XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2018 - 15:14

İki dövlət qurumu subasmaya görə bir-birini suçladı –Biri elə deyir, biri belə...

Bakı Şəhər İcra Hakimiyyəti sentyabrın 23-də paytaxtda yağan intensiv yağışların nəticəsi ilə bağlı açıqlama yayıb.

Strateq.az bildirir ki, açıqlamada proqnozdan artıq yağan yağış nəticəsində şəhərin bəzi ərazi, küçə və prospektlərini, bir sıra binaların zirzəmilərini su basdığı vurğulanıb.

İcra hakimiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, 40 dəqiqə ərzində yağan yağıntının miqdarı Bakıda 21 mm təşkil edib. Bu da aylıq normanın 122 faizi (norma 17.2 mm) deməkdir.

İcra hakimiyyətinin açıqlamasına görə, paytaxt mərkəzində yağış sularının fəsadlarının daha çox olmasının texniki səbəbi də olub: «Belə ki, son dövrlərdə paytaxtın mərkəz ərazilərində tikilən yeni tikililərin daha da çoxalması, həmçinin mövcud kollektorların fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilməməsi də buna səbəb kimi göstərilə bilər. Həmin gün Neftçilər prospekti boyu uzanan «Sahil» kollektorunda yağış sularının daşınması üçün nəzərdə tutulan təxliyə xətlərinin çox gec açılması da əlavə problem yaradıb. Bununla əlaqədar, gələcəkdə belə halların baş verməməsi üçün «Azərsu» Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən kollektorların gücü ilə bağlı yeni hesablamalar aparılmalı və əlavə tədbirlər görülməlidir».

«Azərsu» ASC-dən ittihama cavab

 

Məsələ ilə bağlı «Azərsu» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, sentyabrın 23-də qurum sürətləndirilmiş iş rejimində işləyib və təxliyə xətlərinin açılmasında hər hansı bir gecikmə olmayıb: «Bizim daxili kollektorla üç təxliyə xəttimiz var. Onlarda biri Azadlıq prospektində, biri Səməd Vurğun küçəsində, biri isə Yusif Məmmədəliyev küçəsi istiqamətindədir. Yağışla bağlı xəbərdarlıq olduqdan dərhal sonra mütəxəssislərimiz əraziyə gedib, Azadlıq prospekti və Səməd Vurğun küçəsində təxliyə xətləri dərhal açılaraq sular dənizə buraxılıb. Yusif Məmmədəliyev küçəsində isə suyun axını böyük təzyiq yaratdığından cüzi bir yubanma olub. Bu da insan faktoru ilə bağlı deyil, sırf suyun axını, təzyiqi ilə bağlıdır. Elə bu tədbirlərin nəticəsində, demək olar ki, metronun «Sahil» stansiyasını suların altında qalmaqdan xilas etmişik».

A.Cəbrayıllı kollektorların gücünün zəif olması ilə bağlı iddiaya cavab olaraq bildirib ki, onlar Sovet dövründə çəkilmiş qurğulardır. 2012-15-ci illərdə isə Almaniyadan gətirilmiş robotlarla yoxlanılıb, xüsusi maşınlarla yuyulub.

Xatırladaq ki, sentyabrın 23-də Bakıda qısamüddətli leysan yağışlar yağıb. Bunun nəticəsində Bakının bir çox küçələrini su basıb, nəqliyyatın hərəkətində problem yaranıb. Hətta bəzi küçələrdə su avtomobillərin, sərnişin avtobuslarının içərisinə belə dolub.

(Azadlıq radiosu)