XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

04 Fevral 2016 - 12:29

Cəmiyyətin dəstəyi polisin dayağıdır – Azərbaycanda “İctimai Polis”in yaradılma zərurəti haqqında

shemseddinŞəmsəddin ƏLİYEV

 “Polisə Dəstək” İB-nin sədri

 

Polis orqanları ilə vətəndaş cəmiyyətinin əməkdaşlığı ölkədə təhlükəsizliyin təminatı və cinayətkarlıqla mübarizə sahəsində müvəffəqiyyətin həmişə ən mühüm səbəblərindən biri  olub.

Qanunların icrası və yerinə yetirilməsində fəal vətəndaş mövqeyi olmadan hüquqi və demokratik dövlətin qorunması  çətindir. Daxili İşlər Nazirliyi cəmiyyətdə mütəmadi olaraq hüquqi nihilizmin aradan qaldırılması istiqamətində geniş maarifləndirmə işi aparır. Bəzən vətəndaşlar “hüququmdur” – deyə, özünü necə istəsə, eləcə də aparır. Neqativ, cəmiyyət üçün arzuolunmaz halların qarşısını almaq məqsədilə polisin  kənar – vətəndaşın -ictimaiyyətin dəstəyinə ehtiyacı var. Cinayətkarlıqla mübarizədə vətəndaşların dəstəyi olmazsa, polis bu çətin xidmətin uğurla davam etdirilməsində çətinlik çəkəcək. Elə bir cinayət yoxdur ki, onun şahidi (şahidləri) olmasın. Şahidlərlə, vətəndaş cəmiyyətinin üzvləri kimi əməkdaşlıq etmək üçün hüquq-mühafizə orqanlarına (polisə) etibar etmək lazımdır. Etibar və etimad cəmiyyətin polisi dəstəkləməsi üçün ayrılmaz tərkib hissələrdir. Polisin fəaliyyəti qanuna əsaslanmalı və vətəndaşlar üçün aydın olmalıdır.

Hər bir hüquqi demokratik dövlət cəmiyyətin marağını ifadə etdiyindən, ictimaiyyətə də öz növbəsində qanunauyğun formada dövlətə nəzarət etmək imkanı verilir. Lakin ictimai nəzarət dövlət hakimiyyətinin kompetensiyasına, orqanların  və vəzifəli şəxslərin səlahiyyətlərinə müdaxilə etməklə müşayət edilə bilməz, nəzarət yalnız ictimai – ümumi maraqların təmini istiqamətində həyata keçirilə bilər.

İcra hakimiyyəti hakimiyyətin icra qolu, məcburetmə aparatının ayrılmaz tərkib hissəsidir. Burada polis dövlət məcburetmənin tətbiqini icra edən orqan kimi spesifikasından irəli gələn, fəaliyyətini müstəqil həyata keçirir. Polis icra hakimiyyətinin sutka ərzində hərəkətdə olan, daxil olan məlumatlara çevik reaksiya verən xidmət orqanıdır.

Fəaliyyət istiqamətlərini həyata keçirərkən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması halları  da onun özünə xas cəhətlərindəndir. Təbii ki, belə hallar ictimai rəydə müsbət qarşılanmır və polisin gündəlik fəaliyyətində belə hallara yol verməsi insan hüquq və azadlıqlarına potensial təhlükə kimi qəbul edənlər də tapılar. Amma belə yanaşma polisin xidmətinə kölgə sala bilər. Zahirən polisə ictimai dəstəyin həyata keçirilməsi ölkədə vətəndaş cəmiyyəti strukturlarının inkişafının təzahürüdür.

Əslində  ictimai həyatı əhatə edən müstəqil KİV-in, həmkarlar təşkilatlarının və ictimai birliklərin sabitliyin qorunması sahəsində konsolidasiyası vətəndaş borcu kimi də qəbul edilə bilər. Zənnimizcə, vətəndaş cəmiyyətinin  mərkəzi fiquru  və favoriti vətəndaşın özüdür. O, dövlətə mənsub olan şəxs kimi hüquqlarını bildiyindən inamla hərəkət edir. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Hər bir kəs cəmiyyətdəki hüquqa zidd halların qarşısında susmamalıdır.”

