?

Bakı Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Boran Əzizli açıqlamasında bildirdi ki, bu məsələlərin dəqiq araşdırılması və saxta iddialara cavab verilməsi baxımından hər iki ölkənin tarixçilərinin koordinasiyalı fəaliyyətinə ehtiyac duyulur: “Söhbət təkcə Türkiyə ilə Azərbaycanın arxivlərinin açılmasından getmir. İngiltərə, Fransa, ABŞ-ın həm dövlət, həm də kilsə arxivləri açılmalıdır. Həmin ölkələrin istənilən kilsəsində, fərqi yoxdur, Babtist, Yevanqelis və ya Katolik olsun, bu mövzuda dəyərli məlumatlar var. Əminəm ki, onların açılması erməniləri tam ifşa edə bilər. çünki ermənilərin qızışdırılması, silahlı üsyana qaldırılması ordan qaynaqlanıb. Aydındır ki, ermənilər öz arxivlərinin açılmasında maraqlı deyil. Məsələn, ABŞ-da yaşayan amerikan ermənilərinə məxsus arxivlər var ki, onları da qapalı saxlayırlar. Bu mənada bizim türkiyəli həmkarlarımızla birgə toplanıb bu məsələləri müzakirə etməyə ehtiyacımız var”.

Məhəmmədəli QƏRİBLİ




Yuxarı Əvvələ Ana Səhifə