XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

26 İyun 2018 - 22:11

Sinqapura “tur-paket” dələduzluğu –Aldadıldığını idda edən 8 nəfər qadını məhkəməyə verib

Bakıdakı turizm şirkətlərindən birinin əməkdaşı Günel Şıxəliyeva “tur-paket” satmaq adıyla müştəriləri aldadıb, onların pullarını ələ keçirməkdə suçlanır.

Yayda istirahət üçün xaricə üz tutan bir neçə nəfər əvvəlcə prokurorluğun, ardınca da məhkəmənin yolunda qalıblar. Onlar verdikləri pulu geri istəyirlər.

Bu adamların əksəriyyəti Sinqapura gedib dincəlmək istəyənlərdir. Onlar səfər paketi almaqdan ötrü Bakıdakı turizm şirkətlərindən birinə üz tutublar, xeyli pul ödəyib, təyyarə bileti, Sinqapurda qalacaqları otellərdə qeydiyyat sənədlərini alıblar. Amma son nəticədə heç Bakını tərk edə bilməyiblər.

İndi həmin şirkətin əməkdaşı Günel Şıxəliyeva Bakı Ağır Cinayətlər məhkəməsində hakim önünə çıxarılıb. O, “tur-paket” satmaq adıyla müştəriləri aldadıb, onların pullarını ələ keçirməkdə ittiham olunur. Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsiylə məsuliyyətə cəlb olunan Şıxəliyeva həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

“Çoxbilmişdir, ona görə uşağı gətirir…”

Qaydalara görə azyaşlı uşaqlar məhkəmə iclasına buraxılmır. Di gəl, Günel Şıxəliyeva iyunun 25-də məhkəməyə gələndə 1 yaşındakı övladını da özüylə gətirmişdi. Hakim bu qaydanı anaya xatırladanda, təqsirləndirilən qadın yanında qoymağa heç kim olmadığından, uşağı özüylə gətirməyə məcbur qaldığını söyləyib.

Şıxəliyevanın işi üzrə zərərçəkənlər qadının bu məsələdə də yalan danışdığını deyərək iddia ediblər ki, o, uşağı məqsədli şəkildə məhkəməyə gətirir: “Çoxbilmişdir, planlı şəkildə özüylə uşağı gətirir ki, məhkəmə bunu görsün, uşağına görə ona güzəştə getsin”.

Məhkəmə nəzarətçiləri uşağı zaldan aparıblar. Toplam 8 nəfər olan və cinayət işi açılmasını yetərsiz sayan zərərçəkənlər Şıxəliyevaya qarşı mülki iddialarını da dilə gətiriblər.

Onların sözlərinə görə, elə hava limanında aldadıqlarını anlayıblar. Aeroportda məlum olub ki, əslində, bilet adıyla onlara verilən sənəd saxtaymış.

“Hara istəyirsiniz, şikayət eləyin”

Zərərçəkənlər hazırlaşıb aeroporta gedib-qayıtmağın narahatlığından, orada düşdükləri ağır vəziyyətdən danışaraq, sarsıntı keçirdiklərini bildiriblər. Gedib Güneldən ödədikləri pulu geri tələb edəndə isə “yox” cavabı alıblar: “Bizə deyirdi ki, gedin, hara istəyirsiniz, şikayət eləyin”.

Əlac qalıb hüquq-mühafizə orqanlarına şikayətə və səkkiz nəfərin şikayəti əsasında Günel Şıxəliyevaya cinayət işi açılıb. Məhkəmə zalında təqsirləndirilən Şıxəliyevanın ünvanına xeyli ittiham səslənsə də, bu ittihamların hamısı cavabsız qalıb/Aazadlıq.org




Yuxarı Əvvələ Ana Səhifə