Qeyd etmək yerinə düşərdi ki,  hər bir vətəndaşın hüquqa zidd hallara qarşı mübarizə ideyası təfəkkürünə uyğun formalaşır və bu ideya hər bir kəsin konstitusion vəzifəsinə çevrilməlidir. XIX əsrdə (1818-1892) alman hüquqşünası Rudolf İyerinq də həmin vaxtlarda öz həmvətənlərinə belə tövsiyə etmişdi: “Cəmiyyətdəki hər cürə hüquqpozmalara qarşı müqavimət göstərmək fərdin özünə qarşı vəzifəsi, hüquq uğrunda mübarizə vəzifədir”.

Bu baxımdan da vətəndaş cəmiyyəti – əsl, həqiqi vətəndaşlardan ibarətdir – desəm yanılmaram. Şüurlu, məsuliyyətli, real bacarıq  və qabiliyyətə malik, ümumi maraq üçün çalışan alturist vətəndaşlar burada diqqət mərkəzində olur. Ciddi düşünsək, qeyd etdiyim erudisiyalı insanların olmadığı cəmiyyət sağlam cəmiyyət deyil, olsa-olsa, onun sönük kölgəsidir. Deməli, təhlükəsiz cəmiyyətin də mövcudluğu mümkün deyil. Belə bir cəmiyyətdə polisin hüquq və vəzifələrini xarakterizə etsək, deyə bilərik ki, polis faktiki və de-yure dövlətlə ona mənsub olan vətəndaşları arasında doğma, yaxın münasibətləri tənzimləyir, daha çox ictimai əhəmiyyət kəsb edən yerlərdə  “xalqın hüququndan” çıxış edərək  daha fəal və sərbəst mövqe tutur.

Aşkar görünür ki, daha çox ekstremal situasiyalarda polisin fəaliyyətinə, asayişi mühafizə etmək üçün cəmiyyətin dəstəyi qaçılmaz olur. “İctimai dəstək” bir növ polisə ictimai – könüllü nəzarətin və könüllü dəstəyin təcəssümü kimi ortaya çıxır.

Zamanın bu çağında belə təkliflə çıxış etmək, bəlkə də ictimaiyyət tərəfindən birmənalı qarşılanmayacaq. Amma zaman dəyişdikcə ictimai marağa və təhlükəsizliyə mane olan, yeni növ hüquqa zidd hallar dinamikada özünə  yer alır. Mahiyyətinə görə vətəndaş cəmiyyəti ilə polis arasında olan əlaqə, cəmiyyətin polisə dəstəyi aşağıdakı tərkib hissələrlə bağlı ola bilər:

  • İlk növbədə birbaşa polisə dəstək olmaqla baş verəcək “təsadüflərin” – hərəkət  və hərəkətsizliklərin – ekstesslərin qarşısını almaq haqda fikir formalaşacaq;
  • Konkret şəxslərin özəl maraqları ilə cəmiyyətin ümumi maraqları arasında harmoniya təmin ediləcək.

Yenə alman filosofu Hegelin fikrincə ifadə etsək, “vətəndaş cəmiyyəti üçün polisin əvəzsiz dəyərini qeyd etsək cəmiyyət onsuz inkişaf edə  və mövcud ola bilməz”. Bu qanunauyğunluq – cəmiyyətin ictimai asayişin mühafizəsi məqsədilə polisə dəstək olmaq ideyası zamanın və müstəqilliyimizin  özəl diqtəsidir deyə, reallaşmalıdır.

“Polis haqqında” Azərbaycan Respublikası qanununun dili ilə ifadə etsək, polis, fəaliyyət istiqamətlərini həyata keçirərkən özünə qarşı ictimai etimadın və vətəndaşların dəstəyinin təminatına çalışır (çalışmalıdır).

