XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

10 İyul 2018 - 14:13

“Azərenerji” büdcəyə ağır yükə çevrilib –Ekspert dövlət şirkətlərinin qəsdən mənfəət göstərmədiklərinin səbəblərini açdı

Dövlət büdcəsini təhlil edən İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi hesablayıb ki, keçən il büdcənin 30 faizi borcların ödənilməsinə xərclənib, bunun 20 faizə qədəri elə iri dövlət şirkətlərinin aldqları borcları qaytarmağa gedib.

Mərkəzə görə dövlət büdcəsindən, böyük maliyə yardımı alan yalnız “Azərenerji” deyil, SOCAR, AzAL, Azərişıq, Azərkosmos, Beynəlxalq Bank kimi qurumlar da bu qəbildəndir. Mərkəzin rəhbəri Azər Mehdiyev “Azadlıq” radiosuna bunları bildirib:

“İllər üzrə bu qurumlara daxilolmalar və bu qurumlara dövlət tərəfindən ayırmalar müqayisə olunarsa, açıq-aydın görünür ki, bu qurumlara ayırmalar daha çoxdur. Bu şirkətlərin fəaliyyətinin müasir tələblərə uyğun qurulmaması onları daha bədxərc formaya salır və “Azərenerji” ilə bağlı yaranan vəziyyəti də gördünüz. Böyük həcmlərdə bu quruma vəsait ayrılmasına baxmayaraq, şirkətin səmərəli fəaliyyəti görünmür”.

Büdcədən iri dövlət şirkətlərinə yardımlar, dotasiya, subsidiya, investisiya adı altında ayrılır. Azər Mehdiyev deyir ki, qanunda boşluq var, hələ də vəsaitlərin hansı şərtlərlə ayrılmalı olması, bu pulların sonrakı taleyinin izlənməsi mexanizmi aydın deyil.

Bəs beynəlxalq qurumların Azərbaycana bununla bağlı tövsiyəsi nədir?

Dünya Bankının Bakı ofisindən bildiriblər ki, qurum hazırda, hökumətlə əməkdşlıqda dövlət müəssisələrinin şəffaflıq və səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı araşdırma aparır və onun nəticəsində tövsiyələrini hökumətə təqdim edəcək.

Bakı Dövlət Universitetinin İqtisadiyyat müəllimi Toğrul Maşallı isə deyir ki, hazırda dövlət müəssisələrinin əksəriyyəti bilərəkdən mənfəətlə işləmirlər:

“Azərbaycanda mövcud olan dövlət şirkətlərinin əsas məqsədi mənfəət deyil. Çünki bilirlər ki, mənfəət əldə etməyə başlasalar, dövlət deyəcək ki, bu investisiyaları özünüz həyata keçirin. Bu isə bir qədər çətindir, çünki investisiyalar daha çox vəsait tələb edir. Teatlardan tutmuş iri dövlət şirkətlərinə qədər hər kəs çalışır ki, mənfəət olmasın heç bir halda”.

Məsələn, iyulun əvvəlində qəza baş verən “Azərenerji”yə son 10 ildə 6 milyard dollara qədər vəsait ayrılmışdı.

Toğrul Maşallı deyir ki, bu il büdcəyə yenidən baxılarkən, “Azərenerji”yə əlavə 84 milyon manat da ayrıldı. Amma onun fikrincə, büdcə vəsaiti səmərəsiz xərclənib, hətta 2016-cı ildə qəbul olunmuş strateji yol xəritəsində belə bildirilir ki, elektrik xətlərinin çox hissəsi hələ də köhnədir:

“Yol xəritəsindən görürük ki, elektrik xətlərinin 84-86 faizinin yaşı 30 ildən çoxdur. Bu günlərdə Şirvan elektrik stansiyasını bağladılar, çünki onun effektivliyi çox aşağı idi. Bu stansiya istilik enerjisinin 10 faizini özünə sərf edirdi. Halbuki, Avropada bu göstərici iki faizdir. Azərbaycan üçün isə orta göstərici 3,5 faizdir”.

Toğrul Maşallı təklif edir ki, dövlət müəssisələridə aparılan auditin nəticələri ictimaiyyət üçün açıqlansın, bilinsin ki, ayrılan pullar hara xərclənib.

