XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

21 Yanvar 2016 - 02:14

Hüquqşünas baxışı: 20 yanvarda baş verənlər soyqırımı və təcavüz deyil

elovset-1Əlövsət Allahverdiyev,

hüquq üzrə fəlsəfə doktoru

 

1990-cı il yanvarın 19-dan 20-nə ke­çən gecə Bakıda Sovet ordusu tərə­fin­dən dinc əhaliyə qarşı törədilmiş dəhşətli, kütləvi qırğın hadisəsi artıq dünya ictimaiyyətinə məlumdur. Bu qanlı ha­di­sənin törədilməsində əsas məqsəd öz haqlı tələblərinə demokratik yollarla nail olmaq istəyən, istiqlaliy­yət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını  yerindəcə boğmaq idi.

Sovet imperiyası  günahsız insanları qırğına məruz qoysa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola, milli qürurumuzu qıra bilmədi. Bu, onu göstərirdi ki, illər boyu zorakılıq və qorxu altında saxladığı xalq oyanmışdı; artıq bilirdi ki, SSRİ onun vətəni deyil; bilirdi ki, azad ölkənin azad vətəndaşı deyil.

Bu baxımdan, oyanmış insanları susdurmaq qeyri-mümkün idi və bunu da çaş-baş qalmış imperiya rəhbərliyi çox yaxşı dərk edirdi, məqsəd nəyin hesabına olsa belə, istəyinə nail olmaq idi. Bu məqsədlə, SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi əməliyyat təsadüfi ola bilməzdi.

Sovet hakimiyyətinin qəddar siyasətindən xəbərsiz olan dinc əhali isə inanmırdı ki, hakimiyyət öz əhalisinə (o zaman bütün idarəçilik, vətəndaşlıq, əhali Sovet hakimiyyətinə aid idi) qarşı silah işlətsin və amansız davransın. Lakin hər şey dövlət planı və siyasəti formasında ardıcıl olaraq həyata keçirilirdi. Yanvarın 19-da gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutdu. Həqiqət budur.

20 yanvar hadisələrinə birbaşa rəhbərlik etmiş SSRİ Müdafiə naziri, marşal Dmitri Yazov bugünlərdə verdiyi müsahibədə də bunu etiraf etmiş və bu əmrin ona SSRİ rəhbərliyi tərəfindən verildiyini bildirmişdi. O, müsahibəsində bildirir: “Mən başqasının əmrini yerinə yetirirəm. İndi o əmirləri verən insan hər şeydən imtina edir… mən öz vəzifəmi yerinə yetirdiyimi hesab edirəm. Vətəndaş müharibələri zamanı həmişə mülki insanlar məhv olurlar. Qoşunları mən daxil etdim, lakin bu, mənim “güllələ” əmrini verməyim demək deyil”.

Yazovun dediyi kimi vətəndaş müharibəsi baş verməmişdi – hansı vətəndaş müharibəsindən söhbət gedə bilrədi?

Görünən odur ki, cinayətkar əmr verilmiş və icra olunmuşdur. Beynəlxalq cinayət hüquq normalarına görə, cinayətkar əmri planlaşdıran, əmri verən və onu icra edənlərin hər biri məsuliyyət daşıyırlar, beynəlxalq təcrübədə də bu, öz təsdiqini tapmış və cinayətkarlar mühakimə olunmuşdur.

Belə olan halda 20 yanvar hadisələrini törədənlərin məsuliyyət məsələsi bu günə qədər niyə müəyyən olunmur? Axı cinayəti törədənlər bunu çəkinmədən açıq şəkildə etiraf edirlər, buna baxmayaraq, məsuliyyətə də cəlb olunmurlar.

Düşünürəm ki, bu gün də onların məsuliyyətə cəlb olunması gec deyil. Ümumiyyətlə, beynəlxalq cinayətlərə görə, iddia müddəti tətbiq olunmur, yəni beynəlxalq cinayət törətmiş şəxslər illər keçsə belə, məsuliyyətdən yayına bilməzlər, bu məsələ ilə bağlı onlar aşkar olunduqları hər andan məsuliyyətə cəlb olunmalıdırlar.

Bu baxımdan, 20 yanvar hadisələrinin beynəlxalq cinayət (insanlıq əleyhinə cinayət) olmasınının dünyada təbliğ olunması və cinayətkarların cəzalandırılmasının tələb olunması hələ də gec deyil.

Qətiyyətlə deyə bilərəm ki, 1990-cı il yanvarın 20-də və sonrakı günlərdə Sovet Ordusu tərəfindən Bakıda dinc əhaliyə qarşı törədilmiş cinayətlər nə soyqırımıdı, nə də təcavüz. Ona görə soyqırımı deyil ki, soyqırımı hər hansı etnik qrupun məhv olunmasına, kökünün kəsilməsinə yönəlmiş beynəlxalq cinayətdir. 20 yanvar hadisələrində tək azərbaycanlılar deyil, ruslar və başqa millətin nümayəndələri də öldürüldü. Təcavüz isə hər hansı bir dövlətin ərazisinə qarşı baş vermiş beynəlxalq cinayətdir. 20 yanvarda Azərbaycan ərazisi işğal olunmadı, SSRİ öz ərazisində yaşayan insanları qırğına məruz qoyduğu üçün əməl insanlıq əleyhinə cinayət kimi tövsif edilməli və bütün təqsirli şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq müddəa­ları əsasında məsuliyyətə cəlb olunmalıdır.

«Mülki və Siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 15-ci maddəsinin 2-ci bəndində də göstərilir ki, hazırkı mad­dənin heç bir müddəası, törədildiyi anda beynəlxalq hüquq tərəfindən qəbul edilən ümumi hüquq prinsiplərinə uyğun olaraq cinayət əməli sayılan istənilən hərəkətə və xətaya görə istənilən şəxsin məhkəməyə verilməsinə və cəzalandırıl­masına əngəl törətmir.

Eyni zamanda «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 7-ci maddəsinin 2-ci bəndində göstərilir ki, bu maddə törədildiyi zaman sivill ölkələrin tanıdığı əsas hüquq prinsiplərinə müvafiq olaraq cinayət hesab edilən hər hansı hərəkət və ya hərəkətsizlik törətməyə görə istənilən şəxsin mühakimə edilməsinə və ya cəzalandırılmasına mane olmur.

Bunlardan başqa, ölkəmizdə beynəlxalq cinayətlərə görə ağırlaşdırıcı hallar üzrə cinayət hüquq normalarının geriyə şamil olunması haqqında 2006-cı il Konstitusiya Qanunu qəbul olunmuşdur.

Bu göstərilənlərin izahından da görünür ki, 20 yanvar hadisələrinə görə təqsirli bilinən şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə məsuliy­yətə cəlb olunması üçün kifayət qədər əsaslar var. (Bununla yanaşı, Azərbaycan Respublikası CM-nin 12.3-cü maddəsində göstərilir ki, sülh və insanlıq əleyhinə cinayətləri… Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqa­vilələr­dən irəli gələn digər cinayətləri törətmiş Azərbaycan Respublikası vətən­daşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır).




Yuxarı Əvvələ Ana Səhifə