Mübaliğəsiz deyə bilərik ki, bu, bəzən, hər bir cəmiyyətin bütövlükdə polisə nə dərəcədə etibarından və onun fəaliyyətinə inamından asılı olur. Bu kriteriya həm də, polisin vəzifəsinin  icrası zamanı vətəndaş cəmiyyətinin hansı səviyyədə onlara dəstək olmasından irəli gəlir və daha çox cinayətkarlıqla mübarizədə, habelə ictimai asayişin və sabitliyin təmin olunmasında təsdiqini tapa bilər.

2015-ci ilin yay aylarında Bakı şəhərində keçirilən Avropa oyunları zamanı könüllülərdən ibarət çoxlu sayda gənclərin şərəf duyulan idman kampaniyasına dəstəyi hər birimizin, hətta beynəlxalq ictimaiyyətin də yaddaşında, yəqin ki, xoş ovqatla hələ çox xatırlanacaq. Düşünürəm ki, cəmiyyətdə daxili sabitliyin davamlı təminatı ictimaiyyətin dəstəyi ilə həyata keçirilsə, daha çox səmərə verə bilər. Sözün həqiqi mənasında “Təhlükəsiz şəhər”dən sonra, bütövlükdə “Təhlükəsiz Azərbaycan”a imza ata bilərik. Bu, hər birimizin, daha çox sağlam gənclərdən ibarət, hərbi xidmətdən tərxis olunmuş 25 yaşına qədər olan hündürboylu, həddi-büluğa çatmışların tərəddüdsüz vətəndaşlıq borcuna çevrilə bilər.

Yenə “Polis haqqında” qanunun qəlibi daxilində çıxış etsək, polisin fəaliyyətinin rəsmi qiymətləndirilməsinin əsas kriteriyalarından biri ictimai rəydən ibarətdir. Cəmiyyətin müəyyən qrup və təbəqəsindən polisə dəstək olarsa, polis haqqında, onun fəaliyyəti ilə bir araya sığmayan dedi-qodulara da imkan verilməz. Ən azı, hakimiyyətin səlahiyyətli nümayəndələri onunla yanaşı xidmət edən, cəmiyyətin könüllü dəstəkliləri yanında həddini aşmaz, insan və vətəndaş hüquq və azadlıqlarına daha həssas və humanistcəsinə  yanaşar. Bir sözlə, polisin nüfuzu artar.

Qeyd etmək lazımdır ki, ictimai asayişin mühafizəsi məqsədilə cəmiyyətin polisi dəstəklədiyi təqdirdə, polisin  fəaliyyətinə ictimai nəzarətlə yanaşı, korrupsiyaya qarşı mübarizə mexanizminin rolu arta bilər. Digər sezilməyən faktor onunla əlaqədar ola bilər ki, polisin fəliyyətində könüllü iştirak edən və ona dəstək verən belə sınanmış gənclər polis orqanlarının kadr potensialının təminatında “layiq ehtiyat kadr” siyasətinin həyata keçirilməsində əvəzsiz rol oynaya bilər.

Polisin fəaliyyətində cəmiyyətin dəstək verərək iştirakı xüsusi prinsip kimi normativ hüquqi aktlarla nizamlanmasa da, “Polis haqqında”  qanunda polisin fəaliyyətinin ümumi (sahəvi) prinsiplərində ictimaiyyətin dəstəyinin müxtəlif formada realizə olunması üçün hüquqi baza və əsas var.

Qeyd etmək istərdik ki, polisin vətəndaş cəmiyyəti ilə qarşıllıqlı prinsipləri məntiqi olaraq vətəndaş cəmiyyətinin, eyni zamanda polisin fəaliyyətinin təşkili prinsipləri ilə tam olmasa da, qismən üst-üstə düşür. Nəzərə almaq lazımdır ki, dövlətə münasibətdə vətəndaş cəmiyyəti özünüidarə sistemidir. Bu sistem bilavasitə vətəndaşlardan təşkil olunmaqla hüquq və azadlıqları özgəninkiləşdirilməyən və dövlətin pozitiv hüquqları ilə yüksək dəyərləndirilən vətəndaş durur.