O, həm də borclu dövlət şirkətlərinin keçirdikləri tenderlərə diqqət çəkir. O qeyd edir ki, nədənsə, bu cür dövlət müəssisələrinin keçirdikləri tenderləri adətən eyni şirkətlər udur.

Təhlilçi, burda korrupsiya barədə düşünmək üçün əsasların olduğunu bildirir.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən gün ərzində telefonlarımıza cavab verən olmadı. Bundan əvvəl, qurumun mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı “Azadlıq” radiosuna bildirmişdi ki, detallar barədə, son qəza ilə bağlı araşdırma başa çatandan sonra danışacaqlar.

Strateq.az xatırladır ki, bazar günü keçirilən hökumətin iclasında prezident İlham Əliyev elektrik böhranı və bu sahəyə ayrılan investisyalar barədə danışıb. Dövlət başçısı deyib:

“…Baş vermiş qəza, əlbəttə, onu göstərir ki, bizim enerji təsərrüfatımızda çox böyük problemlər, qüsurlar var. Bir daha demək istəyirəm ki, bir qəzaya görə bütün enerji sistemi çökməməlidir.Qəza ola bilər, qəzanın müxtəlif səbəbləri ola bilər. Hətta ən inkişaf etmiş ölkələrdə, şəhərlərdə belə qəzalar baş verir, böyük fəsadlara, insan itkisinə gətirib çıxarır. Biz bunu yaxın tarixdən bilirik. Onlarla insan belə hadisələrdə həlak olur. Ancaq bir lokal qəza ümumi sistemin çökməsinə gətirib çıxarmamalıdır. Bunun heç cür izahatı ola bilməz. Mən heç bir izahatı da qəbul etmirəm. Bu gün işləyən komissiya yaxın gələcəkdə öz rəyini verəcək. Eyni zamanda, Mingəçevirə ekspertlər qrupu ezam edilmişdir. Onlar da öz sözünü deyəcəklər. Biz qəzanın səbəblərini, əlbəttə ki, tam dəqiqliyi ilə bilməliyik. Nə üçün bu qəza bütün enerji sistemimizi belə vəziyyətə qoyub?! Biz bunun cavabını alacağıq. Ancaq ilkin məlumata görə, bunun səbəbi ondan ibarətdir ki, – mən, əlbəttə, komissiyanın rəyini qabaqlamaq, məhz buna görə bu məsələ ilə bağlı öz fikrimi bildirmək istəmirəm, – hətta son illər ərzində istifadəyə verilmiş stansiyalar da tam gücü ilə işləmir. Bunun səbəbi araşdırılmalıdır. Çox güman ki, bunların istismar dövründə səhvlər buraxılıb. Bütün işlərdə biz ədalətli olmalıyıq. Kimisə cəzalandıranda, kiməsə təşəkkür edəndə ədalət, dəqiq informasiya, təhlil olmalıdır. Ancaq əlbəttə ki, bu qəza çox ciddi bir siqnaldır. Hazırda enerji sistemimizdə struktur islahatları ilə bağlı işlər aparılır. Belə göstəriş verilibdir. Bütün enerji təsərrüfatımızın təftişi məsələsi öz həllini tapır. Komissiyada bu məsələ müzakirə ediləcək, mənə təkliflər veriləcək. Biz Azərbaycanın enerji sistemini ən müasir əsaslarla idarə etməliyik. Kifayət qədər enerji generasiya gücümüz var. Yarımstansiyalar tikilib və yenə də tikiləcək. Artıq göstəriş verilib, həm Bakıda, həm bölgələrdə bu il və gələn il yeni yarımstansiyaların tikintisi təmin ediləcək. Vaxtilə, sovet dönəmində tikilmiş enerji təsərrüfatının müasirləşdirilməsi üçün əlavə vəsait ayrılır. Biz vəsaiti ayırırıq, amma əsas məsələ ondadır ki, bu vəsaitdən səmərəli şəkildə istifadə edilsin və elə bir sistem qurulsun ki, enerji dayanıqlılığı təmin olunsun”.

İyulun 2-dən 3-ə keçən gecə, demək olar ki, bütün ölkə azı 3 saat elektriksiz qalmışdı, “Azərenerji” bunu bir transfomatorun, yüklənmə nəticəsində sıradan çıxması ilə izah etmişdi.

 




Yuxarı Əvvələ Ana Səhifə