Polis cəmiyyətin üzərində hökm etmək yox, vətəndaş cəmiyyəti və vətəndaşlarla sıx əlaqədə xalqa xidmətdə hakimiyyətin səlahiyyətli nümayəndəsinə çevrilir. Belə model polis əməkdaşlarının fəaliyyətləri zamanı vətəndaşlara, onların hüquq və azadlıqlarına nəzakətli və diqqətli münasibətində, müraciətlərinə qarşı qayğısında, xarici görünüşünün səliqəsində və anticəmiyyət hallarına qarşı vətəndaşların cəlb edilməsi ilə tamamlanır.

Azərbaycan Daxili İşlər Nazirliyinin nəzdində hüquq qaydalarının təmini və hüquqpozmaların xəbərdarlığı  məqsədilə vətəndaş cəmiyyətinin  fəal üzvləri  sırasında “Təhlükəsizliyə Dəstək” və yaxud “Cəmiyyət Dəstəkli Polis” strukturu yaradılarsa, bu, cinayətkarlıqla  mübarizə sahəsində praktikanı ehtiva edən vətəndaş təşəbbüslərini inkişaf etdirəcək, nəticədə vətəndaş cəmiyyətinin  dövlət və onun orqanları ilə qarşılıqlı əlaqəsini gücləndirəcək.

Dünyanın əksər ölkələrində polislə ictimaiyyət arasında ictimai inamın və etimadın, anlaşılan əlaqələrin yaradılması polis orqanlarının nüfuzunun artmasına təsir edir, cinayətkarlığa qarşı mübarizədə, hüquqpozmaların qarşısının alınmasında gözlənilən göstəricilər əldə edilir.

Yəhudi dövlətində polislə bir cərgədə xidmət edən  “Təhlükəsizliyə  Dəstək”in əməkdaşlarının sayı polisin şəxsi heyətinin sayından 2 dəfə çoxdur. Bir növ, vətəndaş cəmiyyəti polisin cinayətkarlıqla mübarizə yükünü tən daşımağa mükəlləf olsa da, haqq almırlar. Lakin onlar DİN rəhbərliyi tərəfindən müntəzəm olaraq  rəğbətləndirilir, dövlət və xalqa xidmət etməklə sırf vətəndaş mövqeyindən çıxış etməkdə şərəf duyurlar.

Qardaş Türkiyədə də  “İctimai Polis” bu funksiyanı həyata keçirir. Onlar xüsusi geyim forması və s. təchiz edilir, polis arkadaşları ilə birgə xidmətdən zövq alırlar.

Avropanın  inkişaf etmiş ölkəsi olan Böyük Britaniyada “cəmiyyət və yaxud ictimai dəstəkli polis” DİN-nin nəzdində, lakin kənarda olan mənzil-qərargahda funksiyalarını həyata keçirirlər. Polis haqqında daxil olan vətəndaş şikayətlər birbaşa bu quruma daxil olur. Şikayətlər mahiyyətinə görə tədqiq edildikdən sonra aidiyyəti üzrə bölüşdürülür.

Azərbaycan dövləti bu təklifin  reallaşmasına “Hə” deyərsə, zənnimizcə, işsiz qalan gənclərin  sağlam dəstəsinin potensialından faydalanmaqla, ümumi maraqlara xidmət ediləcək, gənclər arasında hüquqi nihilizmin rüşeymləri  məhdudlaşacaq, cinayət törədənlərin sırasında gənclərin dəhlizi daralacaq.

“İctimai polis”in yaradılması keçmiş sovet dövründə olan “xalq drujinaçıları”nı təkrarlamaq deyil. Heç oxşarlıq, hətta zahiri yamsılamalar da yoxdur. ATƏT-in və beynəlxalq təcrübənin mütərəqqi, modern modeli kimi Azərbaycan polisinin ictimaiyyətlə sağlam və işgüzar əlaqələrin inkişaf etdirilməsi, polisdə aparılan demokratik islahatların məqsədli davamıdır.    

 




Yuxarı Əvvələ Ana Səhifə